Heç bir sosial proqram
ixtisar edilmədi
Pandemiya
dövründə də iqtisadi islahatlar dərinləşdi, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi prioritet oldu
Bu il dünyanın
və ölkəmizin gündəmini
koronavirus təhlükəsi zəbt edib. COVID-19 insanların həyatını
təhdid etməklə yanaşı, dünya ölkələrinin
iqtisadiyyatının bütün istiqamətlərdə
durğunluğuna səbəb oldu. Dövlətimizin
başçısı İlham Əliyev koronavirus
infeksiyasına qarşı mübarizə tədbirinə
başlananda iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən
bu kimi məqamlara xüsusi diqqət yönəldərək
bildirmişdir ki,
pandemiya bütün dünyanın iqtisadi
inkişafına böyük zərbə vurub. Artıq
dünyanın aparıcı maliyyə qurumları
açıq bəyan edirlər ki, pandemiya nəticəsində
yaşana biləcək böhran 2008-2009-cu illərin
böhranından daha da ağır olacaq: “Buna baxmayaraq, bu ilin
dövlət büdcəsinin icrası ilə bağlı bir
daha demək istəyirəm ki, heç bir problem
olmamalıdır. İlk növbədə,
bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir,
bütün sosial infrastruktur layihələrinin icrası təmin
edilməlidir. Eyni zamanda, bir daha büdcə
xərclərinə baxmaq lazımdır və təcili olmayan
layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata
keçirilməsi, yaxud da ki, əksinə, təxirə
salınması məsələlərinə baxdıqda məşğulluq
məsələlərinə də mütləq
baxmalıyıq. Çünki dövlət xətti ilə
həyata keçirilən investisiya layihələri, eyni
zamanda, məşğulluğu təmin edir və əhalisi
artan Azərbaycan üçün məşğulluq məsələsi,
əlbəttə ki, ön plandadır.»
Son illərdə Azərbaycanda əhalinin sosial təminatı
ilə bağlı dünyanın çox nadir ölkələrində
rast gəlinən kompleks tədbirlər həyata
keçirilir.
Sosial sahə daim prioritet sahə olub. Təsadüfi
deyil ki, ötən il müstəqillik
dövründə ən geniş sosial paket təqdim olundu və
uğurla icra edildi. Bu sosial paketin əhatə
dairəsi çox geniş idi.
4 milyon 200 min insan dövlət tərəfindən
sosial paketlə təmin edildi. Sosial paketdə minimum əməkhaqqının
təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən
çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə
görə bu gün Azərbaycan MDB məkanında lider
dövlətdir. Müavinətlər
qaldırıldı. Problemli kreditlərlə
bağlı məsələ öz həllini tapdı.
2020-ci ilin əvvəlindən
bu meyillər daha da gücləndi. Minimum əməkhaqqı
və orta əməkhaqqının, orta pensiyanın
artırılması məlumdur. Yanvar-aprel
aylarının sosial-iqtisadi göstəricilərində
artım müşahidə edildiyi halda, sonrakı aylarda
pandemiya öz təsirini az da olsa göstərdi.
Əvvəldə
də qeyd etdiyimiz kimi, bu il üçün pandemiya dövrünü
yaşadıq və pandemiyaya cavabımız çoxşaxəli
olmuşdur. O cümlədən sosial təminatla bağlı
çox ciddi, operativ və məqsədə hesablanmış
addımlar atılmışdır. Dövlət sektorunda fəaliyyət
göstərən 900 min insanın əməkhaqqı tam
ödənildi, özəl sektorda təxminən 700 min
insanın əməkhaqqının əhəmiyyətli hissəsi
dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət
göstərən insanlar işsiz qalmışdılar,
işsiz vətəndaşların, aztəminatlı təbəqənin,
o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət
göstərən insanların sosial təminatı təşkil
edildi, hər birinə 190 manat vəsait ayrıldı.
Birinci mərhələdə bu kateqoriyadan olan insanların sayı 600 min
idi. Bu işlərin
hamısı əlbəttə ki, böyük maliyyə
resursları tələb edir. Buna
ünvanlı sosial yardım proqramını əlavə etsək,
bu proqramla əhatə olunan insanların sayı kəskin
artır.
