Vətən savaşında tarixi Zəfər
Heydər Əliyevdən İlham Əliyevə...
Ölkəmizin Dağlıq
Qarabağ və ətraf ərazilərində Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə erməni
işğalçıları üzərində
qazandığı hərbi-siyasi Zəfər
xalqımızın çoxəsrlik tarixinin ən
böyük hadisəsidir. Tarixin ən
müxtəlif dövrlərində Səfəvilərdən
Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların
iştirak etdikləri müharibə və yürüşlərdə
qazanılmış qələbələrdən heç
birində Azərbaycan faktoru indiki qədər mühüm yer
tutmamış, ümummilli əhəmiyyət kəsb
etməmişdir.
Dağlıq Qarabağda və ətraf
rayonlarda qazanılmış böyük Zəfər məhz
Azərbaycan naminə, Azərbaycanın
bütövlüyü uğrunda aparılan müharibənin
parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir.
Ona görə də bu müharibə haqlı olaraq xarakteri
etibarilə Vətən müharibəsi adlandırılır.
Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və müzəffər
Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.
Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən
xilas edilməsinin ilkin təməli xalqımızın
Ümummilli Lideri Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər
Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri
kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki
çıxışlarında Dağlıq Qarabağın
xalqımıza məxsus olmasını bəyan etmiş, bu
münaqişənin ilk növbədə sülh yolu ilə,
danışıqlar vasitəsilə həll olunmasına tərəfdar
olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy
göstərdiyini bildirsə də, müharibə yolu ilə
də qələbəyə nail olmaq variantını nəzərə
çarpdırmışdır.
Lissabon sammitində ölkəmizin
ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət
tərəfindən bir daha yekdilliklə tanınması və
Birləşmiş Millətlər Təşkilatının
Dağlıq Qarabağdakı ərazilərimizin
işğaldan azad edilməsi haqqındakı qətnamələrin
yerinə yetirilməsinin dəstəklənməsi Ulu
Öndər Heydər Əliyevin apardığı müdrik
siyasətin uğurlu nəticəsi idi. Görkəmli
dövlət xadimi Heydər Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü prinsipi əsasında həll edilməsinin
formatını müəyyən etmiş, beynəlxalq miqyasda
həmin formatın obyektivliyi haqqında ictimai rəy
formalaşdırmışdır.
Bu məqsədlə Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil
dövlətin milli ordu quruculuğunun əsaslarını
yaratmış və silahlı qüvvələrimizin peşəkar
kadrlarla, yeni nəsil mütəxəssislərlə,
müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli
addımlar atmışdır. Ölkəmizin
iqtisadiyyatını inkişaf etdirmək və zəruri
hazırlıq işlərini aparmaq baxımından vaxt və
imkan qazanmaq üçün atəşkəs sazişinə
nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir.
Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə
ordumuz tərəfindən Horadizin düşməndən azad
edilməsi ilə Azərbaycan torpaqlarının müharibə
yolu ilə geri alınmasının mümkünlüyü
sınaqdan çıxarılmışdır.
Bütün bunlarla bərabər, Azərbaycan
xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə
tam və qəti qələbəyə nail olması kimi tarixi
missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyev, ilk
növbədə, Azərbaycan Respublikasını iqtisadi cəhətdən
inkişaf etdirilmiş ölkə səviyyəsinə
çatdırmaq vəzifəsini uğurla yerinə
yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində
İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən
bütün sahələrdə şaxələnmiş
böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq
maliyyə qurumları müstəqil Azərbaycan
Respublikasının iqtisadi göstəricilərinə görə
regionda və dünyada ən yüksək reytinqə malik olan
dövlətlərdən birinə çevrildiyini dönə-dönə,
dəfələrlə bəyan etmişlər.
