Heydər Əliyev Fondu xüsusi
qayğıya ehtiyacı olanlara mərhəmətini
əsirgəmir
Azərbaycan milli-mənəvi dəyərləri, siyasəti, iqtisadi göstəriciləri ilə dünya ölkələrinə yol açaraq, böyük potensiala malik olduğunu təqdim edir. Bu və ya digər faktorlar Azərbaycanın müstəqil dövlət olaraq dünyada imicini yüksək şəkildə formalaşdırır. Azərbaycanın dünyaya inteqrasiya olunması prosesində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etməliyik. Fondun müxtəlif sahələri əhatə edən fəaliyyəti təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclərlə işi kimi sahələrdə yüksək nəticələr verib. Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirir. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur.
Səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarı olan Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkənin müxtəlif bölgələrində səhiyyə ocaqlarının tikilməsi, bir sıra xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşır. Heydər Əliyev Fondu bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atıb. Xüsusilə, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır.
Belə ki, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradılıb. İndi Talassemiya Mərkəzi minlərlə insanın ümid yerinə çevrilib.
Heydər Əliyev ideyalarına sadiq qalan fond bir sıra yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinə nail olub. Belə ki, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışı, Şüvəlan qəsəbəsində 31 saylı Birləşmiş Şəhər Xəstəxanası, Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidən qurulması, sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün istirahət düşərgəsinin təşkili və s. məhz fondun səhiyə sahəsindəki layihələrinin gerçəkləşməsi nəticəsində həyata keçirilib.
"Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də, xüsusilə, önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. "Diabetli uşaqlara ən yüksək qayğı" bu xeyirxah layihənin icrasına başlanandan sonra ictimaiyyətin, müvafiq dövlət qurumlarının, milli və xarici şirkətlərin, Beynəlxalq Diabet Federasiyasının Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllinə diqqəti xeyli artmışdır. Onu da, vurğulayaq ki, Azərbaycan "Diabet haqqında" qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən, model qanun layihəsi kimi götürülmüşdür.
Bütün bunlarla yanaşı, fond müxtəlif xəstəliklərə düçar olmuş insanlara humanitar yardım məsələsini daim diqqət mərkəzində saxlayır. Dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən fondun iştirakı ilə ölkəmizə gətirilən tibbi avandanlıqlar müasir üsulla müalicə metodların tətbiqinə yol açdı. Almaniyanın tanınmış "Fresenius Medikal Care" və "Karl Storz" şirkətləri ilə əməkdaşlığın nəticəsi olaraq, dünyamiqyaslı şirkət tərəfindən Azərbaycana tibb avadanlıqları hədiyyə etmişdi.
Ölkəmiz üçün çox gərəkli olan tibb avadanlığının təmənnasız olaraq fonda verilməsi, Azərbaycanın Birinci Xanımının dəyərli fəaliyyətinin nəticəsidir. Fond ilə əməkdaşlığın nəticəsində dünya markalı şirkətlərin yeni cərrahiyyə texnologiyaları Azərbaycana gətirilərək, tibb sahəsində tədqiqatlar aparılır və xəstələrin müalicəsi dəqiq və təhlükəsiz olaraq həyata keçirilir.
Uşaqlarda irsi xəstəliklərin erkən vaxtlarda müayinə və müalicə edilməsi, bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində həyata keçirilir. Uşaqlar arasında mövcud olan problemlər tədricən aradan qaldırılır. Bütün bunlar cəmiyyətə sağlam ordunun yetişməsinə xidmət göstərir, eyni zamanda, əhalinin tibb müəssisələrində rahat və yüksək səviyyəli bir şəkildə müayinəsinə imkan verir. Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə Bona Dea Beynəlxalq Hospitalında müalicə olunan uşaqlar da bu diqqətin daha bir təzahürüdür. Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onlarla görüşüb. Xatırladaq ki, Bona Dea Beynəlxalq Hospitalı istər tibbi heyətinə, istərsə də maddi-texniki bazasına görə, dünyada müasir standartlara cavab verən müalicə ocaqlarından biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə burada bu ilin may ayında 50, iyun ayında isə 42 uşaq müalicə alıb. Müalicə olunanlar, əsasən, serebral iflic və autizm xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Müalicə alan uşaqlardan 5-i əməliyyat olunub. Əməliyyatdan sonra uşaqlara müvafiq müalicə kursu təyin edilib və onlar hazırda reabilitasiya kursu alırlar. Müalicə alanlar arasında anadangəlmə eşitmə qüsurlu uşaq da olub. Aparılan müalicə nəticəsində onun eşitmə qabiliyyəti bərpa edilib.
Bütün bunlar Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələridir.
Zümrüd BAYRAMOVA
Səs.-2019.- 31 iyul.- S.5.