Naxçıvanda iqtisadi, mədəni
və sosial rifahın təmin olunması, ordu quruculuğu sahəsində
görülən işlər ardıcıl xarakter alıb
Heydər Əliyev ideyalarına sədaqətin,
Vətənə, yurda bağlılığın nümunəsi
olan Naxçıvanda bütün sahələrdə böyük
nailiyyətlər əldə edilib. Muxtar respublikanın
sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada
yüksək səviyyədə infrastrukturun qurulması,
dövlət proqramlarının uğurlu icrası yeni-yeni
nailiyyətlərin qazanılmasına rəvac verib. Bu mənada,
2018-ci il istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi
və mədəni sahələrdə qazanılmış bir
sıra uğurlarla yadda qalıb, ötən ilin son ayı da əlamətdar
olub.
Kənd turizmi inkişaf etdirilir
Turizm üçün çox əlverişli
şəraitə malik olan Naxçıvan Muxtar
Respublikasında bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə
mövcud imkanlardan səmərəli istifadə olunur,
mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd
Turizm-İstirahət Bölgəsinin yaradılması
haqqında” Sərəncamı da doğma diyarımızda bu
sahədə görülən kompleks tədbirlərin tərkib
hissəsidir. Əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna
ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəkdə
yerləşən Ağbulaq yaşayış məntəqəsi
kənd turizmi üçün böyük potensiala malik
olduğuna görə ötən illər ərzində burada
mühüm tədbirlər həyata keçirilib.
Müasir tələblərə cavab verən məktəb
binası, kənd və xidmət mərkəzləri,
Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə
verilib. Təkcə ötən il 1 milyon 500 min manat dəyərində
yenidənqurma işləri aparılıb, 65 ev yenidən
qurularaq müasir şəraitlə təmin olunub. Buna görə
də Ağbulaq kəndi Turizm-İstirahət Bölgəsi
kimi fəaliyyət göstərmək üçün ideal məkana
çevrilib. Bölgənin yaradılmasında
məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin
timsalında inkişafına nail olmaq və gələcəkdə
bu qabaqcıl təcrübəni digər yaşayış məntəqələrində
tətbiq etməkdən ibarətdir. Dekabrın 5-də
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatının
keçirilməsi bu baxımdan əlamətdar hadisədir.
Təqdimat münasibətilə tədbir
iştirakçılarını və sakinləri təbrik
edən Ali Məclisin Sədri digər mühüm bir məsələyə
toxunaraq deyib: “Ağbulaq kəndində ilin bütün fəsillərində
turizmi inkişaf etdirmək mümkündür. Təbiəti,
havası və müasir infrastrukturu kənddə istər yaz,
yay və payız, istərsə də qış turizminin
inkişafı üçün geniş imkanlar açır.
Qış turizminin inkişafı sahəsindəki
imkanları nəzərə alınaraq kənddə
dağ-xizək mərkəzinin qurulmasına
başlanılmışdır. Turizmin inkişafı sahəsində
həyata keçirilən tədbirlər Ağbulaq kəndini
təkcə muxtar respublikada deyil, ölkəmizdə və
dünyada tanıdacaqdır. Ağbulaq Kənd Turizm-İstirahət
Bölgəsi internet vasitəsilə turistlərə təqdim
olunacaqdır. Turistlərin Ağbulaq kəndinə gəlməsi
isə turizmin canlanmasına və ölkəmizin
inkişafına töhfə verəcəkdir”.
Həmin gün Ali Məclisin Sədri
Ağbulaq Xizək Mərkəzində aparılan tikinti
işləri ilə tanış olub, işlərin keyfiyyətlə
görülməsi və təhlükəsizlik qaydalarına əməl
olunması barədə tapşırıqlar verib.
Onu da deyək ki,
Ağbulağın gözəl təbiəti, təmiz
havası və suyu, ekoloji təmiz qidaları insanların
fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz
amillər olduğu üçün burada hətta səhiyyə
turizminin inkişafı üçün də geniş imkanlar
var. Xüsusilə böyük meqapolislərin əhalisi
üçün şəhərin səs-küyündən
uzaqda, sakit guşədə istirahət etmək çox cəlbedicidir
və Ağbulaq bu baxımdan gözəl ünvandır.
