Azərbaycanın xarici siyasətində ərazi
bütövlüyünün bərpası və Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması əsas prioritetdir
AZƏRTAC
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Ermənistan rəhbərliyi tərəfindən
səsləndirilən əsassız fikirlər tarixi
reallıqları, münaqişənin əsl mahiyyətini əks
etdirmir. Bunu Azərbaycan Prezidenti İlham
Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya
Federasiyasının Soçi şəhərində “Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin
il oktyabrın 11-də MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə
iclasında çıxışları zamanı tutarlı
faktlarla sübut etdi. 2020-ci il fevralın
15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində
isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı panel müzakirələr
zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
Sammitində Ermənistanın yürütdüyü
faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə,
dövlət terrorizmi və işğalçılıq siyasətini
ifşa edən Prezident İlham Əliyev Ermənistanın
baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl
dərs keçdi.
AZƏRTAC Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin
Əhmədovun “Azərbaycanın xarici siyasətində ərazi
bütövlüyünün təmin edilməsi və
Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması əsas prioritet istiqamətdir” sərlövhəli
məqaləsini təqdim edir.
Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi
hissəsinin açılışında Azərbaycanın
hazırda dünya miqyasında öz gücünə arxalanan
və heç kimdən asılı olmayan ölkə
olduğunu bildirərək vurğulayıb ki, biz müharibə
şəraitində yaşayırıq və eyni zamanda, bu
gün dünyada, beynəlxalq müstəvidə güc
amilinin ön plana çıxdığını
görürük. Prezident İlham Əliyev beynəlxalq
hüquq normalarının kobudcasına pozulduğunu, onlara əməl
edilmədiyini, təəssüflə qeyd edərək bildirdi
ki, bu gün beynəlxalq münasibətlərdə “kim
güclüdür, o da haqlıdır” prinsipi
üstünlük təşkil edir. Biz bunu
görürük, müşahidə edirik və buna uyğun
öz addımlarımızı atmalıyıq,
çünki biz real vəziyyətlə
hesablaşmalıyıq.
Eyni zamanda, Prezident İlham
Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar ərazi
bütövlüyü prinsipini xüsusilə qeyd edirlər,
o cümlədən Avropa İttifaqının sonuncu Şərq
Tərəfdaşlığı Zirvə
görüşündə çıxış edən
dünya liderlərinin bir çoxu bu məsələyə
aydınlıq gətiriblər. Qeyd olunub ki, ərazi
bütövlüyü prinsipi insanların, xalqların öz
müqəddəratını təyin etmək prinsipindən
üstündür və heç kimin bu haqda şübhəsi
olmasın. Ermənistana və Dağlıq
Qarabağ məsələsinə gəldikdə isə,
öz müqəddəratını müəyyənetmə
prinsipi işləmir, çünki erməni xalqı öz
müqəddəratını bir dəfə müəyyən
edib, Azərbaycan torpağında yaradılmasına baxmayaraq
onların erməni dövləti var və Azərbaycan
torpağında ikinci erməni dövlətinin
yaradılmasına biz heç cür imkan verə bilmərik:
“Ancaq bir daha demək istəyirəm ki, ərazi
bütövlüyü prinsipi bu gün üstünlük təşkil
edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq,
tarixi ədalət baxımından mükəmməldir.
Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında
öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi,
dünyada güc amili ön plana çıxır və biz bu
gücü toplamalıyıq, məsələni istənilən
yolla həll etməliyik”.
Bununla yanaşı, işğal
edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən
qanunsuz məskunlaşma siyasətinin
aparıldığını beynəlxalq tədbirlər
çərçivəsində diqqətə
çatdıran Prezident İlham Əliyev bildirdi ki, sonuncu
Şərq Tərəfdaşlığı Zirvə
görüşü çərçivəsində, eləcə
də bütün beynəlxalq təşkilatlarda, bu məsələni
qaldırırıq və qaldıracağıq: “...Qanunsuz məskunlaşmaya
son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna
çağırırıq. Minsk qrupunun həmsədrlərinin
bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik
ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın
siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin
adlarını dəyişdiriblər. Əvvəlcə indiki
Ermənistan ərazisində, indi isə Dağlıq
Qarabağda və ətraf bölgələrdə. Orada yeni
dırnaqarası sərhədlər çəkiblər, bizim
tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər,
tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək
istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər,
ancaq onlarda insan resursu olmadığı üçün
çətinlik çəkirlər. Amma yenə də diaspor
fəaliyyəti nəticəsində buna
çalışırlar”. Dövlət
başçısı vurğuladı ki, Azərbaycan buna
imkan verməyəcək, bunu hər kəs bilsin,
münaqişə ilə bağlı mövqeyimizdə
möhkəm dayanmışıq və bir addım geri
atmayacağıq.
