"Dağlıq
Qarabağ Muxtar Vilayəti" necə
yaradılmışdı?
Ermənilərin
Qarabağda Azərbaycan tərkibində muxtariyyət
alması və bu vilayəti Sovet dövründə Ermənistanın
tərkiblərinə keçirə bilməməkləri
80-ci illərin sonunda burada işğalçılıq,
seperatçılıq və terrorçuluq siyasətinə rəvac
verdi. Bəs Qarabağda muxtar vilayət necə və niyə
yaradıldı? Bu yazıda həmin dövrün buna gətirib
çıxaran bəzi proseslərinə toxunacağıq.
Qafqaz Bürosunda Qarabağ mübahisələri
Əvvəlcə, Dağlıq Qarabağ Muxtar
Vilayəti (DQMV)-nin yaradılması tarixinə baxaq.
5 iyul 1921-ci il. RKP MK Qafqaz Bürosu plenumunun
iclas protokolundan
İclasda RKP MK üzvü Stalin,
Qafqazbüronun üzvləri Nərimanov, Orconikidze, Kirov,
Oraxelişvili, Fiqatner, Myasnikov, ASSR Xalq Xariji İşlər
Komissarı Hüseynov iştirak edirdilər.
Orconikidze və Nazaretyan əvvəlki Plenumun
Qarabağ haqqında qərarına yenidən baxılması
məsələsini qaldırdılar.
Qərara alındı ki, azərbaycanlılar
və ermənilər arasında milli sülhün zəruriliyindən
və yuxarı və aşağı Qarabağın Azərbaycanla
kifayət qədər iqtisadi əlaqələrini nəzərə
alaraq Dağlıq Qarabağ ASSR tərkibində
saxlanılsın, ona inzibati mərkəzi Şuşa
şəhəri olmaqla geniş vilayət muxtariyyəti
verilsin. Qərar 4 lehinə, 3 bitərəf olmaqla qəbul
olunur. (Fotoya bax-red)
(Mənbə: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64,
siyahı 2, iş 1, v. 118; 122-122ob; К истории образования
Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra
Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə
komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938)
Dağlıq Qarabağ üzrə fövqəladə komissar
təyin olundu.
Azərbaycan Sovet hökuməti 1920-ci il 30
apreldə Ermənistan Respublikasına nota verdi və tələb
etdi ki, Zəngəzurdan və Qarabağdan öz
qoşunlarını çıxarsın. Belə ki, Musavat
hökuməti 1919-cu ildə qoşunlarını Zəngəzurdan
çıxardıqdan sonra erməni silahlı dəstələri
bu bölgəni ələ keçirmiş, azərbaycanlı
əhalini oradan qovmuş və orada erməniləri məskunlaşdırmışdılar.
Bölgə faktiki olaraq ermənilərin əlində idi. Eyni
proses Qarabağda da gedirdi.
1920-ci il 29 noyabr tarixində Ermənistanda Sovet
hakimiyyətinin qurulması ilə xarici sərhədlərlə
yanaşı, sərhədlər daxilində də
bölgülərin aparılması kəskinləşdi. Azərbaycan
İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30
noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də
Qarabağ və onun dağlıq hissəsindən bəhs
olunurdu.
Nərimanovun tələbləri və təzyiqləri
nəticəsində Ermənistan İnqilab Komitəsi 28 dekabr
Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini
bildirirdi. Lakin Ermənistan Qarabağ iddialarından çəkilmək
istəmirdi.
Azərbaycan və Ermənistan
arasında sərhədlərin müəyyənləşdirilməsi
prosesində Dağlıq Qarabağ məsələsi yenidən
aktuallaşdı. Tiflisdə Azərbaycan KP MK-nın Siyasi
Bürosu və Təşkilat Bürosunun, Mərkəzi Komitəsinin
katibi Q.Kaminskinin sədrliyilə keçirilən 27 iyun
iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın
Ermənistanla sərhədi haqqında məsələ
müzakirə edildi.
Bu iclasda 5 maddədən ibarət qərar qəbul
olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan
edilən öz müqəddəratını təyin etməyə
Azərbaycanın baxışı ifadə olundu:
“Məsələnin (Dağlıq Qarabağ
haqqında) yeganə həlli erməni və müsəlman
kütləsinin Sovet quruculuğu işinə geniş cəlb
edilməsi (yoldaş Nərimanovun Bəyannaməsindən
aydın olduğu kimi) ola bilər".
Problemin həlli haqqında Siyasi Büro və
Təşkilat Bürosunun fikrinin Tiflisə
çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun
Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
(MİK) sədri M.H.Hacıyev və xarici işlər naziri
M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə
danışığı oldu.
Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat
Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə
istinad edirlərsə, bəyannamədə hərfən belə
deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını
təyin etmə hüququ verilir".
Hüseynov: "Yaxşı. Hər şeyi
çatdıraram. Hər halda deyim ki, bizim qərarımız,
şübhəsiz, çox soyuq qarşılanacaqdır".
Yenə həmin gün Hüseynov bu barədə Qafqaz
Bürosuna məlumat verdi. Bu məsələ üzrə
Qafqaz Bürosunun fövqəladə plenumunu
çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə
dəvət etmək qərara alındı.
Tiflisdə keçirilən Qafqaz Bürosu
plenumunun iclasında ermənilər Qafqaz Bürosunun 5 iyul
tarixli qərarının qəbul edilməsində Stalinin əsas
rol oynadığını sübut etməyə
çalışırdılar. Lakin hər hansı dəyişikliyə
nail ola bilmədilər.
