Azərbaycan muğamı bəşəri
musiqiyə çevrilib
Avqustun 26-sı Beynəlxalq Azərbaycan
Muğamı Günü və İpək Yolu üzərində
yerləşən ölkələrin musiqisi günü kimi
qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin
meriyası və ənənəvi olaraq hər il keçirilən
Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən
qəbul olunan bu qərar xalqımızın milli sərvəti
olan muğamın bəşəri musiqiyə çevrildiyini
bir daha təsdiq edir. Bu tarix muğamsevərlər,
ömrünü bu sənətin yaşamasına və təbliğinə
həsr edənlər üçün ən əziz
bayramdır.
Azərbaycan muğamı
dünya ölkələrində birmənalı olaraq qəbul
edilir, dünyanın mədəni irs siyasında nadir əsər
tək qorunur və təqdim olunur. 26 avqust tarixi bütün
muğamsevərlərin, xüsusilə də, bu sənət
növünü yaşadan və onun təbliğinə
daim yaradıcılıq və həyat yolunu həsr edən
şəxslərin bayramıdır. Muğam sənəti Azərbaycanın
professional musiqi mədəniyyətinin şifahi irsinin
mühüm qismini təşkil etməklə, Azərbaycan
xalqının mədəni ənənələrində və
tarixində dərin köklərə malikdir. Bu
mədəni ənənənin Azərbaycanda köklərinin
olması ölkədə onun
daşıyıcılarının sayı, eləcə də,
onun Azərbaycan bəstəkarlarının, rəssamlarının,
heykəltəraşlarının və şairlərinin
tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə
mühüm rolu ilə təsdiqlənir. Muğam sənəti
azərbaycanlılar tərəfindən milli özünüdərk
və özünü eyniləşdirmənin əsasını
təşkil edən başlıca mədəni dəyərlərdən
biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində
yaşayan talışlar, dağlı yəhudilər ləzgilər,
gürcülər, avarlar kimi etnik qruplar arasında da
populyardır.
Həm milli mədəniyyət
üçün, həm də bütün bəşəriyyətin
mədəniyyəti üçün Azərbaycan
muğamının bədii dəyəri, onun yüksək mənalılığı
2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən
etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərlərindən
biri" elan etmişdir.
Muğam - Azərbaycanın ənənəvi
musiqisinin ən iri janrının ümumi adıdır,
muğam formalarının bütün növlərinə
şamil olunur, hərçənd onlardan hər birinin öz
ayrıca adı mövcuddur. Bu janrı təmsil edən
başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan
bütün muğam formaları arasında öz miqyasına
və bədii ideyasına görə ən böyüyü
dəstgahdır. Professional muğam sənətinin tarixinə
mənbələr əsasında diqqət yetirsək, görərik
ki, 1922-ci ildə muğamın tədrisi Bakıda
açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin
dərs proqramına daxil edilmişdir. Tədris
proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının
strukturunda xeyli islahatlara və ənənəvi məhəlli
məktəblərin nisbi unifikasiyasına gətirib
çıxardı. Muğamın tarixinə diqqət etdikdə,
görürük ki, Üzeyir Hacıbəylinin göstərişinə
əsasən, o vaxtın ən nüfuzlu
musiqiçilər qrupu dəstgahların ixtisar edilmiş tədris
versiyalarını işləyib hazırlamışdır.
20-ci və 30-cu illərdə tədris versiyaları ilə
yanaşı, böyük sənətkarların - o vaxtın
ustadlarının genişləndirilmiş versiyaları da
mövcudluğunu davam etdirirdi. Muğam
ifaçılığının yayılmasında və
onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən
XX yüzilin əvvəllərinə qədər Azərbaycan
şəhərlərində yaranmış ədəbi və
musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan",
"Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti,
Şamaxıda "Beytüs-səfa" və Mahmud
ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra",
Gəncədə "Divani-hikmət", Ordubadda
"Əncümən-üş-şüəra", Lənkəranda
"Fövcül-füsəha" idi. Bu məclislərdə
şairlər, ədiblər, musiqiçilər, sadəcə,
ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları
və biliciləri toplaşır, muğamları diqqətlə
dinləyir, musiqinin və şeirin incə ifası ətrafında
müzakirələr aparırdılar. Məclislər
özlüyündən XIX yüzildə və XX yüzilin əvvəlində
Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində
güclü stimul rolunu oynamışdı.
