Qarabağ SSRİ dövründə:
Bağırov problemi necə həll etdi?
Stalin Bağırovun cavab mətbunu oxuyandan
sonra əlini stola çırpıb demişdi- Qafqazda ərazi
mübahisələri məsələsi bitdi! Bir daha bu barədə
heç bir təklif, xahiş, müzakirə eşitmirəm…
II HİSSƏ
Əvvəli burada
Dağlıq Qarabağın bir tərəfdən
Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində
saxlanması və bununla da digər Azərbaycan torpaqları
ilə tarixi bağlılıq ənənələrini davam
etdirməsi, digər tərəfdən DQMV-yə Azərbaycanın
göstərdiyi xüsusi qayğı bu diyarın Sovet
hakimiyyəti illərində sosial-siyasi və iqtisadi
inkişafı üçün müstəsna şərait
yaratdı.
Bütün bunlar Vilayət
Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi
statistik məcmuələrdə də öz əksini
tapmışdı. Statistik məcmuələrdən biri muxtar
vilayətin yaranmasından keçən 40 il ərzində
(1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və
s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (1917-ci il Oktyabr
inqilabı) Dağlıq Qarabağda orta ixtisas təhsilli
müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox
idi. Şuşa şəhərində yalnız 3 xüsusi mədəni-maarif
müəssisəsi və 1 xüsusi kinoteatr var idi.
Hazırda DQMV-də 1000 nəfər şagirdin təhsil
aldığı 5 xüsusi orta təhsil müəssisəsi
vardır. 930 min nüsxədən çox kitab fondu olan 164
kitabxana fəaliyyət göstərir. Kütləvi
kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab
fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində
M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət
mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176
klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi
müəssisələrə də malikdir… Muxtar Vilayətin
yaranmasının ilk günündən ana dilində (erməni
dilində) "Sovetakan Karabax" qəzeti çap olunur. Kənd təsərrüfatından bəhs olunarkən
Dağlıq Qarabağın xış diyarından traktor və
kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində
Dağlıq Qarabağın kənd təsərrüfatında
1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və
minlərlə digər müasir kənd təsərrüfat
maşını olduğu göstərilir. 40 il ərzində
Muxtar Vilayətinin sənaye potensialının
reallaşdırılmasında da xeyli iş
görülmüşdü. 1940-cı ilə nisbətən
1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%,
elektrik enerjisi 945 % və sairə artmışdı.
1960-cı illərin ortalarından sonra da vilayətin
sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.
Sosial inkişafa dair göstəricilərə
görə DQMV-nin göstəriciləri, nəinki Azərbaycan
SSR və Ermənistan SSR, hətta bütövlükdə
SSRİ üzrə rəqəmlərdən də xeyli
yüksək idi. Məsələn, hər 10 min nəfərə
xəstəxana çarpayısı ilə təminat Ermənistan
SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda DQMV-də
101,7 idi və s.
Separatçıların
uydurduqları saxta məlumatların baş alıb getdiyi
dövrdə də Azərbaycan onun tərkib hissəsi olan
DQMV-nin sosial-iqtisadi vəziyyətinə dair faktları
olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə
çıxarmaqdan çəkinməmiş, əksinə
mövcud vəziyyətin daha da
aydınlaşdırılmasında maraqlı olmuşdu.
Məsələn, 1988-ci ilin gərgin mart
günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında
Xalq Təsərrüfatını İdarəetmə
İnstitutunda DQMV-nin iqtisadiyyatı: problemlər və
perspektivlər mövzusunda "dəyirmi masa" təşkil
edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə
çatdırılmışdı.
Həmin "dəyirmi masa"da
SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas
fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi"
problemi üzrə elmi şuranın milliyyətcə erməni
olan sədri T.S.Xaçaturov müzakirələrin
sonundakı çıxışında real vəziyyəti təsdiq
etməyə məcbur olaraq demişdir: “…Etiraf edim ki, mən
bu məsələlər üzrə kifayət qədər
tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu
boşluğu müəyyən qədər doldurmağa imkan
verdi”.
Göründüyü kimi,
iqtisadçı (!) akademik T.S.Xaçaturov belə
mühüm məsələdə "kifayət qədər
informasiyası olmadığını" etiraf edir.
Əslində isə, Dağlıq Qarabağın Azərbaycandan
qoparılması uğrunda mübarizədə erməni
separatçılarına real vəziyyəti əks etdirən
informasiya deyil, əksinə informasiyasızlıq
lazım idi.
1920-30-cu illərdə istədiklərinə
nail ola bilməyən ermənilər Böyük Vətən
Müharibəsindən sonra yenidən fəallaşdılar.
1945-ci ilin noyabrında Ermənistan KP MK-nın katibi Qr.Arutinov
İosif Stalinə müraciət edərək, Azərbaycan
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ
qaldırdı. Həmin müraciətin mətnini
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi katibi G.M.Malenkov 1945-ci il 28 noyabrda Azərbaycan KP
MK-nın 1-ci katibi M.Bağırova göndərdi.
