Ermənələrin Azərbaycan ərazisində ikinci dövlət yaratmaq hüququ yoxdur

 

1828-ci il 10 fevralda Rusiya və Qacarlar imperiyası arasında bağlanan Türkmənçay sülh müqaviləsi Azərbaycanın bölünməsi ilə yanaşı ermənilərin Azərbaycanda məskunlaşdırılmasını da nəzərdə tuturdu. Müqaviləyə əsasən Türkiyə və İrandan ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ ərazisinə köçürüldü. Rusiyanın erməniləri köçürməkdə məqsədi iki türk dövlətini bir-birindən ayrı salmaq idi. Sonradan Rusiya imperiyasının məqsədyönlü siyasəti nəticəsində ərazidə ermənilərin sayı daha da artırıldığı halda azərbaycanlılar öz yurdlarını tərk etməyə məcbur edildi. Beləliklə, Rusiya imperiyası dağıldığı zamanda artıq bölgədə önəmli bir sayda erməni vardı. Lakin azərbaycanlılar hələ də üstünlüyü saxlayırdılar. Çar Rusiyasından qurtulan digər xalqlar kimi ermənilər də öz milli hökumətlərini qurmaq istədilər. Lakin onların Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldığı yerlər pərakəndə və az idi. Buna görə də erməni ziyalıları Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə müraciət edərək İrəvan mahalının onlara güzəştə gedilməsini xahiş etdilər. Yenicə qurlmuş və çətin dövrlərini yaşayan Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin 86 faizini azərbaycanlıların təşkil etdiyi İrəvan nahiyyəsini ermənilərə güzəştə getməyə məcbur oldu. Lakin qarşılığında ermənilər Zəngəzur və Qarabağa olan iddialarından əl çəkməli idilər. Əgər gələcəkdədə belə bir iddia irəli sürülərsə AXC müqavilənin imzalanmasından keçən 100 il ərzində İrəvan nahiyyəsini geri almaq hüququnu saxlayırdı (Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bu hüquq indi ona məxsusdur). Sovet dövründə Azərbaycanın Zəngəzur, üstəlik Göyçə bölgələri də Ermənistana verildi. Müstəqillik qazandıqdan sonra (1991) isə ermənilər Qarabağı işğal etdilər. Bu qədim Azərbaycan toppağında ikinci “erməni dövləti” yaratmağa cəhd etdilər.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq deyir: “Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan “millətlərin öz müqəddəratını təyin etmək” hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda -qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq.” 1987-ci ilin axırlarından o vaxt üçün son olaraq Ermənistan SSR-də qalan 250 minə qədər Azərbaycan əhalisinin planlaşdırılmış qovulmasının başlanması ilə Ermənistan-Azərbaycan münaqişəsinin müasir mərhələsinə təkan verilmişdir. 1988-ci ilin 20 fevral tarixində isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının sessiyasında erməni nümayəndələrinin qəbul etdiyi "DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə verilməsi barədə Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında" qərarı və 1989-cu il dekabrın 1-də Ermənistan SSR-in Ali Sovetinin indiyəcən ləğv edilməmiş "Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" qətnaməsi qəbul edilmişdir. DQMV Vilayət Şurasının erməni nümayəndələri və Ermənistan SSR-in atdığı bu addımlar bütün qanun çərçivələrinin birmənalı və kobud şəkildə pozulması deməkdir və nə onların qəbul edilməsi zamanı mövcud olmuş SSRİ Konstitusiyası, nə də hər hansı beynəlxalq normasına uyğun gəlir.

 

Bu qərarlar yalnız və yalnız erməni tərəfinin təcavüzü hüquqi baxımdan rəsmiləşdirmək cəhdləri kimi qiymətləndirilməlidir. Belə qanunsuz davranışa cavab olaraq, Azərbaycan Respublikası tamamilə əsaslandırılmış şəkildə öz suveren hüququndan istifadə edərək, 26 noyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" qanun qəbul etmişdir.

 

1992-1994-cü illərdə daha da gərginləşən hazırkı Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi təcavüzü formasını almışdır. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərinin qara siyahısına daxil olmuşdur ki, orada qoca, qadın və uşaq da daxil olmaqla, 613 dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.

 

Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın xaricdən dəstəklənən silahlı qüvvələri Azərbaycan ərazisinin beşdən birini təşkil edən Şuşa, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları bütövlükdə, Ağdamın rayon mərkəzi daxil olmaqla əksər hissəsi, Füzulinin rayon mərkəzi daxil olmaqla bir qismi və keçmiş DQMV-nin payına düşən indiki Tərtər rayonunun bir hissəsini həmin ərazilərdə yerləşən 890 yaşayış məntəqəsilə birlikdə işğal edərək, oradakı bütün Azərbaycan əhalisini doğma yurd-yuvasından didərgin salmışdır. Beləliklə, münaqişə nəticəsində təqribən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, təqribən 20 min nəfər həlak olmuş, 50 min yaralanmış, yaxud əlil olmuş, 5 min itkin düşmüş, Azərbaycanın Naxçıvan diyarı isə Ermənistan Respublikası tərəfindən tətbiq edilmiş blokadaya məruz qalmışdır.

 

1994-cü il mayın 12-dən Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs rejimi əldə olunmuşdur.

