“Şəhid ailələrinə
dövlət tərəfindən böyük qayğı və
dəstək göstərilir”
Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri
ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
yanvarın 28-də Prezident Sarayında şəhid ailələri
ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, şəhid ailələrinin
nümayəndələrinə dərin hörmətini ifadə
edən Prezident İlham Əliyev şəhidlərimizə
Allahdan rəhmət dilədi, onların torpaq, Vətən
uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini
dedi. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
minlərlə şəhid verdiyimizi, 1 milyondan çox
insanın məcburi köçkünə çevrildiyini deyən
dövlətimizin başçısı o dövrdə
müşahidə olunan hakimiyyətsizlik nəticəsində
torpaqlarımızın bir hissəsinin işğal
olunduğunu bildirdi.
Bu gün Azərbaycanın güclü hərbi
potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində
danışıqlar prosesində mövqelərimizin kifayət
qədər gücləndiyini deyən Prezident İlham
Əliyev vurğuladı ki, bizim üçün ölkəmizin
ərazi bütövlüyünün bərpası ən
vacib məsələdir və münaqişə ilə
bağlı qəbul olunan çoxsaylı qətnamələr
ölkəmizin ərazi bütövlüyünə beynəlxalq
dəstəyi təmin edib. “Azərbaycan xalqı və
dövləti heç vaxt bu işğalla
barışmayacaq”,- deyən dövlətimizin
başçısı son illərdə ordu quruculuğu
istiqamətində böyük işlərin
görüldüyünü bildirdi, müharibədən əziyyət
çəkən insanların qayğı ilə əhatə
olunduğunu dedi. Son illərdə məcburi
köçkünlər üçün 100-dən çox qəsəbənin
tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin
verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini
deyən Prezident İlham Əliyev şəhid ailələrinin
də ev və avtomobillərlə təmin edildiyini diqqətə
çatdırdı. Keçən il prezident seçildikdən
sonra ilk Fərmanının şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi ilə
bağlı olduğunu deyən dövlətimizin
başçısı bu Fərmanla 10 minə yaxın şəhid
ailəsinə 11 min manat məbləğində birdəfəlik
ödəmələrin verilməsinin nəzərdə
tutulduğunu bildirdi, artıq bu prosesin
başladığını və 3 mindən çox şəhid
ailəsinin vəsaiti aldığını dedi. Dövlətimizin
başçısı vaxtilə müavinəti almış
ailələrlə bağlı araşdırmaların
aparıldığını, onların aldığı vəsaitin
bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil
etdiyini nəzərə alaraq yeni Fərman
imzaladığını və bu Fərmana əsasən 11
min manat alacaq vətəndaşların sayının
artdığını bildirdi:
“1990-cı illərin əvvəllərində
Ermənistanın işğalçılıq siyasəti nəticəsində
torpaqlarımız işğal altına, bir milyondan çox
soydaşımız qaçqın, məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə
insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik
dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi
ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox
idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda
mübarizə aparırdılar, bir-birinə qarşı təxribat
törədirdilər və Ermənistan bundan istifadə edib
torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam
qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə
demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın
rəhbəri olsaydı, torpaqlarımız heç vaxt
işğal altına düşməzdi.
1990-cı
illərin əvvəllərində AXC-Müsavat
cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində
xalqımız böyük faciə ilə üz-üzə
qalmışdır. Siz bilirsiniz, bu gün biz
çalışırıq ki, bu məsələni həll
edək. Ordu quruculuğuna çox böyük diqqət
göstərilir. Bizim ordumuz döyüş meydanlarında da
öz gücünü göstərmişdir. Aprel
döyüşləri bizim şanlı tarixi qələbəmizdir.
Biz bir neçə strateji mövqeyi
işğalçılardan azad etmişik və o bölgələrdə,
o yüksəkliklərdə Azərbaycan bayrağını
qaldırmışıq. Bu gün Lələtəpədə,
Ağdərə dağlarında, Naxçıvan
dağlarında - hansılar ki, işğal altında idi, bu
gün Azərbaycanın dövlət bayrağı
dalğalanır.
Eyni
zamanda, bildiyiniz kimi, bu məsələni danışıqlar
yolu ilə həll etməyə çalışırıq.