İkincisi, Prezident İlham
Əliyevin Azərbaycan Respublikasının müdafiə
qüdrətinin artırılması istiqamətində
ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü
siyasət Dağlıq Qarabağda böyük Qələbəyə
aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata
keçirilmiş böyük islahatlar: şəxsi heyət
arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik
tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən
müasir hərbi texnika ilə silahlandırılması,
yüksək ixtisaslı, peşəkar zabit korpusunun
formalaşdırılması Azərbaycana regionda ən
güclü orduya sahib olmaq imkanı
qazandırmışdır. Dövlət
başçımızın fərmanı ilə Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin
yaradılması və bu qurumun normal iş fəaliyyətinin
təşkil edilməsi də Böyük Zəfərin
qazanılması yolunda atılmış əhəmiyyətli
addımlardan biridir. Hələ on il bundan qabaq
Azərbaycan Respublikasının dövlət büdcəsində
ordu quruculuğuna, hərbi xərclərə ayrılan vəsaitin
Ermənistan Respublikasının ümumi büdcəsindən
çox olmasının təmin edilməsi sülh və
danışıqlar yolu ilə yanaşı, zərurət
yarandığı təqdirdə müharibə
versiyasının işə salınmasına dövlət səviyyəsində
aparılan hazırlıqların mühüm göstəricilərindən
biri idi. Buna görə də hələ neçə illər
bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan
Ordusunu bütün əsas göstəricilərinə görə
dünyanın ən güclü əlli ordusundan biri hesab
etmişdilər. Prezident İlham Əliyev
Qarabağ - Vətən müharibəsinə mühüm
hazırlıqlardan sonra inkişaf etmiş Azərbaycan Ordusu və
vətənpərvər Azərbaycan əsgəri ilə
başlamışdır. İlham Əliyev bundan əvvəl
2016-cı ildə Lələtəpədə və 2018-ci ildə
Naxçıvanda uğurlu döyüş əməliyyatlarına
rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini
düşməndən azad etməyə nail olmaqla sonralar
başlayacağı Vətən müharibəsinin məşqlərini
keçmişdir. Cəbhədəki uğurlu Lələtəpə
və Naxçıvan əməliyyatları və Çocuq
Mərcanlı qəsəbəsinin salınması vaxtilə
görkəmli dövlət xadimi Heydər Əliyevin Horadizi
düşməndən xilas edərək, təmas xəttində
normal həyatın bərqərar olunmasının yaradıcı
şəkildə davam etdirilməsi kimi də mühüm əhəmiyyətə
malik hadisə idi.
Üçüncüsü, Azərbaycan
Respublikasının beynəlxalq nüfuzunun
artırılması, planetimizdə etibarlı müttəfiqlərin
və tərəfdarların qazanılması da Qələbəyə
doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına,
Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi,
dünya ölkələri, xüsusən region dövlətləri
ilə qurulmuş və inkişaf etdirilmiş əlaqələrə
nail olması və sair kimi mühüm addımlar ölkəmizin
beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirmişdir.
Beynəlxalq təşkilatlar və region dövlətləri
arasında ölkəmizin qazandığı böyük
etimad gələcək Böyük Zəfərin əldə
edilməsinin əsas faktorlarından biri olmuşdur.
Beynəlxalq münasibətlərdə
illər uzunu birtərəfli qaydada seçilmiş hər
hansı ölkələr qrupu ilə deyil, Şərqdə də,
Qərb masştabında da demək olar ki, bütün ölkələrlə
sağlam əlaqələr yaradan Azərbaycan
Respublikasının qazandığı yüksək etimad Vətən
müharibəsində dövlətimizin haqlı mövqeyinin
düzgün qavranılmasını və dəstəklənməsini
şərtləndirmişdir.
Dördüncüsü, təməli
böyük uzaqgörənliklə Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki
dövlət” düsturu əsasında möhkəmləndirilmiş
Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı
da Vətən müharibəsindəki Zəfərin ən mühüm
amillərindəndir. Vaxtilə Heydər
Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət
Məclisində səsləndirdiyi "Tək millət - iki
dövlət” kəlamı əvvəlcə hər iki ölkədə
atalar sözünə çevrilmiş, tədricən daha da
dərinləşərək iki qardaş ölkə
arasındakı münasibətlərin strategiyası
statusu qazanmışdır.
Beşincisi, dünyanın istənilən
ölkəsi ilə müqayisədə Azərbaycan
Respublikasında yaranmış çox möhkəm
xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat
vermişdir. Vətən müharibəsində Ali Baş
Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan
xalqı olmuşdur. Dünyanın hansı ölkəsində
yaşamasından asılı olmayaraq, əlli milyondan
çox Azərbaycan xalqı Vətən müharibəsində
birmənalı şəkildə Prezident İlham Əliyevi
yüz faiz dəstəkləmişdir. Bu məqamda
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində Dünya Azərbaycanlılarının
qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının
yaradılması və fəaliyyətinə dövlət səviyyəsində
dəstək verilməsi etibarlı təməl rolunu
oynamışdır.
