Zəfər tariximizin Qarabağ salnaməsi
Azərbaycan Ordusu Prezident, Müzəffər
Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi
ilə 44 günlük Vətən Müharibəsində tarix
yazdı
Hər kəsə bəlli olan fakt ondan ibarətdir
ki, müharibə böyük itki, tələfat, bir sözlə,
faciələr deməkdir. Dinindən, irqindən,
tutduğu mövqeyindən asılı olmayaraq kimsə
müharibə arzu etməz və ölkəsinin odlu-alovlu
olmasını istəməz. Çünki Allahın
yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq
içində yaşamaq, səmasının aydın,
torpağının rahat nəfəsini duymaq istər.
Amma haqqının tapdandığı, torpağının
işğal edildiyi, insanlarının qətliamlara
düçar olub, ev-eşiyindən zor gücünə didərgin
salınmasına heç bir halda dözmək olmaz. Bir növ
qana-qanla cavab verib, ədaləti bərpa etmək vacibdir. Necə ki, faşist təfəkkürlü Ermənistan
rəhbərliyi 1991-1993-cü illərdə Azərbaycanda
yaranan hakimiyyət böhranından, AXC-Müsavat
iqtidarının səriştəsizliyindən istifadə edərək
20 faiz torpaqlarımızı işğal edib, 1 milyona
yaxın insanı ev-eşiyindən didərgin
salmışdır. 26 il atəşkəs rejimində
yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu
ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində,
cəbhədə dəfələrlə atəşkəs
rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq
hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər
beynəlxalq təşkilatlarının qətnamələrinə
belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik
Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin
azad olunmasını tələb edən dörd qətnamə
qəbul etsə də, Ermənistan bu qərarlara əhəmiyyət
verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam
Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası
Ermənistanın işğalçılıq siyasətini kəskin
pisləyən bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk
Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə
sülh danışıqları da nəticəsiz qaldı. Təbii
ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi.
Bir gün status-kvo dəyişməli idi və belə də
oldu.
Azərbaycan Ordusunun gücü, qüdrəti
sayəsində işğaldan azad edilən Qarabağ
Sentyabrın 27-dən başlanan
İkinci Qarabağ müharibəsində torpaqlarımız
Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində
işğaldan azad edildi. 44 günlük müharibə ilə
Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istehkam
qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə
canlı qüvvəsi məhv edildi. Dəyəri 4
milyard ABŞ dolları olan hərbi texnikası qənimət
olaraq götürüldü. Bu, böyük qələbəmizdir.
Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi
ki, özünün pozulmuş hüquqlarını
özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan
addımlar bütün bir məqsədi güdürdü ki,
qısa müddət ərzində az itkilərlə
düşmənə elə sarsıdıcı zərbə
vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan
çıxsın: "Döyüş
meydanında qazanılmış qələbələr siyasi
müstəvidə də qələbənin
qazanılmasını şərtləndirdi. Əgər
döyüş meydanında biz bu qələbəni
qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan
çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə
yaxın müxtəlif yollarla işğal altında
saxlamağa can atan düşmən bu işğalı əbədi
etmək istəyirdi, biz danışıqlar yolu ilə də
heç bir nəticə əldə edə bilməzdik. Biz bu
müharibəni şəhidlərimizin canı-qanı
bahasına, hərbçilərimizin rəşadəti
hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq".
Dünya xalqları və dövlətləri
Azərbaycanın gücünü və qüdrətini
gördü
Qalib Azərbaycanın vətəndaşı
olmağımızla qürur duyuruq. Fəxr edirik ki,
uğurlarımızın təməlində xalq-iqtidar birliyi
dayanır və 44 günlük Vətən Müharibəsində
bu birlik daha da bərkiyərək dəmir yumruğa
çevrildi. Milli Məclisin Regional məsələlər
Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Siyavuş Novruzov “Səs” qəzetinə
açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu Prezident,
Müzəffər Ali Baş Komandan Cənab İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
Müharibəsində tarix yazdı: “30 ilə yaxın
işğal altında olan torpaqlarımızın azad
olunması, ölkəmizin ərazi
bütövlüyünün tam təmin edilməsi
şanlı qələbəmizdir. Bütün
dünya Azərbaycan dövlətinin qüdrətinə,
xalqımızın mübarizə əzminə, ordumuzun rəşadətinə
şahidlik etdi.Şübhəsiz ki, qarşıdakı
dövrdə qalib ordumuzun qəhrəmanlığı, əsgər
və zabitlərimizin igidliyi müxtəlif vasitələrdən
istifadə etməklə geniş təbliğ edilməlidir.
Bunlardan biri Vətən müharibəsi ilə bağlı həqiqətlərin
orta məktəb dərsliklərinə salınmasıdır.
Bu, şagirdlərdə vətənpərvərliyin
formalaşdırılması və inkişafına xidmət
etməklə yanaşı, gənclərin milli ruhda tərbiyəsinə
böyük töhfə olar. İkinci məsələ odur
ki, 44 günlük Vətən müharibəsi ilə
bağlı filmlərin çəkilməsi də vacib əhəmiyyət
daşıyır”.
