Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında
iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının
Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı
və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı inzibati
binanın rəmzi açılışını bildirən lenti kəsib.
DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli
inzibati binasının
memarı Nəriman İmaməliyevdir. Neomodernizm
üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından
ən müasir tələblərə cavab
verir.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından
tanış olublar.
Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada
yaradılan şərait
barədə məlumat
verib.
Dövlətimizin başçısı və
birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət
sərgiyə də baxıblar.
Əhalinin sosial
müdafiəsi istiqamətində
son illər görülən işlərlə
bağlı da məlumat verilib.
Sonra DOST Agentliyinin
E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi
barədə videoçarx
nümayiş olunub.
Vurğulanıb ki, hazırda
dünya təcrübəsində
oxşar layihələr
olsa da, DOST mərkəzləri əhalinin
məşğulluğu, əmək,
sosial müdafiə və təminat sahələri üzrə
126 xidmətin “bir pəncərə”dən təqdim
edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ
yenilikləri özündə
birləşdirən nadir
layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin
dövlət sosial xidmətləri sahəsində
Azərbaycanın yeni
brendinə çevriləcəyi
gözlənilir. Agentlik
DOST mərkəzləri vasitəsilə
“bir pəncərə”
prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək.
Agentliyin 2019-2025-ci illərdə
Bakıda və ölkəmizin regionlarında
31 DOST mərkəzinin istifadəyə
verilməsi nəzərdə
tutulub. DOST Agentliyinin mərkəzi aparatında
315 nəfər, DOST mərkəzlərində
kateqoriyasından asılı
olaraq 50-100 nəfər
xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək.
“Gənc DOST” könüllülər
proqramı hazırlanıb
və artıq 50 könüllü işə
başlayıb. Hər
mərkəzdə 30-50 könüllünün,
gələcəkdə isə
yaşlıların cəlbi
də nəzərdə
tutulur.
Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə
görüşüblər.
Agentliyin işçilərini
və “Gənc DOST” könüllülərini salamlayan
Prezident İlham Əliyev deyib: “Əziz dostlar, bu gün ölkəmizin
həyatında çox
əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır,
fəaliyyətə başlayır.
Bu münasibətlə
sizi ürəkdən
təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla
DOST Agentliyi yaradıldı
və şadam ki, qısa müddət
ərzində, heç
bir il keçməmiş
birinci mərkəz artıq fəaliyyətə
başlayır. Bildiyiniz
kimi, Bakıda, bütün bölgələrdə
bütövlükdə 31 mərkəz
yaradılacaq. Vətəndaşlara
yüksək xidmət
göstərmək üçün
burada bütün şərait, bütün
imkanlar var. Bina çox gözəldir, müasirdir,
həm xarici görünüşü, həm
də dizayn-tərtibat
baxımından. Bu, bir daha onu göstərir
ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən
100-150 iş yeri olacaq, bu da çox
önəmlidir. Hər bir
mərkəzdə könüllülər
qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli
xidmət etmək üçün gözəl
şərait yaradacaqdır.
Sosial sahə
bizim üçün
prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması
bu istiqamətdə atılmış çox
önəmli addımdır.
Növbəti illərdə bu
agentliyin fəaliyyətinin
genişləndirilməsi əminəm
ki, vətəndaşlar
tərəfindən də
çox yüksək
qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə
icra ediləcəkdir.
Sosial sahə hər bir ölkə üçün böyük
önəm daşıyır.
Azərbaycanda da bu sahəyə
böyük diqqət
göstərilir. Bizim siyasətimiz
sosialyönümlü siyasətdir.
Çalışırıq bütün əlavə
gəlirlərimizi sosial
sahəyə yönəldək
ki, vətəndaşların
rifah halı daha da yaxşılaşsın,
işsizliklə bağlı
problemlər daha da yüksək səviyyədə
həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun,
sahibkarlığın inkişafı
bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər
uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir.
Bildiyiniz
kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım,
iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının
artımı, əlbəttə
ki, sosial sahəyə böyük diqqət göstərmək
üçün imkan
yaradır. Deyə
bilərəm ki, bu ilin dörd
ayında vergi və gömrük orqanları təqribən
400 milyon manata yaxın əlavə vəsait toplayıblar -
270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq,
yenə də islahatlar hesabına. Bu əlavə maliyyə
resursu imkan verir ki, biz pensiyaları,
maaşları, sosial müavinətləri artıraq
və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket
hazırlanıb təsdiqləndi
və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra
da bu istiqamətdə
işlər aparılacaq,
minimum əməkhaqqının, minimum pensiyanın artırılması
gündəlikdə duran
məsələlərdir. Məşğulluğun inkişafı - yəni,
qeyri-qanuni məşğulluqla
mübarizə nəticə
verir və beləliklə, ölkəmizin
iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu
tam şəkildə icra
etsək, ölkəmizin
dayanıqlı uğurlu
inkişafı təmin
olunacaqdır.
Sosial sahədə
bir önəmli təşəbbüs də
Özünüməşğulluq Proqramıdır. Mən çox şadam
ki, vətəndaşlar
bu proqrama çox böyük maraq göstərirlər.
Biz artıq bir
neçə ildir ki, bu işlərlə
məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı
artır. Mənim təşəbbüsümlə
biz Dünya Bankı ilə bu məsələni
müzakirə etdik.
Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə
edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən
10 minə yaxın vətəndaş Özünüməşğulluq
Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır.
Bu, həm məşğulluğun
artırılmasına xidmət
edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük
töhfə olacaq.
Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının,
xidmət sektorunun inkişafı üçün
çox böyük əhəmiyyəti var.
Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində
öz əksini
tapır - islahat, innovasiya,
korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə,
yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin
fəaliyyəti. Yəni, bu
mərkəzlər müasir
Azərbaycanın simasını
əks etdirir və ölkəmiz məhz bu yolla
inkişaf etməlidir.
Müasirlik, yenilik, islahatlar,
gənclərin bu işlərə böyük
dərəcədə qoşulması
ölkəmizin inkişafına
xidmət göstərəcək.
Mən çox
şadam ki, burada işləyənlərin
demək olar, hamısı gənclərdir
və gənclər üçün yaradılan
şərait gələcəyə
qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə
ölkəmizi idarə
edəcəklər, öz
töhfələrini verəcəklər.
Gənclər bilikli, savadlı,
vətənpərvər və
qayğıkeş olmalıdırlar.
Əminəm ki, siz burada vətəndaşlara
çox yüksək
xidmət göstərəcəksiniz.
Sizi bir daha bu gözəl
hadisə münasibətilə
ürəkdən təbrik
edirəm. Arzu edirəm ki, tezliklə növbəti
DOST mərkəzləri yaradılsın.
Sağ olun”.
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.3.