Neft strategiyasının uğurla
reallaşması hədəflərin gerçəkləşməsində
əhəmiyyətli rol oynayır
«Zaman
amili islahatların sürətini, dərinliyini, səmərəliliyini
təmin etmək, ölkənin inkişafı, xalqın
rifahının yüksəldilməsi istiqamətində
qarşıya qoyulmuş vəzifələrin vaxtında
icrasına nail olmaq üçün başlıca faktorlardan
biridir. Azərbaycanın bu gün dünyanı
bürüyən koronavirus infeksiyasına qarşı
mübarizədə nümayiş etdirdiyi təkmil təcrübə
keçilən yolun təqdimatında əhəmiyyətli rol
oynamaqla yanaşı, bu reallığa da işıq salır
ki, hər bir ölkənin inkişafında əsas faktor olan
iqtisadiyyatın düzgün əsaslar üzərində
qurulması, inkişaf konsepsiyasının təkmilliyi hər
bir çətinliyi aradan qaldırmaq üçün
böyük əsasdır. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft strategiyası Azərbaycanın
malik olduğu zəngin enerji resurslarından səmərəli
istifadəsini təmin etdi. Məhz
iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər
verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi
idi. 2003-cü ildən bəri neft siyasətinin məntiqi
davamı olaraq qeyri-neft sektorunun inkişafına,
iqtisadiyyatın şaxələndirilməsinə diqqətin
artırılması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatında
şəffaflığın qorunmasına və ədalət
prinsipi əsasında bölünməsinə, istiqamətləndirilməsinə
yol açdı. Möhtərəm Prezidentimiz İlham
Əliyev ölkənin inkişafında neft-qaz amilinin rolunu
önə çəkərək bu məqamı da xüsusi
qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, həmin
ölkələrin uğurlarının təməlində
ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də
ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə
üstünlük veririk. Bugünkü
uğurlarımıza baxış fonunda bu reallığı
böyük inam və fəxrlə qeyd edə bilərik ki,
dövlətimizin başçısı İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasət, imzaladığı
biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar
10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini
formalaşdırır. Möhtərəm
Prezidentimizin gələcəyə baxış konsepsiyası
çoxşaxəli olduğu qədər də konkret və
məqsədyönlüdür.»Bu fikirləri Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü, «İki sahil»
qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
KİV-ə açıqlamasında bildirib.V.Rəhimzadə qeyd edib ki, malik olduğu enerji
resurslarından səmərəli istifadə etmək məqsədilə
təşəbbüsçüsü və
iştirakçısı olduğu enerji layihələrinin
uğurlu sonluqla başa çatması istiqamətində
ciddi səylər göstərən Azərbaycan 2017-ci ildə
«Yeni əsrin müqaviləsi»ni 2050-ci ilədək
uzatmaqla qlobal tranzit marşrutlarını bir neçə
onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara
uyğunlaşdırdı: «Əməkdaşlığın
regional çərçivədən çıxararaq
coğrafiyasını genişləndirməsi ölkəmizin
etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin
təqdimatıdır. Pandemiya
dövründə keçirilən Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında Sammitində də
Azərbaycanın enerji sektorunda qazandığı uğurlar
önə çəkilərək ölkəmizlə Avropa
İttifaqı arasında imzalanan «Tərəfdaşlıq
prioritetləri» sənədinə diqqət yönəldilmiş
və bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təminatçısıdır. O da etiraf edilmişdir ki,
dövlətimizin başçısı İlham Əliyevin
bu gün qəbul etdiyi qərarlar daha çox
sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi
fonunda müstəqil Azərbaycanın gələcəyini
daha aydın görür, ən əsası beynəlxalq maliyyə
qurumlarının hesabatlarında ən islahatçı
ölkə kimi möhkəmlənən mövqeyinə hər
an yeni əlavələr edəcəyini böyük inam
hissi ilə qeyd edirik. Məhz bu uğurlarımıza söykənərək
cənab İlham Əliyev bu əminliyi ifadə edir ki,
mövcud imkanların vəhdəti Azərbaycanın
yaranmış vəziyyətdən az itki ilə
çıxacağına böyük əsas verir.»
«Qeyd etdiyimiz kimi, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı
üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin
hərtərəfli inkişafına xidmət edən
mühüm sosial-iqtisadi layihələr həyata
keçirilir» söyləyən V.Rəhimzadə qeyd
edib ki, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft
sektorunun inkişafına geniş imkanlar açılıb:
«Bu məqamı da xüsusi qeyd etməliyik ki, bu günə qədər
ümumi daxil məhsul 3 dəfədən çox artıb. «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas
hədəflərdən biri məhz ümumi daxili məhsulun
daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı
yüksək gəlirli ölkəyə çevirmək, ən
əsası inkişaf etmiş ölkələr
sırasında addımlamaqdır. Bu gün böyük
inamla qeyd edə bilərik ki, bu istəyimiz artıq
reallıqdır. Bu gün Azərbaycan dünyanın ən
islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi
kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə
dayanır.»
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın
iştirakçısı və təşəbbüsçüsü
olduğu layihələrin uğurlu icrası nəticəsində
dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil
olur ki, bu da büdcəmizin
sosialyönümlülüyünü artırır, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
davamlı addımların atılmasını şərtləndirir:
«Pandemiya dövründə heç bir sosial layihənin təxirə
salınmaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində davamlı addımların atılması da
möhkəm iqtisadi bazaya və maliyyə imkanlarına əsaslanır.
Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın
yüksəldilməsi yönümündə atılan
addımlara diqqət yetirmək kifayətdir. Ötən il
ölkə Prezidenti tərəfindən təsdiqlənən
iki sosial paket 4,2 milyon insanı əhatə edib. Cari ilin 6
ayında 1,3 milyon nəfərə yaxın şəxsin
pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait sərf
olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən
436,51 milyon manat və ya 24,09 faiz çoxdur. Eyni zamanda, 743 min
nəfərə sosial müavinət və təqaüd
üçün 475 milyon manat vəsait ödənilib ki, bu da
2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon
manat və ya 46,6 faiz çoxdur. Həmçinin aprel-may
aylarında 600 min şəxsə, iyun ayında isə 290 min
nəfərə yaxın vətəndaşa aylıq 190 manat
birdəfəlik ödəmə olunub.»
V.Rəhimzadə onu da
vurğulayıb ki, inkişafın Azərbaycan modelinin bu
gün beynəlxalq səviyyədə təqdir olunması,
eyni zamanda, əksər dövlətlərin təcrübəmizdən
istifadə edərək koronavirusa qarşı mübarizədə
qalib olmaq üçün səylər göstərməsi də
günümüzün reallıqları
sırasındadır: «Mübarizə tədbirlərinə
başlandığı gündən 2008-ci ilin maliyyə və
iqtisadi böhranı səviyyəsində problemlərin
yaşanacağı kimi fikirlərin gündəmdə
olduğu zamanlarda Azərbaycan bu reallığı ortaya qoydu
ki, məhz həmin dövrdə də ölkəmizin
iqtisadiyyatını düzgün əsaslar üzərində
qurması dünyanı bürüyən
maliyyə və iqtisadi böhranını az hiss etməsi ilə
nəticələndi. Ölkəyə investisiya
axınının sürətləndirilməsi, əlverişli
sərmayə mühitinin yaradılması, nəhəng enerji
şirkətlərinin marağını cəlb etmək neft
strategiyasının başlıca tələbləri
kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda
böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun
inkişafını sürətləndirmək
üçün regionların malik olduğu potensialdan səmərəli
istifadə etmək məqsədilə Dövlət
Proqramları uğurla icra edilir. Pandemiya dövründə də
möhtərəm Prezidentimizin regionlara ardıcıl səfərləri
yeni sosial obyektlərin açılışı və təməlqoyma
mərasimlərinin keçirilməsi ilə yadda qalır. Cənab
İlham Əliyev hər zaman vətəndaşının
yanında olduğunu atdığı addımları ilə təsdiqləyir.»
V.Rəhimzadə bu mühüm məqamı
da xüsusi qeyd edib ki, beynəlxalq enerji bazarlarına
çıxmaq üçün investisiya layihələrini qətiyyətlə
davam etdirən, adı nüfuzlu xarici şirkətlər
sırasında çəkilən SOCAR-ın neft siyasətinin
uğurla həyata keçirilməsində rolu
davamlılığı ilə diqqətdədir:
«Əvvəldə də qeyd etdiyimiz kimi, 2018-ci ildə
TANAP-ın, həmçinin «Star» neft emalı zavodunun istifadəyə
verilməsi bir daha bu reallığı təsdiqlədi ki,
SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir:
«Güclü, modern, çevik və rəqabətədavamlı
beynəlxalq qurum kimi fəaliyyətini genişləndirən
SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi
investisiya layihələri ölkəmizin strateji
inkişafına xidmət edir. SOCAR bugünümüzün əsas
çağırışları sırasında olan sosial
müdafiənin gücləndirilməsi istiqamətində
atdığı addımları ilə də diqqətdədir.
Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları
əsasında təsdiqlənən regional inkişaf
proqramları çərçivəsində bölgələrdə
müalicə- diaqnostika mərkəzlərinin tikintisində də
SOCAR fəal iştirak edir. Bu gün həmin müalicə-diaqnostika
mərkəzləri koronavirus xəstələrinin istifadəsindədir.
Diaqnostika mərkəzlərində yaradılan şərait,
yüksək ixtisaslı həkim heyəti xəstələrin
düzgün müayinəsinə və müalicəsinə
böyük dəstəkdir. Dövlətimizin
başçısı İlham Əliyevin həyata
keçirdiyi güclü sosial siyasətin tərkib hissəsi
olaraq SOCAR neftçilərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
davamlı addımlar atır. Pandemiya dövründə digər
müəssisələrdə olduğu kimi, SOCAR-ın
bütün strukturlarında da əməkdaşların
heç bir ixtisarına yol verilmədən mərhələli
iş prosesinin həyata keçirilməsi ilə əmək
haqları ödənilir. Təbii ki, atılan hər bir
addım insan amilinə verilən dəyərin dövlət
siyasətinin ana xəttini təşkil etməsinin göstəricisidir.
Hər bir dövlət qurumu, idarə və müəssisə
möhtərəm Prezidentimizin tapşırıqlarına
uyğun olaraq öz səylərini daha da artırır,
dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsinə
öz töhfələrini verir. Bu çətin günlərdə
birlik, həmrəylik çağırışları
COVID-19-a qarşı mübarizədə qalib olmağın ən
vacib şərti kimi önə çəkilir. Azərbaycan təkcə
ölkə daxilində deyil, beynəlxalq səviyyədə də
atdığı birlik, həmrəylik addımları ilə
diqqətdədir.»
Baş redaktor bu ümumiləşdirməni
aparıb ki, islahatların zamanın tələbinə
uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin
gündəmə gətirilməsi qarşıdakı
dövrün prioritetlərinə işıq salır. Azərbaycanı
inkişaf yoluna çıxaran ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyası bundan
sonra da ölkəmizə möhtəşəm uğurlar
qazandıracaq, yeni-yeni layihələrə yol açacaq.
Səs.- 2020.- 7
avqust.- S.9.