Ailədaxili zorakılıq: kimlər necə və nəyə məruz qalır?

    

 

Ekspert: “Zorakılıq tək fiziki deyil, mənəvi zorakılıq da var və bu, daha ağır nəticələr verir”

 

Ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər 4 qadından 1-nin və hər 6 kişidən 1-nin ailədə zorakılığa məruz qaldıqlarını göstərib.

 

Zorakılıq özünü 2 yöndə göstərə bilər, fiziki və mənəvi tərəfdən. Psixoloqlar deyir ki, mənəvi zorakılıq daha çox zərərlidir və cəmiyyətin ən yaralı yeridir. Etiraf etmək çətin olsa da bu gün əri tərəfindən döyülən qadınlarımız da var, xanımın təzyiqinə, mənəvi basqısına, bəzən də fiziki zorakılığa məruz qalan kişilər də.

 

Sosioloqlar ailədaxili zorakılığa məruz qalanları aşağıdakı kimi sıralayırlar:

 

1. Həyat yoldaşı (qadın və ya kişi)

 

2. Uşaqlar

 

3. Ailə böyükləri (nənə və ya baba)

 

4. Xüsusi qayğıya ehtiyacı olanlar (fiziki qüsurlu insanlar)

 

Kim daha çox zorakılıq görür?

 

Nədənsə, ailədə zorakılıqdan söz düşəndə hamının gözünün özünə əri tərəfindən döyülmüş, üz-gözü şişmiş, paltarları cırılmış qadın surəti gəlir. Bizim cəmiyyətdə kişilərin ailədə zorakılığa məruz qalmasına inanmırlar, daha dəqiq ifadə etsək əksəriyyət bunu mümkünsüz hesab edir.

 

Müsəlman cəmiyyətlərində daha çox qadınlar və uşaqlar zorakılığa məruz qalması barədə danılmaz faktlar var. Elə bir ay əvvəl Səudiyyə Ərəbistanında ailəli olan gimnastımız Zeynəb Cavadlının sosial şəbəkə müraciəti də bu faktlardan biri idi. Ərəb şeyxi ilə evli olan gimnastımız ailədaxili zorakılığa məruz qaldığını və Səudiyyə qanunlarına görə heç bir haqqının olmadığını yayımlamışdı. Onun olduğu cəmiyyətdə qadınlar demək olar ki, söz haqqına malik deyil. Yerli qanunlara görə, kişi birmənalı olaraq özünü ailənin lideri görür və liderliyini qəyiyyən paylaşmaq istəmir. Əgər qadın hər hansı bir səbəbdən etiraz edərsə, payına yalnız döyülmək, uşaqlarından məhrum edilmək düşür.

 

Bizim ölkəmizdə də zaman-zaman mətbuata, hüquq-mühafizə orqanlarına məlum olan zorakılıq hadisələri olur, amma etiraf etmək lazımdır ki, ölkəmizdə hər 100 zorakılıq halından yalnız bir neçəsi aşkara çıxır. Kişilərin zorakılıq gördüyü cəmiyyətlərdə isə çox vaxt fiziki qüsuru olan kişilər və qocalar bundan əziyyət çəkir. Bu o demək deyil ki, onlara fiziki güc tətbiq edilir, yox, sadəcə sözlə də zorakılıq olur, bu iş qabiliyyətini itirmiş və ya yaşlanmış kişilərin ən çox raslaşdığı durumdur.

 

Sosioloq: Mənəvi zorakılıq daha ağır nəticə verir

 

Psixoloqların fikrincə, ailədaxili zorakılığın səbəbləri ailə üzvləri arasında anlaşmazlıq, ailə üzvlərinin məsuliyyətsizliyi, fiziki və ruhi problemlər, şəxsiyyət pozğunluqları, maddi problemlər, aldatma-xəyanət etmə, spirt və narkotik asılılıq, depressiya və fərqli namus anlayışlarıdır.

