Naxçıvanda Azərbaycan-Türkiyə
birgə hərbi təlimləri keçirilib
Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq
haqqında sazişə əsasən iyunun 7-dən etibarən
Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin
“Sarsılmaz qardaşlıq-2019” birgə döyüş
atışlı taktiki təlimləri başlayıb.
İyunun 11-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov,
Türkiyə Respublikasının Milli Müdafiə naziri
Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov birgə
döyüş atışlı taktiki təlimi izləyiblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı,
general-leytenant Kərəm Mustafayev təlimə
hazırlıq barədə raport verib.
İdarəetmə məntəqəsində əməliyyat
taktiki təlimin planı diqqətə çatdırılıb.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd
qərargahların müştərək döyüş əməliyyatları
planlarının hazırlanması, şəxsi heyətin
peşəkarlıq səviyyəsinin artırılması və
birgə tapşırıqları icra etmək vərdişlərinin
inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə
hərbi bölmələrinin
qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən
ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və
Naxçıvan Muxtar Respublikasının güc
strukturlarının, eləcə də Türkiyə
Respublikası Silahlı Qüvvələri bölmələrinin
iştirakı ilə keçirilən təlimə 5 minə
yaxın şəxsi heyət, 200-dən
artıq tank və digər zirehli texnika, 180-ə yaxın
müxtəlif çaplı raket və artilleriya qurğusu,
yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə,
helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil
edilmiş müxtəlif növ müasir silah və texnika
nümunələri, 30-dan çox hava hücumundan
müdafiə vasitəsi və 300-ə yaxın avtomobil
texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin
qidalanması və məişət şəraiti
üçün də lazımi tədbirlər
görülüb.
Naxçıvan Qarnizonu Qoşunlarının
istifadəsində olan silah, texnika və döyüş
maşınları ilə tanışlıqdan sonra təlimə
start verilib.
Təlimin ssenarisinə əsasən
“Naxçıvan” Əlahiddə Sərhəd
Diviziyasının Çevik Hərəkət Taborundan
ayrılmış taktiki hava desantı müdafiəmizin
yaxın dərinliyində yerləşən yüksəklik
istiqamətində irəliləyən düşməni məhv
etmək üçün vertolyotdan əraziyə endirilib.
Qrup tərəfindən düşmənin kəşfiyyat
dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi
üçün “D-44” topu vertolyotla yüksəkliyə
çatdırılıb. Yaranmış şəraitdən
məharətlə istifadə edən bölmələrimiz
yüksəklikdə möhkəmlənərək,
düşmənin canlı qüvvəsini və zirehli
texnikasını məhv edib, düşmən ağır
itkilər verərək geri çəkilməyə məcbur
olub.
Naxçıvan Qarnizonu Qoşunlarının
xüsusi təyinatlı qrupları fəaliyyətə
başlayıb. Həmlə qrupu ərazinin relyefindən və
məhdudgörmə şəraitindən yararlanaraq
düşmənin müdafiə mövqeyinə basqın edib.
Əlahiddə Əməliyyat Briqadasının yüksək
manevr qabiliyyətinə malik “KOBRA” tipli zirehli döyüş
maşınları qrupa atəş dəstəyi veriblər.
Təlimin gedişində tank,
“ZMA”, “Xrizantema-S”, “TOS-1A” və “ZU-23-2” tərkibində
bölük taktiki qrupu mövqelərimiz arasındakı
boşluqları tutaraq müdafiəni gücləndiriblər.
Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə
və hissələri müdafiə olunan bölmələrin
atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda
düşmənin irəliləyən motoatıcı və
tank bölmələrinə, atəş mövqeyində olan
artilleriya və minaatan batareyalarına, hava hücumundan
müdafiə vasitələrinə, komanda məntəqələrinə
zərbələr endiriblər. “SU-25” hücum təyyarələri
isə düşmənin irəliləyən bölmələrinin
qarşısını aviabombalarla alıb.
Düşmənin hücum edən bölmələrinin
tankları, zirehli texnikası və canlı qüvvəsi
“T-90 S” tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib.
“TOS-1A” yaylım atəşli ağır odsaçan sistemi
düşmənin dayaq məntəqələrini tələfata
uğradıb. Bu zaman həmləyə keçən
düşmən tankları “Xrizantema-S” tank əleyhinə idarə
olunan raket kompleksinin atəşi ilə məhv edilib. “OSA-1T”,
“İqla-S” və “ZU-23-2” hava hücumundan müdafiə vasitələrinin
atəşi ilə düşmən aviasiyasının
hücumları dəf olunub. Tank, “PDM-2”, “ZMA”,
minaatan, “AQS-30”, snayper və digər atıcı silahların
atəşi ilə hücum edən düşmənin zirehli
texnikası və canlı qüvvəsi məhv edilib,
“Mİ-35” vertolyotlarının məharətli atəş zərbələri
ilə sıradan çıxarılıb.
