Əsrin müqaviləsi” – Ulu Öndərimizin
şah əsəri, bu günkü və gələcək
inkişafımızın təməl daşıdır
- Rövnəq
müəllim, sentyabrın 20-də müstəqil Azərbaycanın
həyatında mühüm tarixi hadisə kimi səciyyələndirilən
“Əsrin müqaviləsi”nin
imzalanmasının 25 ili tamam olur. İlk olaraq
istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş neft strategiyasının dövlətimiz
və xalqımız üçün əhəmiyyəti barədə
fikirlərinizi bildirəsiniz. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə
xarakterizə edərdiniz?
-
Xalqımız Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə
malik “Əsrin müqaviləsi”nin 25-ci
ildönümünü qeyd edir. Bir əsrin dörddə biri
qədər zaman kəsiyini geridə qoymuşuq.“Əsrin
müqaviləsi”nin icrası prosesi bizim üçün 25 il ərzində
alışdığımız adi həyat tərzi və fəaliyyətimizin
obyektiv inikasıdırsa, tarixi baxımdan, uzunmüddətli
perspektiv və gələcəyə nəzər saldıqda
bu hadisə Azərbaycanın inkişaf və yüksəliş
yolunda əsas dönüş nöqtəsi olmuşdur. Ötən 25 ildə qazandığımız
uğurların bəhrələri xalqımızın
gündəlik həyatında, məişətində, maddi
rifah halında bariz şəkildə hiss olunur. Bizə nə qədər adi gəlsə də,
görülən titanik işlər öz həcminə və
əhəmiyyətinə görə olduqca möhtəşəm
və heyrətamizdir. Bütün bunlar gərgin zəhmətin,
qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk
dəst-xəttinin, dönməz və məqsədyönlü
fəaliyyətin, ilk növbədə isə müstəqil
dövlətçiliyimizin memarı, Ulu öndər Heydər
Əliyevin siyasi dühasının, müdrik uzaqgörənliyinin,
yorulmaz səylərinin nəticələridir. Ümummilli
liderimiz Heydər Əliyevin qalibiyyətli enerji
strategiyasının təməl daşıolmuş “Əsrin
müqaviləsi”nin tarixi əhəmiyyəti
zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq
nüfuzunun, xalqımızın firavan həyatının
qarantına çevrilmiş uzunmüddətli enerji
strategiyası bu gün də Azərbaycanın dinamik
inkişafı ilə paralel irəliləyərək,
bir-birindən parlaq zəfərlərə yol açır,
neft-qaz sənayemizi daha yüksək zirvələrəaparır.
“Əsrin
müqaviləsi”nin 25 illiyi ötən
dövrə, müstəqil Azərbaycanın yaxın
keçmişinə nəzər salmağa, hardan hara gəldiyimizi
xatırlamağa əlamətdar bir vəsilədir. Ötən müddətdə ölkəmizdə gənc
nəsil formalaşmışdır və tamamilə yeni
reallıqlar zəminində yetişmiş bu gənc nəslin
bu tarixin həqiqətlərini bilməsi vacibdir. Digər tərəfdən, gələcək fəaliyyətimizin
düzgün planlaşdırılması baxımından
qazanılmış təcrübə müstəsna əhəmiyyət
kəsb edir. Keçilən yolu bir daha nəzərdən
keçirmək, qədim tarixə, şanlı ənənələrə
malik neft-qaz sənayemizin böyük bir mərhələsinə
yekun vurmaq “Əsrin müqaviləsi”nin 25
illiyi ərəfəsində, düşünürəm ki, zəruri
və faydalıdır.
Dövlət
müstəqilliyimizin ilk illərində, xarici təcavüz,
daxili siyasi-iqtisadi böhranla üzləşdiyimiz o
ağır dövrdə ölkənin nicatı naminə
xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu
öndər Heydər Əliyev dərin siyasi zəkası, zəngin
idarəçilik təcrübəsi ilə qısa bir zamanda
ölkədə sabitlik yaratmağa müvəffəq oldu və
Azərbaycanın davamlı inkişaf yoluna qədəm
qoyması, xalqın rifahının yüksəlməsi
üçün yeni neft strategiyasının işlənilməsinə
başladı. Sosial-iqtisadi tənəzzülün aradan
qaldırılması, gənc müstəqil dövlətin əsaslarının
gücləndirilməsi məqsədi ilə Xəzər dənizində
hələ sovet dövründə Azərbaycan geoloqları tərəfindən
kəşf edilmiş “Azəri”, “Çıraq” və “Dərinsulu
Günəşli” yataqlarınin işlənilməsi,
nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara
söykənən səmərəli əməkdaşlıq
modelinin qurulması, müasir texnologiyaların, yeni nəsil
avadanlıqların tətbiq edilməsi xətti
götürüldü. Beləliklə, XX əsrin
ən möhtəşəm qlobal enerji layihələrindən
birinə start verildi.
