Qarabağın erməniləşdirilməsi
tarixi
Ərəb xilafəti
dağılarkən onun ərazisində dirçələn
yerli dövlətlər içərisində heç bir erməni
dövlətinin olmaması Cənubi Qafqazda ermənilərin
ümumiyyətlə dövlətçilik tarixinə malik
olmadıqlarını sübut edir
Ermənilərin özlərini
dünyanın ən qədim xalqı hesab etməsi, Qafqazda, o
cümlədən Qarabağda qədimlərdən aborigen xalq
olmaları və burada qədim mədəniyyət haqda cəfəngiyyatları
tarix elmində heç bir fakta, sənədə, dəlilə
söykənməyən uydurmalardır. Bu uydurmalara
dünyada özlərindən başqa heç kim inanmır,
lakin bu onlara bu cür utopik saxta tarixi xəritələr və
mədəni abidələr düzəltməyə mane olmur.
Lakin elm nağıllara yox, tarixi faktlara, sənədlərə
əsaslanır. Bu yazıda Qarabağın tarixi haqda bəzi
məlumatları oxucularımızla bölüşəcəyik.
Qarabağın tarixində əsas
dəyişikliklər Ərəb xilafətinin
işğalları və bunun nəticəsində Albaniya
dövlətinin süqutundan sonar baş verib. Ərəb
işğallarınadək Qarabağın tarixi əhalisi
etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya
kökündən olduğu halda, bu dövrdə Ərəb
xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət
nəticəsində vilayətin dağlıq hissəsində
ermənilərin dini üstünlüyünün təmin
edilməsi, zaman keçdikcə etnik sahədə də
özünü göstərdi: Albaniyanın tarixi Arsak
bölgəsi əhalisinin əvvəlcə
qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə
başlandı.
Azərbaycanın bu bölgəsində
qriqoriyanlaşdırma və erməniləşdirmə proseslərinin
səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının
mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda
necə əks olunması məsələləri akad.
Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq
edilmişdir.
Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən
erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən
də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın "VII əsrdən (qəti olaraq
VIII əsrin əvvəllərindən) Alban kilsəsinə
erməni kilsəsinin bir hissəsi kimi
baxılırdı" və bu zaman Arran vilayətindən
Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini
iddia edən fikrinə etiraz edərək yazır:
"İki müxtəlif anlayış olan erməniləşdirmə
və qriqorianlaşdırma anlayışlarının
qarışdırılması diqqəti cəlb edir. Bu yerdə
erməni kilsəsinin köməyi ilə Arran əhalisinin
yalnız qriqorianlaşdırılmasından
danışıla bilər. S.T.Yeremyanın bu barədəki
nöqteyi-nəzəri o qədər də doğru deyildir,
çünki Arran vilayətində Sünik vilayəti və
Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə
yaxın erməniləşdirilmişdir".
Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi
nəticə!) bir daha təsdiq edir
ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən
erməni olmamış, əksinə yerli Azərbaycan-alban
tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər,
daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış,
sonra isə erməniləşdirilmişlər.
Populyasiyanın etnogenezi və onun
qarşılıqlı əlaqəsi haqqında informasiya verən
və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji
tədqiqatlar da bunu sübut edir.
Heç də təsadüfi deyil ki, Ərəb xilafəti
parçalandıqdan sonra Albaniyanın həmin ərazisində
Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin
sonlarına yaxın Sünik padşahlığı
dağıldı, buradakı hakim sülalə 1166-cı ildən
knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş
oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində
Arsax ərazisində təşəkkül tapan Xaçın
knyazlığı İ.A.Orbelinin sözləri ilə desək
"qədim Albaniyanın bir hissəsi" idi".
Beləliklə, tamamilə təbiidir ki, Ərəb
xilafəti dağılarkən onun ərazisində dirçələn
yerli dövlətlər içərisində heç bir erməni
dövləti olmamışdır. Bu da, Azərbaycandan və
Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin
ümumiyyətlə dövlətçilik tarixinə malik
olmadıqlarını sübut edir.
Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri,
xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü
bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin
daha da artdığı bir dövr idi. Sacilər və
Atabəylər faktik olaraq Azərbaycanın tarixi
torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.
Keçmiş Albaniya ərazisində yaranmış
Xaçın knyazlığı Mehranilər nəslinə mənsub
olan Həsən Cəlalın dövründə (1215-1261)
yüksək inkişaf mərhələsinə
çatmışdı.
Təsadüfi
deyil ki, dövrün narrativ və epiqrafik abidələrində
o, "Xaçın ölkələri knyazı",
"Xaçın və Arsax ölkələrinin əzəmətli
knyazı" titulları ilə yanaşı, "Albaniya
hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın
bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur.
