Azərbaycanın
turizm imkanları dünyada tanıdılır
Müstəqilliyini
bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm
qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri
əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə
inteqrasiya prosesləri çərçivəsində
dünya dövlətləri ilə iqtisadi əlaqələrini
genişləndirir. Ölkəmizdə bu əlaqələrin
bir qolu olan beynəlxalq turizm münasibətlərinin
inkişafı istiqamətində də təqdirəlayiq
işlər görülmüşdür. Turizm artıq
bütün dünyada ən gəlirli sahələrdən
birinə, geniş və sürətlə inkişaf edən
iqtisadi sektora çevrilib. Dünya təcrübəsi göstərir
ki, turizm inkişaf etmiş regionlarda dövlət və əhali
gəlirlərinin 30%-ə qədəri turizm fəaliyyəti
ilə bağlıdır.
Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin
formalaşdırılması və onun ölkə
iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə
çevrilməsinin təmin edilməsi istiqamətində əldə
olunuan irəliləyişlər bu gün ölkəmizi
dünyada tanıda bilib.
ÖLKƏMİZİN
BEYNƏLXALQ TURİZM BAZARINA İNTEQRASİYASI MİLLİ
TURİZMİN RƏQABƏTƏ DAVAMLILIĞINI
YÜKSƏLDİB
Turizmin
inkişafına dair dövlət proqramları ölkədə
turizmin rastlaşdığı problemlərin həll edilməsi
və turizm sahəsinin daha da inkişafını təmin
etmiş oldu. Ölkəmizdə turizmin inkişafına
münbit şərait yaradıldı, beynəlxalq turizm
bazarına inteqrasiyanın təmin olunmasının əsası
qoyuldu və milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəldi. Azərbaycanın
turizm imkanları dünyada tanıdılır. Hər bir
regionun milli koloriti təbliğ olunur. Xarici dövlətlərdə
Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi
və ənənələri ilə yaxından tanış
olurlar. Ölkəmizdə turizmin inkişafının
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildiyi mərhələdə Azərbaycan turistlər
üçün cəlbedici məkan olaraq diqqətdədir.
Azərbaycanın son illər bir sıra beynəlxalq
mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi
də, buraya xaricdən istirahətə gələnlərin
sayını dəfələrlə artırıb. Qonaqlar tədbirlərdə
iştirak etməklə yanaşı, ölkənin müxtəlif
məkanlarındakı müasir turizm obyektlərində dincəlir,
tarixi abidələri ilə tanış olur və əsrarəngiz
təbiətini seyr edirlər.
Ölkəmizdə yay turizmi ilə
yanaşı, qış turizm bazasının
yaradılması, mövsümlük anlayışını
aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait
yaratdı. Belə ki, turizm sahəsində məqsədli
şəkildə həyata keçirilən layihələr
qış turizminin inkişafına da yeni yollar açdı.
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin
yaradılması Azərbaycanın qış turizminin
inkişafında uğurlara gətirib çıxardı.
Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə
"Şahdağ" Milli Parkının ərazisində yerləşən
"Şahdağ" Qış-Yay Turizm Kompleksi müasir tələblərə
cavab verir. Dövlətimizin başçısının
tapşırığına uyğun olaraq,
"Şahdağ" Qış-Yay Turizm Kompleksinə çəkilən
avtomobil yolu genişləndirilmiş, yeni körpülər
salınmış, torpaq sürüşmələrinin
qarşısının alınması üçün
mühafizə tədbirləri həyata keçirilmiş və
digər müvafiq işlər görülmüşdür.
Kompleksin ərazisi ekoloji təmizliyi, flora və
faunasının zənginliyi ilə seçilir. Turizm obyekti dəniz
səviyyəsindən 1300-2300 metr yüksəklikdədir.
Turizm kompleksinin əsas hissəsi isə, dəniz səviyyəsindən
1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Azərbaycanda
və ümumiyyətlə, dünyada ən mükəmməl
layihələrdən biri olan "Şahdağ"
Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən
bənzərsizliyi ilə fərqlənir. Bu layihənin
reallaşdırılması respublikamızda dağ-xizək
idmanı və digər qış idman növlərinin
inkişafı üçün hərtərəfli imkanlar
açmışdır.
Azərbaycan tarixində ilk dağ-xizək
kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinə
daxil olan "Qaya" və "Zirvə"
mehmanxanalarının açılışı turistlərin
istirahətinə geniş imkanlar açdı. "Zirvə"
otelində - 40 nömrə, personal üçün 3 otaq,
restoranlar, bar, kafe, pab, bilyard zalı, mağazalar, konfrans
zalı, xizək avadanlıqlarının icarəsi, xizək
məktəbi, tibb məntəqəsi, avtomobil
dayanacağı və sair obyektlər mövcuddur.
