İnsan hüquqlarının müdafiə
mexanizmi
Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət
və yerli özünüidarə orqanları, vəzifəli
şəxsləri tərəfindən pozulan insan hüquqları
və azadlıqlarının bərpa edilməsi və bu
Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan
hüquqları pozuntularının qarşısının
alınması üçün təsis edilmişdir.
Müvəkkilin fəaliyyəti
insan hüquqlarının müdafiəsini, pozulmuş insan
hüquq və azadlıqlarının bərpasını təmin
edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan
Respublikası hakimlərinin fəaliyyətinin
yoxlanılması Müvəkkilin səlahiyyətlərinə
aid deyildir. Lakin məhkəmələrdə
süründürməçilik, sənədlərin itirilməsi
və vaxtında verilməməsi, habelə məhkəmə
qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar
insan hüquqlarının pozulmasına dair şikayətlər
istisna təşkil edir.
Müvəkkilin insan
hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının qorunmasını, ona əməl edilməsini,
təmini vəziyyətinin öyrənilməsini, monitorinqini
və təhlilini, habelə çatışmazlıqların
və pozuntuların aşkar edilməsini, pozulmuş
hüquqların bərpasını və pozulmasının
qarşısının alınmasını özündə
ehtiva edir.
İnsanlar öz şikayətlərini Müvəkkilə
müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və
elektron poçtu, rəsmi internet saytındakı onlayn
müraciət, aparatda və regional mərkəzlərdə fəaliyyət
göstərən qəbul otağı, işgəncələrlə
bağlı qaynar xətt, 916 nömrəli uşaq qaynar xətti
vasitəsilə, habelə müvəqqəti
saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə
müəssisələrinə, hərbi hissələrə,
sosial yönümlü müəssisələrə, o
cümlədən uşaq, ahıl və əlillər evlərinə,
internatlara, səhiyyə və təhsil müəssisələrinə
başçəkmələri, habelə məcburi
köçkünlərin məskunlaşdıqları qəsəbələrə
baxışları zamanı şəxsən təqdim etmək
imkanına malikdirlər.
Aşkarlıq, şəffaflıq,
qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
fəaliyyət göstərən Müvəkkil Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin,
hüquqi şəxslərin insan hüquqlarının
pozulmasına dair şikayətlərinə baxır.
Şikayəti insan
hüquqları pozulmuş şəxsin razılığı
ilə üçüncü şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları verə bilər.
İnsan hüquqları pozulmuş şəxsin
razılığını almaq mümkün olmadıqda, yəni
həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini
itirdikdə və ya qanunvericiliklə müəyyən
edilmiş digər hallarda şikayəti
üçüncü şəxslər və ya qeyri-hökumət
təşkilatları razılıq almadan da verə bilərlər.
Qeyd edilənlərlə
yanaşı, hüquqları pozulmuş şəxsin
razılığı ilə xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda və ya öz hüquqlarını
müstəqil şəkildə müdafiə etmək qabiliyyəti
olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda
Müvəkkilin öz təşəbbüsü ilə
araşdırma aparmaq səlahiyyəti də vardır.
Şikayət ərizəçinin
hüquqlarının pozulduğu və ya ona bu barədə məlum
olduğu gündən bir il müddətində verilə bilər.
Cəzaçəkmə müəssisələrində,
istintaq təcridxanalarında, müvəqqəti saxlanılma
yerlərində saxlanılan şəxslər tərəfindən
ünvanlanmış şikayətlər senzuradan keçirilmədən
24 saat müddətində Müvəkkilə göndərilir.
Şikayətin verilmə müddəti
keçdikdə, səlahiyyətlərinə aid olmadıqda,
anonim olduqda, şikayətlə bağlı məhkəmə
icraatı getdikdə və ya təkrar təqdim edilmiş
şikayətdə yeni məlumatlar, faktlar və sübutlar
olmadıqda Müvəkkil həmin şikayətlərə
baxılmır.
Müvəkkil insan hüquqlarının
pozulmasına dair daxil olan şikayətləri səlahiyyətlərinə
aid olduqda baxılmaq üçün qəbul edir.
