Ailə institutumuz: hansı təsirlər
var, necə qarşısını almaq olar?
Sağlam ailələr sağlam cəmiyyəti,
sağlam cəmiyyət isə sağlam dövləti qurur
Azərbaycanın min illərlə davam edən
adət-ənənələr, ictimai qaydalar və
yazılmamış qanunlar var. Son dövrlərlərdə cəmiyyət
yenilik arxasınca yola çıxaraq yaşam tərzinə
yeni abı-hava qatmaq istəyir. Bunu çox zaman “müasirlik”
adlandırırlar. Son illər əsasən cəmiyyətin gənc
hissəsinin “avropalaşmaq” istəyi min illərin
köklü dəyərlərinə zidd ab-hava qatmaqdadır.
Bu tendensiyanın nəticələri öğzünü bir
çox ciddi problemlərin yaranmasına və ya kəskin
artmasında biruzə verir. Konkret desək, milli-mənəvi dəyərlərimiz
itirilir, ailə institumuz dağılır. Sağlam ailəsi,
dərin köklərə malik cəmiyyəti olan Azərbaycanın
mənəvi dəyərlərinin dəyişməsinə
ehtiyac varmı?
Ailədən cəmiyyətə nə
ötürülür?
Ailənin sağlamlığı cəmiyyətin
təməlinin sağlam qoyulması deməkdir. Sağlam cəmiyyətin
təşəkkülündəki ailələr isə milli-mənəvi
dəyərləri dəyər-dəyməzinə “sataraq”
yenilik, müasirlik axtarışında olan ailələr
olmamalıdır.
Azərbaycanın milli-mənəvi dəyərləri
aspektindən sağlam ailə milli-mənəvi dəyərlərinə
hörmət edən, ata-babasından aldığı adət-ənənəni
övladına ötürən insanların olduğu ailədir.
Bizim cəmiyyətin milli dəyər anlayışı ailədən
başlayır. Bu səbəbdən hər bir azərbaycanlının
ailəsindəki ənənəyə bağlılıq
sağlam cəmiyyətin qurulmasına xidmət edir.
Son dövrlərdə Azərbaycanda da gənclərin
əksəriyyəti ailə qurandan sonra ailəsindən
ayrı yaşamağa can atır. Bundan başqa, ailəsi də
eyni şəhərdə yaşadığı halda öz
dostları, institut yoldaşları ilə birlikdə
yaşamağın həvəsində olan kifayət qədər
gənc var.
Bu, yad dəyərlərin təsiri, həmçinin,
televiziyaların, internetin bizim cəmiyyətə “töhfə”sidir.
Yeniyetmə görür ki, başqa ölkələrdə
16-17 yaşlı yeniyetmələr özü işləyir,
pul qazanır, tək yaşayır, pulunu bara, əyləncə
məkanlarına xərcləyir, heç kimə hesabat vermir.
Bizim gənclərə bu cəzbedici təsir
bağışlayır, çoxdandır ayrı yaşamaq, tək
qalmaq barədə düşündüklərini
reallaşdırmaq istəyir, amma valideynlər imkan vermir.
Tutaq ki, bir ailənin bir oğlu var, o tələbə
yoldaşlarının tək yaşadığını
görür, həvəslənir. Kəndlərdən,
kiçik şəhərlərdən təhsil almaq
üçün böyük şəhərlərə gələn
gənclərin kirayə evlərdə, yataqxanalarda öz
yaşıdları ilə birlikdə qalması valideyni ilə
yaşayan gənclərə olduqca maraqlı gəlir və
onlar da ayrı yaşamaq istəyirlər. Valideynlər
icazə vermir. Ailənin möhkəm təməlinin
yavaş-yavaş boşalması da məhz bu kimi səbəblərdən
yaranır.
Ailədə və cəmiyyətdə ahəng
möhkəmlik yaradır
Sosioloq və psixoloqlar sağlam
ailə üçün mənəvi dəyərlərin
fiziki sağlamlıq qədər vacib olduğunu deyirlər.
