18 oktyabr-Müstəqillik
haqqında Azərbaycan Respublikasının Konstitusiya
Aktının qəbuluna dair 5 tezis
Oktyabrın 18-də Azərbaycanın
dövlət müstəqilliyini elan etməsinin 28-ci ili tamam
olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar
sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa
etmək haqqında” Bəyannamə qəbul edildi. Bununla yanaşı, parlamentdə qəbul olunmuş
qərarda Azərbaycanın dövlət müstəqilliyinin
konstitusion əsaslarını yaratmaq üçün
Konstitusiya Aktının hazırlanması nəzərdə
tutulurdu. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin
işə başlayan növbədənkənar sessiyası
bir neçə günlük müzakirələrdən
sonra, oktyabrın 18-də Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktını qəbul etdi. İstiqlaliyyətə
gedən yola nəzər salaraq, bu dövrdə
yaşanmış proseslər haqqında
aşağıdakı beş tezisi hörmətli
oxucularımın diqqətinə çatdırmaq istəyirəm.
Bu fikirlər Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun
“18 oktyabr - Müstəqillik haqqında Azərbaycan
Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5
tezis” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Birinci tezis: 1988-ci ildən Azərbaycan
cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən
də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni
separatizmini dəstəkləməsinə və
yürütdüyü ermənipərəst siyasətə
qarşı ciddi narazılıq yetişməkdə idi.
Bu narazılıq fonunda, elə meydanlarda mitinqlərin
gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı
hərəkat yaranmış, sonrakı illərdə tədricən
formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC
sonrakı mərhələdə getdikcə genişlənən
xalq hərəkatına rəhbərliyi öz əlinə
almış və onu idarə etməyə
çalışmışdır. Xalq hərəkatı ilk
dövrdə daha çox narazı əhalinin mərkəzi və
yerli hakimiyyət strukturlarının qərarlarına
qarşı pərakəndə etiraz
çıxışları formasında ifadə olunurdu. Hərəkat
iştirakçıları SSRİ rəhbərliyindən
Dağlıq Qarabağla bağlı ədalətli və
obyektiv mövqe tutmasını, Azərbaycanın suveren
hüquqlarının qorunmasını və s. tələb
edirdilər. AXC həmin dövrdə kütlələr
arasında müəyyən populyarlıq qazansa da, əhalinin
bir çox təbəqələri, xüsusilə də
ziyalılar, texnokratlar və təsərrüfat fəalları
ona o qədər də etibar etmirdilər. Ona
görə ki, bu qurumun əsasən radikal
dünyagörüşlü insanlardan ibarət rəhbərliyi
ölkə ziyalılarını, xalqın intellektual kəsimini
öz sıralarına o qədər də həvəslə
buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə
güclənən xalq hərəkatını səmərəli
şəkildə idarə edərək, onun gələcək
fəaliyyət istiqamətləri ilə bağlı aydın
strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet
İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan
narazılığın qarşısını almaq, mərkəzdənqaçma
meyillərini söndürmək və kütləvi cəza
vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il
yanvarın 20-də Bakıda qanlı faciə törətdi,
özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin
radikal addımlarından “vasitə” kimi istifadə etdi.
İyirmi Yanvarda sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan
xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə
qarşı narazılığı və nifrəti daha da
gücləndi. O vaxta qədər ölkə və
respublika rəhbərliyindən əsasən haqqın və ədalətin,
qanunvericiliyin qorunmasını tələb edən narazı
kütlə yavaş-yavaş genişlənən yeni
mübarizə dalğasının - milli azadlıq hərəkatının
hərəkətverici qüvvəsinə çevrildi. 20
Yanvarda qanla boğulmuş və qismən əzilmiş
xalq hərəkatının yenidən dirçəlişi və
milli azadlıq mübarizəsi mərhələsinə
keçməsi Heydər Əliyevin bu prosesə fəal
qoşulmasından sonra vüsət aldı. Onun 1990-cı il
yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, kəskin bəyanat
səsləndirməsi, kütləvi qırğının səbəbkarı
kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini
ittiham etməsi xalq hərəkatına yeni nəfəs və
istiqamət verdi. Bu aksiyanın ardınca,
Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatdan
qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə
qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının,
başqa sözlə, sistemli milli azadlıq hərəkatının
başlanmasına ciddi təkan verdi.