 

Sosioloq Arzu Qarayeva hesab edir ki, ailədə zorakılığın artmasının səbəblərindən biri də savadsızlıqdır: “Düzdür, bizdə savadsız qadınlar azdır, ali məktəb oxumayanların heç olmasa orta təhsili, kifayət qədər biliyi var. Təcrübədən keçmiş faktdır ki, dünyadan bir az xəbəri olan, haqqını-hüququnu bilən qadınlar özlərini əzdirmirlər. Heç olmasa, çətin halda hara müraciət etmək lazım olduğunu bilirlər.

 

Və ya əksinə, ailədə zorakılıq görən kişilər də var, kimisi valideynindən, kimisi də həyat yoldaşından. Zorakılıq tək fiziki basqı demək deyil, mənəvi zorakılıq da var və bu fiziki zorakılıqdan daha ağır nəticələr verir”.

 

Zorakılığın 3 əsas səbəbi var

 

1-ci səbəb stress, əsəb yaradan işlərdən, genefondu dağıdan transgen qidalardan, eləcə də hər saniyə daha da korlanan ekologiyadan qaynaqlanır. Ekspertlərin fikrincə, insanlar nə qədər ki, süni qida, genetik modifikasiya olunmuş məhsullar yeyəcəklər, ağır və stressli iş rejimi ilə çalışacaqlar elə belə də davam edəcək. Nəticə isə özünü ağır formada göstərir. İşdə, küçədə əsəbləri tarıma çəkilən kişi və ya qadın bütün hirsini evdəkilərin üstünə tökür, etiraz edən, səsini çıxaran olanda da zorakılıq tətbiq edir.

 

2-ci səbəb, qeyri-düzgün yaşam, uyğunlaşmayan baxışlar, uyuşmazlıqlardır. Əgər kişi evləndiyi qadını sadəcə görüntü olaraq bəyənirsə bu sonralar böyük problemlərə səbəb olur. Uyğun gəlməyən xasiyyətlər ailəiçi münaqişələrin təməlində durur.

 

3-cü səbəb, ictimai təsirlərdir. Çoxları eşitmiş olar, bizim cəmiyyətdə kobud bir məsəl var, “qızını döyməyən, dizini döyər”. Bəzi valideynlər də buna hərfi mənada əməl edir, halbuki, burada “döymək” məcazi mənadadır, yəni, uşağı döymək yox, ona tərbiyə vermək mənasındadır. Cəmiyyətin qınağına tuş gəlməkdən qorxan kişi qadının, övladının “aşının suyunu verir” ki, başqaları ona “əsl kişi” desin.

 

Psixoloqlar ailədaxili zorakılığa məruz qalan hər bir uşaqğın gələcəkdə bunu öz övladına qarşı tətbiq edəcəyini deyir.

 

Zorakılığın növləri

 

Ailə içi zorakılıq bir çox formada təzahür edə bilər, yumruq atma, təpikləmə, söyüş, hər hansı soyuq alətlə vurma, odlu silahlarla qorxutma və ya yaralama, zorla evləndirilmə, cinsi əlaqəyə məcbur etmə, evdə dustaq etmə və s.

 

Bunlardan əlavə, ailə üzvlərinə qarşı səs ucaltmaq, başqalarının yanında hörmətdən salmaq, qürurunu qırmaq da zorakılıq sayılır. İqtisadi imkanların məhdudlaşdırılması, yəni maddi sıxıntıya salmaq da ailədaxili zorakılığın bir növü hesab edilir.

 

Qadın ailədaxili zorakılığın hədəfidir?

 

Qadınlar, ailədaxili zorakılığın ən çox zərər çəkmiş hədəfidir, onlar döyülürlər, söyülürlər, təhqir və təcavüz edilirlər, yaralanırlar və hətta öldürülürlər də. Qadının ailədəki zorakılığı dözməsinin bir çox səbəbi var, özünü gücsüz hesab edir, maddi cəhətdən asılıdır, cəmiyyətin qınağından qorxur.