 

Bu problem Azərbaycan tərəfindən qəti şəkildə qaldırıldığı və bütün bölgənin təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən də kənarda qalmamışdır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrin hər biri Azərbaycana qarşı erməni təcavüzünün növbəti mərhələsindən sonra qəbul olunmuşdur. Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləmiş, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu dönə-dönə vurğulamış və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şəraitin yaradılması barədə ciddi tələb irəli sürmüşdür.

 

Lakin bu tələblərə baxmayaraq, Azərbaycanın əraziləri nəinki işğal altında qalmaqda davam edir, hətta bütün beynəlxalq hüquq normalara zidd olaraq, orada son zamanlar müxtəlif növdən olan qeyri-qanuni fəaliyyət aparılması meylləri güclənməkdədir. İlk növbədə, bu, gəlmə ermənilərin məskunlaşması ilə bağlıdır. Böyük narahatçılıq doğuran yaranmış vəziyyətlə əlaqədar, Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2004-cü ildə baş tutmuş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin daxil edilməsi haqqında qərar qəbul etmiş və məsələ üzrə müvafiq müzakirələr keçirilmişdir. Eyni zamanda Azərbaycan tərəfinin müraciəti əsasında Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma praktikasını təstiq edən faktlardan ibarət sənəd BMT sənədi kimi yayımlanmışdır.

 

1992-ci ildə ATƏM-in Nazirlər Şurası Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏM-in prinsipləri, öhdəlikləri və şərtləri əsasında böhranın sülh yolu ilə həll edilməsinə yönəldilmiş Minsk konfransının (onun işçi formatı, faktiki olaraq, Minsk qrupu ilə təmsil olunur) çağırılması haqqında qərar qəbul etməklə, Minsk prosesinə başlamışdır. 1994-cü ildə keçirilən Budapeşt zirvə toplantısında Minsk prosesinin həmsədrlik institutu təsis olunmuşdur (1997-ci ildən etibarən, o, ABŞ, Rusiya və Fransa üçlüyü ilə təmsil olunur). 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilatın fəaliyyətdə olan sədri münaqişənin həlli üçün əsas olan aşağıdakı prinsipləri bəyan etmişdir:

 

* Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

 

* Dağlıq Qarabağın ona Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə dərəcəsi verən öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan sazişdə müəyyən olunmuş hüquqi statusu;

 

* Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirməsinin təmin edilməsi məqsədilə qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət.

 

Lissabon sammitindən sonra 1997-ci ildə Minsk qrupu çərçivəsində danışıqlar dondurulmuş və həmsədrlərin bölgəyə səfərlərilə əvəz olunmuşdur. Bu səfərlər nəticəsində həmsədrlər tərəfindən 1997-98-ci illər ərzində münaqişənin həllinə dair üç təklif irəli sürülmüşdür. Onlardan birincisi münaqişənin dayandırılması və Dağlıq Qarabağın statusu haqda sazişlərdən ibarət hərtərəfli sazişin layihəsi idi. Azərbaycanın qeyd olunan sənədlərin mahiyyətilə bağlı konstruktiv məsləhətlərə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan bu "paket" təklifini qəti şəkildə rədd etdi.

 

Həmsədrlərin ikinci təklifi münaqişənin mərhələli həllini nəzərdə tuturdu: əvvəl keçmiş DQMV-nin əraziləri və onları Ermənistanla birləşdirən Laçın dəhlizindən başqa bütün işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və oradan didərgin düşmüş əhalinin doğma yurd-yuvalarına qayıtması, sonralar isə ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həlli və Dağlıq Qarabağın statusunun əsas prinsiplərinin qəbul edilməsi. 1997-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan prezidentləri Strasburqda verdikləri birgə bəyanatda həmsədrlərin bu təklifinin danışıqların bərpa edilməsi üçün ümidverici əsas olduğunu təsdiqlədilər. Lakin 1998-ci ilin fevralında Ermənistan Respublikasının Prezidenti L.Ter-Petrosyan bu təkliflə razılaşdığına görə təzyiqlərə məruz qalaraq, istefaya çıxmağa məcbur oldu və məsələdə sərt mövqe tutan R.Köçəryanla əvəz olundu və beləliklə də, Ermənistan tərəfinin əvvəl verilmiş razılığı rəsmən geri götürüldü.

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov erməni mifologiyasını ifşa edə biləcək çoxsaylı tarixi faktların olduğunu qeyd edir:"Bir-birinə zidd olan çoxlu sayda erməni tarixi mənbələri var. Erməni alimlərin dünya tarixini saxtalaşdırma cəhdlərini ifşa etmək üçün real tarixi faktlara müraciət etmək kifayətdir.” O vurğulayıb ki, Ermənistan müqavilə əsasında süni şəkildə yaradılmış dövlətdir. "Dünyada müqavilə əsasında yaradılan dövlətlər var. Onlardan biri Ermənistandır. Belə ölkələr özlərinin uydurma tarixini, mədəniyyətini yaratmağa məcburdur və buna görə bir qayda olaraq başqalarının tarixini, mədəniyyətini, musiqisini mənimsəyirlər",

 

Vahid Ömərov

 

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Səs.- 2020.- 24 aprel.- S.15.