“Heydər Əliyev irsi və sosial siyasət”

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bu mövzuda konfrans keçirilib

Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov vurğulayıb ki, nəinki YAP və onun çoxsaylı üzvləri, bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə yad edir, hörmət və ehtiramlarını bildirirlər. Bunun təsadüfi olmadığını deyən Əli Əhmədovun sözlərinə görə, vətəndaşlarımız Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirirlər: “Xalqımız dərk edir ki, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ideyaları nəinki insanlarımızın qəlbində yaşayır, eyni zamanda, bu gün həyata keçirilən dövlət siyasətində də özünün əksini tapır. Bunun sayəsində Azərbaycan daim inkişaf edir, yüksəlir, həyatın müxtəlif sahələrində yüksək tərəqqi nümunələri göstərir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinin bariz ifadəsidir. Bugünkü Azərbaycan inkişaf, tərəqqi, yüksəliş, rifah, sabitlik, təhlükəsizlik deməkdir. Və təbii ki, bugünkü Azərbaycan reallıqlarının böyük bir mənası da gələcəyə nikbinliklə baxmaq, sabaha olan inamdan ibarətdir”.

Konfransın Heydər Əliyev irsində böyük yer tutan sosial siyasət məsələlərinə həsr edilməsinin heç də təsadüfi olmadığını deyən Baş nazirin müavini qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində, Onun zəngin irsində sosial məsələlər daim əhəmiyyətli yer tutub. “Vətəndaşlarımız Ulu Öndərimizin bu yöndəki siyasətini xatırlayır və yüksək dəyərləndirirlər. Eyni zamanda, bu gün ölkəmizdə həyata keçirilən, Prezidentimiz İlham Əliyevin uğurla reallaşdırdığı siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları öndə dayanır. Ümumiyyətlə, hər bir dövlətin çoxsaylı vəzifələri içərisində ən mühüm yer tutan məqamı ölkənin və onun vətəndaşının təhlükəsizliyinin təmin olunması, ikincisi isə onun yüksək rifahının təmin edilməsi, bu istiqamətdə sistemli şəkildə işlərin aparılması təşkil edir. Azərbaycan dövləti hər iki vəzifəni layiqincə yerinə yetirdiyini illər boyu sübuta yetirib”, - deyən YAP Sədrinin müavini söyləyib ki, sosial rifah məsələləri, insanların güzəranının yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca xüsusiyyətlərindən birini təşkil edir. Onun sözlərinə görə, nə işlər görülürsə, hansı addımlar atılırsa, onun başlıca qayəsi və dəyəri insanla bağlıdır.

“Ötən illər ərzində və bu günün özündə də insanların rifahının yaxşılaşdırılması dövlət siyasətində ən başlıca yerlərdən birini tutur. Son bir neçə ay ərzində müxtəlif kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması həyata keçirilən siyasətin qayəsində insanların rifah halının yüksəldilməsinin dayandığını bir daha göstərir. Elə bir təbəqə yoxdur ki, onun sosial müdafiəsi gücləndirilməsin. Dövlət başçısının verdiyi qərarlar əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli mərhələ təşkil edir. Təbii ki, Azərbaycanın imkanları genişləndikcə, maliyyə resursları artdıqca Prezidentimizin qeyd etdiyi kimi, insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq. Bu addımlar nəticəsində insanlar daha da yaxşı yaşayacaqlar, onların həyatının keyfiyyəti yüksələcək. Bu baxımdan hər yeni il əvvəlki ildən daha uğurlu olur. Bundan sonra da, hər yeni ildə həyatımız daha da yaxşılaşacaq, insanların rifahı daha da yüksələcək. Vətəndaşlarımız əmin ola bilərlər ki, dövlətimiz və Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və bundan sonra da edəcək”, - deyə Əli Əhmədov vurğulayıb.

