Azərbaycançılıq: tarixi inkişaf mərhələləri və bu günki nəticələri

 

 

 

XIX əsrdən etibarən Azərbaycanda yeni bir cərəyan yaranmağa başladı. Mövhumat və cəhalət içində boğulan xalqı dünyanın mədəni cəmiyyətlərindən birinə çevirmək üçün böyük və çox ağır iş tələb olunurdu. Bu vəzifəni xalqımızın ziyalıları öz üzərinə götürdü. Milli-mədəni inkişafın təbliğatçıları olan Azərbaycan ədəbiyyatı, incəsənəti və maarifçiliyinin görkəmli nümayəndələri Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov… Azərbaycan xalqının elmi, mədəni, sosial cəhətlərdən inkişafı üçün çalışdılar. Onlar xalqın nadanlığını, mövhumatçılığını, tərəqqiyə mane olan köhnə adətləri tənqid edir, təhsil və maarifçiliyin inkişafın əsas aparıcı qüvvəsi olduğunu qeyd edirdilər.

 

Azərbaycan maarifçilərinin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi idi:

 

- birinci, yeni öyrətmə üsuluna (üsul-i-cədid) əsaslanan milli məktəblərin açılması- bu üsul əhali arasında savadsızlığın aradan götürülməsi, dünyəvi və milli təhsilin tətbiq edilməsinə yönəldilmişdi;

 

- ikinci, dil və əlifba islahatı uğrunda mübariz- bu mübarizə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyasına əsaslanırdı (İlk dəfə bu ideya 19-cu əsrin birinci yarısında Mirzə Fətəli Axundov tərəfindən irəli sürülmüşdür). Dil islahatına gəldikdə, o, canlı xalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşmasına yönəldilmişdi. Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və başqaları bu ideyanın təsiri altında öz əsərlərini adi adamların başa düşdüyü dildə yazmışdılar. Azərbaycan maarifçilərinin cəhdləri ədəbi Azərbaycan dilinin formalaşması və inkişafını irəli aparmışdı, millətin mədəni dirçəlişinə xidmət edirdi;

 

- üçüncü, milli kitabxanaların və qiraətxanaların açılması. Azərbaycanda ilk kütləvi milli qiraətxananı 1894-cü ilin aprel ayında Nəriman Nərimanov Bakının Qorçakov küçəsində açmağa nail olub. Qiraətxana təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində də rəğbətlə qarşılanıb. Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən qiraətxanaya xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilib;

 

- dördüncü, “Nicat”, “Sara”, “Ədəb yurdu” və “Cəmiyyəti-Xeyriyyə” kimi xeyriyyə təşkilatlarının fəaliyyəti. Onlar varlı adamların ianələri hesabına maliyyələşdirilirdi, milli qəzet və jurnallara, Avropada təhsil alan azərbaycanlı tələbələrə də yardımlar edirdilər;

 

- beşinci, qəzet və jurnalların buraxılması. Azərbaycan maarifçiliyinin təmsilçiləri qəzet və jurnalları, milli və mədəni intibaha aid ideyaların yayılması üçün təsirli vasitə hesab edirdilər. XX əsrin əvvəlində “Həyat”, “Yeni həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi” kimi qəzet və jurnallar Azərbaycan xalqının milli-mədəni şüurunun inkişafında və təhsilin təbliğində çox mühüm rol oynamışdır.

 

Beləliklə, ədəbiyyat və maarifçilik təmsilçilərinin səylərinə görə Azərbaycanda müasir təhsil və mədəni hərəkat öz tarixi vəzifəsini yerinə yetirdi. Nəticə etibarilə Azərbaycan xalqı öz mədəniyyətini və elmi potensialını dərk etməyə başladı.

 

Azərbaycançılıq ideologiyasının ən görkəmli nümayəndələri və təbliğatçıları Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yaşadığı ərazilərdə müasir, inkişaf meyilli, elm və mədəniyyətə üstünlük verən respublika formasının yaranmasını arzulayırdılar.

 

1918-ci illərdə AXC dövründə mürəkkəb siyasi hadisələr- ermənilərin etnik soyqırım cəhdləri, ölkə ərazisində müxətlif dövlətlərin hərbi hakimiyyətlərinin yaranması, Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsi tam müstəqil respublikanın yaranmasına və elm-mədəni inkişaf proseslərini həyata keçirməyə imkan vermədi.

 

1920-ci ilin aprelində sosialist inqilabından sonra yaranmış Azərbaycan Sovet Respublikası dövründə təhsil, maarif, elm, mədəni inkişaf üçün imkanlar artdı. Bu dövrdə Azərbaycanda yaşayan çoxsaylı xalqların vahid mədəniyyət, elm təhsil, dil, yaşam tərzi inteqrasiyası prosesi getdi və nəticədə bütöv Azərbaycan xalqı formalaşdı.

 

Sovet dövrü ərzində Azərbaycan xalqının milli mədəni dəyərləri həm qədim mədəniyyətin elmi tədqiqi və ədəbiyyatda, kinoda, teatrda, incəsənətdə təbliği, həm müasir sosial mühnasibətləriin yaranması, həm də elmi-mədəni sahələrdə sürətli irəliləyiş baş verdi. Elmlər Akademiyası, müxtəlif ali təhsil müəssisələri, kütləvi orta təhsil ocaqları, teatrlar, Folklor İnstitutu, Ədəbiyyat İnstitutu, Kinostudiya yaradıldı, mətbuat, radio və televiziyanın inkişafı müxtəlif etnik qruplardan ibarət olan xalqın vahid dili və ümumi mədəniyyətinin formalaşmasına gətririb çıxardı.