İdman sahəsində ardıcıl
uğurlar qazanılır
Muxtar respublikada müasir idman infrastrukturunun
yaradılması gənclərin
sağlamlığının qorunmasında, onların asudə
vaxtlarının səmərəli təşkilində və
istedadlı gənclərin üzə
çıxarılmasında mühüm rol oynayır.
Yaradılan şərait, göstərilən diqqət və
qayğı nəticəsində hazırda muxtar respublikada
bütün yaş qrupları üzrə bədən tərbiyəsi
və idmanla məşğul olan yeniyetmə və gənclərin
sayı gündən-günə artmaqdadır. Bu
gün muxtar respublikada idmanla 27 mindən çox uşaq və
gənc, o cümlədən sağlamlıq imkanları məhdud
361 nəfər məşğul olur. 2018-ci ildə muxtar
respublika idmançılarının dünya
çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin
III Yay Olimpiadasında 1, beynəlxalq turnirlərdə 84,
Azərbaycan birinciliklərində 99 medal qazanması muxtar
respublikada idmanın inkişafı üçün
yaradılan hərtərəfli şəraitin nəticəsidir.
Dekabrın 10-da Naxçıvan
Muxtar Respublikası Ali Məclisində keçirilən
“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi
və idmanın hazırkı vəziyyəti və
qarşıda duran vəzifələr haqqında”
müşavirə də uşaqların, yeniyetmələrin və
gənclərin sağlamlığının qorunması
və idmanın inkişafı üçün vacib məsələlərin
gündəmə gətirilməsi ilə yadda qalıb.
Ali Məclisin Sədri müşavirədə
sağlam cəmiyyət quruculuğunda və gənclərlə
işin düzgün təşkilində bədən tərbiyəsi
və idmanın mühüm rolu olduğunu vurğulayaraq
deyib: “Bədən tərbiyəsi və idmanla məşğul
olmaq təkcə yarışlarda iştirak etmək və
yüksək nailiyyət əldə etmək məqsədi
daşımır, eyni zamanda, zərərli vərdişlərin
qarşısının alınmasında, əhali
sağlamlığının təmin olunmasında mühüm
əhəmiyyət kəsb edir. Bu
xüsusatı əsas götürərək ona nail
olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi
və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar,
o cümlədən gənclər səmərəli istifadə
edə bilsinlər”.
Ali Məclisin Sədri Gənclər
və İdman Nazirliyinə və idman federasiyalarına aidiyyəti
üzrə tapşırıqlar verib, 2018-ci ildə ölkə
və beynəlxalq yarışlarda uğurlu nəticələrə
görə 7 idmançıya və 4 məşqçi-müəllimə
mükafat təqdim edib.
Ulu Öndərimizin əziz xatirəsi
Naxçıvan Muxtar Respublikasında daim yad edilir
Tarixi xilaskarlıq
missiyasını həyata keçirərək muxtar
respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr
girdabından qurtaran, aydınlığa çıxaran ulu
öndər Heydər Əliyevin əziz xatirəsi daim yad
edilir, müstəqil Azərbaycanın bu günü və gələcəyi
naminə həyata keçirdiyi tədbirlər xalqımız
tərəfindən minnətdarlıqla xatırlanır. Hər
il olduğu kimi, ötən il dekabrın 12-də də
müasir Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi
Naxçıvan Muxtar Respublikasında yad edilib.
Ali Məclisin Sədri ümummilli
liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki
abidəsi önünə tər gül dəstəsi qoyub,
xalqımızın böyük oğlunun xatirəsinə
ehtiramını bildirib, Heydər Əliyev Muzeyinə gələrək
görkəmli dövlət xadiminin həyatını və
çoxşaxəli dövlətçilik fəaliyyətini əks
etdirən eksponatlara baxıb.
Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı missiyasını uğurla yerinə yetirdi
Qədim Naxçıvan İslam və türk
dünyası üçün böyük əhəmiyyət
kəsb edən bir diyardır. Naxçıvan tarixin
bütün dövrlərində İslam və türk
dünyasına, ümumilikdə isə bəşər tarixinə
böyük töhfələr verib, görkəmli şəxsiyyətlər
bəxş edib. Bu gün muxtar respublikadakı
türk-İslam abidələri bu zəngin tarixi
keçmişi bir daha göstərir. Buna görə də
İslam və türk mədəniyyətlərinin dünya səviyyəsində
təbliğində yaxından iştirak edən beynəlxalq
təşkilatlar Naxçıvana xüsusi diqqət yetirirlər.
