114 yaşlı
"Molla Nəsrəddin"...
Azərbaycan mətbuatı tarixində
ilk satirik jurnal olan «Molla Nəsrəddin»in
yaranmasının 114-cü ili tamam
olur.
Modern.az-ın
məlumatına görə,
1906-cı il aprelin 7-də
Tiflisdə «Qeyrət»
mətbəsində nəşrə
başlayan «Molla Nəsrəddin» jurnalı
o dövrün siyasi-sosial,
ədəbi-mədəni problemlərinə,
xalqın milli-mənəvi
tələblərinə vətəndaşlıq
mövqeyindən yeni yanaşma gətirdi.
Xalq həyatının, arzu və əməllərin tərcümanına çevirilən
jurnalın tarixi
xidməti danılmazdır.
«Molla Nəsrəddin»
1906-1918-ci illərdə Tiflisdə,
1921-ci ildə Təbrizdə,
1922-1931-ci illərdə Bakıda
nəşr edilib. Redaktoru
və müəllifi böyük ədib, görkəmli satirik Cəlil Məmmədquluzadə
olan jurnalın 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə,
8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Cəlil
Məmmədquluzadə zəkasının
gücü, qələminin
nuru və qəlbinin hərarəti ilə müəyyən fasilələrlə 25 il nəşr olunan, ədəbiyyat və mətbuat tariximizə qızıl hərflərlə
yazılan «Molla Nəsrəddin» jurnalı
bu gün üçün də müasirdir, sabah üçün də.
Milli təfəkkürün
inkişafında, insanların
maariflənməsində jurnalın
böyük rolu, onun əməkdaşlarının
isə misilsiz xidmətləri olub. «Molla Nəsrəddin» həm də Azərbaycan xalqının
mütərəqqi qüvvələrini,
demokratik düşüncəli
insanlarını öz
ətrafında toplaya
bilib. Jurnalda Omər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdurrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd
Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı,
jurnalistlər, o cümlədən,
O.Şmerlinq, İ.Rotter,
Əzim Əzimzadə
kimi rəssamlar fəaliyyət göstəriblər.
Jurnalın «Molla
Nəsrəddin» adlandırılması
da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır.
Həmişə zülmə,
nadanlığa, haqsızlığa
gülüb, güldürüb
düşündürüb. Mirzə Cəlil də Molla Nəsrəddinin
dili ilə xalqın dediyni bəyan edib, onu güldürüb, düşündürüb, həm
də yol göstərib. Jurnal ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına
atılıb. Onun sonrakı nömrələrində,
hətta bütün fəaliyyət dövründə
dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər
çap olunub.
Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər
də «Molla Nəsrəddin»in səhifələrində
öz əksini tapıb.
«Molla Nəsrəddin»ə qarşı
hücumlar gücləndikcə
Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin
hədə-qorxusu, nə
də dostlarının
narahatlığı Mirzə
Cəlili qorxuya sala bilib və
beləcə o, tutduğu
yoldan dönməyib.
Bir neçə
qələm sahibinin əsəri olan «Molla Nəsrəddin» aləmində ikinci qüdrətli qələm
ustası poeziyamızda
inqilabi satiranın banisi M.Ə.Sabir idi. Sabir yaradıcılığının
ən parlaq dövrünü ancaq «Molla Nəsrəddin»in nəşri ilə bağlayır. Ən çox «Hop-hop», «Ağlar güləyən»,
«Cingöz bəy» imzaları ilə çap olunan Sabir «Molla Nəsrəddin»də
bir çox başqa gizli imzalarla çıxış
edib. Jurnalda tananmış rəssamların
dərin məzmunlu karikaturaları güldürür,
düşündürürdü.
«Molla Nəsrəddin»
jurnalında atalar sözləri, lətifələr,
poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər,
hikmətli sözlər,
tapmacalar, sual-cavab, etiraf və onlarla formadan istifadə edilib.
Zümrüd Bayramova
Səs.-
2020.- 7 aprel.- S.13