Ordunun raket-artilleriya birləşmə və
hissələri bölmələrimizin əks atəş
hazırlığına başlayıblar. Ordu aviasiyası
düşmənin aşkar olunmuş zirehli texnikasına,
ehtiyatlarına və komanda məntəqələrinə zərbələr
endirib. Atəş basqınından yararlanan tabor taktiki
qrupları sürətlə düşmənin ön xəttinə
yaxınlaşaraq döyüş düzülüşünə
açılıb, ön xətdə və yaxın dərinlikdə
yerləşən düşmənin atəş vasitələrini
məhv ediblər. Tank və digər döyüş
maşınlarının sərrast atəşi ilə
düşmənin zirehli texnikası, sığınacaqlarda
olan atəş vasitələri məhv edilib. Güclü atəş
imkanına malik olan tabor taktiki qrupları düşmənə
cinahlardan zərbələr endirib.
Hərəkəti təminetmə dəstəsi
bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri
üzərində körpü qurub, digər istiqamətdə
isə mina sahəsindən keçidlər açaraq
ehtiyatların irəliləməsinə nail olub. Təxliyə
qrupları döyüş meydanında vurulmuş texnika və
yaralıların təxliyəsini həyata keçiriblər.
Hücumun inkişaf etdirilməsi və cinahlara
doğru genişləndirilməsi məqsədilə
Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları
döyüşə salınıb, düşmən
ehtiyatlarının irəliləməsinin
qarşısının alınması məqsədi ilə
taktiki və hava desantları endirilib. Beləliklə də
Naxçıvan Qarnizonu Qoşunları Türkiyə
Respublikası Silahlı Qüvvələrinin bölmələri
ilə birgə təlimdə qarşıya qoyulmuş
tapşırığı uğurla yerinə yetirərək
şərti düşmən üzərində zəfər
qazanıblar.
Sonda Azərbaycan və Türkiyə
Respublikalarının dövlət bayraqları “SU-25” hücum
təyyarələrinin və vertolyotların müşayiəti
ilə döyüş meydanında nümayiş olunub.
Əlahiddə Ümumqoşun Ordu komandanı,
general-leytenant Kərəm Mustafayev təlimin başa
çatması barədə raport verdikdən sonra şəxsi
heyətlə görüş olub.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər
və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını
Azərbaycan və Türkiyə silahlı qüvvələrinin
birgə təlimlərinin uğurla başa çatması
münasibətilə təbrik edərək deyib: Ümummilli
liderimiz Heydər Əliyev deyirdi ki,
“Müstəqil Azərbaycan dövlətinin ən
böyük dayağı, onun sütunu Azərbaycan Ordusudur”.
İşğalçı ölkə ilə sərhəddə
yerləşməsi və blokada şəraitində
yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə
təhlükəsizliyini əsas məsələlər
sırasına çıxarmışdır. Ölkə
Prezidenti cənab İlham Əliyevin dediyi kimi:
“Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan
blokada şəraitində yaşayır. Belə olan halda
Naxçıvanın döyüş potensialı ən
yüksək səviyyədə olmalıdır”.
Ali Məclisin Sədri deyib: Dövlət
başçısı Naxçıvan Muxtar
Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə
xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə
təminat gücləndirilmiş, bunların nəticəsi
olaraq Əlahiddə Ümumqoşun Ordu
yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu,
hissə və birləşmələr güclü
maddi-texniki təminata, müasir silahlara və peşəkar
şəxsi heyətə malikdir. Naxçıvanda ordu
quruculuğu sahəsində görülən işlərdə
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də
qeyd olunmalıdır. Bu gün Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə Türkiyə
arasında hərbi sahədəki əməkdaşlığın
səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə
birgə hərbi təlimlərinin keçirilməsi də bu
əməkdaşlığın davamı, eyni zamanda
ordularımız arasındakı birliyin göstəricisidir.