Dekabrın 15-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatının
Baş direktorunun müavini Əminə Əl-Həcri və
TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş ilə
görüşüb.
Ali Məclisin Sədri
Naxçıvan şəhərinin 2018-ci il üçün
İslam Mədəniyyətinin Paytaxtı seçilməsini,
İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un
tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirib,
Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə
də müxtəlif istiqamətlər üzrə əlaqələrin
inkişafı sahəsində potensialın olduğunu bildirib.
Fırat Purtaş türkdilli ölkələr
arasındakı əlaqələrin inkişafına verdiyi
töhfələrə görə Ali Məclisin Sədrinə
TÜRKSOY-un “25-ci il Xatirə Medalı”nı təqdim edib.
Müxtəlif mədəniyyətlərin kəsişdiyi,
geostrateji baxımdan çox əhəmiyyətli bir məkanda
yerləşən Naxçıvan qədim sivilizasiyanın
şanlı varisi kimi ötən il İslam Mədəniyyətinin
Paytaxtı missiyasını uğurla yerinə yetirdi. Bütün bunlar bir daha onu göstərdi ki,
Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin
keçirilməsində böyük təcrübəyə
malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin
yaşadıldığı, dini həmrəyliyin təmin
olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin
ən qədim dövrlərdən bəri qorunub
saxlanıldığı bir məkandır. Ali Məclisin Sədrinin
dediyi kimi: “Azərbaycan müstəqillik
qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında
İslam dəyərlərinə yeni yanaşmanın – elmi
baxışın əsası qoyulmuş, türk-İslam mədəniyyəti
abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin
əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini
tapmışdır”.
Dekabrın 15-də Naxçıvan şəhərindəki
Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı – 2018”in bağlanış tədbiri keçirilib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin
2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi ilə əlaqədar
yaradılmış Təşkilat Komitəsinin sədri Vasif
Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının
baş direktorunun müavini Əminə Əl-Həcri, Azərbaycan
Respublikasının mədəniyyət naziri Əbülfəs
Qarayev və TÜRKSOY-un baş katibinin müavini Fırat
Purtaş “Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı – 2018”in bağlanış tədbirində
iştirak ediblər.
Dekabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə
Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və
onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Ali Məclisin Sədri qonaqları
Naxçıvanda görməkdən məmnunluğunu bildirərək
deyib ki, Azərbaycanın inkişafı Türkiyənin
inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın
inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə
Ərzurum vilayəti arasındakı münasibətlərin
tarixinə diqqəti çəkən muxtar respublika rəhbəri
qarşılıqlı əlaqələrin
inkişafının hər iki tərəf üçün
faydalı olduğunu qeyd edib.
Muxtar respublikanın bütün bölgələri
abadlaşır, inkişaf edir
Bu gün muxtar respublikanın bütün
bölgələri abadlaşır, inkişaf edir, gözəl
yollar, gözoxşayan binalar, yeni-yeni sosial obyektlər tikilib
istifadəyə verilir. Şahbuz da müasir infrastruktura malik
olan rayona çevrilib. Həyata keçirilən
infrastruktur layihələri, xüsusilə içməli su və
kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə
göstərilən qayğının daha bir ifadəsidir. 15
minə yaxın əhaliyə xidmət göstərən yeni
sistem gələcəkdə əhali artımı da nəzərə
alınmaqla uzun illər istismar olunacaq. Təmizləyici
qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi
olan Heydər Əliyev Su Anbarının çirklənməsinin
qarşısını alacaq, eyni zamanda, su anbarında
balıqçılığın inkişafı
üçün problemlər yaranmayacaq. Dekabrın 17-də
Şahbuz şəhərində təmizləyici qurğular
sistemi istifadəyə verilib.
Ali Məclisin Sədri bu
münasibətlə keçirilən tədbirdə
iştirak edib, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində
və təmizləyici qurğunun ətrafında aparılacaq
yaşıllaşdırma tədbirlərinin layihəsinə
baxıb, müvafiq tapşırıqlar verib.