Müvəkkil insan hüquqlarının
pozulmasına dair şikayətdə əks etdirilmiş
halların araşdırılması zamanı barəsində
şikayət verilən orqanın və ya vəzifəli
şəxsin həmin şikayətlə bağlı
mülahizələrini öyrənməlidir. Müvafiq
dövlət orqanı və ya vəzifəli şəxs həmin
mülahizəni 10 gün müddətində Müvəkkilə
təqdim etməlidir.
İnsan hüquqlarının
pozulmasına dair şikayətdə əks etdirilmiş
halların araşdırılması zamanı Müvəkkil
istənilən vaxt, maneəsiz və əvvəlcədən
xəbərdarlıq etmədən dövlət hakimiyyəti
və yerli özünüidarə orqanlarına, hərbi hissələrə,
habelə polis bölmələrinə, müvəqqəti
saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə
müəssisələrinə, qarnizon hauptvaxtlarına,
psixiatriya müəssisələrinə və saxlanılan
şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi
digər yerlərə daxil olmaq; saxlanılan
şəxslərlə, habelə müvafiq məlumatı verə
biləcək istənilən digər şəxslə təkbətək
və ya zəruri saydığı halda mütəxəssisin
və ya tərcüməçinin iştirakı ilə
görüşmək və söhbət etmək;
saxlanılan şəxslərin saxlanılmasının
qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə
rəftara və onların saxlanma şəraitinə aid olan
bütün sənədlərlə tanış olmaq və
surətlərini almaq; akt tərtib etmək, həyata
keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq; səlahiyyətli dövlət
orqanlarına müvafiq tövsiyələr vermək və həmin
tövsiyələrə müəyyən edilmiş müddətdə
cavablar almaq hüququna malikdir.
Qeyd edilənlərlə yanaşı,
Müvəkkilin dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
zəruri məlumat, sənəd və materialları 10 gün
müddətində almaq, cinayət, mülki və inzibati
işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla,
həmçinin cinayət işlərinin
başlanmasının rədd edilməsi barədə
materiallarla tanış olmaq, şikayətin
araşdırılması zamanı vəzifəli şəxslərdən
yazılı arayışlar almaq, şikayətdə əks
etdirilmiş halların yoxlanılması üçün
müvafiq orqanlara, qərarından və hərəkətindən
(hərəkətsizliyindən) şikayət
edilən orqanlar və ya vəzifəli şəxslər
istisna olmaqla, tapşırıq vermək, müvafiq dövlət
orqanlarına və təşkilatlarına ekspert rəyinin
hazırlanmasını tapşırmaq, dövlət və
yerli özünüidarə orqanlarının rəhbərləri
və digər vəzifəli şəxsləri,
hərbi hissələrin komandirləri, cəzaçəkmə
müəssisələrinin, istintaq təcridxanalarının
və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi
tərəfindən təxirəsalınmadan qəbul edilmək
kimi səlahiyyətləri də
vardır.
Bakı şəhərində,
habelə respublikanın müxtəlif şəhər və
rayonlarında əhali ilə geniş ünsiyyət yaratmaqla
görüşlər və qəbullar keçirilir, əhali
qrupları ilə canlı ünsiyyət yaradılır, zəruri
izahat işi aparılır, hüquqi məsləhətlər
verilir, insanları narahat edən problem və çətinliklər
müəyyən edilir, mərkəzi və yerli icra hakimiyyəti
orqanları, habelə bələdiyyələrlə əməkdaşlıqda
müvafiq tədbirlər görülür.
İnsan hüquqları
pozulmuş şəxsin razılığı ilə
xüsusi əhəmiyyət kəsb edən hallarda və ya
öz hüquqlarını müstəqil şəkildə
müdafiə etmək qabiliyyəti olmayan şəxslərin
maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü
ilə araşdırma apara bilər.
Araşdırma zamanı şikayətdə
qeyd olunmayan digər hallar aşkar edilərsə,
araşdırma Müvəkkilin səlahiyyətlərinə
aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə
aid olmadıqda isə materiallar digər səlahiyyətli
dövlət orqanlarına göndərilir.
