Azərbaycan beynəlxalq
dialoq və əməkdaşlıq məkanıdır
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi
Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət
İbrahimqızı www.yap.org.az saytına müsahibə
verib:
- Məlahət xanım, məlum olduğu kimi,
son illər ölkəmizdə bütün sahələr
üzrə vacib islahatlar həyata keçirilib. Bu
islahatların əhəmiyyəti nədən ibarətdir?
- Son illər ərzində ölkəmizdə
bütün sahələri əhatə edən sistemli və
kompleks islahatlar aparılıb, Azərbaycan
iqtisadiyyatının dayanıqlı və dinamik
inkişafı təmin edilib. Məhz ötən dövrdə
aparılan islahatların nəticəsidir ki, Azərbaycanda
yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat
formalaşıb. Təsadüfi deyil ki, ölkəmizin
sosial-iqtisadi inkişaf sahəsindəki göstəriciləri
bütün dünya üzrə ən yaxşılardan hesab
edilir. Digər tərəfdən, Azərbaycanın
dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı
pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət
həyatının bütün sahələrində
müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi
sisteminin təkmilləşdirilməsini, səmərəliliyin
yüksəldilməsini, çevik və məqsədyönlü
fəaliyyət göstərən yeni idarəetmə
strukturunun formalaşdırılmasını zərurətə
çevirib. Bu mənada Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu
il tarixində struktur islahatları istiqamətində
mühüm qərarlar qəbul edilməsi xüsusi əhəmiyyətə
malikdir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan struktur islahatlarının əsas məqsədi
idarəetmədə çevikliyi və səmərəliliyi
artırmaq, cəmiyyətdə formalaşan yeni
çağırışlara və iqtisadiyyatda baş verən
struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin etməkdir. Struktur
islahatları dövlət idarəetməsini iqtisadi
inkişafın yeni mərhələsinə
uyğunlaşdırır. İdarəetmə və iqtisadi
inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə
və bir-birini tamamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə,
ölkəmizdə reallaşdırılan struktur
islahatları dərin hüquqi və institusional islahatların
davamı kimi mühüm əhəmiyyətə malikdir.
- Sizcə, struktur islahatları perspektiv
üçün nələr vəd edir?
- Ümumiyyətlə, Prezident
İlham Əliyevin son günlərdə struktur islahatları
ilə bağlı imzaladığı müvafiq fərmanlar
ölkəmizin hazırkı inkişaf mərhələsində
meydana çıxan çağırışlara tam
uyğundur. İdarəetmədə aparılan islahatlar Azərbaycanın
yeni mərhələdə daha da inkişafına təkan verəcək.
Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt
kimi seçib və bu kontekstdə digər aparıcı
dövlətlərlə təcrübə mübadiləsinə
tam açıqdır. Azərbaycan dünya dövlətlərində
idarəetmə sahəsində özünü göstərən
prosesləri diqqətlə izləyir və müasir
dövrün tələblərinə uyğun strukturlar
yaradır. Bütövlükdə, ölkə
Prezidentinin struktur islahatları ilə bağlı müvafiq fərmanlar
imzalamasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin
daha da təkmilləşdirilməsi, dövlət
orqanlarının və qurumlarının fəaliyyətinin
optimallaşdırılması və dövlət büdcəsi
vəsaitindən səmərəli istifadənin təmin
edilməsidir. Yəni Azərbaycanın dövlət
başçısı çevik surətdə struktur
islahatlarını inkişaf etdirir. Azərbaycanın dinamik inkişafı
ölkəmizdə yeni idarəetmə strukturunun
formalaşdırılmasını zərurətə
çevirib. Burada strateji uğurların
davamlılığını təmin etmək
üçün daha səmərəli şərtlər
formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii
ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə
olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət
mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi
kimi əvəzlənməlidir. Həmin işlərin
reallaşması üçün isə sistemli islahatlar
aparılmalıdır. Prezident İlham Əliyevin
imzaladığı müvafiq fərmanlar bu kontekstdə
olduqca əhəmiyyətli sənədlər olmaqla Azərbaycanda
milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə
tam uyğundur.
- Məlahət xanım, son illər Azərbaycanın
beynəlxalq müstəvidə də nüfuzu əhəmiyyətli
dərəcədə artmaqdadır. Bu reallığın əsasında
hansı amillər dayanır?
- Regionumuzun lider dövləti olan Azərbaycan
balanslaşdırılmış və milli maraqlara əsaslanan
xarici siyasət kursu həyata keçirir. Bunun məntiqi nəticəsi
kimi, respublikamızın beynəlxalq mövqeyi mütəmadi
olaraq möhkəmlənir, Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində etibarlı tərəfdaş
kimi tanınır. Milli maraqlara uyğun olaraq
reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz
həm ikitərəfli münasibətlər, həm də
beynəlxalq təşkilatlar çərçivəsində
səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələri formalaşdırıb. Azərbaycanın
xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır,
ölkəmizin milli maraqlarının təmin olunmasına
xidmət edir.
Xüsusilə Azərbaycan regionda sabitləşdirici
aktor kimi fəaliyyət göstərməklə bölgədə
və beynəlxalq səviyyədə əməkdaşlığa,
təhlükəsizliyə mühüm töhfələr
verir. Buna görə də ölkəmiz hazırda regional
güc mərkəzi kimi bölgədə sülhün və
təhlükəsizliyin təmin olunması üçün
dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab
edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və
prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda
sabitliyə xidmət edən siyasi xətt yürüdür.