Malenkov Ermənistan KP MK-nin qaldırdığı məsələyə
öz rəyini bildirməsini ona təklif etdi. Bağırov
bununla əlaqədar 1945-ci il dekabrın 10-da cavabını
Moskvaya bildirdi:
"Tam məxfidir. Malenkov yoldaşa.
Ermənistan Kommunist (bolşeviklər)
Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə
daxil edilməsi haqqında təklifi ilə əlaqədar
Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
DQMV-nin ərazisi qədim zamanlardan, mərkəzi
1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən
qala kimi tikdirilmiş Pənahabad şəhəri olan
Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir.
Sonralar indiki muxtar vilayətin ərazisi
Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və
Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda
və daşnakların Ermənistanda ağalığı
dövründə müsavat hökuməti tərəfindən
mərkəzi Şuşa (keçmiş Pənahabad)
şəhəri olan general-qubernatorluq təşkil
edilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra ilk dövrlərdə bütün
Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik
vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata
keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən,
ermənilərin məskunlaşdığı
dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi
məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan
SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan
yalnız azərbaycanlıların yaşadığı
Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur
rayonları ilə ayrılması səbəbindən,
partiya orqanlarının göstərişi əsasında Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il
tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert
adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Beləliklə, DQMV ərazi cəhətdən heç vaxt
Ermənistan SSR-ə bitişik olmamışdır və
hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində
Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi
və mədəni inkişafı sahəsində böyük
işlər görülmüşdür. Bu
inkişafın ən parlaq nümunələrindən biri –
DQMV-ın hazırkı mərkəzi Stepanakert şəhərinin
başlı-başına buraxılmış və
dağıdılmış bir kənddən Azərbaycanın
ən gözəl, abad və mədəni şəhərlərindən
birinə çevrilməsidir. Azərbayan SSR-nin
bütün ali təhsil məktəbləri və
texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti
Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər
təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat
rəhbərləri- Azərbaycan K(b)P MK-nın katibləri,
müavinləri, xalq komissarları, xalq komissarları
müavinləri və s. arasında Dağlıq Qarabağdan
olan yoldaşlar da az deyildir.
Bununla belə, biz DQMV-nin Ermənistan
SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin muxtar
vilayətin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən,
azərbaycanlıların yaşadığı Şuşa
rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa şəhəri bina edildiyi gündən
Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan
xalqının öz müstəqilliyi uğrunda İran
işğalçıları ilə apardığı
mübarizədə müstəsna rol oynamışdır.
Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya
xalqlarının cəlladı Ağa Məhəmməd
şah Qacar, məhz Şuşada
öldürülmüşdür. Azərbaycan xalqının
zəngin musiqi mədəniyyəti bu şəhərdə
formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və
digər bu kimi görkəmli siyasət və mədəniyyət
xadimlərinin adları onunla bağlıdır. Eyni zamanda, ÜİK(b)P MK-nın nəzərinə
çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan
SSR-in tərkibinə daxil edilməsi məsələsinə
baxılarkən, Ermənistan SSR-in Azərbaycan
Respublikasına bitişik olan və əsasən, azərbaycanlıların
yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar
rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil
edilməsi məsələsinə də
baxılmalıdır. Bu rayonların mədəni
və iqtisadi cəhətdən son dərəcədə geridə
qalmasını nəzərə almaqla, bunların Azərbaycana
verilməsi əhalinin maddi-məişət şəraitini və
ona mədəni-siyasi xidmət işini
yaxşılaşdırmağa imkan yaradırdı.
ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən
əlavə aşağıdakı məsələlərə
baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan
SSR-in Balakən, Zaqatala və Qax rayonlarının
Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini
qoyurlar. Göstərilən rayonlarda əhalinin
ümumi sayı 79 000 nəfər olduğu halda cəmi 9000
gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə
etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda,
Gürcüstan SSR-in demək olar yalnız azərbaycanlıların
yaşadığı və bilavasitə Azərbaycan
SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan
SSR-nin tərkibinə daxil edilməsi məsələsinə
də baxılmalıdır.
Və nəhayət biz,
Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir
hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və
hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və
Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə
qatılması məsələsini nəzərdən
keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi
əsasən azərbaycanlılardan ibarətdir, özü də
maldarlıqla məşğul olan bu əhalinin yarıdan
çoxu ilin 9 ayını Azərbaycan ərazisində
keçirir.
Qaldırılmış
bütün məsələlər üzrə təkliflərin
hazırlanması üçün tərkibinə
marağı olan hər bir respublikadan nümayəndələr
daxil edilməklə ÜİK(b)P MK komissiyasının
yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan KP MK 1-ci katibi M.C.Bağırov
10 dekabr
1945-ci il
Bakı şəhəri .
Bəzi mənbələrə
görə, Stalin Bağırovun cavab məktubunu oxuyandan sonra
əlini stola çırpıb demişdi- Qafqazda ərazi
mübahisələri məsələsi bitdi! Bir daha bu barədə
heç bir təklif, xahiş, müzakirə eşitmirəm…
Bundan sonra ermənilər uzun müddət Qarabağ məsələsini
qaldırmağa cürət etmədilər.
Davamı
olacaq
Altay
Səs.- 2020.- 17 dekabr.- S.15