Azərbaycançılıq multikulturalizmə söykənən ideologiyadır   

 

Multikulturalizm çoxmillətli ölkələrdə etnik-mədəni müxtəliflik kimi uzun müddətli tarixi şəraitdə baş verir. Azərbaycanda tarixən onlarla etnik qrup birgə və qarşılıqlı inteqrasiya şəraitində azad yaşayıblar. Ölkəmizdə türklər, ruslar, ləzgilər, talışlar, tatarlar, tatlar, dağ yəhudiləri, kürdlər, udinlər, avarlar, saxurlar, buduqlar, ingiloylar, qrızlar, malakanlar və başqa etnik azlıqlar heç vaxt qarşıdurma halı baş vermədən öz milli, mədəni, dini ənənələrini yaşadıb və təbliğ ediblər.

 

Müasir dövrdə multikulturalizm ölkəmizin milli siyasətində mühüm və önəmli bir yer tutur. Dövlətin siyasətinin əsas prioritetlərindən olan demokratik prinsiplər multikultural dəyərlərin inkişafı üçün münbit zəmin yaradıb.

 

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək demokratik dövlət strategiyasıdır. Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir, mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.

 

Tarix boyu ölkəmiz tolerantlığın, dini dözümlülüyün və mədəniyyətlərarası dialoqun vətəni kimi dünyaya açıq olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hamının hüquq və vəzifələrinə hörmət təmin edilmişdir. Müstəqilliyin inkişafı gedişində multikultural dəyərlərin qorunması sahəsində əsaslı hüquqi baza təşəkkül tapmışdır ki, bununla da diskriminasiyanın, rasizmin, ksenofobiyanın, islamafobiyanın və anti-semitizmin təzahürü yolunda ciddi maneələr yaradılmışdır.

 

Müasir dövrdə azad və müstəqil ölkəmiz dünyada tolerantlığın, humanizmin, multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir. Bu baxımdan, ölkəmizdə multkulturalizmə aid mütəmadi tədbirlər təşkil olunur, beynəlxalq və regional əhəmiyyətli konfranslar, seminarlar keçirilir. Bu qəbildən olan tədbirlər içərisində Bakı Beynəlxalq Humanitar Forumu xüsusi bir mövqeyə malikdir.

 

Prezident İlham Əliyevin yeritdiyi proqressiv daxili və xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri arasında özünün müstəqil siyasəti, sosial-iqtisadi və mədəni inkişafı ilə xüsusi yer tutur. Şərqin və Qərbin kəsişmə nöqtəsində yerləşən ölkəmiz hər iki mədəniyyətin ən yaxşı dəyərlərinə sahib olmağa çalışır və bu sahədə müəyyən uğurlar qazanır.

 

Müxtəlif mədəniyyətlərin bir-biri ilə iç-içə yaşaması ilə xarakterizə olunan multikultural cəmiyyətlərdə mədəniyyətlər sanki süzgəcdən keçirilir və müsbət amallara sığınan mədəni dəyərlər öz varlığını qoruyub saxlaya bilir. Zamanın humanist və tolerant dəyərləri ilə uyğunlaşa bilməyən mədəniyyət isə sərfnəzər edilir.

 

Mədəniyyətlərin qarışması zamanı xalqların nümayəndələri müsbət dəyərləri, üstün cəhətləri qəbul etməklə əksər hallarda mənfi, zərərli adət və ənənələrdən qurtulurlar.

 

Multikulturalizm şəraitində mədəniyyətlərarası dialoq anlayışı da olduqca mühüm bir əhəmiyyət kəsb etməkdədir. Çünki mədəniyyət həm cəmiyyətə və həm də ayrı-ayrı fərdlərə mühüm təsir göstərə biləcək geniş spektli bir anlayışdır. Xüsusilə də, keşməkeşli və mürəkkəb siyasi şəraitdə Şərq-Qərb mədəniyyətlərinin bir-birinə qarşılıqlı dailoqu olduqca mühüm bir faktordur. Müxtəlif və bəzən də bir-birinə əks olan ideyaları özündə ehtiva edən mədəniyyətlərin arasındakı dialoq beynəlxalq təhlükəsizlik faktoruna da ciddi bir təsir göstərir. Bu faktı inkar etmək olmaz.

 

Müasir dövrdə dünyada bir sıra münaqişələr, qarşıdurmalar mövcuddur, və çox təsüflər olsun ki, bu münaqşələrin kökündə etnik, dini, irqi və mədəni fərqliliklər durur. Bu gün dünyada mədəni tarazlığın bərpa olunması üçün multikluturalizmin, mədəniyyətlərarası dialoqun rolu olduqca önəmlidir. Məhz bu kimi təqdirəlayiq amillər vasitəsilə neqativ mahiyyətli tendensiyaların qarşısını almaq mümkündür.

 

Çünki, dünya getdikcə qlobal bir kənd halını almaqdadır. Artıq ayrı irq, din və mədəniyyətlərdən insanlar eyni məkanda yaşamaqdadır. Bu səbəblə multikultural həyata uyğunlaşmaq və müxtəlif mədəniyyətlərdən insanlarla dialoq qurmağımız gözlənilən prosesdir.