Qeyd etmək vacibdir ki,
bütün dünyanın gözü qarşısında
baş verən dəhşətli Xocalı
soyqırımının əsl mahiyyəti yalnız
ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi
hakimiyyətə yenidən qayıtdıqdan sonra
açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı
soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman
törədilmiş soyqırımı ilə əlaqədar
ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da
imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilmişdir.
Ümummilli Liderin “1948-1953-cü
illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı
Ermənistan SSR ərazisindən azərbaycanlıların
deportasiyasının hərtərəfli tədqiq edilməsi,
bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və
onun beynəlxalq ictimaiyyətə çatdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin
öyrənilməsi və yaddaşlarda həkk olunması
deyil, eləcə də erməni millətçiliyinin və
terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanın ərazi
bütövlüyü istənilən digər ölkənin ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir fikrini
bütün dünyaya bəyan edən dövlət
başçısı İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni
Ermənistan işğal olunmuş Azərbaycan
torpaqlarından çıxmayınca bölgədə
heç bir müsbət irəliləyişin mümkün
olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın
öz milli maraqları uğrunda sona qədər mübarizə
aparacağını bildirmişdir. Eyni zamanda,
bu mübarizədə ədalətin Azərbaycanın tərəfində
olduğunu söyləyən Prezident İlham Əliyev
dünyaya bəyan etmişdir ki, Azərbaycan bundan sonra da nə
danışıqlar prosesində, nə də bölgədə
gedən başqa proseslərdə öz prinsipial mövqeyindən
dönməyəcək.
Azərbaycan Prezidenti İlham
Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri
zamanı Ermənistanın əsassız ərazi
iddialarını və ermənilərin Cənubi Qafqaza,
xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində
məqsədyönlü şəkildə
köçürüldüyünü bir daha diqqətə
çatdırdı: “İndiki Ermənistan
Respublikasının ərazisi qədim Azərbaycan
torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç
uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə
baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın
bütün ərazisindəki toponimlərin demək olar ki,
mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər
ki, hər kəs görsün”.
Dövlət başçısı İlham
Əliyev bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətlərin
ortaya qoyulmalı olduğunu vurğulayaraq bildirib: “...Bunu demək
lazımdır, o xəritələri gətirmək
lazımdır. İşğal edilmiş indiki
torpaqlarımızın xəritələrini gətirmək
lazımdır. Bütün beynəlxalq təşkilatları,
orada fəaliyyət göstərən nümayəndələri
tanış etmək lazımdır. Eyni zamanda, müsəlman
ölkələrinin parlamentlərinin nümayəndələri
ilə görüşlər əsnasında mütləq ermənilər
tərəfindən dağıdılmış məscidlərimizin
şəkilləri göstərilməlidir. Mən bunu edirəm.
Bir çox müsəlman ölkələrinin liderlərinə
bu şəkilləri göstərirəm”.
Bir neçə il əvvəl,
2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə
çıxış edən Prezident İlham Əliyev bildirib
ki, öz tariximizi, bu reallıqları dünya miqyasında
daha da dolğun təqdim etməliyik. Dövlət
başçısı qeyd edib ki, ermənilər Azərbaycan
tarixini təhrif etməyə çalışırlar və
diaspor imkanlarından istifadə edərək, bəzi hallarda
buna nail olurlar: “Erməni alimləri” xüsusilə regionun, Cənubi
Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında
kitablar dərc edirlər, təqdimatlar keçirirlər.
Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.
Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu
torpaqda əsrlərboyu yaşamışlar. Bugünkü Ermənistan
tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan
xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar
olub”.
Hazırda ölkəmizin ərazi
bütövlüyünün təmin edilməsi, eləcə
də Qarabağ haqqında əsl həqiqətlərin
dünyaya çatdırılması, Ermənistanın təcavüzkar
siyasətinin ifşa olunması Azərbaycanın xarici siyasətinin
əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti
nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar
qəbul etdiyi sənədlərdə Ermənistan
işğalçı dövlət kimi göstərilmişdir.