Əksər sosioloqlar hesab edir ki, azərbaycanlı
psixologiyasında ailə faktoru digər xalqlarla nisbətdə
daha dərin və uzunömürlüdür. Çünki
daha çox gənclərin “geridəqalmışlıq”
hesab etdiyi adətlər sayəsində yüz illərdir
ölkəmizdə sağlam cəmiyyət, sağlam ailə
yaratmaq mümkün olub. Azərbaycan ailələrində
valideyn hətta övladını evləndirdikdən sonra belə
öz yanından ayırmır, bir evdə yaşamaq istəyir.
Bu da sevgidən, qayğıdan irəli gəlir.
Amma bir çox ölkədə
uşağın 16 və ya 18 yaşı olan kimi valideyn tələb
edir ki, get işlə, özünə ev tut, ayrıca
yaşa. Onlar üçün doğmalıq
anlayışı yoxdur, ailədə də hər kəs
öz qazancı ilə yaşayır. Ona görə də, mənəvi
dəyərləri möhkəm deyil, ailə cəmiyyətdə
2-ci dərəcəli plana keçir. Dolayısı ilə həm
ailə, həm də cəmiyyət möhkəm olmur.
Çünki ailə cəmiyyətə mənəvi
sağlam fərd verə bilmir.
Sosioloq Əhməd Qəşəmoğlunun
fikrincə, ailə cəmiyyətin sosial mərkəzidir və
o mərkəzin idarəsində ahəng önəmlidir: “Bu
ahəngi ailədə yarada biliriksə, cəmiyyətimizdə
də ahəng, uyğunluq və möhkəm təməl
olur. Azərbaycanın ailə modeli, ailə institutu ölkənin
ən böyük mənəvi dəyərlərindən
biridir. Gərək bilək ki, ən böyük mənəvi
dəyərimiz ailə institutudur və onu qorumalıyıq.
İndi dünyada elə proseslər gedir ki, mənəvi
problemlər arxa plana keçməkdə və maddi dəyərlər
önə çıxmaqdadır. Bu bizim cəmiyyətdə
də baş verir. Ən xoşagəlməz hal budur ki, maddi dəyərlərə
üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz
çox güclü təzyiqə məruz qalır, bundan da
ailə və cəmiyyət zərər görür.
Çalışmaq lazımdır ki, ailədə mənəvi
dəyərlər ön sırada saxlayaq. Bu ailənin cəmiyyətdə
sağlam yer qazanmasına kömək edəcək”.
Ailənin təməlini möhkəm qursaq...
Sağlam ailənin təməli həm də
sağlam evliliklə qoyulur. Gələcək ailənin hər
iki fərdi bir-birini anlamaqla yanaşı mənəvi
xüsusiyyətlərinə görə də uyğun olsa
yaxşıdır. Ailədəki hər xırda
narazılıqdan böyük problem yaradan tərəflərin
sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini
də cəmiyyət çəkir.
Psixoloq-pedaqoq İbrahim Cəfərov deyir ki,
altruist təfəkkürdən eqoist təfəkkürə
keçmə prosesi problemlər yaradır: “Sağlam
ailə qurmaq istəyində olan bəzi kişilər, gələcək
uşaqlarını yaxşı tərbiyə edə biləcək
qadın axtarır, bəzisi bir ömür boyu güvənəcəyi,
sirdaş olacağı qadın axtarır, bəzisi isə
ömür boyu aşiq ola biləcəyi bir qadınla
evlənmək istəyirlər. Həyat yoldaşını
yalnız gözəlliyinə, fiziki formasına görə
seçənlər də var. Bu eqoist yanaşmadır və
yaxşı nəticə vermir”.
Müsahibimiz deyir ki, sağlam ailənin
qurulmasında əsas amillərdən biri də ailədə
gender problemlərinə yer verməməkdir: “Cəmiyyətin
bütün problemləri də məhz bu cür gender bərabərsizliyi
olan ailələrdən qaynaqlanır. Bir çox ailədə
söz sahibi olmaq üçün dava olur. Ya qadın hər
dediyinin olmasını istəyir, ya da kişi.
Qarşılıqlı anlaşaraq, məsələni
müzakirə edərək həll etmək istəmirlər,
heç kim güzəştə getmir. Belə olduqda isə
narazılıq böyüyür. Ailələrdə
narazılıqların çoxalması cəmiyyətə də
yansıyır. Sağlam ailəsi olmayan cəmiyyətin
sağlam formalaşması mümkün deyil. Gender probleminin əsası
da məhz ailələrdə qoyurlur, cəmiyyətdə
böyüyür”.