XX yüzilin 20-ci illərindən başlayaraq -
sovet dövründə Azərbaycanda musiqi təhsili, o
cümlədən, muğamın tədrisi 3 mərhələli
sistem üzərinə köçürüldü: məktəb
- texnikum - konservatoriya. Beləliklə,
muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il vaxt aparır. İfaçılar özləri
hesab edirlər ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik çıxışlardan tez olmayaraq
çatmaq olar. Beləliklə, muğam
ifaçısının ustad, yəni öz peşəsində
əsil professional olmasından ötrü 20-25 il
vaxt tələb olunur. Tələbin bu səviyyəsi
özlüyündə muğamı şifahi ənənəli
professional sənət səviyyəsinə qaldırır.
Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də,
30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti
tamamilə dövlətin nəzarəti altına keçir. Sovet dövlətinin
yürütdüyü "dəmir pərdə" siyasəti
uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq
musiqi məkanına çıxışı
bağlamışdı. XX yüzilin əvvəllərində,
Şərq incəsənəti Qərb auditoriyasında maraq
doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum
siyasi vəziyyətə görə, ona sərbəst
çıxışa malik olmadıqları kimi sovet Şərqinin
ənənəvi musiqiçiləri də belə bir
çıxışa malik deyildilər. Müvafiq
olaraq Qərbin bədii məkanında müsəlman Orta
Şərqinin musiqi mədəniyyətlərindən daha
çox yeri ərəb, İran və türk ənənəvi
musiqisi tutmuşdur. Xarici mədəni məkanda
Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə
yanaşı, Azərbaycanın özünün daxilində də
keçən yüzilin 20-30-cu illərin məlum
şüarlarında ifadə olunmuş nihilist tendensiya
("doloy tar!", "doloy muğam") tədricən
muğam sənətinin ictimai statusunu laxlatdı.
XX yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək
olan dövrdə Azərbaycan cəmiyyətində muğamata
primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə
başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən
bir hissəsində muğamatın populyarlığını
azaltmadı. Muğam sənətinə münasibət yalnız
XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi
altında ənənəvi musiqinin ilk beynəlxalq
simpoziumları və festivallarının keçirilməsindən
və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda
doğurmasından sonra dəyişməyə başlayır.
Bu tədbirlər ənənəvi musiqi sənətinə
marağın oyanmasına və ona yüksək dərəcəli
professional sənət olaraq baxışların
formalaşmasına rəvac verdi.
XX yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan
muğam sənəti dünyanın hər yerində dinləyicilərin,
mütəxəssislərin və menecerlərin diqqətini
get-gedə daha geniş şəkildə özünə cəlb
etməyə başlayır. Azərbaycanın ənənəvi
musiqiçiləri beynəlxalq festivallarda iştirak edir,
dünyanın hər yerinə qastrollara çıxır,
onların diskləri Qərbin ən iri səsyazma
studiyalarında buraxılır.
Muğam sənəti XX yüzillikdə Azərbaycan bəstəkarlarının
yaradıcılığına ilham verən qaynaq olmuş və
olaraq qalır.
1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi
teatrının başlanğıcı olan ilk
operasının səhnəyə qoyulduğu tarixdən
muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə
və yeni janrlara həyat vermişdir. Sonuncular
sırasında - muğam operası, simfonik və xor
muğamları, sonata-muğam, caz-muğam göstərilə
bilər. Azərbaycan bəstəkarlarının
ayrı-ayrı əsərlərinin bu gün də
böyüməkdə olan çox uzun bir siyahısı
muğam ənənələrinə əsaslanır.
Müasir dövrümüzdə özünün yeni
bir inkişaf dövrünü yaşayan Azərbaycan
muğamı dövlət tərəfindən qorunur və təbliğ
edilir. Azərbaycan xalqının mədəni ənənələri
və tarixində dərin köklərə malik olan muğam
sənətinin inkişafına və təbliğinə
xüsusi önəm verilir. Muğamı
qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin
fəlsəfəsini gələcək nəsillərə
çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu
tərəfindən irimiqyaslı layihələrin həyata
keçirildiyini qeyd etməliyik. "Azərbaycan
muğamları" layihəsi çərçivəsində
"Qarabağ xanəndələri" musiqi albomunu nəfis
şəkildə nəşr etmişdir. Albomda
24 virtuoz muğam ifaçısının səsləndirdiyi
muğam parçaları qədim və zəngin mədəniyyətimiz
barədə dinləyicilərdə geniş təsəvvür
yaradır.