Xocalı həqiqətlərinin dünyaya
çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına
obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq
addımlar atılmışdır.
Bununla yanaşı, qeyd etmək lazımdır
ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın gördüyü işlər olduqca
təqdirəlayiqdir. Belə ki, Azərbaycanın
Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev
Fondu bəşəriyyətin ən böyük faciələrindən
olan Xocalı soyqırımı haqqında faktların
dünyaya çatdırılması istiqamətində
sistemli və ardıcıl fəaliyyət həyata
keçirir. Xocalı soyqırımının
tanıdılması və soyqırımına siyasi qiymət
verilməsi istiqamətində görülən işlər
artıq daha ciddi nəticələr verir və bu proses
genişlənməkdə davam edir.
Azərbaycanın dünya birliyində təbliğ
edilməsi, xüsusilə Qarabağ həqiqətlərinin
tam təfərrüatı ilə dünya birliyinə obyektiv
şəkildə çatdırılması işində Heydər
Əliyev Fondunun rolu çox yüksək qiymətləndirilir.
Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
dünya miqyasında təbliği məqsədilə müxtəlif
dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti
də xüsusi qeyd olunmalıdır. Son illərdə
beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri”
toplusu “Qarabağın tarixi haqqında məlumat”,
"Qarabağ münaqişəsinin başlanması”,
“Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni
təcavüzünün nəticələri”, “Erməni terror
təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”
kitabçalarından ibarətdir. Bu
topluların elektron variantları 2007-ci ildə qanlı
soyqırımın 15 illiyində Avropanın 15 dövlətində
keçirilən soyqırımı qurbanlarının xatirəsini
anma mərasimlərində xarici ölkələrin diplomatik
korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi
informasiya vasitələrinə, tanınmış siyasi-ictimai
xadimlərə paylanmışdır. Real
faktlara, tutarlı sübutlara, fotosənədlərə
istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə
avropalıya Qarabağ həqiqətləri, Xocalı
soyqırımı, Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi təcavüzkar
işğalçılıq siyasəti haqqında əsl həqiqətləri
çatdırmışdır. Mehriban
xanım Əliyevanın “Ön söz”ü ilə
işıq üzü görmüş “Müharibə və
tarixi-mədəniyyət abidələrimiz” kitabında Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində
- Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər,
Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən
tapdağı altında qalıb dağıdılmış
tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar
verilmişdir.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasına xüsusi önəm verən fond
2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra
böyük şəhərlərində Xocalı
soyqırımının ildönümü ilə
bağlı aksiyalar keçirir. Aksiyalarda
“Xocalı soyqırımı” filmi, ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən fotoşəkillər, müxtəlif illərdə
xarici ölkələrin nüfuzlu nəşrlərində
Xocalı faciəsi haqqında dərc edilmiş materiallar,
“Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana
qarşı müharibə: mədəni irsin hədəfə
alınması” kitabı təqdim olunur.
Eyni zamanda, 2007-ci il fevralın
26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Brüsseldə təşkil olunan “Təcavüzün
qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi
də bu həqiqətlərin beynəlxalq aləmə
çatdırılması işinin davamıdır.
Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə
tanıdılması istiqamətində 2008-ci il fevralın
14-də Berlində keçirilmiş “Xocalı
soyqırımı və 1915-ci il hadisələrindəki
gerçəklər” adlı elmi konfrans da son dərəcə
əhəmiyyətli olmuşdur. Həmçinin
Xocalı həqiqətlərinin dünyaya
çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına
obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq
addımlar atılmış, silsilə tədbirlər Fondun
hazırladığı təbliğat materialları əsasında
həyata keçirilmiş, 2012-ci ilin fevralında Fondun
təşəbbüsü ilə Bosniya və Herseqovinanın
paytaxtı Sarayevoda Srebrenitsa və Dağlıq
Qarabağın Xocalı şəhərində törədilmiş
soyqırımı qurbanlarının xatirəsinə abidə
ucaldılmışdır.