 

Ailədaxili zorakılıq görən qadınlarda qorxu, yuxusuzluq, kabus görmə, özünü günahlandırma, özünə inam hissinin itkisi, kompleks hiss etmə, sinir böhranları, tənhalıq, əsəbilik simptomlar üzə çıxır. Bu qadınların bir çoxu həyat yoldaşlarından “ümidi kəsmirlər”, bir gün “düzələcək”ləri ümidiylə yaşayırlar.

 

Kim fiziki, kim mənəvi zorakılığa məruz qalır?

 

Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir hal olsa da, rast gəlinəndir. “Sağlam Cəmiyyət” İctimai Birliyinin (SCİB) keçən il apardığı bir araşdırmaya görə, ölkəmizdə kişilərin 2,1%-i tez-tez, 1,2%-i hərdənbir xanımları tərəfindən fiziki zorakılığa məruz qalır.

 

Ümumiyyətlə, kişilər daha çox mənəvi zorakılığa məruz qalır. SCİB-in keçirdiyi sorğunun nəticələrinə görə kişilərin 69%-i, qadınların 73,2%-i həyat yoldaşlarına təhqir, lağ etmə, kobud davranma kimi mənəvi zorakılıq göstərir.

 

Sorğu həmçinin, ailədaxili münaqişələrin çoxunun (75 faiz) elementar qarşılıqlı hörmət və anlayışın olmaması səbəbindən yarandığını göstərir. 25 faizi isə ciddi səbəblərdən- xəyanət, sərxoşluq, ailəyə laqeydlik kimi hallardan meydana çıxır.

 

Ailədaxili zorakılıqda uşaqların yeri

 

Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır. Ana-ata arasındakı mənəvi və fiziki basqının altında çox vaxt uşaqlar qalırlar. Valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş, istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşaq istismarı deməkdir.

 

Sosial işçi Zümrüd Həsənli deyir ki, iş təcrübəsində uşaqların döyülməsi, söyülməsi, kəsici-deşici alətlərlə zərər görməsi, dağlanması (bədən üzərində siqaret söndürmə) və bunların nəticəsində uşağın şikəst qalması uşaq istismarını göstərən bir çox hallarla qarşılaşıb.

 

Onun sözlərinə görə ailədaxili zorakılıq tətbiq olunan uşaqlarda fiziki problemlərdən çox mənəvi-ruhi problemlər yaranır. Bu cür uşaqlar qorxaq, utancaq, tündxasiyyət, təcavüzkar, qorxulu yuxular görən olurlar. Onlarda güvənsizlik, şəxsiyyət pozğunluğu, cəmiyyətdən təcrid olunma, evdən qaçmaq, zorakılığa meylli olmaq hissləri daha qabarıq olur. Onlar atalarını bir model olaraq görürlər və onu təlqin edirlər.

 

Ailədaxili zorakılıqda qocaların yeri

 

Ailədaxili zorakılıqda qocaların yeri narahatlıq yaradacaq qədər genişdir. Ölkəmizdəki qocalar evlərində bu cür halların, əslində, nə qədər çox olduğunu müşahidə etmək olar. Bəzən övladları valideynlərini qocalar evinə göndərmək istəmir, çünki ya cəmiyyətin qınağından qorxur, ya da qoca valideyninin təqaüdünü itirməkdən. Buna görə də valideynə özü baxır. Amma necə baxır, orasını çoxumuz təxmin edə bilirik.

 

Yaşlı və qocalara zorakılıq bir çox formada təzahür edir, bu fiziki zərər vermə də ola bilər, leqeydlik, maddi sıxıntı vermək, mal-mülkünə sahiblənmək, təhqir etmək, qürurunu sındırmaq kimi mənəvi zorakılıq da ola bilər.

 

Sosioloqlar isə hesab edir ki, ailədaxili zorakılıqdan əziyyət çəkənlərin sığına biləcəkləri yer olmalıdır. Hər hansı mərkəzlər, sığınma evləri. Ölkəmizdə qadınlar və uşaqlar üçün sığınacaqlar olsa da zorakılığa məruz qalan kişilər üçün sığınacaqlar yoxdur.

 

Lalə Mehralı

 

Səs.- 2020.- 9 dekabr.- S.15.