 

Nəticədə həm mədəniyyətlərarası, həm də dinlərarası əlaqələr vasitəsi ilə ortaya çıxacaq yaxınlaşmalar fərqli mədəniyyət və ənənələrə mənsub insanlar bir-birlərini rədd və inkar etməkdən daşınıb, bir-birlərini qəbul etməyə, yanaşmalarına və dini inanclarına daha uyğun bir mühit formalaşdırmalarına səbəb olacaq. Bu cür yanaşmaların ən əhəmiyyətli faydası tolerantsızlıqdan tolerantlığa, qınamaqdan şəfqətli olmağa, düşmənçilikdən humanist dostluğa, rəqabətdən birliyə, kompromisə, ədavətdən xilas olunmağa və xaosdan nizamlı həyat tərzinə gəlib çıxmasıdır.

 

Multikulturalizm prosesi müsbət yönümlü bir tendensiya olduğu üçün bu prosesin parlaq gələcəyi də göz önündədir. Məhz multikulturalizm prosesi vasitəsilə milli azlıqlara mədəniyyətində ehtiva olunan müsbət əxlaqi dəyərlər, mənəvi keyfiyyətlər, özünəməxsusluq, orjinallıq həm öz varlığını qoruyur və eyni zamanda da, bu mədəniyyətlər dünyaya tanıdılır. Həmçinin, bu proses vasitəsilə milli mədəniyyətlər müasir dövrdə bəzən modernləşmə prosesinə məruz qalır, bəzən də ona yaxın olan daha mütərəqqi mədəniyyətlərə doğru istiqamətlənir.

 

Ümumiyyətlə, multikultural dəyərlər sisteminin bir sıra üstün xüsusiyyətləri var. Bu üstün xüsusiyyətlərdən də biri müxtəlif mədəniyyətləri təmsil edən hər bir fərdin özünüdərk prosesi ilə bağlıdır. Multikulturalizm siyasətinin mövcud olduğu ölkələrdə milli kimlik, milli özünüdərk prosesi də bilavasitə olaraq baş verir.

 

Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir.

 

Müasir dövrdə baş verən qloballaşma prosesinin yaratdığı mürəkkəb və ziddiyyətli bir dövrdə milli mədəniyyətlərin assimilyasiya olunması, məhv edilməsi problemi ilə üz-üzədir. Belə bir mürəkkəb şəraitdə milli mədəniyyətlərin məhv olmaqdan qorunması faktı məhz multikulturalizm şəraitində reallaşa bilər. Qloballaşma və modernləşmə kimi proseslər milli mədəniyyətlər düzgün inteqrasiya olunması yönündə böyük əngəl törədir.

 

Qeyd edək ki, multikulturalizm prosesinin əsas qayəsi də, məhz bu olmalıdır ki, milli mədəniyyətlər assimilyasiya prosesinə məruz qalmasın. Bu baxımdan da, milli mədəniyyətlər assimlasiya olunmadan inteqrasiya olunmalıdır. Multikulturalizm etnomilli dəyərləri ümumdövlət və ümummilli dəyərlərlə vəhdətini təmin edə bilən model olmalıdır.

 

Multikulturalizm mənəvi cəhətdən tərəqqi etmiş, böyük mənəvi kamillik yolu keçmiş cəmiyyətlərə xas olan bir xüsusiyyətdir. Bu baxımdan, multikulturalizm prosesi qədim tarixə malikdir. Multikulturalizm prosesində mədəni-dini müxtəlifliklər, müxtəlif milli və dini cəmiyyətlər arasında olan ziddiyyətlər qarşılıqlı anlaşma yolu ilə həll olunur. Ksenofobiya, islamofobiya, irqi, dini və etnik ayrı-seçkilik, antisemitizm kimi mənfi xüsusiyyətlərə qarşı məhz multikulturalizmlə silahlanmaq olduqca vacib bir nüansdır.

 

Göründüyü kimi, multikulturalizmin əsas mahiyyətində etnik və dini zəmində baş verən dialoq, düzgün inteqrasiya prosesi durur. Bu baxımdan da, multikulturalizmin əsas qayəsi sülh, humanizm, tolerantlıq şəraitində birgəyaşayış durur. Multikulturalizmin əsas qayəsində müxtəlif dinə sitayiş edənlərin, müxtəlif dildə danışanların qaşılıqlı dialoqudur.

 

Ümumiyyətlə, polietnik və polikonfessional cəmiyyətlərdə multikulturalizm universal dəyərlər sistemi prinsipi kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, polietnik və polikonfessional mahiyyətə malik olan ölkəmizdə universal dəyərlər sistemi prinsipi aparıcı bir xüsusiyyət kəsb edir. Hazırda Azərbaycan Respublikasının ərazisində müxtəlif etnoslar, müxtəlif dinin nümayəndələri bir-biri ilə sülh və qarşılıqlı əməkdaşlıq şəkilində yaşayırlar.

 

Müasir dövrdə qloballaşma prosesindən kənarda qalmaq qeyri-mümkündür. Qloballaşma prosesi ilə milli dövlətçilik, milli-mənəvi dəyərlər prosesi arasında ziddiyyət də mövcuddur. Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu bir zamanda milli-mənəvi əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artmışdır. Çünki qloballaşmanın ziddiyyətli gedişatından doğan bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.

 

Azərbaycanda multikulturalizm bu gün öz milli-mənəvi qaynaqlarından qidalanaraq möhtəşəm bir dövrünü yaşayır. Hər bir milli azlıqların iqtisadi-sosial sahələrlə yanaşı, onun milli mədəniyyətinin də hər vasitə ilə inkişaf etdirilməsini, bu mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasını, xalq ənənələrinin, mərasim və adətlərinin, mənəvi dəyərlərinin dirçəldilməsini və eyni zamanda, xarici ölkələrlə mədəni əməkdaşlığı genişləndirməklə bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir.

 

Altay

 

Səs.- 2020.- 10 dekabr.- S.15.