Çoxmilyonlu Azərbaycan
xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi
iradəsi, sərkərdəlik məharəti, diplomatik
bacarıqları, dərin analitik təfəkkürə,
xarici dillərdə sərbəst nitq mədəniyyətinə
malik olması faktorları istənilən məqamda, xüsusən
Vətən müharibəsi kimi çətin və məsuliyyətli
sınaqda xalqımıza böyük uğur
qazandırmışdır. Prezident İlham
Əliyevin Vətən müharibəsi dövründə və
tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi
müraciətlərdə, dünyanın müxtəlif
ölkələrinin otuza yaxın aparıcı xəbər
agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində
verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq,
sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən
vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin
taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan
kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və
informasiya müharibəsində, həm də birbaşa hərbi
əməliyyatlara rəhbərlik etmək sahəsində
qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş
etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident
İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına
apardığı siyasi-ideoloji mübarizə Vətən
müharibəsində döyüşən orduda da Qələbəyə
xidmət etmişdir. Ali Baş Komandan şiddətli
döyüşlərin getdiyi ən çətin günlərdə
nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir
məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə
beynəlxalq ictimai rəydə müharibəni udmuşdur.
Dünya ölkələri Vətən müharibəsi
dövründə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin timsalında yüksək
hazırlığa, qeyri-adi bacarıqlara və geniş
dünyagörüşə malik olan fərqli bir liderlə
qarşılaşmışdır. Hərtərəfli
hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri,
dönməz iradəsi və qətiyyəti etibarilə
İlham Əliyev dünya liderlərinin mütləq əksəriyyətindən
rəqabətdə qabağa getmişdir. Həqiqi bir qüdrətli
liderə malik olmaq baxımından isə hamıdan çox
Azərbaycan xalqı qazanmışdır. Prezident İlham
Əliyev nəinki dünya liderlərinin ön sırasına
çıxmış, mənsub olduğu xalqı və rəhbərlik
etdiyi ölkəni də böyük xalqların və
dövlətlərin cərgəsinə yüksəltməyi
bacarmışdır. Prezident İlham Əliyev Vətən
müharibəsində qazandığı böyük Zəfərlə
çoxəsrlik Azərbaycan tarixinə müasir
dövrün qalib Ali Baş Komandanı və Müzəffər
Dövlət Rəhbəri kimi daxil olmuşdur.
Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar
Ermənistan tərəfindən işğal edilmiş
torpaqlarının düşməndən azad edilməsinə,
ərazi bütövlüyünün təmininə nail olmaq
şansı qazandırmışdır. İlham Əliyevin
əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin
uydurduğu böyük Ermənistan mifi darmadağın
edilmişdir. Erməni diasporu və lobbisi haqqında mövcud
olan ictimai rəyin də süni şişirtmədən
başqa heç nə olmadığı
isbatlanmışdır. Vətən müharibəsində
qazanılmış hərbi-siyasi Zəfərdən sonra
vaxtilə İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi
radikal millətçi bolşeviklərin məkrli diktəsi
ilə Azərbaycanın tərkibində uydurma şəkildə
ermənilərin xeyrinə yaradılmış muxtariyyət
statusu da artıq tarixin arxivinə getmişdir. Bundan başqa, İlham Əliyevin Vətən
müharibəsindəki tarixi Zəfəri Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyanı mat vəziyyətinə
salmış, onun başçılıq etdiyi başabəla
ölkəni sonu görünməyən müddətdə dərin
iflasa uğratmışdır. Ermənistan Respublikasının
mövcud hərbi-siyasi böhrandan xilası üçün
bu ölkəyə on illiklərlə vaxt tələb olunur.
Ermənistan hazırda dünyadan təcrid olunmuş,
siyasi-iqtisadi və mənəvi böhranın məngənəsində
çapalayan, məhv olmağa doğru gedən bir ölkəyə
çevrilmişdir. Ermənistanın hazırkı hərbi-siyasi
mənzərəsində onu bu dərin böhrandan xilas edəcək
hər hansı bir "xilaskar” görünmür. Süni şəkildə ərazi iddiaları
xülyasına uymuş, koronavirusdan da betər ifrat millətçilik
xəstəliyinə yoluxmuş erməni başbilənlərindən
birinin digərini əvəz etməsi ilə Ermənistanda vəziyyətin
əsaslı şəkildə dəyişdiriləcəyinə
inanmaq mümkün deyildir.
Beləliklə, Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin qazandığı Zəfərlə müstəqil
Azərbaycan dövləti:
- Özünün itirilmiş qədim
torpaqlarını işğalçılardan təmizləmişdir.
