İmadəddin Nəsiminin
650 illik yubileyi ilə bağlı qiraət müsabiqəsi
keçirilib
Prezident
İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən,
2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində tədbirlər planı hazırlanıb.
Open.az xəbər
verir ki, tədbirlər planına uyğun olaraq, 2-17 aprel tarixlərində
ADMİU-da Azərbaycan
bədii və fəlsəfi fikrində dərin iz qoymuş
mütəfəkkir şair
İmadəddin Nəsimiyə
ithaf olunan “Hüsnü-cəmal, əqli
kamal” adlı ali məktəblərarası
bədii qiraət müsabiqəsi keçiriləcək.
Təyin olunmuş
şərtlərə əsasən,
müsabiqəyə Nəsiminin
şeirləri və Nəsimi irsinə həsr olunmuş əsərlər təqdim
olunub. Müsabiqədə həmçinin Azərbaycanlı
tələbələrin Nəsiminin
şeirlərini əcnəbi
dildə ifa etməsi də nəzərdə tutulub. Ədalətli rəqabət
prinsipinə əməl
etmək üçün
müsabiqədə ADMİU-nun məzunları və tələbələri
ilə digər ali məktəb tələbələri
müxtəlif nominasiyalar
üzrə yarışacaq.
18 - 27 yaşlı
gəncləri əhatə
edən müsabiqənin
əsas məqsədlərindən
biri Nəsimi irsinin müasir humanitar düşüncənin
tələbləri kontekstində
aktuallığının vurğulanması,
milli mədəni-mənəvi
dəyərlərin təbliğidir.
Qaliblər seçilmiş şeirin
məzmuna uyğun jest və mimikalardan,
səs tonundan məqsədyönlü istifadə
edilməsi, nitqin aydınlığı, səlisliyi
və ifadəliliyi, təqdimetmə bacarığı,
ifa üçün ayrılmış vaxta riayət edilməsi kimi meyarlara əsasən müəyyənləşdiriləcək.
İki mərhələdən
ibarət müsabiqənin
yekununda – 20 aprel tarixində Beynəlxalq Muğam mərkəzində
qaliblərin mükafatlandırılması
mərasimi və qala konsert baş
tutacaq. I, II, III yerlərin
sahiblərinə diplom
və pul mükafatı veriləcək.
R.Hüseynova
Səs.- 2019.- 19 iyun.- S.5