Azərbaycanın tarixi keçmişinə
göstərilən diqqətin növbəti nümunəsi
Qədim diyarımızda muzeylərin fəaliyyətinin
canlandırılması, muzey şəbəkələrinin
genişləndirilməsi sahəsində də mühüm
işlər görülür. Ali Məclisin Sədrinin dediyi
kimi: “Muzeylər xalqımızın milli mədəniyyət
nümunələrini özündə yaşadan müqəddəs
yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli,
qorunmalı və ziyarət olunmalıdır”. Muxtar respublikada
yeni muzeylərin yaradılması, muzey fondlarının zənginləşdirilməsi
və internet saytlarının istifadəyə verilməsi də
tariximizin təbliğinə, onun gələcək nəsillərə
çatdırılmasına xidmət edir. Hazırda muxtar
respublikada fəaliyyət göstərən 30 muzeydən 17-si
son 20 ildə yaradılıb. Dekabrın 20-də
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 4 mərtəbədən
ibarət olan yeni binasının istifadəyə verilməsi də
bu sahədə görülən işlərin
davamıdır.Açılış tədbirində
iştirak edən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetiriləcəyinə, Şərur
rayonunun tarixinin muxtar respublika tarixinin bir hissəsi kimi öyrəniləcəyinə
və qorunub saxlanılacağına əminliyini bildirib, muzey
işçilərinə fəaliyyətlərində
uğurlar arzulayıb.
Qeyd edək ki, Şərur Rayon
Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər
Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq
muzeylərinin yaradılması haqqında imzaladığı
qərara əsasən yaradılıb. Ötən dövrdə
muzeyin fondu eksponatlarla zənginləşdirilib. Bu gün
muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur
rayonunun qədim tarixə və zəngin mədəniyyətə
malik olmasının göstəricisidir. Rayonda Qazma
mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi
və digər tarixi yerlər bu ərazilərin ilk insan
yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir
ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində
bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar
mövcuddur.
Vətənimizin müdafiəsi zamanı
sağlamlığını itirənlər, şəhid ailələri
diqqət mərkəzindədir
Muxtar respublikamızda Vətənimizin
müdafiəsi zamanı sağlamlığını itirənlərə,
şəhid ailələrinə dövlətimiz tərəfindən
hər zaman yüksək diqqət və qayğı göstərilir.
Müharibə əlilləri, şəhid ailələri mənzillə
təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə
kömək göstərilir. Görülən
işlərin davamı olaraq, dekabrın 20-də Şərur
rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən
Müharibəsi iştirakçısına, Çernobıl
Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan
qaldırılmasında iştirak edən 1 nəfərə və
1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim
olunub, 1 Çernobıl əlilinə isə “NAZ-Lifan 320”
markalı minik avtomobili verilib.
Ali Məclisin Sədri xidməti
vəzifələrini layiqincə yerinə yetirdiklərinə
görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü
bildirib, onlara yeni mənzillərində rahat və firavan həyat
arzulayıb, mənzillərin orderlərini və avtomobilin
açarını təqdim edib.
Yaradılan şərait, göstərilən
qayğı Naxçıvan teatrının inkişafına
yol açıb
Dekabrın 22-də Naxçıvan Dövlət
Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu
Hüseyn Cavidin “Xəyyam” dramı əsasında
hazırlanmış eyniadlı tamaşaya baxış olub.
Ali Məclisin Sədri tamaşaya baxıb, sonra
səhnə arxasına keçərək yaradıcı heyətlə
görüşüb, uğurlu tamaşa münasibətilə
kollektivi təbrik edərək deyib: “Naxçıvan
teatrında çox dəyərli əsərlər
tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan “Xəyyam”
tamaşası da uğurlu alınmışdır. Fəlsəfi
dram əsərlərinin səhnəyə qoyulması
üçün rejissor işi və aktyor sənəti
mühüm amildir. “Xəyyam” tamaşasında da uğurlu və
yaradıcı rejissor işi və aktyor sənəti
vardır. Aktyorların çox hissəsinin gənc
olmasına baxmayaraq, səhnədə bunu hiss etmək
mümkün deyildi. Rollar məharətlə ifa olunurdu.
Bütün bunlar istedadla yanaşı, həm də sənətə
olan sevginin nəticəsidir”.
Ali Məclisin Sədri yaradıcı kollektivə
bir daha təşəkkürünü bildirib, onları
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
təbrik edib.