- Ərazi bütövlüyünü təmin
etmişdir.
- Qəhrəman Ordumuz hərbi
bacarıqlarını və imkanlarını dünyaya
göstərmişdir.
- Ölkədə möhtəşəm birliyə
nail olmuşdur.
- BMT-nin Dağlıq Qarabağla əlaqədar
qətnamələrinin həyata keçirilməsini təmin
etmişdir.
- Dünyanı yalançı erməni
uydurmalarından və erməni faşizmindən xilas
etmişdir.
- Ermənistan Respublikasına, daha çox isə
erməni xalqına xəyalpərəst yuxudan ayılmaq,
region ölkələri ilə qarşılıqlı etimad əsasında
özünün yeni həyatını qurmaq üçün
şans yaratmışdır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin və Ermənistan Respublikasının baş
naziri Nikol Paşinyanın imzaladıqları 10 noyabr 2020-ci il
tarixli razılaşma sənədi regionda qarşıdurmalara
və müharibəyə son qoyan, nahaq qanların
axıdılmasını dayandıran, Azərbaycan
xalqına qarşı edilmiş böyük ədalətsizlikləri
aradan qaldıran, bölgədə sülh və əməkdaşlığa
yol açan əhəmiyyətli bir deklorasiyadır. Razılaşma sənədindəki müddəalara
əsasən, müharibənin dayandırılması, qəhrəman
Azərbaycan əsgərinin əzmi ilə azad edilmiş ərazilərdən
başqa, işğal olunmuş Ağdam, Kəlbəcər və
Laçın rayonlarının silah-sursat işlədilmədən,
şəhid verilmədən geri qaytarılması
mühüm diplomatik qələbə və böyük tarixi
hadisədir. Eyni zamanda razılaşma sənədinin
müddəalarına əsasən, Naxçıvan Muxtar
Respublikasına gedən nəqliyyat dəhlizinin
açılması ölkəmizin qardaş Türkiyə
Cümhuriyyəti ilə, oradan da Avropa və əksinə,
Asiya ölkələri ilə əlaqələrinin daha da
genişləndirilməsinə, Pekindən Londona qədər
uzanan tarixi İpək yolunun yenidən bərpa edilməsinə
geniş imkanlar açılmışdır. Bu,
Naxçıvan Muxtar Respublikasının illərdən bəri
davam etməkdə olan çətin blokada şəraitindən
xilas edilməsinə və Azərbaycanın ayrılmaz bir
parçası olan bu diyarın ölkəmizin digər
rayonları ilə əlaqələrinin yenidən
formalaşmasına xidmət edəcəkdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə
Şuşanın alınması günündə və əslində
Vətən müharibəsində qələbəmizin təmin
edildiyivaxtda Fəxri xiyabana gedərək xalqımızın
Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər
Əliyevin məzarını və abidəsini dərin
ehtiramla ziyarət etməsi qırx dörd günlük
müharibə dövrünün ən təsirli və unudulmaz
tarixi hadisələrindən biridir. Bu ibrətamiz
hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş
Dağlıq Qarabağ münaqişəsinin həllində
Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın
uğurla başa çatdırılmasının şərəfli
bir hesabatını vermişdir. Dövlətçilik
baxımından son dərəcə əhəmiyyətli olan
bu mühüm hadisə siyasi varislik cəhətdən də
mühüm əhəmiyyətə malikdir. Fəxri
xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan
dövlətinin yaradıcısı Heydər Əliyevin
müstəqil dövlətçilik ideallarının
hansı miqyasda və necə həyata keçirilməsinin
bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi
olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi
tərbiyəsi üçün də xüsusi öyrənilməyə
layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət
kəsb edir.
Prezident İlham Əliyevin sərəncamı
ilə təsis edilmiş 8 noyabr Zəfər Günü
çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə
yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan
İlham Əliyevin, xalqımızın və rəşadətli
Ordumuzun qazandığı böyük tarixi Zəfərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə
kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq
salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət -
iki dövlət” strategiyasının real təntənəsidir.
Böyük Zəfər Günü - gələcək daha
böyük zəfərlərin bələdçisi və təminatçısıdır.
Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan
Ordusunun qazandığı Böyük Zəfər
Günü ölkəmizə, regiona və dünyaya daha
böyük zəfərlər vəd edir.
Zəfərlərin mübarək olsun, Azərbaycan!
İsa HƏBİBBƏYLİ, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik.
Səs.- 2020.- 12 dekabr.- S.8-9