Yeni neft strategiyasının ideya mənbələrindən,
başlıca konseptual prinsiplərindən danışarkən
Ulu öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə,
önəmli nailiyyətlərinə, şanlı ənənələrinə
istinad etməsi ilk növbədə qeyd olunmalıdır. Tarixi varislik
Azərbaycanın uzunmüddətli, davamlı enerji
strategiyasının əsas qayəsini təşkil edir və
bu, heç də təsadüfi deyil. Dünya
neftçıxarma işinin pionerlərindən olan Vətənimizdə
neft sənayesi tarixinə parlaq səhifələr
yazılmışdır. Bakı
neftçiləri tarix boyu misilsiz fədakarlıqlar göstərərək
neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və
nəqli sahələrində ən mütərəqqi yenilikləri
istehsalatda tətbiq etmişlər. Ulu öndər Heydər
Əliyev respublikamıza rəhbərlik etməyə
başladığı ilk dövrlərdən neft sənayesinin
inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə
böyük diqqət və qayğı ilə
yanaşmış, keçmiş Sovetlər Birliyində
hökm sürən olduqca ağır şərtlər
daxilində mövcud imkanlardan yararlanaraq neft sənayesinin
inkişaf perspektivlərini təmin edən əsas təsisatların
- elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin,
mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə
nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində
Ulu öndərin rəhbərliyi ilə neft sənayesinin
müasirləşdirilməsi istiqamətində inamlı
addımlar atılmış, Azərbaycanın bu sahədə
öncül mövqeləri qorunub saxlanılmışdı.
Biz bu gün aydın şəkildə görə
bilirik ki, Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin
avanqard qüvvəsinə çevrilməsi üçün
o dövrdə aparılmış gərgin, məqsədyönlü
fəaliyyət əslində gələcəyə
hesablanmış və strateji əhəmiyyət
daşımışdır. Başqa
sözlə, müstəqil Azərbaycan dövlətinin
iqtisadi cəhətdən qüdrətlənməsinin
fundamental əsasları Ulu öndər Heydər Əliyevin
70-80-ci illərində atdığı məqsədyönlü
siyasi addımlar, neft sənayesinin texniki cəhətdən
müasirləşməsi xətti ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” yeni dövrdə həmin
xəttin məntiqi davamını təşkil edirdi.
Bu gün
Hasilatın Pay Bölgüsü Sazişlərinin imzalanması
Azərbaycan üçün adi hala çevrilsə də, 25
il əvvəl bu,kifayət qədər
problematik bir məsələ idi. Azərbaycan
öz tarixinin bəlkədə ən ağır, keşməkeşli
dövrlərindən biriniyaşayırdı. Siyasi və iqtisadi risklər potensial xarici investorlar
üçün qeyri-məqbul dərəcədə yüksək
idi. Müharibə vəziyyətinə
salınmış, parçalanma, hətta bir dövlət
olaraq məhv olma təhlükəsi ilə üzləşmiş,ciddi kapital ehtiyatına malik olmayan bir ölkəyə
etimad bəsləmək, külli miqdarda sərmayə
yatırmaq çoxlarına məntiqsiz
görünürdü. Üstəlik xarici təzyiqlərin
artması, məlum qüvvələrin Xəzər bölgəsi
və onun resursları uğrunda apardığı mübarizənin
kəskinləşməsi bütün mümkün konstruktiv
niyyət və meylləri dalana dirəyirdi.O dövrdə
dünya neft bazarında şərait də indiki kimi əlverişli
deyildi. Doğrudur, sonrakı illərdə konyunktura dəyişmiş,
xam neftin qiymətləri 100 dollar və daha yüksək qiymətə
çatmışdı.Lakin “Əsrin müqaviləsi” ilə
bağlı qərar verilən zaman dünya bazarında neftin
qiyməti cəmi 10-12 dollar civarında dəyişirdi. “Azəri-Çıraq-Günəşli” layihəsi
bu yataqların zəngin ehtiyatları baxımından müəyyən
qədər cazibədar görünsə də, xarici şirkətləri
bu yataqların işlənilməsindəiştirak etməyə
stimullaşdıran amillərin çəkisi onları
ehtiyatlandıran faktorlarla müqayisədə dəfələrlə
böyük idi. Xarici tərəfdaşlarınlayihəyə
cəlb olunmasıisə obyektiv zərurətdən irəli gəlirdi.