Azərbaycan SSR özünün
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi
şəkildə muxtariyyət verilməsi nəticəsində
yeni şəraitlə qarşılaşmışdı. Ermənistan
isə Dağlıq Qarabağ məsələsi ilə
bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan
arasında münasibətləri kəskinləşdirməyə,
Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun
işlərinə qarışmaq imkanlarından istifadə edərək,
bu bölgəyə olan iddialarını həyata keçirməyə
çalışırdı.
5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan
rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə
başlanmalı idi. Bununla əlaqədar olaraq
Azərbaycan MİK Rəyasət Heyətinin həmin ilin 19
iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları
bəyənilmiş, Azərbaycan KP MK Siyasi Bürosu və Təşkilat
Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin əsasnaməsinin
hazırlanması üçün komissiya yaradılmışdı.
1923-cü il iyulun 1-də Azərbaycan KP MK Rəyasət
Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ
haqqında məsələni dinləyərək 6 bənddən
ibarət qərar qəbul etdi. Azərbaycan MİK-ə
Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz
Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti" yaratmaq təklif
olundu. Sərhədlərlə bağlı məsələləri
müəyyən etmək üçün komissiya (Qarayev - sədr,
üzvlər: Karakozov, Sviridov,
İldırım və Bünyadzadə) yaradıldı və
s.
1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri
Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar
qəbul etdi. İyulun 7-də Komitədə M.B.Qasımov
(1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə
"Dağılq Qarabağ muxtar vilayəti yaradılması
haqqında" dekret verildi.
Dekret preambula, 4 bənd və müştərək
komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan KP MK-nın
qərarı ilə dekretin adı arasında fərq
vardır, çünki Qarabağın aran və
dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə
ayırmaq əvəzinə, yalnız Dağlıq
Qarabağı ayırmaq qərara alınmışdı.
Dekretin "Qarabağ Muxtar vilayəti” deyil Dağlıq
Qarabağ Muxtar Vilayəti adlandırılması diqqəti cəlb
edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti
haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə
çap olundu.
Beləliklə, Qarabağa muxtariyyət verməyə
məcbur olan Azərbaycan rəhbərliyi onun aran hissəsini
ayıraraq yalnız dağlıq hissəsində sonradan məskunlaşmış
ermənilərə muxtariyyət statusu vermişdi.
Dağlıq Qarabağın Azərbaycanın
tərkibində saxlanması və ona muxtariyyət verilməsi
məsələsində Ermənistanın mövqeyi də
maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin
bu şəkildə həlli ilə razılaşmaq istəməmiş,
1921-ci il iyulun 16-da Ermənistan KP MK Qafqaz Bürosunun 5 iyul
tarixli qərarının onu təmin etmədiyini bildirmiş
və Dağlıq Qarabağa iddiasını davam etdirməyə
başlamışdı.
Lakin sonra prosesi son məqsədinə
uyğunlaşdırmağa başlamış, Dağlıq
Qarabağ uğrunda mübarizə belə bir formula
almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən
onun Azərbaycanın idarəsi altından
çıxarılmasına- Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsinə doğru!
Bu formulanın əsasınında
Dağlıq Qarabağda və onun ətrafında erməni
şovinizminin gücləndirilməsi dururdu. İş o yerə
çatmışdı ki, Rusiya KP MK XII qurultayında (1923,
17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən bəhs
etmişdi.
Ermənilər çox keçmədən
əsl niyyətlərini açıqladılar. Şaduns 13
iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, “bu
muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya
Ölkə Komitəsilə bağlı olmalıdır;
"Zaqfederasiyanın rəhbərləri problemin belə
alternativ, daha ağıllı həllinə getmədilər".
Bununla o, Ermənistanın Dağlıq
Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas
formulası haqqında yuxarıda söylənənləri
çox aydın təsdiq edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan Qarabağın dağlıq hissəsinə muxtariyyət
verilməsi və onun ətrafında yaranan məsələlərə
münasibət Kirovun AKP-nin VI qurultayında (1924, 5 may)
çıxışı ilə yekunlaşdırılır.
O, həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət
həll etdik və şübhəsiz tamamilə düzgün
iş gördük. Bu məsələni, əsasən, yenidən
həll etməyə qayıtmayacağımıza heç bir
şübhə yoxdur…
Göründüyü kimi,
Qarabağda və bütün Qafqazda çox mürəkkəb
və ziddiyyətli proseslərin getdiyi bir şəraitdə
ermənilər təşkilatlanaraq bu ərazini Ermənistan tərkibinə
keçirmək, bu mümkün olmadıqda isə muxtariyyət
statusu almaq üçün var gücləri ilə
çalışıblar. Sovet dövrundə dəfələrlə
DQMV-nin Ermənistan tərkibinə verilməsi ilə
bağlı məsələ qaldırsalar da, buna nail ola bilmədilər.
Nəhayət Qobaçovun hakimiyyətə gəlişindən
sonra Qərb dövlətlərinin və xaricdəki erməni
diasporunun da fəal dəstəyi ilə münaqişəni
alovlandırdılar ki, bu da çox keçməmiş
müharibə fazasına keçdi. 1-ci Qarabağ müharibəsində
Ermənistan Qarabağı hərbi yolla ələ
keçirib işğal edə bilsə də, 26 il sonra Azərbaycan
eyni yolla öz ərazisini işğaldan azad etdi. DQMV 1991-ci
ildə ləğv edilib və bu bölgə hazırda Azərbaycanın
digər bölgələri kimi adi statusa malikdir.
Altay
Yazıda Elmlər
Akademiyası Tarix İnstitutunun materiallarından istifadə
edilmişdir
Səs.- 2020.- 16
dekabr.- S.15