Qələbələrimizin təməli
sentyabrın 27-də qoyulsa da, demək olar ki, 8 noyabr 2020-ci il
Qarabağımızın incisi Şuşanın azad edilməsi
ilə Qarabağa qovuşduğumuz tarixdir. Bu
böyük tarixi günlə Qarabağ münaqişəsinə
nida qoyuldu və Ermənistan rüsvayçı məğlubiyyətini
qəbul edib, təslimçilik aktını imzaladı. Azərbaycan,
Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən
noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan
tarixinin ən böyük diplomatik qələbəsini təsdiq
edən gündür. Üçtərəfli bəyanata əsasən,
Dağlıq Qarabağın heç bir xüsusi statusu
olmayacaq. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın
kapitulyasiyasıdır. Noyabrın 10-da
şanlı qələbəmizin təsdiqi olan üçtərəfli
Bəyanatın imzalanması müjdəsini xalqa
çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
xalqı bir daha göstərdi ki, nə qədər
böyük xalqdır, nə qədər vətənpərvər
xalqdır, nə qədər dəmir iradəyə
malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi,
30 ilin əzabları xalqımızı sındırmadı,
iradəmizə heç bir mənfi təsir göstərmədi.
Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik,
daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu
işğala dözməyəcəyik…Mən müharibədən
əvvəl deyəndə ki, mən bilirəm nəyi nə
vaxt etmək lazımdır, əminəm ki,
xalqımızın mütləq əksəriyyəti başa
düşürdü mən nəyi nəzərdə
tuturam və səbirlə bu günü gözləyirdi, mənə
inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi
inanırdı, gözləyirdi və bu gün gəldi”.
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan dastan yazmaqda davam edəcək
Haqqımız olan qələbə təntənəli
şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın
10-da dostları sevindirib, düşmənləri xar edən Qələbə
Paradı keçirildi. Qürurverici məqamlardan
biri də ondan ibarət idi ki, müharibənin ilk
günündən ürəyi, qəlbi Qarabağla
döyünən qardaş Türkiyənin hakimiyyəti,
xüsusilə də, Prezident Rəcəb Tayyib Ərdoğan
Qələbə Pardında da Azərbaycanla birlikdə oldu.
“Tarix təkrar olunur” - deyiblər. 100 il bundan əvvəl Nuru
paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan
Milli Ordusu ilə birlikdə Bakını erməni
daşnaklarından azad etmişdir. Uğurlu hərbi əməliyyatlarla
Azərbaycanın bütün bölgələri erməni
terrorçularından təmizlənmişdir. Bu
gün də, ulularının qardaşlıq dəstəyini əsirgəməyən
Türkiyə qardaşlarımız başda Prezident Rəcəb
Tayyib Ərdoğan olmaqla erməni vandallarının Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağdan təmizlənməsində
Azərbaycana mənəvi, siyasi dəstəyini əsirgəmədi.
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Bakıda keçirilən Zəfər
paradında çıxışı zamanı bildirdi ki,
Türkiyə hər zaman Azərbaycanın yanında olacaq:
“İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan dastan yazmağa davam edəcək.
Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə
hər zaman Ulu Öndər Heydər Əliyevin “iki millət,
tək dövlət” şüarını rəhbər tutduq.
Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın
kədərini kədərimiz, sevincini sevincimiz bildik.
Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə
yara bildik. Bu gün də Qarabağın azad edilməsini
birlikdə qeyd edirik”.
Qələbə Paradında Türkiyə
Ordusunun mehmeçikləri sıra keçidində qürurla
və əzmlə keçdilər. Bu məqamda
Türkiyə qardaşlarımızın bizə olan hədsiz
rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki,
Qarabağda şəhid olan 2783 şəhidimiz sayında
mehmetçik sıra keçidində iştirak etdilər.
Əhsən belə qardaşlığa, var olsun belə
birlik. Söz yox ki, qələbə
paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı
Qüvvələrinin tarixinə, hərb tariximizə
yaddaşlardan silinməyəcək şanlı bir səhifə
kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana
pay olaraq verilən Zəngəzurun, Göyçənin,
İrəvanın Böyük Azərbaycan torpaqlarına
qatılmasına işartı olacaq. Prezident, Ali Baş
Komandan İlham Əliyevin Qələbə Paradında dediyi
fikirlərdə ümidləri artırır. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə
Paradında Zəngəzurun, Göyçənin, İrəvan
mahalının bizim tarixi torpaqlarımız olduğunu
bildirdi: “Azərbaycan 30 ilə yaxın
işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti
torpaqlarımızın işğal altına düşməsinə
səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar
siyasəti hələ 80-ci illərin sonlarından
başlamışdır. O vaxt indiki Ermənistan
respublikasında yaşamış 100 minlərlə azərbaycanlı
öz dədə-baba torpaqlarından didərgin
salındı. Zəngəzur, Göyçə, İrəvan
mahalı bizim tarixi torpaqlarımızdır. Bizim
xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.
Bir sözlə, qələbələrimiz və
uğurlarız hələ qabaqdadır. Yaxın
günlərdə üçrəngli bayrağımız
Xankəndidə, Ağdərədə, Xocavənddə,
Xocalıda bir sözlə, Qarabağımızın hər
yerində dalğalanacaq, insanlar öz doğma
yurd-yuvalarına qayıdacaq və Qarabağ iqtisadi
inkişafı, göz oxşayacaq quruculuq-abadlıq işləri
ilə dünyanı heyran qoyacaq.
İ.ƏLİYEV
Səs.-
2020.- 29 dekabr.- S.11.