Çünki bu yataqlar bloku Xəzərin dərinsulu
hissəsində yerləşirdi, dövlət müstəqilliyini
yenicə bərpa etmiş Azərbaycan bu mürəkkəb
geoloji texniki şəraitdə işləmək
üçün lazım gələn baza parametrlərinətam
həcmdə malik deyildi. Beləliklə,
göstərilən şəraitdə dünya miqyaslı
xarici neft şirkətlərini bu layihənin gələcəyinə
inandırmaq, ölkəmizə investisiya yatırmağa
sövq etmək Azərbaycan rəhbərliyindən xüsusi
diplomatik məharət tələb edirdi. Möhtərəm
Prezidentimiz İlham Əliyev o zaman olduqca gərgin geosiyasi
şəraitdə aparılan danışıqların əsas
yükünü öz üzərinə götürərək,
yüksək bilik, bacarıq, təlqinetmə gücü və
diplomatik səriştəsi nəticəsində xarici şirkətlərin
yüksək etimadını qazanaraq Azərbaycanın milli
maraqlarının təmin edilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də bütün xarici və
daxili müqavimətlərə baxmayaraq, dünyanın
nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”
imzalandı.
Çox keçmədən, 1997-ci ildə“Çıraq”
yatağından ilkin neft hasil olundu və gündəmə
«qara qızıl»ı ixrac etmək, onu dünya bazarlarına
çıxarmaq məsələsi gəldi. Əslində,
bu məsələ hələ ilk dövrlərdən həmişə
diqqət mərkəzində olmuşdu.
- Yeni neft
strategiyasının həyata keçirilməsində ixrac
boru kəmərlərinin inşası və istifadəyə
verilməsi nə dərəcədə əhəmiyyət kəsb
edirdi?
- Zəngin
neft ehtiyatlarımızın xarici tərəfdaşlarla
birlikdə işlənilməsini zərurətə çevirən
səbəblərdən biri də bu idi ki, Xəzər dənizi
qapalı hövzədə yerləşirdi və ölkəmizin
dünya neft bazarlarına birbaşa çıxışı
yox idi. Beləliklə, 1996-cı ilin
yanvarında Azərbaycan neftinin Bakı–Novorossiysk marşrutu
ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə
hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə
verildi. Amma hasil olunacaq böyük neft həcmləri
ilə müqayisədə bu kəmərin
ötürücülük qabiliyyəti məhdud idi. Digər tərəfdən Azərbaycan xam neftin nəqli
məqsədi ilə ixrac kəmərlərinin şaxələndirilməsi
prinsipini əsas götürmüşdü. Bu baxımdan 1997-ci ildə neftin Bakı–Supsa
marşrutu ilə Qara dənizə çıxarılması
haqqında Gürcüstanla sazişin imzalanması
mühüm hadisə oldu. 1999-cu ildə isə
Bakı–Supsa neft kəməri və Gürcüstanın Qara dəniz
sahilindəki Supsa ixrac terminalı istismara verildi və Azərbaycan
nefti qərbə doğru istiqamət götürdü.
Bununla belə, neft hasilatında baş verən
sıçrayış təxirə salınmadan əsas ixrac
boru kəmərinin inşasını
aktuallaşdırırdı. Ulu öndər Heydər
Əliyev strateji önəm daşıyan Bakı-Tbilisi-Ceyhan
marşrutunu irəli sürdü və sonadək bu ideyanı
dəstəkləyərək, kəmərin bu istiqamətdə
gerçəkləşməsinə nail oldu.