Boşanmalar sağlam cəmiyyəti hədələyir
Adət-ənənələrin
gündəlik yaşayış tərzimizdən
uzaqlaşdırılması sonda ailə institunun deformasiyaya
uğramasına və ailələrin dağılmasına gətirib
çıxarır. Əlbəttə, Azərbaycan qədim
xalq adət-ənənələri, milli-mənəvi dəyərləri
əsasında formalaşmış cəmiyyət və
dövlətdir. Amma bu və ya digər səbəblər
üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən
bu dəyərlər nəzərə alınmır və sonda
xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk
növbədə ailələrə, daha sonra isə cəmiyyətə
təsir göstərir.
Bu gün bütün dünyada olduğu kimi,
Azərbaycanda da boşananların sayı artır. Hüquqşünas Leyla Məhərrəmova deyir
ki, ölkəmizdə boşanma halları müxtəlif səbəblərdən
baş verir: “İnsanlar daha çox münasibətlərin
yolunda getməməsi, xasiyyətin uyğun gəlməməsi
səbəbindən boşanır. Ailə quranda fikir
vermədikləri amillər sonradan onları narahat edir,
boşanmaya qədər gətirib çıxarır. Cəmiyyətdə
boşanma halları artırsa, bu dövlət
üçün də ciddi problemdir.
Bir çox hallarda boşanmaların
artmasını sosial problemlərlə əlaqələndirməyə
çalışır. Lakin müətəxəssis bununla
razılamır: “Statistikaya nəzər saldıqda
görürük ki, ailələrin dağılması
heç də əsasən sosial-iqtisadi amillərlə
bağlı deyil. Çünki, imkansız ailələrdə
boşanma halları azdır, imkanlılarda daha çoxdur.
Statistika göstərir ki, ölkəmizdə
boşanmaların əksəriyyəti sosial yox, mənəvi-psixoloji
problemlərin payına düşür. Mənəvi cəhətdən
sağlam fərdlərdən ibarət ailələrdə
boşanma faizi sion dərəcə aşağıdır”.
Sağlam ailə və cəmiyyət dövlətin
marağındadır
Ümumiyyətlə, ailə dəyərlərinin
qorunmasında cəmiyyətin və dövlətin
bütün institutları aktiv və məsuliyyətli
olmalıdır. Əgər ailəni sağlam qursaq cəmiyyətə
də sağlam fərdlər vermiş olarıq. Düzdür, Azərbaycanda boşanmalar, müxtəlif
ailə problemlərinin səviyyəsi digər ölkələrdən
dəfələrlə aşağıdır, lakin son illərdə
bu halların artması müşahidə olunur ki, bu qlobal təsirlərlə
bağlıdır.
Bu gün ailələrin möhkəm, sağlam
olması Azərbaycan dövlətinin də
marağındadır. Axı sağlam cəmiyyəti
sağlam ailə yaradır, sağlam dövləti isə
sağlam cəmiyyət qurur. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi ailələrlə
bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi
ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil
arasında ailə dəyərlərinin qorunub
saxlanılması, uşaq və yeniyetmələrin milli mənəvi
ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin
aşılanması istiqamətində mütəmadi olaraq
maarifləndirmə kampaniyası reallaşdırılır.
Lakin, bu istiqamətdə Komitənin
gördüyü işlər qənaətbəxş deyil. Azərbaycanda
ailə siyasətinin əsas prinsipləri mənəvi dəyərlərə
söykənməlidir. Bu, güclü, sağlam cəmiyyətin
təməl daşlarının uzun müddət
sarsılmayacağını təmin edə bilər.
“Sağlam ailə, sağlam cəmiyyət,
sağlam dövlət” prinsipi Azərbaycan Prezidenti İlham
Əliyevin fəaliyyətinin əsas prioritetlərindən
birini təşkil edir. “Azərbaycan cəmiyyəti milli-mənəvi
dəyərlər üzərində inkişaf etməlidir”
deyən dövlət başçısı öz siyasətində
də buna üstünlük verir. Bu siyasət isə
sağlam cəmiyyət, güclü dövlət
proqramının əsas prinsipidir.
Lalə
Mehralı
Səs.- 2020.- 4 dekabr.- S.15.