Daha sonra konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazılıb. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını əhalin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılması təşkil edib. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyada xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi, layiqli həyat səviyyəsi ən yüksək səviyyədə bəyan edilib. Ulu Öndərin rəhbərliyi ilə şəhid ailələrinə, müharibə veteranlarına, əlilliyi olan şəxlərə, məcburi köçkünlərə, pensiyaçılara, sosial müavinət və təqaüd alan şəxslərə və digərlərinə dövlət tərəfindən göstərilən sosial müdafiə mexanizmləri ciddi şəkildə gücləndirilib. Təkcə 1993-2003-cü illərdə maliyyə çətinliklərinə baxmayaraq, pensiya və müavinətlər 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfə artırılıb. Bu fakt göstərir ki, 10 il ərzində sosial müdafiə sistemində mühüm islahatlar aparılıb və Azərbaycan dövləti sosial sahəyə nə dərəcədə böyük önəm verib. Nazir xatırladıb ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqisadi münasibətlər sisteminə uyğun Əmək Məcəlləsi qəbul ounub, eləcə də demoqrafik inkişaf konsepsiyası, məşğulluq, əmək miqrasiyası və digər sahələrlə bağlı qanun və qərarlar qəbul olunub.

S.Babayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti Prezident İlham Əliyev uğurla davam etdirərək sosial müdafiə və sosial təminat sahələrini daha da genişləndirib. Onun sözlərinə görə, cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz iqtisadi cəhətdən qüdrətləndikcə əldə olunan gəlirlər sosial sahəyə, insanların rifah halının daha da yaxşılaşdırılmasına sərf olunur: “Beynəlxalq ictimaiyyət də ölkəmizdə aparılan islahatları dəstəkləyir. Azərbaycan dünyada yoxsulluğu 5 faizə endirən 29 ölkədən biridir. Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğun iki dəfə azaldılmasına nail olan dünya üzrə 18 ölkə sırasındadır. Bütün bunlar göstərir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar dünyada rezonans doğurur və Azərbaycan beynəlxaq reytiqlərdə layiqli yerini tutur. Bu il ölkəmizdə əhalinin sayı 10 milyona çatdı. Bir çox ölkələrdə əhalinin sayı azalır. Buna rəğmən Azərbaycanda artım ölüm faktını 2,5 dəfə üstələyir”.

S.Babayev deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun sözlərinə görə, qəbul olunan bütün qərarlar, atılan addımlar son nəticədə insanların həyatının yaxşılaşdırılmasına yönəldilir: “2003-cü ildən bu günədək əməkhaqları 7 dəfə, pensiyalar 9 dəfə artıb. Sosial islahatlar baxımından, son bir ildə, xüsusilə 2019-cu ilin əvvəlindən inqilabi addımlar atılır. Bu ilin əvvəlində minimum əməkhaqqı təxminən 40 faiz artırıldı. Bunun nəticəsində 600 min insanın əməkhaqları təxminən 35-40 faiz artdı. Onların 450 mini dövlət sektorunda, 150 min nəfəri özəl sektorda çalışır. Həmin artımların bu il üçün maliyyə tutumu 400 milyon manatdan çoxdur. Minimum pensiyalar isə 40 faiz artırıldı və 233 min nəfəri əhatə edir. Bu artım nəticəsində minimum pensiya yaşayış minimumunu üstələdi. Eləcə də dövlət başçısının Sərəncamı ilə sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artırıldı. Bu qərar isə 570 min insanı əhatə edir. 14 sosial müavinət, 9 təqaüd növünün iki dəfə artırılması üçün dövlət büdcəsindən 400 milyon manat vəsait ayrılıb. Bu insanların 300 min nəfəri əlilliyi olan şəxslərdir. Bu isə o deməkdir ki, ölkəmizdə sosail ədalət prinsipi qorunur, ilk növbədə həssas təbəqələrə qayğı göstərilməlidir. Dövlət başçısı problemli kreditlərin həlli ilə bağlı Fərman imzalamaqla 800 min insana dəstək verdi. Eləcə də məcburi köçkünlər üçün aylıq sosial müavinətin artırılması, tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və digər addımlar bütövlükdə 3 milyon insanı əhatə edir. Demək olar ki, sosial sahədə ilin əvvəlindən atılan addımlar təxminən hər bir ailəni əhatə edir. Yəni atılan bu addımların hamısı böyük maliyyə tutumuna malikdir. Biz xaricdən kredit, qrant hesabına vətəndaşlarımıza dəstək olmuruq. Burada nəzərdə tutulan bütün vəsaitlər dövlətimizin gəlirləri hesabınadır”.