Bakını inkişaf etmiş Qərb dövlətləri ilə
bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə
tutulan bu kəmər ətrafında gedən sərt geosiyasi
polemikaya baxmayaraq, Ulu öndərin siyasi qətiyyəti nəticəsində
2006-cı il may ayının 28-də Azərbaycan nefti Ceyhan
limanına çatdırıldı və “Üç dənizin
əfsanəsi” adlandırılan BTC layihəsi də
gerçəkliyə çevrildi. Zaman keçdikcə, bu kəmər
Mərkəzi Asiya mənşəli neft həcmlərinin
dünya bazarına etibarlı nəql vasitəsi kimi əhəmiyyətini
artırdı.BTC ilə eyni dəhlizdə inşa edilən və
“Şahdəniz” yatağından hasil olunan təbii qaz həcmlərinin
ixracı məqsədinə xidmət edən Cənubi Qafqaz
boru kəməri (CQBK) hazırda genişləndirilərək,
Avropanın enerji təhlükəsizliyi sisteminin tərkib hissəsi
kimi nəzərdə tutulan möhtəşəm Cənub Qaz
Dəhlizinin 4 əsas seqmentindən birini təşkil edir və
qlobal əhəmiyyətli mühüm texniki-iqtisadi
infrastruktur olaraq fəaliyyət göstərir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
dönməz siyasi iradəsi və yorulmaz səyləri sayəsində
bu gün artıq reallığa çevrilmiş Cənub Qaz
Dəhlizi qarşıdakı dövrdə bizi Avropa ölkələri
və Avropadan olan tərəfdaşlarımızla daha sıx
bağlayacaq, ölkəmiz üçün yeni, güclü
bir gəlir mənbəyinə çevriləcəkdir. Beləliklə,
ölkəmizdə qısa müddətdə şaxələndirilmiş
ixrac neft və qaz kəmərləri sisteminin qurulub inkişaf
etdirilməsi “Əsrin müqaviləsi”nin
Azərbaycana qazandırdığı başlıca nailiyyətlərdən
biridir. Azərbaycanda Xəzər hövzəsindən
Avropayadək uzanan çoxşaxəli boru kəmərləri,
liman və terminallar, bir sözlə, tam işlək, müstəqil
infrastruktur yaradılmışdır və bu, ölkəmizin
şəksiz üstünlüyünə dəlalət edir.
Üçüncü tərəflər bizim
transmilli və qitələrarası infrastrukturdan yararlanaraq,
öz enerji resurslarını beynəlxalq bazarlara
çıxara bilərlər.
- Neft təbii
sərvət kimi Azərbaycanın həyatında hansı
rola malikdir?
- Möhtərəm
Prezidentimiz İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən
onu “uğurlu inkişafımızın əsas mənbəyi”
adlandırır. Son 25 ildə ölkəmizdə
neft hasilatı 4 dəfədən çox
artmışdır. Bu, olduqca böyük
nəticədir və ölkə həyatının
bütün sahələrində özünü parlaq şəkildə
büruzə vermişdir. Əldə olunan
neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində
ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin
müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin
yüksəldilməsi, urbanizasiya və müasir şəhər
infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə
əsl sıçrayış baş vermişdir.
Təsadüfi
deyil ki, bu 25 il ərzində ölkədə ümumi daxili məhsul
216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən
də çox azalmışdır. Azərbaycan
bu gün iqtisadi yüksəliş tempinə görə
dünyanın aparıcı dövlətləri ilə bir
sırada dayanır. Ölkədə
abadlıq, quruculuq işləri genişlənir, şəhərlər,
kəndlər simasını dəyişir, iritutumlu sosial layihələr
müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi
islahatların bəhrələri xalqımızın gündəlik
həyatında, məişətində, maddi rifah halında əks
olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif
seqmentlərində keçirilən layihələr, dövlət
və özəl müəssisələr tərəfindən
qoyulan sərmayələr həm birbaşa, həm də
dolayısı ilə yüz minlərlə, milyonlarla Azərbaycan
vətəndaşı üçün iş yerləri,
biznes imkanları, müxtəlif sahələrdə
dayanıqlı, fəal qazanc mənbələri yaradıb. Neft gəlirlərinin insan kapitalına
transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin,
ilk növbədə isə, xalqımızın maddi rifah
halının durmadan yüksəlməsinə səbəb
olub. Möhtərəm Prezidentimizin sözləri ilə
desək, ““Əsrin kontraktı” bizə imkan verdi
ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna
yönəldəkvə hər bir Azərbaycan vətəndaşı
bu müsbət dəyişikliyi görsün. Hesab
edirəm ki, bu sahədə də bir çox neft hasil edən
ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan
kapitalına çevirə bildi”.