İkinci tezis: Heydər Əliyev
1990-cı ildə öz doğma Vətəninə - Azərbaycana
qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda
yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun
22-də, yəni, Moskvadan qayıtdıqdan iki gün sonra
paytaxtı tərk edərək Naxçıvana üz
tutmağa məcbur oldu. Az sonra - 1990-cı ilin avqust
ayında qədirbilən Naxçıvan əhalisinin kütləvi
dəstəyi ilə Heydər Əliyev həm Azərbaycan SSR
Ali Sovetinə, həm də Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının Ali Sovetinə deputat seçildi. Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il
noyabrın 17-də keçirilən birinci sessiyasına
deputatlar tərəfindən iclasa sədrlik Heydər
Əliyevə həvalə edildi. İclasda onun təşəbbüsü
ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının
adından “sovet” və “sosialist” sözləri
çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı
dəyişdirilərək Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi adlandırıldı.
Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu
bayrağının Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət
orqanı qarşısında məsələ
qaldırıldı ki, Azərbaycan Respublikasının
dövlət rəmzləri haqqında o da analoji qərarlar qəbul
etsin. Heydər Əliyevin təşəbbüsü
ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik
istiqamətində həyata keçirilən sonrakı proseslər,
o cümlədən 1991-ci il sentyabrın 3-də onun
Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə
deməyə əsas verir ki, həmin dövrdə Heydər
Əliyevin Naxçıvana gəlişi ilə milli
azadlıq hərəkatının mərkəzi də
Bakıdan Naxçıvana keçdi və bu hərəkatın
lideri də məhz Heydər Əliyev oldu. Heydər
Əliyevin deputat kimi ardıcıl nümayiş etdirdiyi əsl
və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın
müstəqilliyi uğrunda ölkə parlamentinin
tribunasından etdiyi qətiyyətli çıxışlar,
ümummilli problemlərin həllinə xidmət edən səmərəli
təklifləri onu tezliklə milli azadlıq hərəkatının
gerçək liderinə çevirdi.
Üçüncü tezis: Milli
azadlıq hərəkatının mərkəzinin Bakıdan
Naxçıvana keçməsi və hərəkatın
başında Heydər Əliyev kimi təcrübəli liderin
- görkəmli siyasi və dövlət xadiminin dayanması
qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində
milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə
səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri,
xüsusilə də mütərəqqi
dünyagörüşlü ziyalılar, hətta ciddi təqibə
məruz qalmış AXC fəallarının özü belə
Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına ciddi mütəşəkkillik
və ardıcıllıq gətirdi, Azərbaycan xalqı
milli müstəqilliyin əleyhinə məqsədyönlü
fəaliyyət göstərən Mütəllibov rejiminə
qarşı vahid cəbhədən çıxış etməyə
başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də öz ətrafında,
milli azadlıq hərəkatı ideyası altında birləşdirərək,
yerli kommunist hökumətinin iradəsinin ziddinə olaraq,
oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya
Aktının qəbul edilməsinə və müstəqillik
məsələsinə dair yeni referendumun təyin edilməsinə
nail oldu.
Dördüncü tezis: 1991-ci il 18 oktyabra gedən
yol gərgin ictimai-siyasi proseslər və o zamankı hakimiyyətin
yaratdığı süni maneələrlə müşayiət
olunmuşdur. O dövrdə Azərbaycana rəhbərlik
edən Ayaz Mütəllibov hökumətinin üzvləri və
Ali Sovetin kommunist korpusu Azərbaycanın müstəqil
dövlət statusunu təsəvvür belə etmir,
milli-demokratik qüvvələrin müstəqillik uğrunda
gündən-günə güclənən mübarizəsinə
kommunist hakimiyyətinin sonu kimi baxır və ciddi müqavimət
göstərirdilər. Azərbaycanın
kommunist rəhbərliyi xalqın yüksələn müstəqillik
əzmini hər vəchlə qırmağa
çalışır, respublika həyatında bu istiqamətdə
müşahidə olunan bütün ictimai fəaliyyət və
hərəkətlərə mane olur, xüsusən parlament
tribunasından milli müstəqillik
uğrunda əsl mübarizə aparan Heydər Əliyevin, digər
müstəqil düşüncəli deputatların Ali Sovetdəki
çıxışlarını pozur, hətta Heydər
Əliyevə qarşı qeyri-etik hücumlar təşkil edərək,
ölkədə onun siyasi fəaliyyətinə qadağa
qoymağa cəhd göstərirdilər. Elə
bunun nəticəsi kimi, Azərbaycan Kommunist Partiyasının
o vaxtkı bütün rəhbərliyi 1991-ci il martın 17-də
SSRİ-nin saxlanması ilə bağlı respublikada saxta
referendum təşkil edərək, guya əhalinin 75 faizinin
müstəqilliyin əleyhinə səs verdiyini elan
etmişdi. O zaman yalnız Heydər
Əliyev başda olmaqla Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi bu saxta və antimilli
referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsindən
imtina etmiş və qarşısını almışdı.