O bildirib ki, özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki ilə nisbətən 6,5 dəfə çox şəxs cəlb edilib. Beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarından da istifadə olunmaqla, özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi, proqramın icrası, proqram çərçivəsində yaradılan təsərrüfatlara, müəssisələrə nəzarət və dəstək mexanizminin təkmilləşdirilməsi işləri aparılacaq.

Nazir qeyd edib ki, sosial sahədə islahatlar təkcə artımları yox, icra prosesini də əhatə edir. Buna nümunə olaraq “E-sosial” portalının yaradılmasını göstərmək olar. Bu portal hər bir vətəndaş üçün açıqdır. Eyni zamanda, elektron pensiya sistemi yaradılıb. Bunun nəticəsində cari il yanvar ayından indiyə kimi 10 min vətəndaşa tam elektron qaydada pensiya təyinatı aparılıb. Vətəndaş pensiya yaşına çatan kimi ona məlumat verilir. Cari il ərzində pensiya yaşına çatan təxminən 36 min insan elektron qaydada bir gün ərzində pensiya təyinatı əldə edəcək.

Şəhid ailələri üçün birdəfəlik ödəmələrin də həyata keçirildiyini deyən S.Babayevin sözlərinə görə, 8 min 688 şəhidimizin 12 min 685 vərəsəsinə bu vəsait ödənilib. Növbəti aylarda da proses davam edəcək.

S.Babayev onu da qeyd edib ki, son 9 ayda bu sahədə 110 normativ-hüquqi akt hazırlanıb, 25 qanun qəbul olunub, 40 Sərəncam və Fərman imzalanıb. Bütün bunlar vətəndaşların sosial həyatının daha da yaxşılaşdırılmasına xidmət edir. Görülən işlər nəticəsində bu ilin ötən dövründə DSMF-nin gəlirləri 13 faiz artıb, bütün növ pensiyalar son 3 ayda 5 faiz artıb. Eləcə də cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyinatı 55 faiz azalıb. Bu da sağlamlaşdırma işlərinin nəticəsidir.

Nazir deyib ki, sosial sahədə atılan ən mühüm addımlardan biri dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin yaradılmasıdır. S.Babayev diqqətə çatdırıb ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək DOST layihəsi yaxın günlərdə DOST Agentliyinin və ilk “DOST” mərkəzinin açılışı ilə reallaşacaq. Bu, 2019-cu ilin sosial sahədə ən önəmli hadisələrindən biri olmaqla, dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək. Nəticədə bu xidmətlərin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi təmin ediləcək. “DOST-un fəaliyyətində əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi əsas istiqamətlər olaraq müəyyən edilib. Bütün bu sahələrdə vətəndaş məmnunluğunun təmin edilməsi əsas missiya olaraq agentliyin qarşında qoyulub. Agentlik DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir texnologiyaların tətbiqi ilə bütün istiqamələr üzrə vətəndaşların sosial xidmətlərə çıxışını təmin edəcək. Agentliyin fəaliyyət dairəsi 126 xidməti əhatə edir. 126 sosial xidmət bir pəncərə sistemi ilə çox sadə şəkildə vətəndaşlara təqdim ediləcək. Eləcə də DOST bütün ölkə ərazisini əhatə edəcək. Artıq qurumun fəaliyyətə başlaması üçün işlər tam yekunlaşıb. Yaxın günlərdə DOST mərkəzinin açılşı olacaq. Bu mərkəz ilk olaraq Bakının Səbail və Yasamal rayonlarını əhatə edəcək. İl ərzində bu mərkəz 100 min insana xidmət edəcək. Cari ildə Bakı şəhərində daha 3 mərkəz yaradılacaq. Gələn il birinci rübün sonuna Bakı şəhəri üzrə bütün sosial xidmətlərin məhz DOST mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulur. 2025-ci ilə kimi DOST mərkəzlərinin bütün regionları əhatə etməsi planlaşdırılır”, - deyə nazir qeyd edib.

 

Yeni Azərbaycan.- 2019.- 7 may.- S.3