“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının
aparıcı qüvvəsi olan qədim neft-qaz sənayesində
yeni dövrün başlanğıcını qoydu. Kontrakt sahələrində
dünya standartlarına uyğun ən yüksək texnika və
texnologiyanın tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi
baxımından çox mühüm əhəmiyyət kəsb
edir. Nəzərə alınmalıdır
ki, “AÇG” yataqlar bloku olduqca mürəkkəb geoloji
quruluşa malikdir. Belə bir çətin zonada cəmi
25 il ərzində nisbətən sadə bir platformada icra
olunan “İlkin neft” layihəsindən nəhəng
tammiqyaslı işlənmə mərhələsinə
keçilməsində və belə böyük uğurlar
qazanılmasında texnoloji yeniliklərin müstəsna rolu
olmuşdur. Ötən müddətdə
ölkəyə ümumilikdə təqribən 265 milyard, neft
sənayesinə 101 miyalrd ABŞ dolları həcmində
investisiya qoyulmuşdur. Təkcə “AÇG”-nin işlənilməsinə yatırılmış
sərmayənin miqdarı 36 milyardı keçmişdir. Neftqazçıxarma sahələrində
texniki-iqtisadi göstəricilərin
yaxşılaşdırılması, istehsalın
optimallaşdırılması, effektivliyin yüksəldilməsi,
texniki və ekoloji təhlükəsizliyin təminatı məqsədilə
mövcud elmi-texniki potensialdan səmərəli istifadə
edilmiş, müxtəlif əməliyyatların icrası
üçün yeni texnika, maşın-mexanizmlər tətbiq
olunmuşdur. Elmtutumlu innovativ
yanaşmanın nəticəsidir ki, Xəzərin Azərbaycan
sektorunda yaradılmış dəqiq hasilat və nəqletmə
sistemi miqyas və səmərəliliyinə görə
bütün dünyada nümunə göstərilir.
Qürurla deyə bilərik ki, neftçıxarma ilə məşğul
olan çox az ölkədə belə təkmil
sistemə rast gəlmək mümkündür.
Yeri gəlmişkən, mən “Əsrin müqaviləsi”
və sonrakı sazişlər çərçivəsində
bizimlə çiyin-çiyinə çalışaraq, məsuliyyəti
bölüşmüş tərəfdaş şirkətlərin
əməyini qeyd etmək və uzunmüddətli uğurlu əməkdaşlığa
görə onlara təşəkkürümü bildirmək
istəyirəm. İnvestor və kontraktor şirkətləri
ilə əməkdaşlığımız sağlam təməllər
üzərində qurulmuş, bu əməkdaşlığın
rəngarəng modelləri tapılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
dediyi kimi: “Azərbaycan aparıcı xarici neft şirkətləri
ilə çox uğurlu əməkdaşlıq formatı
yaratmışdır. Bu, bizə böyük
faydalar gətirib. Əlbəttə ki,
xarici tərəfdaşlar da bu layihələrin icrası nəticəsində
böyük mənfəət əldə ediblər”. Ölkəmiz bütün dünyada xarici investorlar
üçün etibarlı və stabil tərəfdaş kimi
tanınır. Hər il ölkəyə
qoyulan investisiyaların 28 dəfə artması bunun göstəricisidir.
Azərbaycana sərmayə qoyan şirkətlərə
yaradılmış əlverişli investisiya mühiti
“Əsrin müqaviləsi”nin başa
çatmasına bir neçə il qalmış 2017-ci ildə
“AÇG” lahiyəsi üzrə yeni Sazişin imzalanmasına
imkan yaratdı. Layihənin 2050-ci ilədək
uzadılması haqqında bu yeni investisiya sazişi tərəfdaşlarımızın
Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür.
İnanıram ki, “Əsrin müqaviləsi”nin
davam etdirilməsi əməkdaşlığımızın
daha da genişlənməsinə imkan verəcəkdir.
