Azərbaycan səhnəsinin
əvəzolunmaz aktrisası
Bu gün Nəsibə
Zeynalovanın anadan olmasının 104-cü
ildönümü tamam olur
Azərbaycan teatrının tarixində
istedadlı aktyorlar çox olub. Milli teatrımızın təşəkkül
tapmasında böyük
xidmətləri olan bu fədailərdən biri də Azərbaycan
teatrsevənləri arasında
“qaynana” kimi sevilən, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının inkişafında müstəsna
rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar
ağırlığını ləyaqətlə çiyinlərində
daşıyan Nəsibə
Zeynalovadır.
AZƏRTAC xəbər verir ki, bu
gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın
anadan olmasının
104-cü ildönümü tamam olur.
O, 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir
tanınmış tacir
və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki,
qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək
ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında
erməni daşnakları
Bakıda kütləvi
qırğınlar törədəndə
Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya
qayıdanda gəmidə
yatalaq xəstəliyinə
tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə
gedib. Onda balaca Nəsibənin
iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəsibə Zeynalova Azərbaycan
realist aktyor məktəbinin
ən layiqli nümayəndələrindən biri kimi formalaşıb
və şöhrətlənib.
Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə,
təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale
əsl səhnə ustası üçün
lazım olan bütün keyfiyyətləri
bəxş etmişdi. Demək olar
ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində
danışmaq, musiqili
teatrımızdan söhbət
açmaq deməkdir.
Ömrünü Akademik Musiqili Teatrı ilə bağlayan aktrisa sənət ocağının
müəyyən fasilələrlə
truppa, Filarmoniyanın
nəzdində dəstə-ansambl
şəklində fəaliyyət
göstərdiyi illərdə
də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında
Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”,
Üzeyir bəy Hacıbəyli), Mələk
xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında
çıxış edib.
Aktrisanın zəngin rollar qalereyasında tərcümə
əsərlərində ifa
etdiyi Kabato və Barbale (“Keto və Kote”),
Ziraldina (“İki ağanın bir nökəri”), Zivər xanım (“Məhəbbət
gülü”), Qesiya
(“Tiflis nəğməsi”), Gülbadam (“Qız anası”) rollarının
xüsusi yeri var.
Nəsibə Zeynalovanın yaradıcılığının
ən parlaq dövrü isə çağdaş bəstəkarların
müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı
bir-birindən fərqlənən
komik personajların ifası ilə bağlıdır.
Uzun illər
gənclik ilhamı ilə canlandırdığı
bir-birinə bənzəməyən
parlaq obrazlar səhnəmizin qiymətli
inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar
hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar
kimi aktyor dostları da dərin sevinc içərisində
olurlar, çünki onunla nə vaxtsa bir səhnədə
çıxış etdiklərini
böyük bir səadət hesab edirlər.
Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı
ilə səhnəmizin
nadir inciləri sırasında
durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə,
teletamaşalarda, intermediyalarda
çıxış etmiş
Nəsibə Zeynalova,
həmçinin Cəfər
Cabbarlı adına
“Azərbaycanfilm”in çoxlu
ekran əsərlərinə
çəkilib. Kino obrazları
içərisində Fatmanisə
(“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”),
Əsli xala (“Bəyin oğurlanması”)
rolları daha canlı və daha şöhrətlidir.
Bədii filmlərdə yaratdığı
bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl
fonduna daxil edilib.
Azərbaycanın Xalq artisti, müxtəlif
dövlət mükafatlarına
layiq görülmüş
Nəsibə Zeynalova üçün ən böyük mükafat – tamaşaçı sevinci,
tamaşaçı alqışı
idi. Onun qazandığı bu alqış və sevgi əbədidir,
tükənməzdir.
Məlumat üçün bildirək
ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının
banilərindən biri,
görkəmli aktyor, teatr xadimi və
pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
silsilə tədbirlərlə
qeyd edilib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Səs.- 2020.- 21
aprel.- S.10.