Milli-mənəvi dəyərlərin qorunması və
Azərbaycan mədəniyyətinin təbliği sahəsində
həyata keçirilmiş layihələr arasında Azərbaycan
muğamının dünyada geniş təbliği məqsədi
ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin
yaradılması önəmli yer tutur. Regionlarda da
Muğam Mərkəzlərinin yaradılmasına dəstək
verən Heydər Əliyev Fondunun təşəbbüsü
Muğam Mərkəzləri inşa olunmuşdur.
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan
muğamının inkişafı və dünyada
tanıdılması məqsədilə müxtəlif
müsabiqələr və beynəlxalq festivallar təşkil
edilərək həyata keçirilir. İlk olaraq fondun
birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan
muğam sənətinin inkişafına və təbliğinə
böyük töhfələr verən muğam müsabiqələrini
və beynəlxalq festivalları qeyd etmək lazımdır.
2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik
yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən
keçirilən muğam müsabiqəsi Azərbaycan
tamaşaçıları ilə yanaşı, xaricdə
yaşayan soydaşlarımız tərəfindən də
razılıqla qarşılandı. Qədim
muğam sənətinin qorunub saxlanılması, zəngin
tarixə malik ifaçılıq sənətinin gələcək
nəsillərə çatdırılması, yeni
ifaçılar nəslinin yetişdirilməsi məqsədi
ilə fond 2007-ci ildən başlayaraq muğam müsabiqəsi
keçirilir.
Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilati dəstəyi ilə dünyada ilk dəfə
olaraq "Muğam aləmi" Beynəlxalq Muğam
Festivalının keçirilib. Festival çərçivəsində
keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq
Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda
muğamsevərlər, elmi tədqiqatçılar və
dünyanın bir çox ölkələrindən dəvət
olunmuş xarici qonaqlar iştirak etmişlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın Azərbaycan muğam sənətinə bu diqqət
və qayğısı muğamın təbliği, tədrisi,
peşəkar musiqi ifaçılığının,
müasir dinləyici mədəniyyətinin
formalaşdırılmasında əvəzsiz rol oynayır.
2008-ci ildə, həmçinin, Fondun Azərbaycan
muğamına həsr olunmuş yeni nəşri - "Azərbaycanın
muğam ensiklopediyası" (iki cilddə) Azərbaycan, rus və
ingilis dillərində nəşr edilmişdir.
Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu
simaları dünya miqyasında Azərbaycan muğam sənətini
təbliğ edərək bu sənəti nadir əsər tək
tamaşaçılar çatdırırlar. Demək olar
ki, bu gün Azərbaycan muğamı dünyanı fəth
edib. Bu sənətin qocaman, yaşlı, gənc
səntkarları hər zaman öyrənir, öz üzərilərində
çalışır və Azərbaycan
müğamını çoxsaylı tamaşaçıya təqdim
edirlər. Belə bir sənət
növü ilə hər bir azərbaycanlı
qürürlanmaqda haqlıdır.
Beynəlxalq Azərbaycan Muğamı Günü və
İpək yolu üzərində yerləşən ölkələrin
musiqisi günü elan olunması bir daha Azərbaycan mədəni
irsinə beynəlxalq səviyyədə verilən qiymətdir. Bu gün
dövlətimizin mədəniyyətimizə, o cümlədən
muğam sənətinə, onu yaşadanlara böyük diqqət
və qayğısı onları yeni-yeni yaradıcılıq
axtarışına həvəsləndirir. Muğamımız bu gün bütün
dünyanı fəth etmək, dilindən, dinindən, irqindən,
miliyyətindən asılı olmayaraq, hər kəsin qəlbini,
ruhunu oxşamaq iqtıdarındadır.
Zümrüd BAYRAMOVA
Səs.- 2020.- 26 avqust.- S.13