Heydər Əliyev SSRİ-nin saxlanması ilə bağlı
yeni ittifaq müqaviləsinə də hamıdan qabaq - 1991-ci
il martın 7-də Azərbaycan Ali Sovetinin
sessiyasındakı çıxışında ciddi etiraz
etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı
yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun
üçün respublikada xüsusi referendum keçirilməsinin
qəti əleyhinə olduğunu birmənalı şəkildə
bəyan etmişdi.
Beşinci tezis: AXC-Müsavat dairələri
1992-ci ilin mayında xarici qüvvələrin təhriki ilə
və silahlı yolla o zaman üçün tam nüfuzdan
düşmüş Mütəllibov hökumətini devirərək
siyasi hakimiyyəti ələ keçirdilər. Əslində
bu, həm milli azadlıq hərəkatına, həm
respublikada yeni-yeni yaranmaqda olan demokratiya
prinsiplərinə, həm də şəxsən Heydər
Əliyev kimi təcrübəli bir liderin demokratiya və milli
azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə
qarşı ədalətsiz bir gediş idi. 1992-ci il mayın
18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi
deputatların böyük hissəsinin və ölkə
ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər
Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta
parlamentdən onunla əlaqə yaradılmasına belə mane
oldular. Onlar öz namizədlərinin sədr “seçilməsinin”
hansısa doqquz xarici dövlətlə
razılaşdırılması barədə cəfəng
antidemokratik fikirlər səsləndirməkdən belə
çəkinmədilər. Hakimiyyətə tam
yiyələndikdən sonra bu dairələr gələcəkdə
Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq,
bütün vacib işlərini bir kənara qoyub onunla
qeyri-qanuni və antikonstitusion mübarizəyə
başladılar, dəfələrlə Naxçıvanda
dövlət çevrilişinə, Ali Məclis sədrinin
fiziki varlığına son qoymağa cəhd göstərdilər.
Belə qeyri-demokratik və antimilli vasitələrlə
fəaliyyət göstərən AXC-Müsavat
cütlüyünün birillik hakimiyyəti dövründə
Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə
böyük zərbə vuruldu, ölkə vətəndaş
müharibəsi astanasına gətirildi.
1992-ci il oktyabrın 16-da cəbhə-müsavat
dairələrinin yarıtmaz hakimiyyətinin nəticəsi
olaraq gündən-günə kəskinləşən vətəndaş
qarşıdurmasını açıq şəkildə
müşahidə edərək, yaxınlaşan milli fəlakəti
hiss edən bir qrup vətənpərvər Azərbaycan
ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə ziyalılar Azərbaycanı
düçar olduğu fəlakətli böhrandan
çıxarmaq məqsədilə ölkədə
bütün vətəndaşları, sağlam
düşüncəli qüvvələri öz ətrafında
birləşdirə bilən yeni bir siyasi partiyanın
yaradılması və ona rəhbərlik etmək məsələsinə
münasibət bildirməsini Heydər Əliyevdən
xahiş edirdilər. Respublikada gündən-günə
kəskinləşən və getdikcə daha da fəlakətli
vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş
qarşıdurması fonunda Azərbaycanı canı qədər
sevən bir lider kimi Heydər Əliyev əlbəttə ki,
çoxsaylı ölkə ziyalılarının, geniş
xalq kütlələrinin tələblərini
cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə
sonra - oktyabrın 24-də o, “Səs” qəzetində ölkə
ziyalılarına cavab verdi. Bu, əslində adi bir cavab
deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin
hərtərəfli təhlili və ondan
çıxış yollarını göstərən dəqiq
milli fəaliyyət proqramı idi. Sonrakı prosesləri,
hörmətli oxucular yaxşı bilir, Bakıda qurultay
keçirməsinə imkan verilməyən ziyalılar və
partiya qurucuları soyuq və şaxtalı Naxçıvana
axışdı və noyabrın 21-də Yeni Azərbaycan
Partiyası (YAP) adlanan siyasi təşkilatı yaratdılar. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi
ilə YAP-ın sədri, Azərbaycan xalqının görkəmli
lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.
Onun qayıdışı ilə ölkənin bütün
sağlam qüvvələri, ictimai-siyasi və mənəvi
potensialı hakimiyyətin ətrafında səfərbər
olaraq Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.
Beləliklə, müstəqillik dövrünün tarixi,
yaşadığımız hər bir gün Ulu Öndərin
söylədiyi “Müstəqilliyi qorumaq onu qazanmaqdan daha
çətindir” fikrini bir daha təsdiq edir.
Əli Həsənov Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi, tarix elmləri
doktoru, professor
Səs.- 2019.- 18
oktyabr.- S.5