"Qaya" otelində isə 62 nəfər turistin
yaşayışı üçün nəzərdə
tutulan 26 nömrə, fitnes klubu, restoran, bar, kafe və sair obyektlər
mövcuddur. Kompleksdə xizək enişlərinə qalxmaq
üçün 4 ədəd asma kanat yolu və xüsusi
olaraq, kiçik yaşlı xizək sürənlər
üçün xalı yolu mövcuddur. Kompleksdə olan kanat
yolları müxtəlifdirlər - kürsülü, buqelli və
gələcəkdə isə qondolalı kanat yolları da
quraşdırılacaqdır. Bütün eniş
zolaqlarında süni qarın hazırlanması
üçün generatorlar xidmət göstərir.
"ŞAHDAĞ" TURİZM
MƏRKƏZİNİ 16 MİNDƏN ÇOX TURİST
ZİYARƏT EDİB
Artıq 6-cı mövsümdür ki,
"Şahdağ" Turizm Mərkəzində bu il Yeni il tətilini
tam fərqli abu-havada qarşılamaq istəyənlər
üçün xüsusi bayram şənlikləri təşkil
olunub. Bayram tətilini əsl qış mühitində,
qarlı dağların əhatəsində və təmiz
dağ havasında keçirmək istəyənlər
üçün isə, Şahdağ ideal məkan
olduğundan, buraya üz tutan turistlərin sayı ilbəil
durmadan artır. Yeni il tədbirləri qonaqlara əsl bayram əhval-ruhiyyəsi
yaşadaraq, onlarda maraqlı və unudulmaz təəssüratlar
yaradıb. Bayram ərəfəsində mərkəzi 16000-dən
çox turist ziyarət edib. Onlardan 40 %-dən çoxu, məhz
xizək sürmək üçün mərkəzə
üz tutan xizək həvəskarları olmuşdur.
Yeni il bayramı günlərində ötən
illə müqayisədə xaricə gedən azərbaycanlıların
sayı azalıb, Azərbaycana gələn turistlərin
sayı isə artıb. Azərbaycan vətəndaşlarının
çoxu ölkəmizin regionlarında - Quba, Qusar, Qəbələ
və Lənkəranda istirahət ediblər.
2018-Cİ İLDƏ LƏNKƏRANDA
İKİ BÖYÜK OTEL TURİSTLƏRİN
İXTİYARINA VERİLƏCƏK
Ölkəmizin səfalı yerlərindən
olan Lənkərana builki qış mövsümünün əvvəli
maraq göstərənlərin sayı az olmayıb. Bayram
günlərində xaricdən Azərbaycana daha çox maraq
göstərən turistlərin sayı çoxalıb.
Ölkəmizə daha çox ərəb ölkələrindən,
Rusiya, Ukrayna və Qazaxıstandan turist gəlib. Lənkəran
4-5 ay turizm mövsümü sayılırdısa, indi ilin
bütün aylarında burada turist axını olur. 2017-ci ildə rayona gələn
30 minə yaxın turistin 20 faizini xarici turistlər təşkil
edib. Turistlərin say çoxluğu nəzərə
alınaraq, Lənkəranda iki böyük otel inşa olunur.
Bu otel komplekslərindən biri, məhz dağlıq ərazidə
yerləşir. Burada qış turizmi üçün hər
cür şərait yaradılır. 2018-ci ildə bu istirahət
mərkəzləri turistlərin ixtiyarına veriləcək.
Ələt-Astara
Beynəlxalq Avtomobil Yolu və Lənkəran Beynəlxalq
Aeroportunda aviareyslərin sayının artırılması
rayonda qış turizmini inkişaf etdirmək
üçün real imkanlar açır.
Bu il
ölkəmizin cənub bölgəsi "Cənub rekreasiya
zonası" elan olunacaq. Bu isə, öz növbəsində,
bölgədə turizm sektorunun inkişafına böyük
töhfə verəcək. Artıq bu məqsədlə
ekstremal və qış turizmi üçün əlverişli
ərazilər də müəyyən edilib. Azərbaycanın
qonaqpərvərliyi, tolerantlığı, turizm
infrastrukturunun yaradılması və yeni otellərin
inşası turistləri cəlb edir. Digər amillərindən
biri də, məhz ölkədə hökm sürən
ictimai-siyasi sabitlikdir. Bu baxımdan, Azərbaycana gələcək
turistlərin sayının artacağı şübhə
doğurmur. Azərbaycan saysız turistləri qarşılamaq
və lazımi səviyyədə yerləşdirmək
imkanına malik olan turist ölkəsidir.
ZÜMRÜD
Səs.- 2019.- 30 oktyabr.- S.11