26 il öncə xalqımız
böyük müdriklik nümayiş etdirib Ümummilli Lider
Heydər Əliyevi Azərbaycan Prezidenti seçdi
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz
Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, məlum olduğu
kimi 26 il əvvəl, oktyabrın 3-də Ulu Öndər Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçilib. Bu hadisənin tarixi əhəmiyyəti barədə
fikirlərinizi bilmək istərdik...
- Mədəni-mənəvi dəyərlərin
xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini
dərk etmək və hər zaman ümumxalq mənafeyi,
dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən
bəhrələnmək, ona qayğı ilə yanaşmaq
yalnız dahi liderlərə xas xüsusiyyətdir. Azərbaycan
xalqının taleyində bu müqəddəs məramı
yerinə yetirən şəxsiyyət Ulu Öndər Heydər
Əliyev olub.
Sadə, zəhmətkeş azərbaycanlı
ailəsində dünyaya göz açan, tükənməz
fitri istedad sahibi Heydər Əliyev doğma xalqının dərdlərinə
dərindən bələd olan, hələ çox gənc ikən
məkrli qonşuların min bir hiyləsini öz gözləri
ilə görən, mükəmməl təhsil
alan, o cümlədən tarixi biliklərə dərindən
yiyələnən, son dərəcə geniş
dünyagörüşünə və biliklərə malik,
doğma xalqını və yurdunu hədsiz məhəbbətlə
sevən nadir tarixi şəxsiyyətdi. O,
yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə,
müxtəlif xarakterli və səviyyəli idarəçilik
sistemlərinin bütün incəliklərinə bələd
olan, sovet məkanında kiçik bir respublikanın təmsilçisi
olmasına baxmayaraq, dünyanın altıdabirini əhatə
edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən
biri səviyyəsinə ucalan lider idi. Polad iradə sahibi,
cahanın bugünkü siyasətini müəyyənləşdirən
dünya liderləri içərisində seçilən-sayılan,
hamı tərəfindən qəbul olunan əzəmətli
şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb
burulğanından Azərbaycanı xilas etmək üçün
Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş
etdiyi Ümummilli Lider idi!
Müasir Azərbaycan tarixinin otuz
ildən artıq dövründə dövlət quruculuğu,
iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda
tərəqqi illərini əhatə edən böyük bir
hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə
birbaşa bağlıdır. Onun müəyyən
etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata
keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda
demokratik ölkə quruculuğu və kompleks islahatların
reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan
milli iqtisadiyyatın formalaşdırılmasına, sürətli
inkişafın təmin olunmasına dərin
əsaslar yaratdı. Ölkəmizin yaşadığı
çətin zamanlarda Ulu Öndər dövlət
quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi
kimi ümdə məsələlərlə yanaşı,
milli-mənəvi həyatın inkişafına xüsusi diqqət
yetirirdi.
Heydər Əliyev Ümummilli
Lider missiyasında ölkəmizi etnik separatçılıq,
dini zəmində parçalamaq, mənəvi cəhətdən
zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq
istəyənlərin niyyətlərini puç edərək
dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlarımızı
azərbaycançılıq məfkurəsi ətrafında səfərbər
etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin
sarsılmaz əsasını yaratdı.
Tariximizdə elə şanlı günlər
yaşanıb ki, onlar bir xalq kimi gələcək
mövcudluğumuzu, birliyimizi, inkişafımızı,
ümumilikdə müqəddəratımızı təyin
etməyə qadir olub. Bu dövrlərdən
biri müdrik xalqımızın qəti və sərrast tələbi
ilə dünyanın böyük siyasət adamı, Vətənin
yeganə ümid yeri, qurtuluş çırağı olan
Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi
olub.