- Rövnəq
müəllim, bu gün artıq Azərbaycan dünyada qaz
ixrac edən ölkə kimi də tanınır. Ölkəmiz xaricə təbii qaz ixrac etməklə
yanaşı, həm də qaz emalı və kimyası sənayesinin
inkişafını diqqət mərkəzində saxlayır.
Bu barədə nə deyə bilərsiniz?
- 25 il bundan əvvəl ölkənin təbii qaza
olan daxili tələbatını ödəmək
üçün xaricdən qaz idxal edən Azərbaycan
dünyada təbii qaza tələbatın sürətlə
artdığı indiki dövrdə beynəlxalq miqyasda
tanınmış yeni təbii qaz mənbəyi, mühüm
qaz ixracatçısı kimi tanınır. Son
11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən
çox artıb. 1999-cu ildə kəşf, 2006-cı
ildən istismar edilən, dəniz akvatroiyalarında ən
böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2
trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində
qiymətləndirilən “Şahdəniz” yatağının
işlənilməsinəticəsində enerji müstəqilliyini
tam təmin etmiş Azərbaycan həm də qlobal miqyaslı
nəhəng qaz layihələrinin təşəbbüskarına
və aparıcı qüvvəsinə çevrilmişdir.
Ötən il Azərbaycanın liderliyi ilə
həyata keçirilən Cənub Qaz Dəhlizi meqa-layihəsinin
4 seqmentindən 3-nü uğurla başa vurduq. Artıq
“Şahdəniz-2” layihəsi çərçivəsində
hasil olunan qazın Avropaya nəql edilməsinə tam
hazırıq. Dəhlizin sonuncu qeqmenti olan
TAP kəmərinin tikintisi üzrə işlər də sona
çatmaqdadır. SOCAR eyni zamanda həm
Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas
qaz operatorudur. Bu gün ölkəmizdə
qazlaşdırma səviyyəsi 96 faizə yaxındır.
Qaz tədarükü və qazlaşdırma sahəsində
qazandığımız zəngin təcrübə bu
yaxınlarda Türkiyədə satın
aldığımız qazpaylaşdırıcı şəbəkənin
də səmərəli idarə olunacağına əminlik
yaradır.
Ötən
25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə
isə 30,3% artıb. Bu müsbət dinamika
davamlı xarakter daşıyır. Cari
ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım
proqnozlaşdırılır. Bu dinamika
növbəti illərdə də yüksələn xətt
üzrə davam edəcəkdir. Xəzərin
Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir.
“Şahdəniz”lə yanaşı “Abşeron”,
“Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan
genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat
işləri mühüm uğurlar vəd edir. “Babək”,
“Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”,
“Aypara” strukturlarından da gözləntilərimiz
böyükdür. Bu müsbət trend
qarşımızda həm də qaz emalı və kimyası
sənayesinin inkişafı üçün yeni üfüqlər
açır, bizi indiyə qədər idxal olunan məhsulları
ölkə daxilində istehsal edən yeni müəssisələr
yaratmağa ruhlandırır. Ötən il
bu istiqamətdə mühüm irəliləyişə nail
olduq, “SOCAR Polymer” layihəsi çərçivəsində
tikilmiş polipropilen və yüksək sıxlıqlı
polietilen qurğularında və “SOCAR Karbamid” zavodunda istehsala
başladıq.
Yeni zavodların spesifikası bundan ibarətdir ki, həm
son istehlak məhsulları istehsal etməklə ölkədaxili
tələbatın təminatına imkan verəcək, həm
də Azərbaycanın ixrac potensialını genişləndirəcəkdir. Belə ki, bu
müəssisələrin məhsulları ölkəmizdə
qeyri-neft sektorunun, ilk növbədə mühüm əhəmiyyətə
malik aqrar sektorun, habelə kiçik və orta sahibkarlıq fəaliyyətinin
inkişafına güclü təkan verəcəkdir.