 

Azərbaycan ziyalılarının əksəriyyəti Sovet hökumətinin milli siyasətini dəstəkləyirdi. Onlar yaranmış əlverişli şəraitdən milli dilin, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı üçün istifadə edirdilər. Buna görə də, XX əsrdə çox nəhəng elmi, mədəni institutlar, çoxsaylı mətbuat vasitələri, milli kino, milli ədbiyyat, radio və televiziya yarandı.

 

Sovet İttifaqı federativ dövlət, xalqların öz müqəddəratını təyinetmə pirinsipləri əsasında qurulmuşdu. İttifaqın əsas qanunları, sosial-iqtisadi sistemi eyni olsa da, müttəfiq respublikalarda milli mədəniyyətin, milli dilin, əlifbanın dövlət səviyyəsində qorunması və tətbiqi imkanı var idi.

 

Sovet milli siyasətinin əsas məsələlərindən biri bütün milli regionların siyasi, iqtisadi, ictimai və mədəni sahələrində islahatların həyata keçirilməsi idi. Geridə qalmış milli regionlar öz ictimai-iqtisadi, siyasi və mədəni inkişafında bu islahatlarla əsl tərəqqiyə nail oldular. Bu islahatlar bir tərəfdən regionlarda Sovet hakimiyyətini möhkəmləndirmiş, digər tərəfdən xalqların milli mədəniyyətinin inkişafına kömək etmişdi.

 

Mədəni sahə adamların daxili aləmi, tarixi ənənələri, milli və mənəvi dəyərləri ilə sıx bağlıdır. Buna görə də, onlar hər nə qədər əsas ideologiya olan beynəlmiləlçiliyi təbliğ etsələr də, öz əsərlərində milli ruhu, milli psxologiyanı, milli mədəniyyəti əsas ehkam kimi götürürdülər. Lakin bu, elmi, mədəni ictimaiyyəti, həmçinin xalqları millətçilik səviyyəsinə endirmirdi. Bəşəri dəyərlərlə milli dəyərlər uyğunlaşdırılmış formada qorunurdu. Bu sahədə ən yaxşı nümunələrdən biri də Azərbaycan idi. O dövrdə Bakı beynəlmiləl şəhər kimi tanınmış, Azərbaycan multikultural respublika kimi zəngin mədəniyyətini qoruyub saxlamış və inkişaf etdirmişdi.

 

Sovet İttifaqı dağıldıqdan və Azərbaycan müstəqil dövlət kimi fəaliyyətə başladıqdan sonra xarici dairələrin dəstəyi ilə respublikada millətçilik, seperatçılıq prosesləri başladı. Azərbaycanda yaşayan bəzi etnik qrupları qızışdırmaq, milli, dini, məzhəb fərqlərini qabartmaq üçün müxtəlif layihələrə Qərbdən böyük dəstək verilirdi.

 

Ermənistanın təcavüzü və Qarabağ işğal etməsi şəraitində ağır müharibəyə cəlb olunan Azərbaycan üçün bu son dərəcə təhlükəli idi. Çevrilişlə dövlət başına gəlmiş mövcud hakimiyyət nə daxili siyasəti, nə də xarici siyasəti düzgün apara bilmədi. Nəticədə ölkə parçalanma halına gəldi.

 

1993-cü ildə xalqın tələbi ilə ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələlər qaydasına salındı. Azərbaycançılıq ideologiyasının bazasına söykənən daxili siyasət, həmçinin, qonşu ölkələrdə, böyük dövlətlərlə normal əməkdaşlıq siyasəti həyata keçirildi.

 

Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə öz vahid mədəniyyəti, milli-mənəvi dəyərləri üzərində öz dövlətini formalaşmağa başladı. Tezliklə, ölkədə ictimai-siyasi sabitlik təmin olundu, iqtiadi inkişaf və sosial rifah artmağa başladı. Azərbaycan müasir dünyada öz milli mədəniyyəti, mənəvi dəyərləri əsasında bəşəri dəyərləri qəbul etməklə inkişaf etməyə başladı.

 

Heydər Əliyevdən sonra isə Azərbaycançılıq ideologiyasının davamçısı İlham Əlyev bu siyasəti davam etdirdi və bu gün siyasi nüfuzunu getdikcə artıran, iqtisadi inkişafını sürətlə davam etdirən Azərbaycan sosial-mədəni cəhətdən inkişaf etmiş bir cəmiyyət, güclü bir dövlət kimi dünyada öz yerini tutub. Məhz belə bir vahid milli birlik, belə bir güclü dövlət sistemi işğal edilmiş torpaqlarımızın azad edilməsini, Qarabağın azad edilməsini təmin etdi.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün milli-mənəvi dəyərləri üzərində dünyada öz nüfuzunu artırır və gələcək nəsillərə güclü, inkişaf etmiş, müasir bir dövlət miras qoyur. Özü də təkcə bu respublikanın sərhədlərinə sığacaq bir dövləti deyil, həm də dünya azərbaycanlılarının çoğrafi, milli, mədəni cəhətdən ümumi birliyini özündə birləşdirəcək bir strateji və konseptual ideyanı. Belə bir baza- Azərbaycançılıq ideologiyası üzərində xalqımızın böyük və qüdrətli Azərbaycanı yenidən bərqərar edəcəyi gün uzaqda deyil.

 

Elçin Bayramlı

 

 Səs.- 2020.- 19 dekabr.- S-15