Ulu Öndərin hələ
1969-1982-ci illərdə Vətəninin, millətinin tərəqqisi,
inkişafı, rifahı üçün gördüyü
misilsiz işlər xalqımız tərəfindən
unudulmamışdı. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ulu
Öndərin sovet dövründəki milli maraqlara əsaslanan
düşünülmüş siyasətini və fəaliyyətini
haqlı olaraq “milli dövlətçiliyin təməl əsasları”
kimi dəyərləndirib: “Sovet hakimiyyəti illərində
Onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi,
dövlət idarəçiliyi akademiyasıdır. Bu gün
Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi,
energetik, mədəni, ictimai və sosial potensial məhz həmin
illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində
yaradılmışdır. Məhz həmin illərdən
xalqımızın şüurunda azərbaycançılıq
ideyası həmişəlik hökm sürməyə
başlamışdır. ...Bu kontekstdə Heydər
Əliyevin sovet Azərbaycanına rəhbərliyi ölkənin
gələcək müstəqillik perspektivinə
hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə
bilər”.
Məhz 1993-cü ilin iyununda Onun hakimiyyətə
qayıdışı ilə Azərbaycanın qurtuluş
tarixində həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin bir neçə siyasi
gedişindən sonra müstəqilliyimiz üçün
ciddi təhlükə mənbəyinə çevrilən vətəndaş
müharibəsi təhlükəsi aradan qaldırıldı,
xarici və daxili düşmənlərin Azərbaycanı
parçalamaq, dövlətçiliyimizi məhv etmək
planları puç oldu. Bu, Ulu Öndər
Heydər Əliyevin sadəcə hakimiyyətə
qayıdışı deyil, eyni zamanda ölkənin
qurtuluşu, qəhrəmanlıq tarixidir. Əgər
xalqın təkidi ilə Heydər Əliyev həmin gün
yenidən hakimiyyətə gəlməsəydi, bugünkü
müstəqil Azərbaycanın varlığından
danışmaq çətin ki mümkün olacaqdı.
1993-cü il oktyabr ayının
3-ü Azərbaycan Respublikasının Prezidenti postuna
keçirilən seçkilərdə dahi lider Heydər
Əliyev səsvermədə iştirak edən 3 milyon 919 min
923 nəfər vətəndaşın rəğbətini
qazanaraq (98.84%) böyük üstünlüklə qalib gəldi
və Azərbaycan Respublikasının Prezidenti
seçildi. Həmin prezident seçkisi Azərbaycan xalqı
üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan
dövləti üçün isə qurtuluşa gedən
yolun ilk pilləsi oldu. Artıq müstəqil və
demokratik dövlət quruculuğu tarixində yeni bir mərhələ
başlayırdı. Böyük düha, hər şeydən
öncə, torpaqlarımıza yiyələnmək
üstündə ən kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini
xilas etdi, ölkəni parçalanıb yox olmaq təhlükəsindən
qurtardı, dövlətimizi qoruyub saxlamaqla
azadlığımızı, müstəqilliyimizi təmin
etdi. Dövlət başçısının qətiyyəti
xalqda ruh yüksəkliyi yaratdı, itmiş inamını
özünə qaytardı, Azərbaycanı qanlı
burulğandan çıxardı, bununla da sabitlik və əmin-amanlıq
yarandı.
- Ulu Öndərimizin respublika Prezidenti kimi fəaliyyəti
dövründə Azərbaycan hansı uğurlara imza
atdı?
- Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti olduğu 10 illik dövr ərzində
öz andiçmə mərasimində səsləndirdiyi
bütün məqsədlərə nail oldu: ölkənin həyatında
çox zəruri olan ictimai-siyasi sabitləşmə,
demokratik prinsiplərin və təsisatların
yaradılması və təkmilləşdirilməsi vəzifələrini həyata keçirdi, dövlət
aparatını möhkəmləndirdi və iş qabiliyyətli
dövlət idarəçilik təsisatlarını
formalaşdırdı. Ulu Öndər, həmçinin
müstəqil dövlətin neft strategiyasını
hazırladı, ölkənin əsas regional energetik sahəyə
transformasiyasını reallaşdırdı,
“Böyük İpək yolu” layihəsində fəal
iştirak etməklə Azərbaycanın regional logistik mərkəz
kimi rolunun dəyişdirilməsinə nail oldu. Dahi şəxsiyyət
istər daxili, istərsə də xarici siyasəti elə
gerçəkləşdirdi ki, Azərbaycan regional və beynəlxalq
səviyyədə söz sahibi olan ölkəyə
çevrildi.