Eyni
zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min
iş yerinin açılması nəzərdə
tutulmuşdu. Özünüməşğulluq
proqramında 12 min insan əhatə olunur. Bu
proqramın bir hissəsi Dünya Bankı ilə birlikdə
icra edilir. Bir
sözlə, Azərbaycanda maliyyə sabitliyini qorumaq
üçün bütün lazımi tədbirlər
görüldü.
Pandemiyanın alovlanan dövründə bir dənə də olsun sosial
proqramın ixtisar edilməyəcəyi bildirildiyi təqdirdə,
növbəti mərhələlərdə atılacaq
addımları təsəvvür etmək çətin
deyildi. Eyni zamanda, sosial infrastruktur layihələrinin
heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə
göstərilən diqqət və əməli-praktiki
addımlar bir daha dövlətimizin sosial siyasətinin mahiyyətini
göstərir. Bir daha təsdiq olunur ki, həyata keçirilən
siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır.
Bugünkü
reallıqlar onu da deməyə əsas verir ki, cənab
İlham Əliyevin 2003-cü ildən «iqtisadi artım
qeyri-neft sektorunun hesabına olmalıdır» tələbinə
uyğun olaraq bu istiqamətdə atılan addımlar Azərbaycanın
hər bir iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasına geniş
imkanlar açır.
Qeyd
etdiyimiz kimi, dünya ölkələrinin iqtisadiyyatında
durğunluğun geniş vüsət aldığı bir
dövrdə dövlətimizin başçısı
İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında
20 fəaliyyət sahəsini, 4 sektoru və 10 yardım
proqramını özündə əks etdirən Tədbirlər
Planı həyata keçirilməyə başladı.
Azərbaycan
ən böyük iqtisadi dəstək proqramını icra etməklə
pandemiyanın iqtisadiyyata
mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların
sosial müdafiəsini təmin edəcək paket
hazırladı. Bu yardım
proqramı ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi də dəyərləndirildi. İqtisadiyyatın düzgün əsaslar
üzərində quran Azərbaycan neft sektoru ilə
yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi
diqqət göstərməklə
həm iqtisadi, həm də maliyyə imkanlarının
genişləndirilməsini stimullaşdırdı. Eyni zamanda,
neft gəlirlərinin idarə olunmasına şəffaflıq
prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin
hərtərəfli inkişafına geniş imkanlar yaradan
sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi. Qeyd edək ki, son 17
ildə ölkə iqtisadiyyatına yatırılan
investisiyaların həcmi 270 milyard dollara yaxındır.
Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil
edir. Yoxsulluq həddi 49
faizdən 4,8 faizə enib. Təbii ki, bu
uğurlar dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi
islahatlarının nəticəsidir. Hakimiyyətin hər üç-
icra, qanunvericilik və məhkəmə-hüquq sistemində
həyata keçirilən təkmilləşmə, yeniləşmə,
dövlətimizin başçısı İlham Əliyevin hər
bir dövlət məmurundan öz işinə daha məsuliyyətlə
yanaşma çağırışı, bu və ya digər
rayonların icra hakimiyyəti başçıları,
dövlət strukturlarının rəhbərləri ilə
görüşlərində qarşıya qoyduğu vəzifələr
Azərbaycanın davamlı inkişafını şərtləndirən
əsas amillərdir.
Sosial baxımdan həssas qrupa aid ailələrin
üzvü olan tələbələrin təhsil haqqı
dövlət tərəfindən ödənilməsi və
sair kimi məsələlər bir daha bu reallığı
ortaya qoydu ki, vətəndaş amili dövlət siyasətinin
əsasını təşkil edir. Ən əsası
«güclü dövlət, yüksək rifah» prinsipi hansı
vəziyyətdən asılı olmayaraq öz
aktuallığını qoruyur. «Bu il bir daha biz öz
sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların
rifah halının düşməməsi istiqamətində əməli
addımlar atırıq və hesab edirəm ki, bu sahədə
də birincilik göstəririk» söyləyən cənab
İlham Əliyev
bu layihələrin
2020-ci ildə də uğurla davam edəcəyinə əminliyini
ifadə etmişdir.