Şikayətə 30 gün müddətində
baxılır. Şikayətə baxmaq üçün əlavə
yoxlama aparmaq və ya material tələb etmək zərurəti
yarandıqda müraciətə baxılma müddəti 30
gün də uzadıla bilər.
Ərizəçinin yazılı
razılığı ilə əlavə yoxlama aparmaq
lazım gəldiyi halda müraciətin baxılma müddəti
yenidən uzadıla bilər.
Müvəkkil şikayətə
baxılması ilə bağlı görülmüş tədbirlər
və nəticələr barədə 5 gün müddətində
ərizəçiyə yazılı surətdə məlumat
verir.
Şikayətin
araşdırılması zamanı insan hüquqlarının
pozulması hallarını aşkar etdikdə, Müvəkkilin
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş dövlət və ya yerli
özünüidarə orqanlarından, vəzifəli şəxslərdən
həmin hüquqların bərpasını
tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər
10 gün müddətində Müvəkkilə görülən
tədbirlər barədə yazılı surətdə məlumat
verməlidirlər. Məlumat verilmədiyi
və ya Müvəkkilin tələbləri həyata
keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət
orqanlarına müraciət edə bilər), cinayət əlamətləri
aşkar edildikdə müvafiq orqanlara cinayət işinin
başlanması barədə müraciət etmək,
əlavə kassasiya qaydasında şikayət etmək
hüququna malik olan subyektlərə müraciət etmək, qərar
və hərəkəti (hərəkətsizliyi) nəticəsində
insan hüquqlarını pozmuş vəzifəli şəxslərin
intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək,
insan hüquqlarının pozulması ilə əlaqədar
aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək,
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət
kəsb edən hallarda onların bərpası
üçün Müvəkkilin səlahiyyətlərində
olan təsir imkanları kifayət etmədikdə Azərbaycan
Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında
çıxış etmək, dövlət və ya yerli
özünüidarə orqanının, vəzifəli şəxsin
qərarı və ya hərəkəti (hərəkətsizliyi)
nəticəsində pozulmuş hüquqların bərpası
üçün məhkəməyə müraciət etmək,
şəxsin hüquqları qüvvədə olan normativ
aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
sorğu ilə müraciət etmək hüququ vardır.
Ərizəçinin xahişi ilə Müvəkkil
onun barəsində məlumatları gizli saxlayır. Bununla
yanşı, şikayətdə əks etdirilmiş
halların Müvəkkil tərəfindən
araşdırılması zamanı ərizəçilərin
şəxsi və ailə həyatı barədə bəlli
olmuş məlumatların yayılmasına onların
razılığı olmadan yol verilmir.
Müvəkkil əfv, vətəndaşlıq,
siyasi sığınacaq verilməsi məsələlərinin
həlli ilə bağlı Azərbaycan Respublikasının
Prezidentinə, insan hüquq və azadlıqlarının təmin
edilməsi məqsədilə qanunların qəbul edilməsinə
və ya onlara yenidən baxılmasına dair, habelə
amnistiya elan edilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təkliflər verə
bilər.
Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil
insan hüquqlarının qorunması haqqında Azərbaycan
Respublikası Prezidentinə illik məruzəni təqdim edir və
həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi
qarşısında çıxış edir.
İllik məruzədə insan
hüquqlarını pozan, Müvəkkilin tələbləri
ilə hesablaşmayan dövlət və yerli
özünüidarə orqanlarının, vəzifəli
şəxslərin adları çəkilir və bununla əlaqədar
görülmüş tədbirlər barədə məlumat
verilir.
Müvəkkilin illik məruzəsində insan
hüquqlarının təmin edilməsi ilə əlaqədar
fikir, rəy və tövsiyələr öz əksini
tapır.
İllik məruzə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan
Respublikasının Ali Məhkəməsinə və Azərbaycan
Respublikasının Baş Prokuroruna göndərilir, eyni
zamanda "Azərbaycan" qəzetində və "Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilir.
Vahid Ömərov
Səs.- 2019.- 31 iyul.-
S.15