Hesab edirəm ki, ölkəmizin artan potensialı, hərbi-iqtisadi
gücü, dünyadakı mövqeyi bu gün bizim xeyrimizə
işləyir və bu gün danışıqlar prosesində
ölkəmizin mövqeləri kifayət qədər
güclüdür.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli bizim
üçün ən başlıca vəzifədir. Ölkəmizin
ərazi bütövlüyünün bərpası ən
vacib məsələdir. Diplomatik müstəvidə biz
maksimum nəticəyə nail ola bilmişik. Bu gün
bütün dünya bu münaqişənin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunmasını bildirir.
Çoxsaylı
qətnamələr, qərarlar, ikitərəfli formatda
imzalanmış müqavilələr, bəyannamələr
ölkəmizin ərazi bütövlüyünə dəstək
ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları
- BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və
digər təşkilatlar bu münaqişənin ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həll olunmasını tələb edir. Yəni, biz
bütün vasitələrdən istifadə edirik ki, məsələni
həll edək, torpaqlarımızı
işğalçılardan azad edək.
Onu da bilməliyik
ki, bu gün dünyada güc amili ön plana
çıxıb. Biz ordu quruculuğu istiqamətində bu
günə qədər böyük işlər
görmüşük. Qeyd etdiyim kimi, döyüş
meydanlarında da öz gücümüzü göstərmişik.
Bütün dünyaya göstərmişik ki, Azərbaycan
xalqı və Azərbaycan dövləti bu işğalla
heç vaxt barışmayacaq.
Müharibədən
əziyyət çəkən vətəndaşlara daim diqqət,
qayğı göstərilir. Məcburi köçkünlər
üçün son illər ərzində yüzdən
çox şəhərcik və qəsəbə
tikilmişdir. Təkcə keçən il 5900 məcburi
köçkünə mənzillər, fərdi evlər
verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid
ailələrinə dövlət tərəfindən dəstək
göstərilir. Bu günə qədər 6650 şəhid
ailəsinə dövlət tərəfindən mənzillər,
evlər, 6 mindən çox şəhid ailəsinə minik
avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin
şəhid ailələrinə olan münasibətinin təzahürüdür.
Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına,
ağır vəziyyətdə yaşayan vətəndaşlara,
yaxınlarını itirmiş vətəndaşlara bu qədər
diqqət, bu qədər qayğı göstərilsin.
Mənim
fəaliyyətimdə bu məsələ daim prioritet təşkil
edir. Son illər ərzində şəhid ailələri ilə
çoxsaylı görüşlərim bunu bir daha sübut
edir. Biz sizinlə birlikdə bir çox evlərin
açılışlarında iştirak etmişik. Mən
şəhid ailələrinə mənzillərin, avtomobillərin
açarlarını şəxsən təqdim etmişəm
və bunu özüm üçün borc bilirəm. Bu, mənim
borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir.
Mənim üçün bu, böyük şərəfdir
ki, sizə bu istiqamətdə xidmətimi göstərim.
Şəhid
ailələrinə diqqət, eyni zamanda, keçən il
özünü bir daha göstərdi. Keçən ilin aprel
ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam
göstərdi, məni prezident vəzifəsinə seçdi.
Mənim birinci Fərmanım şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi ilə
bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən
sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə
üzrə, xarici siyasət, sosial məsələlərlə
bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid
ailələri ilə bağlı olmalıdır. Bu Fərman
əsasında 10 minə yaxın şəhid ailəsinə
dövlət tərəfindən 11 min manat məbləğində
birdəfəlik ödəmələrin verilməsi nəzərdə
tutulur. Yenə də deyirəm, mən heç bir ölkə
ilə Azərbaycanı müqayisə etmək istəmirəm,
ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə
bu sahədə nümunə göstərir.
Artıq
ödəmə prosesi başlamışdır. Mənə
verilən məlumata görə, üç mindən
çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu
proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların
aldıqları məbləğ bu gün verilən məbləğlə
üst-üstə düşmür. Yəni, o illərdə -
1990-cı illərin əvvəllərində rəqəm
böyük olsa da, - o vaxt 50 min manat nəzərdə
tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min
manatı ilə heç də müqayisə oluna bilməz. Mən
bu məsələ ilə bağlı ictimaiyyətə
öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi
araşdırılmalıdır və burada iki əsas amil
üstünlük təşkil etməlidir: qanun və ədalət.
Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar
bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb
edir. Digər tərəfdən, biz bütün məsələləri
ədalətli həll etməliyik, bütün məsələlərə
sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə
alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında
11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər
artırıldı. Onların içərisində təbii
ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır
və ümumiyyətlə, siyahıya düşməyən
daxili işlər orqanları şəhid ailələrinin
nümayəndələridir, onların da sayı 460-dan
çoxdur.
Təbii
ki, bu, böyük vəsait tələb edir. Bu proqramın
icrası üçün dövlət büdcəsindən
ümumilikdə 135 milyon manat vəsait nəzərdə
tutulur. Bu, kifayət qədər böyük məbləğdir.
Biz çalışırıq ki, hər bir vəsaitə
çox qənaətlə yanaşaq. Biz
çalışırıq ki, bu gün ölkəmizin
iqtisadi, sosial inkişafını şərtləndirən
istiqamətlərə böyük dəstək verək. Ancaq
mən həmişə demişəm ki, bizim
üçün Azərbaycan vətəndaşlarının
rifahı, onların dolanışığı başlıca
vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi,
ilk növbədə, ədalətlidir və digər tərəfdən,
Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd
olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik.
Mən
bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların
sosial məsələləri daim diqqət mərkəzində
olacaq. Şəhid ailələri üçün bundan sonra
da evlər tikilib istifadəyə veriləcək. Təkcə
keçən il 626 şəhid ailəsinə yeni mənzillər,
yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə
yeni mənzillər, evlər veriləcəkdir. Növbəti
bir neçə il ərzində bütün şəhid ailələri
evlərlə, mənzillərlə təmin ediləcəkdir.
Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət
ona ev və ya mənzil verməsin.”
Sonra
dövlətimizin başçısı birdəfəlik
ödəməni almaq üçün istifadə olunan plastik
kartları şəhid hərbi qulluqçularının vərəsələrinə
təqdim etdi.
Daha sonra
şəhid anası İbadət Əliyeva, şəhid
atası Şirvan Nüsrətov, şəhid həyat
yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi
Sevinc Quluzadə onlara göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını
bildirdilər.
Xalqa xidmət
etməyin onun üçün böyük fərəh
olduğunu deyən dövlətimizin başçısı
bu gün ölkəmizin sürətlə inkişaf etdiyini,
uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda
böyük sosial layihələrin icra olunduğunu
vurğuladı. Bildirdi ki, əsas məqsəd vətəndaşların
sosial vəziyyətinin
yaxşılaşdırılmasıdır. Bu istiqamətdə
icra edilən proqramlardan danışan Prezident İlham
Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini,
bu məqsədlər üçün böyük vəsaitin
ayrıldığını dedi, ötən il Bakıda
keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini
bir daha nümayiş etdirdiyini bildirdi. Dövlətimizin
başçısı Cocuq Mərcanlının bizim əyilməz
iradəmizin rəmzinə çevrildiyini, onun yenidən
qurulmasının hərbi qələbə nəticəsində
mümkün olduğunu vurğuladı. “Aprel
döyüşləri bütün dünyaya göstərdi
ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin
güclü ordusu var və xalqımız heç vaxt
işğalla barışmayacaq”, - deyən Prezident İlham
Əliyev şəhid ailələrinə Vətən
üçün gözəl övladlar yetişdirdiklərinə
görə təşəkkür etdi, xalqımızın
şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə
əbədi yaşayacağını bildirdi. Sonda xatirə
şəkli çəkdirildi.
***
Qeyd edək
ki, şəhid ailələrinə diqqət və
qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasi kursun mühüm istiqamətlərindən biridir.
İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara
6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil
verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin
təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə
və müharibə əlillərinə, Milli Qəhrəmanlara
verilən Prezident təqaüdünün də məbləği
ötən dövrdə mütəmadi artırılıb, bu
qəbildən olan insanların uşaqlarına aylıq sosial
müavinətin verilməsi təmin olunub. Bununla da şəhid
ailələrinin sosial müdafiəsi ildən-ilə
yaxşılaşıb, dövlətimizin
başçısının bu sahədə həyata
keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən
hər zaman böyük rəğbət və məmnunluqla
qarşılanıb. 2018-ci ildə keçirilən prezident
seçkilərindəki qələbəsindən sonra
Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da
bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik
ödəmənin verilməsini nəzərdə tutan bu Fərman
onların sosial müdafiəsinin
yaxşılaşdırılması istiqamətində ən
mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının
rifahının dirçəldilməsinə xidmət edən
ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
Səs.-
2019.- 29 yanvar.- S.3.