“SOCAR Polymer”in qurğularında istehsal edilən məhsulların
75 faizinin, azot gübrəsi karbamid məhsulunun isə 2/3 hissəsinin
xarici bazarlara ixrac ediləcəyi nəzərdə tutulur. Hər
iki zavodda xammal kimi Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodunun və “Azərikimya” İstehsal
Birliyinin məhsullarından istifadə edilir. Bu
nəhəng neft-qaz emalı və kimya komplekslərindəaparılan
yenidənqurma və modernləşdirmə işləri
uğurla davam etdirilir. Görülən tədbirlər
daunstrim, yəni emal və kimya sənayesinin müasirləşdirilməsi,
yeni qurğular inşa edilməsi, məhsulların kəmiyyət
və keyfiyyət göstəricilərinin yüksək Avropa
standartlarına uyğunlaşdırılması məqsədlərinə
xidmət edir.
Polimer və karbamid layihələrinin bir əsas özəlliyi
də ölkəmizdə neft-qaz sənayesinin
qarşıdakı inkişaf perspektivlərini, sahənin gələcəyinə
strateji baxışı əks etdirməsi ilə
bağlıdır. Bu məsələ, düşünürəm
ki, xüsusi vurğulanmalıdır. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin dayanıqlı
inkişaf strategiyasına əsasən, yaxın perspektivdə
qarşıda Azərbaycanın qeyri-neft sektorunun yüksəlişinə
nail olmaq vəzifəsi durur. Çünki
neft və qaz tükənən resurslardır və bunların
daimi gəlir mənbəyi olması təbii səbəblərdən,
qeyri mümkündür. Hətta
dünyanın ən zəngin neft yataqları belə vaxt
ötdükcə təbii olaraq tükənir.Uzun müddət
işlənən yataqlarda hasilat tempinin azalması
qaçılmazdır. Odur ki, ənənəvi
hasilat məhsulları olan neft və qazdan
asılılığın azaldılması bizim
üçün prioritet istiqamətdir. Neft
və qaz kimyası isə bu cəhətdən, əksinə əlverişli
perspektivlər açır. Müşahidələr
göstərir ki, neft-qaz kimyası planet miqyasında getdikcə
daha mühüm rol oynayan sahələrə çevrilir.
Polimerlərin, plastik maddələrin yaxın gələcəkdə
məişətimizin bir çox sahələrində tükənən
resursları əvəzləyə biləcəyi haqqında tədqiqatlar
bütün dünyada neft-qaz sənayesi biznesinin inkişaf məntiqinə
güclü təsir göstərmişdir. Bu məntiqlə yanaşdıqda aydın görə
bilirik ki, daha çox çeşiddə məhsul istehsal edən
şirkətlər, yəni bazara həm xam neft, həm
neft-kimya, həm də neft-qaz məhsulları çıxaran
şirkətlər bir sahədə baş verə biləcək
volatillik və böhranlardan özlərini daha yaxşı
sığortalaya bilir. Bir məhsulun
satış qiymətində azalma müşahidə edilərsə,
digər məhsul növlərinin satışı ilə bu
azalmanı kompensasiya etmək mümkün olur. Məhz buna görə də gələcəyə
baxışımız investisiya portfelinin şaxələndirilməsi
ilə bağlıdır və Azərbaycanda, eləcə də
xaricdə yeni neft-kimya və qaz-kimya müəssisələrinin
tikilib istismara verilməsini nəzərdə tuturuq.
- Rəhbərlik
etdiyiniz SOCAR bu gün artıq dünyanın
tanınmış enerji şirkətləri
sırasındadır. Şirkətin xaricdə
həyata keçirdiyi layihələr Azərbaycan iqtisadi
gücünü nə dərəcədə möhkəmləndirir?
- Azərbaycanın
qədim və şərəfli tarixə malik neft-qaz sənayesinin
layiqli varisi olan SOCAR 25 il əvvəl
regiondakı çoxsaylı yerli hasilatçı şirkətlərdən
biri idisə, bu gün artıq dünyanın
tanınmış enerji şirkətləri sırasında qərarlaşaraq
ölkəmizin qlobal brendinə çevrilib. Təkcə
son 10 ildə şirkətimizin aktivləri 4 dəfədən
çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə
9 dəfəyə yaxın artım tempi göstərmişdir.