Yeni xarici siyasət xətti müəyyənləşdirilərkən
iqtisadi inkişafa nail olmaq üçün respublikanın beynəlxalq
aləmdə nüfuzunun artırılması istiqamətində
addımlar atmaq zərurətə çevrilmişdi. Belə
şəraitdə ən məntiqli gediş münaqişəni
dondurmaq, bununla da informasiya blokadasından xilas olub beynəlxalq
aləmə inteqrasiya şəraiti formalaşdırmaq idi. Heydər Əliyev atəşkəs rejimi şəraitində
iqtisadi inkişafın əsas prioritetlərini
formalaşdırdı. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin gedişində
iki tərəf arasında atəşkəsi nəzərdə
tutan protokol imzalandı. Atəşkəs müqaviləsinin
imzalanması ordu quruculuğu prosesini sürətləndirmək,
ölkə daxilində sabitlik yaratmaq, münaqişənin həlli
istiqamətində yeni mərhələyə daxil olmaq
üçün münbit şərait yaratdı.
Ulu Öndər sosializmdən
kapitalizmə keçid dövründə dövlətin
qarşısında duran strateji vəzifə və hədəfləri
düzgün müəyyənləşdirməyi bacardı və
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla keçmiş, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan
modelini yaratdı. Heydər Əliyev qısa zamanda Azərbaycana
şəxsi sahibkarlığa, azad rəqabətə meydan
açan, sosialyönümlü mahiyyət daşıyan,
habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi
və münbit biznes mühitinin formalaşdırılması
yolu ilə ölkəyə investisiya axınını
stimullaşdıran liberal inkişaf modelini tətbiq etdi. Gənc
müstəqil dövləti müasir, güclü, davamlı
iqtisadi inkişafa malik ölkəyə çevirmək
üçün Ümummilli Lider Heydər Əliyev gələcək
siyasi-iqtisadi islahatların köklü transformasiyasının
əsası olacaq yeni neft strategiyasını müəyyənləşdirdi.
O, həmin dövrdə respublikanın məhdud
maliyyə imkanları və zəif büdcəsi ilə
qarşıya qoyulmuş önəmli məqsədlərin
yaxın gələcəkdə
reallaşdırılmasının
mümkünsüzlüyünü nəzərə alaraq xarici
şirkətlərlə Xəzərin Azərbaycan
sektorundakı zəngin neft
ehtiyatlarının mənimsənilməsini nəzərdə
tutan müqavilələrin imzalanmasının əhəmiyyətini
görürdü. XX əsrin qlobal layihələrindən biri
kimi alternativ enerji mənbələri axtaran müasir
dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə
əsaslı təsir göstərən,
Heydər Əliyev dühasının, iradəsinin və
müdrikliyinin məhsulu olan “Əsrin müqaviləsi” Azərbaycanın
siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə,
beynəlxalq iqtisadi münasibətlər sistemində öz
layiqli yerini almasına təkan verdi. Yeni
neft strategiyası xarici sərmayədarların Azərbaycanın
neft yataqlarının işlədilməsinə cəlb edilməsini,
xam neftin daşıma yollarının şaxələndirilməsini,
neft gəlirlərinin səmərəli idarə edilməsini
və Azərbaycanın yeni inkişaf mərhələsinə
qədəm qoymasını təmin etdi.
Ulu Öndərin xalqı
qarşısında ən böyük xidmətlərindən
biri və mühümü Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin qorunub saxlanılması ilə
yanaşı, həm də ölkəmizin dünya birliyində
layiqli yer tutmasının təmin edilməsi oldu. Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas məsələlərdən
biri dövlət quruculuğu prosesinin təşkil edilməsi
idi ki, xalqın seçdiyi Lider bunu uğurla həyata
keçirirdi. Ölkədə fikir və söz, vicdan, məlumat
və digər azadlıqlar demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən
başlıca şərtlər kimi müstəqil Azərbaycanda
məhz 1993-cü ildən etibarən bərqərar olmağa
başladı. Ümummilli Liderin hakimiyyətə gəlişi
ilə insan hüquqlarının qorunması üçün
bütün təminatlar yaradıldı. Demokratik cəmiyyət
quruculuğu prosesində ən mühüm addım,
şübhəsiz ki, ali hüquqi sənədin - Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsi
oldu. Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın
hazırlanmasında, qəbul edilməsində böyük
liderlik əməyi və töhfəsi danılmazdır.
Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi,
Azərbaycanın dünya birliyində nüfuzunun daha da
artırılması baxımından çox mühüm
ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan
Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində
ümumxalq səsverməsi - referendum yolu ilə qəbul
edildi. Azərbaycan Respublikası Konstitusiyasının ən
önəmli cəhətlərindən biri ondan ibarətdir
ki, o, müasir dövlət quruculuğu üçün tələb
olunan, demək olar ki, bütün prinsipial məqamları
özündə əks etdirir. Konstitusiyanın
qəbul edilməsindən sonra ölkəmizdə
irimiqyaslı dəyişikliklər baş verdi: birbaşa xalq
tərəfindən seçilən qanunverici orqan
formalaşdı və ötən dövr ərzində
Konstitusiya əsasında cəmiyyət və dövlət həyatının
ən müxtəlif sahələrini əhatə edən
yüzlərlə normativ-hüquqi akt qəbul edildi. Eləcə də Azərbaycan xalqının
vahidliyini təcəssüm etdirən və dövlətçiliyin
varisliyini təmin edən, Azərbaycan dövlətinin
müstəqilliyinin, ərazi bütövlüyünün və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
riayət edilməsinin, məhkəmə
hakimiyyətinin müstəqilliyinin real təminatçısı
olan prezident institutu formalaşdırıldı. Bundan əlavə,
dövlət hakimiyyəti orqanlarının səmərəli
fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atıldı, Azərbaycanda
yerli özünüidarəetmə institutu - bələdiyyə
orqanları yaradıldı və fəaliyyətə
başladı.
Ulu Öndər Heydər Əliyev rəhbərliyi
altında quruculuq işlərinin sürətlə davam etdiyi
dövrdə qəbul olunmuş qanunların əhəmiyyətinə
toxunarkən belə söyləmişdir: “Bu qanunlar Azərbaycanda
müstəqil dövlətin inkişafı, iqtisadi
islahatların aparılması üçün, qanunun aliliyini
təmin etmək, hüquqi dövlət yaratmaq
üçün çox əhəmiyyətli olmuşdur”.
- Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsi də vacib məqamlardan biridir. Ulu
Öndərimizin bu istiqamətdəki fəaliyyətini necə
səciyyələndirərdiniz?
- Azərbaycanın son onilliklər
ərzində bir çox sahələrdə
qazandığı uğurlar heç şübhəsiz ki,
müasir dünya tarixinə parlaq və silinməz iz
qoymuş böyük şəxsiyyətin - Ulu Öndər
Heydər Əliyevin həyat və fəaliyyəti ilə
birbaşa bağlıdır. Ümummilli Liderin prezident
seçilməsindən sonra Azərbaycanda
hər bir sahədə olduğu kimi, dini sahədə də mövcud
problemlər aradan qaldırılmağa başlanıldı.
Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi,
dini sahədə sabitliyə nail olunması, konfessiyalar
arasında dözümlülük mühitinin dövlət
səviyyəsində qorunub saxlanılması məhz
müdrik dövlət xadiminin möhtəşəm fəaliyyətinin
təzahürüdür.
Müasir Azərbaycanda mükəmməl
dövlət-din münasibətləri sisteminin
formalaşması və tətbiqinin müstəqil dövlətimizin
memarı, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin fəaliyyəti ilə bağlı olması
hamımıza məlumdur. Bu sahədə Ulu
Öndərin zəngin irsinin öyrənilməsi və təbliği
təkcə tarix və müasir dövr baxımından deyil,
həm də gələcəkdə proseslərin istiqamətini
düzgün müəyyənləşdirmək və
yönləndirmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, XXI əsrin ilk illərindən
dünyada baş verən proseslər, xüsusilə dini zəmində
terrorun, radikallığın və ekstremizmin güclənməsi
yeni yaranmış müstəqil dövlətlərin din sahəsində
ardıcıl, effektiv və daha həssas siyasət həyata
keçirmələrini zərurətə çevirdi.