Qısa təhlil əsasında
belə ümumiləşdirmələr apara bilərik ki,
ölkəmizdə həyata keçirilən inkişaf
strategiyasının başlıca məqsədləri
davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail
olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin
sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək
inkişaf tempinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi,
vətəndaşların gündəlik rahat həyatı
üçün lazım olan bütün infrastrukturun
yaradılması, o cümlədən səhiyyə, təhsil,
mədəniyyət, gənclər və idman, əhalinin
sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət
göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri
reallaşdırılır, genişmiqyaslı işlər
görülür. Prezident İlham Əliyevin
sosial islahatlar proqramının əsas hədəfi dövlət
sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan
modern, çevik mexanizmlər üzərində qurulması,
xidmətlərdə sosial ədalət, şəffaflıq,
ünvanlılıq və bərabərlik prinsiplərinin təmin
edilməsidir. Dövlətimizin başçısı
İlham Əliyevin Fərmanı əsasında Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST
Agentliyinin, həmçinin bu günə qədər 3 DOST mərkəzinin
yaradılması məhz bu məqsədə xidmət edir. DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.
Cari ildə Prezident İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə 3 saylı DOST mərkəzinin
açılışı sosial sahədə görülən
işlərin, aparılan islahatların əyani təzahürüdür.
Dövlətimizin başçısı Azərbaycanın sosial xidmət sahəsində
əldə etdiyi yeniliklərdən, DOST mərkəzlərinin
fəaliyyəti fonunda şəffaflığın təmin
edilməsindən, vətəndaş məmnunluğunun
artmasından geniş bəhs edərək bildirir ki, vətəndaşların
bəyənmə əmsalı yüksəkdir. Burada tətbiq olunan innovasiyalar gələcəyə
baxışımızla tam uzlaşır. Çünki innovativ
inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən
biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında
fəaliyyət göstərir və gələcəkdə bu
istiqamətdə əlavə addımların atılması
da nəzərdə tutulur. Bir sözlə, DOST sosial təminat
sahəsində böyük yenilikdir. Azərbaycanın bu sahədə
də təcrübəsi nümunədir.
2019-2025-ci illərdə 31 DOST mərkəzinin
istifadəyə verilməsinin nəzərdə tutulması Azərbaycanın
yeniliklərə imza atan dövlət kimi mövqeyini daha da
möhkəmləndirəcək. “ASAN xidmət”, ABAD, DOST kimi
sosial layihələrin davamlı olacağı şübhəsizdir.
İqtisadi tərəqqi, artan maliyyə imkanlarımız
güclü sosial siyasətlə müşayiət olunur.
Dövlətimizin başçısı
İlham Əliyev daim çıxışlarında bildirir
ki, biz xalq üçün çalışırıq,
qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz
istəyirik ki, Azərbaycan qüdrətli dövlətə
çevrilsin. Dövlətimiz nə qədər güclü
olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək,
təhlükəsizlik şəraitində yaşayacaqlar.
Pandemiya dövründə Azərbaycan təcrübəsinin
dünyada təqdir olunması da inkişaf modelimizin nümunəviliyindən
irəli gəlir. Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu müddətdə Azərbaycan
yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə
də davamlı tədbirlərin keçirilməsinə nail
olub. Ölkə Prezidentinin təşəbbüsü ilə
Türk Şurasının və Qoşulmama Hərəkatının
videoformatda Zirvə görüşləri, BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsi Azərbaycanın
birlik, həmrəylik çağırışlarını əməldə
təsdiqlədiyinə sübutdur. Azərbaycan bu günə
qədər 30-dan artıq ölkəyə yardım göstərib”.
Uğurlarımız bu əminliyi səsləndirməyə
əsas verir ki, Azərbaycan
koronavirus pandemiyasından az itki ilə çıxacaq,
postpandemiya dövründə yeni inkişaf modeli ilə
dayanıqlı inkişaf təmin ediləcək, əhalinin
sosial müdafiəsi daha da gücləndiriləcək,
ölkəmiz uğurlu sosial dövlət imicinə
yeni-yeni əlavələr edəcək.
Yeganə
Əliyeva
Səs.- 2020.- 31 dekabr.- S.12.