Belə olan halda, Azərbaycanla qarşılıqlı
faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq
münasibətləri beynəlxalq münasibətlər sisteminin
aktorları olan milli dövlətlər üçün
strateji əhəmiyyət daşıyır. Təsadüfi
deyil ki, bu gün dünyanın aparıcı dövlətləri
və təşkilatları Azərbaycanı Cənubi
Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi
adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin
Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz
tərəfdaş kimi böyük dəyərə malik
olduğunu ifadə edirlər.
Digər tərəfdən, Cənubi Qafqaz
regionunun lider dövləti olan, müasir dünyada etibarlı
tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq
dialoq və əməkdaşlıq məkanıdır.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi
çıxış edən respublikamız
sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli
töhfələr verməklə yanaşı, mühüm
siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan
öz təklif və təşəbbüsləri ilə
dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə,
qlobal xarakterli problemlərin həllinə dəyərli
töhfələr verir. Bütövlükdə,
Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə
ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində
olan mühüm məsələlərin müzakirə
olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi
tanınır. Azərbaycan beynəlxalq səviyyədə
strateji dialoq və qarşılıqlı etimad mühitinin
formalaşmasına öz töhfəsini verir. Beləliklə
də, Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi
layihələr, ölkəmizin təşəbbüsü və
fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq
formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik
və qarşılıqlı səmərəli əməkdaşlıq
mühitinin yaranması və inkişafına
mühüm təsir göstərir.
Azərbaycanın xarici siyasətində
qonşu dövlətlərlə münasibətlərə də
mühüm yer verilir. Bu gün ölkəmiz,
işğalçı Ermənistan istisna olmaqla, bütün
qonşu dövlətlərlə yüksək əlaqələrə
malikdir. Buna misal olaraq xatırladım ki, Azərbaycan
və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə
görüşüblər, ölkə
başçıları arasında mövcud olan şəxsi
dostluq münasibətləri iki ölkə arasında
bütün istiqamətlər üzrə əlaqələrin
inkişafına olduqca mühüm təsir göstərir.
Azərbaycan, eyni zamanda, qonşu İranla əlaqələrini
daha da genişləndirir, iki ölkənin rəhbərləri
arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın
inkişafına pozitiv təsir göstərir. Türkiyəyə
gəlincə isə, Azərbaycan müstəqillik illərində
qardaş ölkə ilə münasibətlərini yeni keyfiyyət
mərhələsinə yüksəltməyə nail olub,
siyasi, iqtisadi, mədəni və digər sahələrdə
qarşılıqlı əlaqələrin daha da intensivləşməsi
“bir millət, iki dövlət” şüarına yeni məzmun
gətirib. Eyni zamanda, ölkəmiz Gürcüstanla da strateji
tərəfdaşlıq əlaqələri qurub, həyata
keçirilən transmilli layihələr qonşu ölkənin
inkişafı, təhlükəsizliyinin təmin edilməsində
olduqca mühüm faktora çevrilib.
- Yeni reallıqlar Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
necə təsir göstərə bilər?
- Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət nəticəsində
Azərbaycan region ölkələri ilə əlaqələrini
inkişaf etdirməklə, bu əlaqələri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəltməklə bölgədə
təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və bu zəmində
formalaşan yeni reallığın müəllifinə
çevrilib. Ötən illər ərzində uğurla
reallaşdırılan siyasət Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi
ilə əlaqədar bölgədə yeni
reallığın yaranmasına səbəb olub. Məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ probleminin həlli Azərbaycan xarici siyasətinin əsas
prioriteti olmaqla bərabər, ölkəmizin ərazi
bütövlüyünün bərpası və sərhəd
toxunulmazlığının təmin olunmasını milli
diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir.
Bunun üçün Azərbaycan ötən illər ərzində
mühüm, dərin strateji diplomatiya siyasəti həyata
keçirməklə ilk növbədə problemin həlli ilə
bağlı yeni şərtlər formalaşdırmağa nail
olub. Bu şərtlərin
formalaşdırılması isə mühüm strateji istiqamətlər
üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü
siyasət sayəsində mümkün olub. İlk növbədə
beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun
artırılması, regional və beynəlxalq təşkilatlarla
ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa
nail olması, ikinci isə regionda ermənilərlə ənənəvi
əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı
kimi tanınan ölkələri öz tərəfdaşına
çevirməsi siyasəti həyata keçirilib.
Azərbaycanın inkişafı
və beynəlxalq əməkdaşlığını daha
da inkişaf etdirməsinin fonunda işğalçı Ermənistan
öz ənənəvi tərəfdaşlarını itirməsi,
küncə sıxılması, sosial və iqtisadi kataklizmlər
yaşaması ilə diqqəti cəlb edir. Bir sözlə, görünən odur ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət nəticəsində Azərbaycanın
regionda yaratdığı yeni geosiyasi reallıq Dağlıq
Qarabağ münaqişəsinin ölkəmizin maraqları
çərçivəsində, beynəlxalq hüququn norma və
prinsipləri əsasında həllinə tam zəmin
yaradıb.
Səs.-
2019.- 24 yanvar.- S.7.