Hazırda Heydər Əliyev
Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda
təşkil etdiyi və soyqırımı həqiqətlərinin
yayılmasına yönəldilmiş anım tədbirləri
Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən
İslam Konfransı Təşkilatının (hazırda
İslam Əməkdaşlıq Təşkilatı
adlanır) Gənclər Forumu çərçivəsində
uğurla davam edir.
2008-ci il mayın 8-də,
Şuşa şəhərinin işğalının
ildönümündə İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla xanım
Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət!” kampaniyası təsis edilmiş, fəaliyyətinə
isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda faciənin mənəvi və
siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş
və dünyanın müxtəlif ölkələrində
yüzlərlə könüllünün iştirakı ilə
uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq
informasiya və təşviqat kampaniyası da bu işə
öz töhfəsini verməkdədir.
2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumu ilə ICESCO arasında imzalanmış
anlaşma nəticəsində Xocalı faciəsi haqqında
məlumatın İƏT ölkələrinin tarix dərsliklərinə
salınması barədə razılıq əldə
edilmişdir.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı
soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü
bir sıra ölkələrdə dövlət səviyyəsində
dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də
İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin Parlament İttifaqının
Uqandanın paytaxtı Kampala şəhərində
keçirilən və 51 ölkənin parlament heyətləri
başçılarının iştirak etdiyi VI
sessiyasında forumun təşəbbüsü ilə
“İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı
Parlament İttifaqı arasında əməkdaşlıq
haqqında” qətnamə imzalanmışdır. Bu, beynəlxalq
təşkilatlar tərəfindən Xocalı faciəsini
insanlığa qarşı cinayət kimi tanıyan ilk sənəddir.
Bu tanınma 2009-cu ildən həyata keçirilən
və İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən
irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasının fəaliyyətinin nəticəsi
olmuşdur. Nəzərə alsaq ki, İƏT Parlament
İttifaqı öz sıralarında dünya parlamentlərinin
dörddə birini cəmləşdirir və ən
böyük parlamentlərarası beynəlxalq
qurumlarındandır. Eləcə də İslam Əməkdaşlıq
Təşkilatı Parlament İttifaqı bu faktı
soyqırımı və insanlığa qarşı cinayət
hadisəsi kimi tanımış, üzv dövlətləri həmin
faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə
çağırmışdır.
Son illərdə Xocalı
soyqırımının tanıdılması və qətliama
siyasi qiymət verilməsi istiqamətində görülən
işlər daha ciddi nəticələr verməkdədir.
Artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə
qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini
soyqırımı aktı və insanlığa qarşı
cinayət kimi tanınması barədə qətnamə qəbul
etmişdir. Hazırda Xocalı faciəsinin dünya dövlətləri
tərəfindən soyqırımı kimi tanınması, qətliama
ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən
obyektiv qiymət verilməsi tarixi zərurət olaraq
qalmaqdadır.
Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmiş
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində davamlı olaraq
mühüm addımlar atılır. Heydər
Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın
18-də Belçika Krallığının Vaterlo şəhərində
görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın
abidəsinin açılışı olmuş və abidənin
özülündə Xurşidbanu Natəvanın Qarabağ
şahzadəsi olması barədə məlumat var.
Azərbaycan Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2017-ci ilin fevral
ayında Belçikaya işgüzar səfəri çərçivəsində
Xurşidbanu Natəvanın abidəsini ziyarət etmişlər.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin mart ayında ermənilər
tərəfindən vandalizmə məruz qalmış
Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin
mühafizə edilən tarixi abidələr siyahısına
daxildir. Bu yaxınlarda Belçikanın Vaterlo şəhərində
Azərbaycanın görkəmli şairəsi, Qarabağ
şahzadəsi Xurşidbanu Natəvanın tam bərpa
edilmiş abidəsinin yenidən açılışı
olmuşdur.
Dövlət
başçısı İlham Əliyev Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması məsələsinə
diqqəti bir daha cəlb edərək 2016-cı il iyunun 3-də
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
IV Qurultayındakı çıxışında demişdir
ki, Azərbaycan dünya miqyasında çox etibarlı
tərəfdaş, ləyaqətli ölkə kimi
tanınır və Ermənistandan başqa heç bir ölkə
ilə heç bir problemimiz yoxdur. Məlumdur ki, Ermənistanın
diaspor təşkilatları artıq onilliklər ərzində
formalaşıb və onlar dünyanın aparıcı media
qurumlarına müxtəlif yollarla müdaxilə ediblər,
eləcə də orada təmsil olunurlar. Azərbaycanı ləkələyən,
Azərbaycan reallıqlarını təhrif edən, bizə
böhtan atan yazıların böyük əksəriyyətinin
arxasında erməni qulaqları görünür.