Sosial-iqtisadi və ictimai-mədəni həyatda
yeni-yeni uğurlar əldə edilir
Ulu öndərimiz Heydər
Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir
ki, ötən il də inkişaf və sabitlik ünvanına
çevrilən, İslam Mədəniyyətinin Paytaxtı və
ölkəmizin Gənclər Paytaxtı adını şərəflə
daşıyan Naxçıvanın sosial-iqtisadi və ictimai-mədəni
həyatında əlamətdar hadisələrlə yadda
qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin muxtar respublikaya növbəti səfəri və bu
zaman əhəmiyyətli infrastruktur obyektlərinin istifadəyə
verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olub.
Naxçıvanda ötən il bütün sahələrdə
inkişaf təmin olunub, əhalinin həyat səviyyəsi
daha da yaxşılaşıb, enerji və ərzaq təhlükəsizliyi
təmin edilib. Təsadüfi deyil ki, 2017-ci illə
müqayisədə 2018-ci ildə ümumi daxili məhsulun həcmi
artaraq 2 milyard 422 milyon manata yaxın olub. Ümumi daxili məhsulun
57 faizdən çoxu istehsalın payına düşüb
ki, bu da davamlı və tarazlı inkişafın əsas
göstəricisidir. Göstərilən maliyyə dəstəyi
sayəsində ötən il muxtar respublikada 49 yeni istehsal və
xidmət sahəsi fəaliyyətə başlayıb.
İstehsal edilən sənaye məhsulunun həcmi artaraq 900
milyon manata yaxın olub. Görülən tədbirlər kənd
təsərrüfatının inkişafına da öz təsirini
göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd
təsərrüfatı məhsulları istehsal olunub. Bu da
2017-ci illə müqayisədə 4 faiz çoxdur.
Sahibkarlığın inkişafı üçün
yaradılmış əlverişli şəraitin nəticəsində
bu gün muxtar respublikada 383 növdə məhsul istehsal
olunur, 350 növdə məhsula olan tələbat isə
tamamilə yerli istehsal hesabına ödənilir.
Bütün maliyyə mənbələri
hesabına kapital qoyuluşlarının həcmi artaraq 927
milyon 993 min manat təşkil edib. İnvestisiya
qoyuluşlarının 93 faizi bilavasitə
tikinti-quraşdırma işlərinə sərf olunub. Şəhər
və rayon mərkəzlərində, kəndlərdə
istifadəyə verilən sosial obyektlər, tikilən
inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını,
rahatlığını təmin edib, 7 kənd və 7 xidmət
mərkəzi, Babək rayonunda bir yaşayış binası
tikilərək istifadəyə verilib.
Dekabrın 27-də beşinci
çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafının
yekunları ilə əlaqədar məruzəsində bu
faktları qeyd edən Ali Məclisin Sədri deyib: “Heç şübhəsiz ki, bu uğura dövlət
başçısının göstərdiyi böyük diqqət
və qayğı, eləcə də ölkəmizdə və
onun Naxçıvan Muxtar Respublikasında davam və
inkişaf etdirilən Heydər Əliyev siyasi xətti və
çəkilən zəhmət sayəsində nail
olunmuşdur”.
Sessiyada 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları”
ili kimi qəbul olunub.
Ordu quruculuğu siyasəti uğurla davam
etdirilir
Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən əsası qoyulmuş ordu
quruculuğu siyasəti bu gün Naxçıvan Muxtar
Respublikasında uğurla davam etdirilir. Əlahiddə
Ümumqoşun Ordunun silah arsenalı və maddi-texniki təminatı
gücləndirilir, şəxsi heyətin sosial-məişət
şəraiti yaxşılaşdırılır, mənəvi-psixoloji
hazırlığı və döyüş ruhu daha da
artırılır. Məhz buna görə də 2018-ci il
Naxçıvanın şanlı hərb tarixinə
qızıl hərflərlə yazılıb.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu 1992-ci ildə
işğal olunmuş Günnüt kəndinə və ətraf
ərazilərə, ümumilikdə, 11 min hektar sahəyə
nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində
etibarlı müdafiə sistemi yaradılıb.
