"Erməni məsələsi" Böyük Sovet Ensiklopediyasında necə qeyd olunub?

 

"Erməni məsələsi" adlandırılan problemin meydana gəlməsi hansı tarixi şərtlərdən və proseslərdən doğub?

 

XIX əsrin axırları - XX əsrin əvvəllərində “erməni məsələsi”nə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. Həmin məqaləni oxucularımıza təqdim edirik.

 

I HİSSƏ

 

"Erməni məsələsi" "Şərq məsələsi" adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.

 

Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.

 

Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı- hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s.

 

Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri", əslində, bu, şura idi.

 

Türkiyədə erməni burjuaziyasının inkişafında onun, əsasən, Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.

 

Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə, Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelilik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı, bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi.

 

Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant icmalarından) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.

 

Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.

 

Orta erməni burjuaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı.

 

Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…

 

Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi.

 

Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin"- Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüarları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki Rusiya istiqamətini götürdü, üstəlik Türkiyədəki ermənilər arasında həmin istiqamətdə təşviqat aparmağa başladı.

 

Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla, Türkiyə ermənilərinin rəsmi müraciət etməsi, onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi.

 

Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Kiçik Asiya yarımadasında tutduğu torpaqları öz əllərində saxlamaqda davam edirdilər.

 

Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi — İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan 6 böyük dövlətdən ibarət "birliyə" verirdi.

 

Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu, həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq onların beynəlxalq vəziyyəti mənasında tam təcrid edilməsi ilə nəticələndi. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…

 

Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mübarizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarında məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı). Daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar, Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksütyun oldu.

 

Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….

 

İngiltərənin ermənilərə "ani" marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin "hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa, Bolqarıstan barəsində niyyəti baş tutmamışdı- Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də, onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o "digər Bolqarıstan" yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə... Əbdülhəmidin "cinayətkar rəiyyət" barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi…

 

Davamı olacaq

 

V.QURKO - KRYAJİN

 

1926-cı ildə Moskvada "Böyük Sovet Ensiklopediyası" səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet Ensiklopediyasından tərcümə edilmişdir.

 

 Səs.- 2020.- 22 dekabr.- S.15.