Ali Məclisin Sədri deyib: Ordu quruculuğu tədbirləri
sırasında hərbi təlimlərin əhəmiyyəti
böyükdür. Çünki təlimlər əsgər və
zabitlərdə hərbi vərdişləri
formalaşdırır, onların döyüş
hazırlığını artırır. Türkiyə
dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər
hansı bir ordunun dəyəri onun əsgər və komandan
heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə
birgə hərbi təlimində qarşıya qoyulmuş
tapşırıqların uğurla yerinə yetirilməsi bir
daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş
şəxsi heyətlərdə yüksək döyüş
hazırlığı vardır.
“Ordunun gücünü və döyüş
qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı
deyil, həm də şəxsi heyətin vətənpərvərliyi
və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər
və zabitlərində vətənpərvərlik və
birlik olsun. Keçirilən təlimdən
çıxan nəticə də ondan ibarətdir ki, bir millətin,
iki dövlətin silahlı qüvvələrində yüksək
vətənpərvərlik və birlik vardır”, - deyən
Ali Məclisin Sədri hərbi təlimin uğurla başa
çatması münasibətilə şəxsi heyətləri
təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi
olanlara təşəkkürünü bildirib.
Türkiyə Respublikasının Milli
Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə
silahlı qüvvələrinin birgə fəaliyyəti olan
“Sarsılmaz qardaşlıq-2019” təlimləri münasibətilə
şəxsi heyətləri təbrik edərək deyib:
Regional təhdidlərin artdığı bir dövrdə
ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini
təmin etməyin yolu güclü və mübariz orduya sahib
olmaqdan keçir. Güclü ordu üçünsə
müasir silah və texnika, həmçinin peşəkar hərbçilər
lazımdır. Peşəkar hərbçilərin
yetişdirilməsinin ən optimal yolu təlimlərin
keçirilməsidir. Təlimlərdə əsgər və
zabitlərin ərazi və hava şərtləri ilə
tanış olması döyüşə hazırlıq
baxımından çox əhəmiyyətlidir.
Çünki şəxsi heyət döyüş həmlələrini
təlimlərdə öyrənir. Xüsusilə müştərək
və birləşmiş təlimlər bir-birimizi
tanımamıza, çiyin-çiyinə mübarizə
aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində
icra etdiyimiz “Sarsılmaz qardaşlıq-2019” təliminin layiqli
şəkildə məqsədinə
çatdığını və böyük müvəffəqiyyətlə
yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir
millət, bir ordu olduğunda nələr edə biləcəyinə
bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün
də dediyi kimi: “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın
kədəri bizim kədərimizdir”. Qardaş ölkə Azərbaycan
və Türkiyə hər cür təhdid və təhlükəyə
qarşı kədərdə və sevincdə bərabərdir.
Hulusi Akar təlimlərin yüksək səviyyədə
başa çatması münasibətilə Türkiyə
Silahlı Qüvvələrinin adından təbriklərini
çatdırıb.
Azərbaycan Respublikasının Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov çıxış
edərək deyib: Türkiyə Silahlı Qüvvələri
dünyanın ən güclü ordularındandır.
Qardaş ölkə ilə olan milli bağlarımız ordu
quruculuğu sahəsində əməkdaşlıq
üçün geniş imkanlar açır. Türkiyə
Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək
mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər
bir daha bütün dünyaya nümayiş etdirdi ki,
silahlı qüvvələrimiz hər bir vəzifəni birgə
icra etməyə hazırdır və qadirdir.
Naxçıvanda keçirilən təlimdə Türkiyə
Respublikasının Milli Müdafiə nazirinin iştirakı
onun əhəmiyyətini daha da artırdı.
Zakir Həsənov təlimin uğurla başa
çatması münasibətilə şəxsi heyətə
təbriklərini çatdırıb.
Əlahiddə Ümumqoşun
Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə
hazırlıqla bağlı görülən işləri
diqqətə çatdırıb, hazırlanmış
ssenariyə uyğun Türkiyə Respublikası Silahlı
Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə
Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti
arasında bölmələrin birgə idarə edilməsində
vahid prosedurların tətbiqinə nail olunduğunu, hədəflərin
85, maketlərin 90 faizindən çoxunun məhv edildiyini
bildirib.
Sonra xatirə şəkli çəkdirilib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov,
Türkiyə Respublikasının Milli Müdafiə naziri
Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən
zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə
mükafatlandırıblar.
Zabit, gizir və əsgərlər şəxsi
heyət arasındakı birlik və bərabərliyin ifadəsi
olan “Hamı bir nəfər, bir nəfər hamı
üçün” şüarını səsləndiriblər.
Səs.- 2019.- 12 iyun.-
S.4-5