Bu gün muxtar respublikadakı hərbi hissələrdə
də infrastrukturun müasirləşdirilməsi istiqamətində
mühüm işlər görülür. Dekabrın
31-də Babək rayonunun Gərməçataq və Buzqov kəndlərindəki
hərbi hissələr üçün yeni əsgəri-məişət
komplekslərinin istifadəyə verilməsi infrastrukturun daha
da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən
işlərin davamıdır.
Bu münasibətlə
keçirilən tədbirdə iştirak edən Ali Məclisin
Sədri binada yaradılan şəraitlə və xidmətin
təşkili ilə maraqlanıb, ön xətdə xidmətin
təşkili və döyüş növbətçiliyinin
aparılması ilə bağlı tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri Buzqov kəndində
yerləşən hərbi hissənin əsgəri-məişət
yaşayış kompleksinin də
açılışında iştirak edib.
Ali Məclisin Sədri şəxsi heyəti
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı, o cümlədən əsgəri-məişət
kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik
edərək deyib: “Bu gün muxtar respublikada yerləşən
ordu, birləşmə və hissələr istənilən
döyüş tapşırığını yerinə
yetirməyə qadirdir. Muxtar respublikanın ərazisi
etibarlı qorunur, ordu, birləşmə və hissələrin
şəxsi heyətlərinin döyüş qabiliyyətini
artırmaq üçün tədbirlər görülür,
hərbi hissələr müasir silah-sursatla təmin olunur, təlimlər
keçirilir, əsgərlərin yaşayış şəraiti
yaxşılaşdırılır. Gərməçataq
və Buzqov kənd¬lərində əsgəri-məişət
komplekslərinin istifadəyə verilməsi də bu sahədə
görülən işlərin davamıdır”.
Ali Məclisin Sədri xidmətin
nümunəvi təşkilində komandir heyətinin üzərinə
mühüm vəzifələr düşdüyünü
bildirib, şəxsi heyət arasındakı birliyin daha da
möhkəmləndirilməsi və yaradılan şəraitdən
səmərəli istifadə olunması ilə bağlı
tapşırıqlar verib.
Həmin gün Naxçıvan
Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri
dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər
mərkəzlərində müalicə alan xəstələrə
və tibb işçilərinə bayram sovqatları
paylanıb, müxtəlif adda ərzaq məhsulları
anbarlara təhvil verilib.
Əldə olunan nailiyyətlər 2019-cu ildə
də inkişafın və sabitliyin davam etdiriləcəyinə
təminat verir
Muxtar respublikada bütün sahələr
üzrə əldə olunan nailiyyətlər 2019-cu ildə də
inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat
verir, birlik və həmrəyliyi daha da möhkəmləndirir.
Sürətli inkişafın, dayanıqlı
sabitliyin, monolit birliyin nəticəsidir ki, dekabrın 31-də
Naxçıvan şəhər sakinləri və şəhərimizin
qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini
böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə
qeyd ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə
bayram şənliyinə gəlib.
Gecə saatlarında Naxçıvan şəhərinin
mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı
olub, yeni il xoş ovqat və böyük təntənə ilə
qarşılanıb. Bu, el-obaya, yurda
bağlılığın misilsiz nümunəsini göstərən
naxçıvanlıların həm də 2018-ci ili uğurla
yola saldıqlarını və 2019-cu ildə yeni-yeni nailiyyətlər
qazanmaq əzmində olduqlarını ifadə edirdi. Muxtar
respublikada elmi əsaslara söykənən böyük
quruculuq siyasəti də buna geniş imkanlar açır.
Naxçıvanın 30 ilə yaxın bir
dövrdə blokadada olmasına baxmayaraq, vətənpərvərliklə
görülən işlər onu beynəlxalq tədbirlərin
keçirildiyi mühüm informasiya məkanına
çevirib. Prezident İlham Əliyevin sədri
olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi
regionlarının 2017-ci və 2018-ci illər üçün
hazırladığı illik investisiya reytinqi üzrə
Naxçıvan Muxtar Respublikasının iki dəfə
ard-arda lider olması da doğma diyarımızda iqtisadi, mədəni
və sosial rifahın təmin edilməsi sahələrində
həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.
Bu, həm də muxtar respublikamızda görülən
işlərə Azərbaycan dövlətinin göstərdiyi
böyük diqqətin, verilən yüksək qiymətin
növbəti nümunəsidir.
Səs.-
2019.- yanvar.- S.- 8-10 yanvar