SOCAR və onun müəssisələri
hazırda dünyada tətbiq olunan əsas müasir texnoloji
nailiyyətlərdən yararlanır. Biz
artıq ən mürəkkəb geoloji strukturlarda qazma, hasilat
işləri aparır, böyük dərinliklərdə
platformalar quraşdırır, yüksək təzyiq şəraitində
quyular qazır, maili və üfiqi qazma metodlarından
uğurla istifadə edirik və bütün bunlar əvvəlki
dövrlə müqayisədə bizim üçün adi
prosesə çevrilib. Bu günə qədər Xəzər
hövzəsində ən dərin quyular Heydər Əliyev adına yarımdalma qurğusu vasitəsi ilə
SOCAR-ın qazmaçıları tərəfindən qazılmışdır.
Əvvəlki mərhələlərdən fərqli olaraq
indi “AÇG” və “Şahdəniz” layihələrinin
bütün əsas tikinti quraşdırma, qazma və digər
xidmət işləri tam olaraq Azərbaycanda, yerli mütəxəssislər
tərəfindən və yüksək beynəlxalq standartlara
uyğun həyata keçirilir. SOCAR həmçinin
Xəzər hövzəsindəki qonşu ölkələrinin
neft-qaz yataqlarının işlənməsində də
yaxından iştirak edir. Şirkətimiz ənənəvi
fəaliyyət istiqamətlərinin, ənənəvi
bazarlarının hüdudlarını çoxdan
aşmışdır. SOCAR məqsədyönlü
şəkildə yeni beynəlxalq bazarlar kəşf edir,
effektiv investisiya proqramları həyata keçirir, uğurlu
ticarət əməliyyatları aparır. Son 10 ildə şirkətimizin dövriyyəsi 26 dəfədən
çox artmış və gəlirlərin böyük hissəsi
Azərbaycanın hüdudlarından kənarda əldə
olunmuşdur. Xaricdəki aktivlərimiz, Gürcüstan,
Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya,
BƏƏ kimi ölkələrdə əldə etdiyimiz
terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri,
yanacaqdoldurma və texniki servis məntəqələri Azərbaycan
dövlətinin mülkiyyəti olaraq, ölkəyə sabit
dividentlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə
xidmət edir. Azərbaycan SOCAR-ın
timsalında qardaş Türkiyənin ən böyük xarici
investorudur. Ötən il qardaş
ölkədə tikib istismara verdiyimiz STAR neft emalı zavodunda
istehsal olunan məhsullar ən böyük aktivimiz olan
PETKİM-i xammalla təchiz etməklə yanaşı
Türkiyədəki biznes şəbəkəmizizn
inkişafına yeni təkan vermişdir.
İdarəçilik, kadr hazırlığı,
avtomatlaşdırma və rəqəmsallaşdırma, beynəlxalq
maliyyə standartlarına keçid, uçot-nəzarət
sistemin təkmilləşdirilməsi, insan resurslarının
inkişafı istiqamətləri üzrə
aparılmış islahatlar öz bəhrələrini verir. Neftçilərin
əmək şəraitinin
yaxşılaşdırılması, asudə
vaxtlarının və istirahətinin səmərəli təşkili
məsələləri daim diqqət mərkəzindədir.
Müasir biliklərə yiyələnmiş,
yüksək texnologiyalar mənimsəmiş yeni mütəxəssislər
nəsli yetişdirilmişdir. Keçmişdən
miras qalmış ekoloji problemlərin həlli məqsədi
ilə icra olunan layihələrimiz beynəlxalq təşkilatlar
tərəfindən rəğbətlə qarşılanır.
Sosial məsuliyyətini dərindən dərk
edən SOCAR regionların sosial-iqtisadi inkişaf
proqramlarında, Heydər Əliyev Fondunun layihələrində
yaxından iştirak edir. Bir sözlə,
şirkətimiz böyüyür, qol-budaq atır, davamlı
inkişaf edir. Bütün bu
inkişafın kökündə durmuş “Əsrin müqaviləsi”
çıxdığımız yolda bizim etibarlı bələdçimizdir.
İllər keçəcək, nəsillər
bir-birini əvəz edəcək, lakin “Əsrin müqaviləsi”
çərçivəsində qazanılmış nailiyyətlər
xalqımızın yaddaşında əbədilik
yaşayacaqdır.
Fürsətdən istifadə edərək, neftçi həmkarlarımı,
20 sentyabr- “Neftçilər günü” münasibəti ilə
ürəkdən təbrik edir, onlara ən xoş diləklərimi
yetirirəm.
Səs.- 2019.- 20
sentyabr.- S.8-9