Onun zamanında Alban memarlığının ən
mühüm incilərindən biri olan Gəncəəar
monastrı tikildi.
Monqolların birinci yürüşü zamanı
(1220-1222) zəifləmiş Atabəylər dövlətinə
son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda
hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun
hakimiyyəti altında idi.
Monqolların 2-ci yürüşü və Azərbaycanın
işğalının başa çatması ilə
(1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali
monqol xaqanlığının (1239-1256), sonra isə
Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində
idi.
Həmin
dövrdə "Qara" və "bağ" söz birləşməsi
- "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil
edilir. V.Piriyev yazır: "Arran Qarabağı" adı ilk
dəfə Rəşid əd-Dinin "Came ət-təvarix"
əsərində 1284-cü il hadisələrinin
şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində
dağlıq və dağətəyi torpaqları birləşdirən
vahid ərazidən ibarət idi.
XIII-XIV əsrlərdə Qarabağ Hülakular dövlətinin
siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd
edir ki, "Monqol hökmdarlarının daima Qarabağda
qışlamaları bir sıra dövlət səviyyəli
hadisələrin burada baş verməsinə səbəb
olmuşdur. Təkcə onu göstərmək
kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və
Arpa xan) səltənət taxtına Qarabağda
çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid)
Qarabağda vəfat etmişdir".
XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan
torpağı idi və onun əhalisi də, əsasən, Azərbaycan
türklərindən ibarət idi. XV əsrdə
Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu
(1468-1501) dövlətlərinin tərkibində idi. Lakin
Qaraqoyunlular dövründə Qarabağın sonrakı
tarixində özünü göstərəcək bir hadisə
baş verdi. XV əsrdə
keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər)
Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü 5 alban
feodal knyazlıqları- məliklliklərinə
(Gülüstan, Cəraberd, Xaçın, Vərəndə,
Dizaq) parçalandı.
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə
(1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə
başlandı. XVI əsrin ortalarında Azərbaycan
torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi
başa çatdı.
Bununla Azərbaycan Səfəvi dövləti regionun 2 ən
qüdrətli dövlətindən birinə çevrildi. Belə
olduğu halda o dövrdə ermənilərin hər hansı
etnik-siyasi üstünlüyü mümkün olan məsələ
deyildi. Əksinə, həmin dövrdə
Azərbaycanın etnik və siyasi sərhədləri daha
aydın şəkil alır.
Səfəvilər Azərbaycanda 4 bəylərbəylik
yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə
bəylərbəyliyi idi. Osmanlıların bu
torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər
həmin bəylərbəyliyin inzibati-ərazi
bölgüsü haqqında aydın təsəvvür
yaradır. 1593-cü il məlumatına
görə Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə
bölünürdü.
Burada qeydə
alınan 1,3 mindən çox toponimik
vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara
məxsus idi. Bunlardan heç biri ermənilərə
məxsus olmamışdır.
Səfəvi dövlətinin zəifləməsindən
sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı
dövlətləri arasında müharibələr
meydanına çevrildi. Bu dövrdə Gəncə-Qarabağ
torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində
olmuşdur. Həmin dövrdə tərtib
olunan Osmanlı dəftərləri də azərbaycanlıların
bölgənin əsas əhalisi olduğunu sübut edir.
Hesablamalara görə 1727-ci ildə Gəncə-Qarabağ
əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini
(66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər
(daha doğrusu qriqorianlaşmış və erməniləşmiş
albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil
etmişdir.
Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik
göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən
fəallaşır.
Digər
tərəfdən, sonuncu Səfəvi hökmdarı III
Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah
Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina
edən Gəncə-Qarabağ bəylərbəyliyinin
türk-müsəlman əhalisinə qarşı ağır
cəza tədbirləri həyata keçirdi ki, bu amil də
Qarabağın qriqorianlaşmış alban məliklərinin
mövqeyini gücləndirdi və onların separatizminə təkan
verdi. Nadirin ölümü ilə onun dövləti
parçalandı, Azərbaycanda yerli dövlətlər-
xanlıqlar yarandı.
Azərbaycan, xanlıqların timsalında
özünün dövlət müstəqilliyini növbəti
dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin
ərazisində 2 Azərbaycan xanlığı- Gəncə
və Qarabağ xanlıqları yarandı. Onların da əhalisinin böyük əksəriyyəti
müsəlman azərbaycanlılardan ibarət idi. Bu nisbət sonrakı dövlərlə İran və
Osmanlıdan köçürülən ermənilərin
xeyrinə dəyişməyə başladı. Bu haqda əvvəlki yazılarımıza geniş bəhs
etmişik.
Altay
Səs.- 2020.- 12 dekabr.- S.15.