Hazırkı dünyamızda
beynəlxalq münasibətlər sistemindəki mövcud vəziyyət,
dünyada cərəyan edən qanlı hadisələr bir
daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və
hüquq məsələsi kimi deyil, həm də dövlətin
və cəmiyyətin təhlükəsizliyi və
sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu mənada Heydər Əliyevin dövlət-din
münasibətləri, milli-mənəvi, o cümlədən
dini dəyərlərin qorunması və təbliği, eləcə
də tarixi-dini abidələrin bərpası,
tolerantlığın və dinlərarası dialoqun təşviq
edilməsi sahəsində zəngin irsinin öyrənilməsi
və düzgün təbliği Azərbaycanla
yanaşı, digər ölkələr üçün də
olduqca faydalıdır. Bununla yanaşı,
dünyəvi dövlətdə dinin yeri, eləcə də
qloballaşma prosesinin getdikcə dərinləşdiyi
hazırkı dövrdə milli adət-ənənələrin
yaşadılması və mənəvi irsin mühafizəsi
çağdaş dünyanın ən aktual məsələlərindən
biri hesab olunmaqdadır. Zaman keçdikcə sürətlənən
qloballaşma prosesi sanki xalqların milli xüsusiyyətlərini
və özünəməxsusluğunu əridərək
ümumi milli dəyərlərə malik vahid dünya cəmiyyəti
formalaşdırır. Təbii ki, bu, təkcə xalqların
deyil, milli dövlətlərin də gələcəyi ilə
bağlı ciddi suallar doğurur. Azərbaycan xalqı
üçün bu sualların cavabları Heydər
Əliyevin zəngin elmi-nəzəri və əməli irsində
axtarılmalıdır.
- Mübariz müəllim, Ümummilli Liderimiz
Heydər Əliyevin siyasətində tolerantlıq,
multikulturalizm ideyalarının həyata keçirilməsi
istiqamətində görülən işlər haqqında nə
deyə bilərsiniz?
- Ulu Öndərin həyata keçirdiyi siyasətdə
tolerantlıq hər zaman diqqət mərkəzində olub. Həyat
göstərir ki, tolerantlıq Azərbaycan xalqı
üçün hüquqi bir mexanizm deyil, o, eyni zamanda mənəvi
borcdur. Məhz bu siyasət xalqların
yaxınlaşmasına, dini dözümlülük ənənələrinin
qorunub saxlanılmasına çox böyük töhfə
vermişdir. Bütün konfessiyalara eyni səviyyədə
münasibət, onların ibadətgahlarını fərq
qoymadan ziyarət etmək, müxtəlif dinlərin və
xalqların nümayəndələri ilə görüşlər
Heydər Əliyevin tolerantlığa verdiyi önəmi bir
daha göstərir. Azərbaycanda bütün dini mərasimlər
zamanı müxtəlif konfessiyaların nümayəndələrini
bir arada görmək ənənəsi də xalqın dahi
liderinin zamanında qoyulmuşdur. Heydər Əliyev cəmiyyətimizdəki
tolerantlıq və humanizm mühitinə görə
xalqımızın yaddaşına borclu olduğumuzu deyirdi. O, Azərbaycan xalqına xas olan insanpərvərlik və
tolerantlıq kimi yüksək mənəvi keyfiyyətləri
əsas gətirərək ölkəmizdə milli-irqi
ayrı-seçkilik, dini dözümlülük zəminində
humanizmə zidd halların baş verməsini imkansız
sayırdı.
Ulu Öndər 1993-cü ilin 10 oktyabrında
andiçmə mərasimindəki nitqində demişdir: “Demokratik sivilizasiyalı cəmiyyətdə insan
hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən
biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə
mən həmin sahəni daim diqqət mərkəzində
saxlayacağam və insan hüquqlarının qorunması
üçün bütün təminatları
yaradacağam. Bir sözlə, cəmiyyətimizdə
insanın tam azad olması üçün şərait
yaradılacaqdır. Bu baxımdan həyatımızın
indiki mərhələsində vicdan azadlığı məsələsi
də mühüm yer tutur. Xalqımız öz dininə
qayıtdı. İslam dini dünyada öz tarixi yerini
tutmuşdur. Xalqımızın mənəviyyatına, elminə,
qüdrətinə, zəkasına islam dininin böyük təsiri
olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz
bir çox hallarda islam dini vasitəsilə nəsildən-nəsilə
keçib, indi böyük milli sərvətimiz kimi
bugünkü nəsillərə çatmışdır. Azərbaycanda
islam dininə insanların sərbəst etiqad etməsi
üçün bütün şərait
yaradılmış və bundan sonra da yaradılacaqdır.
Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır
dövründə vətəndaş həmrəyliyinin, vətəndaş
birliyinin yaranması üçün çox böyük fəaliyyət
göstərəcəkdir. Azərbaycan çoxmillətli
respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir.
Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu
ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar
dini və milli mənsubiyyətindən asılı olmayaraq
eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların
bərabər hüquqla Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında iştirak etməsi
üçün imkanlar yaradılacaqdır. Bu gün
bizim islam dininin, Qafqaz müsəlmanlarının rəhbəri,
xristian dininin, yəhudi dininin nümayəndələri məni
bu vəzifəyə gəlmək münasibətilə təbrik
etdilər. Mən onlara öz minnətdarlığımı
bildirirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda
bütün millətlərin, bütün dinlərin bərabər
hüquqla yaşaması üçün bütün şərait
yaradılacaqdır...”
Ulu Öndərin müəllifi
olduğu və öz andında səsləndirdiyi tolerant,
multikultural ideyalar, bütün dinlərin nümayəndələrinə
eyni münasibət göstərilməsi və bərabər
imkanlar yaradılması bu gün ölkə siyasətinin
mühüm istiqamətlərindən birini təşkil etməklə
yanaşı, dövlətin bu sahədə gələcək
strategiyasının da ayrılmaz tərkib hissəsinə
çevrilib.
Ümummilli Liderin dini etiqad
azadlığının təmin olunması, müvafiq sahədə
vahid dövlət siyasətinin formalaşdırılması və
həyata keçirilməsi, dövlət-din münasibətlərinin
tənzimlənməsi, inkişafının təmin edilməsi,
dini etiqad sahəsində maarifləndirmə işinin
aparılması, dini təhsil ilə
bağlı məsələlərin həll edilməsi, həmçinin
vətəndaşların vicdan azadlığının təmin
edilməsi, dini ənənələrin,
dözümlülük və tolerantlıq münasibətlərinin
qorunması, dini mühitdəki radikal elementlərin
qarşısının alınması isiqamətlərində
atdığı ən mühüm addımlardan biri, heç
şübhəsiz ki, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin yaradılması barədə
2001-ci ilin 21 iyununda imzaladığı fərman olmuşdur.
- Ölkəmiz tolerantlıq və
multikulturalizm məkanı olmaqla yanaşı, bu dəyərlərin
təbliğinə xidmət edən tədbirlərə ev
sahibliyi edir...
- Bu gün tolerantlıq və multikulturalizm Azərbaycanın
dövlət siyasətinə və Azərbaycan
xalqının həyat tərzinə çevrilib. Heç
şübhəsiz ki, bu ənənələrin
inkişafı və təbliğində ən böyük
layihələri Heydər Əliyev Fondu reallaşdırır.
Heydər Əliyev Fondunun gördüyü
işlər - ibadət evlərinin təmiri və yenidən
qurulması, Azərbaycanın tolerant və multikultural dəyərlərinin
dünyaya çatdırılması istiqamətində həyata
keçirilən tədbirlər müstəsna əhəmiyyətə
malikdir. Vətənimizdə və digər
ölkələrdə bəşər övladı
üçün nümunə kimi qəbul ediləcək
sülh və barışıq məzmunlu, xalqlar və dinlər
arasında fərq qoymamaq məqsədilə
reallaşdırılan layihələr davamlı xarakter
alıb. Xüsusilə vurğulanmalı məqamlardan
biri də odur ki, belə mötəbər tədbirlərin Azərbaycanda
keçirilməsi barədə qərar verilərkən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın beynəlxalq təşkilatlardakı
yüksək nüfuzu və çoxşaxəli səmərəli
fəaliyyəti həlledici rola malik olur. Azərbaycan
Respublikasında multikulturalizmin özünəməxsus,
nümunəvi modelinin formalaşdığını
bütün dünya birmənalı olaraq təsdiqləyir.
Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətə bu həqiqətlərin
çatdırılması istiqamətində çoxsaylı
təşəbbüslərlə çıxış edir,
layihələr reallaşdırır.
Bu istiqamətdə həyata
keçirilən ən mühüm tədbirlərdən biri
də bu il may ayının 2-də Azərbaycan hökumətinin
təşkilatçılığı, UNESKO, BMT-nin
Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı,
Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı
ilə “Ayrı-seçkilik, qeyri-bərabərlik və
zorakı münaqişəyə qarşı fəaliyyət
naminə dialoq quraq” şüarı altında keçirilən
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
olub. Tədbirin açılış mərasimində
dövlət başçımız cənab İlham
Əliyevin söylədiyi nitq insanlar arasında həmrəylik
yaratmaqda, müxtəlif icmalarda zorakılığa və
ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası
dialoqun vacibliyini diqqətə çatdırıb: “...Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin,
etnik qrupların və dinlərin nümayəndələrinin
birgə yaşayıb-yaratdığı və təmasda
olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini
dözümlülük və müxtəlif millətlərin
birgə yaşadığı torpaq olmuşdur. Tarix və
coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq
və qarşılıqlı hörmət ruhunda uğura nail
ola bilərik. Azərbaycanın bugünkü sürətli
inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin
bütün nümayəndələrinin nümayiş
etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi
abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu
müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda
yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim
tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən
biri qədim Şamaxı şəhərində yerləşir.
Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz
Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.
Bizim tariximiz mədəni müxtəliflik
tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan
dünyaya mədəniyyətlərarası dialoqun ölkələri
yaxınlaşdırmağın, müxtəlif mədəniyyət
və sivilizasiya nümayəndələri arasında yeni
körpülərin qurulmasının yeganə yol
olduğunu nümayiş etdirir. Multikulturalizm bizim
üçün həyat tərzidir. Bu söz
nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu
yaşamışıq. 2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunması onu sübut edir ki, biz
dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək
istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli”
elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və
dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi
məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər
dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik,
proqnozlaşdırıla bilmə və sülh bərqərar
olar...”
Azərbaycanın sürətli
inkişafını, uğurlu xarici və daxili siyasətini, o
cümlədən dövlət-din münasibətlərinin
effektiv tənzimlənməsini şərtləndirən
başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin
əsasını qoyduğu sağlam bünövrə,
ikincisi, həmin sağlam bünövrə üzərində
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham
Əliyevin qurduğu uğurlu strategiya. Azərbaycanın
bütün sahələrdə həyata keçirdiyi siyasətin
mahiyyətini, istiqamətini, perspektivini tam və dolğun dərk
etmək üçün Ulu Öndərin siyasi irsinin daha dərindən
öyrənilməsi olduqca zəruri və vacibdir.
Bir həqiqət var ki, bunu xalqımız
gözəl dərk edir. Hazırda tərəqqi
dövrünü yaşayan bütün millətləri,
ölkələri keçid dövrünün çətin
labirintlərindən görkəmli şəxsiyyətlər
çıxarmışlar. Heydər Əliyev də bu qəbildən
olan, Azərbaycanın taleyinə bəxş olunan dahi Liderdir.
Çağdaş Azərbaycan bu gün - XXI yüzilliyin
başlanğıcında demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunda uğurdan-uğura qovuşur.
Zamanın ən qanlı burulğanı
içərisində çabaladığımız günlər
arxada qalıb, tarixə çevrilib! Azərbaycan dövlətçiliyi
məkrli düşmənlərin qanlı caynağından həmişəlik
xilas edilib! Ölkəmiz özünün daha parlaq gələcəyinə
doğru inamla irəliləyir. Bütün bunlar
üçün hər bir vətən övladı, qədirbilən
xalqımızın nümayəndələri dahi xilaskara -
Ulu Öndər Heydər Əliyevə borcludur!
İki sahil.-2019.-4
oktyabr.- S.7