Prezident İlham Əliyev bildirib ki, bu istiqamətdə
işimizi daha da təkmilləşdirməli, ilk növbədə,
xarici media ilə iş aparılmalı,
çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər
təbəqəsi müxtəlif media orqanlarında təmsil
olunsunlar: “Onlar öz Vətənini müdafiə edəcəklər.
Onlar həqiqətləri çatdıracaqlar. Çünki
XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri
bir alət, bir silah kimi artıq mövcuddur”. Dövlət
başçısı diqqətə çatdırıb ki,
Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə
çatdırmaq üçün lazımi tədbirlərin
görülməsi haqqında müzakirələr
aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan
dövləti bu işdə hər hansı bir formada
öz dəstəyini verə bilərsə, biz buna
hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə
icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları
olan bütün ölkələrdə bəlkə də
birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri
haqqında əlbəttə ki, dünya ictimaiyyətinə
geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə
çalışırıq. Ancaq diaspor təşkilatlarından
da çox şey asılıdır. Xüsusilə, biz bunu
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı informasiya təminatında
görürük”. Eyni zamanda, Prezident bildirib ki,
diaspor təşkilatları ilə səfirliklər
arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr
güclənməli, o cümlədən xarici ölkələrdə
dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan
diaspor nümayəndələrinin sayı daha da çox
olmalıdır.
Hazırda xarici ölkələrdə
yaşayan azərbaycanlıların təşkilatlanması
prosesində Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələri, dövlət
siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları
rəhbər tutulub, bu prosesi keyfiyyətcə yeni müstəviyə
çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış
digər xalqların təcrübəsindən faydalanmaqla,
tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi
reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət
perspektivlərini nəzərə almaqla Diasporla İş
üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət
göstərir. Heç şübhəsiz
ki, Komitənin son 2 ildə təşkilatlandırma, təbliğat
və maarifçilik meyarlarına söykənən ümumi
strategiyası dünya azərbaycanlılarının yeni
platformalarda birləşdirməsi istiqamətində Azərbaycan
dövlətinin apardığı böyük işlərə
mühüm töhfədir.
Müasir dövrdə milli
ideologiya kimi azərbaycançılığın əsas
şərtləri bunlardır: tarixi əsaslandırma,
maarifçilik, təşkilatlandırma və istiqamətləndirmə.
Bu baxımdan, hər bir diaspor təşkilatının
qarşısına qoyduğu əsas məqsəd aid
olduğu ölkənin maraqlarını beynəlxalq
münasibətlər sistemində təbliğ etmək,
ictimai, siyasi və mədəni sferada geniş əlaqələr
yaratmaqla düşünülmüş ideoloji fəaliyyət
strategiyasını reallaşdırmaq və konkret nəticələr
qazanmaqdır.
Dövlət Komitəsinin nəzdində
yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun
məqsədi dünyadakı diaspor təşkilatlarımıza
maliyyə dəstəyi göstərməkdir. Bununla
yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına
xidmət edən 11 Koordinasiya Şurası yaradılıb ki,
bunlar da ümumilikdə 29 ölkəni əhatə edir.
ABŞ və Türkiyədə Şuraların təsis edilməsi
məqsədilə işçi qrupu yaradılmış və
bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə
uyğun şəkildə davam etdirilir. Həmçinin
dünya azərbaycanlılarını birliyə
çağıran, xüsusilə İrəvandan,
Borçalıdan, Cənubi Azərbaycandan dünyaya səpələnən
azərbaycanlılar üçün “Vətən uzaqda deyil”
birlik konsepsiyası, həmçinin ilk dəfə olaraq
yaradılmış və açıq istifadəyə təqdim
edilən infoqrafik diaspor xəritəsi olduqca əhəmiyyətlidir.
Hazırda xəritədə 48 ölkədən 538 təşkilat
haqqında informasiya yerləşdirilmişdir.
Qeyd etmək vacibdir ki, Dövlət
Komitəsinin rəhbərliyinin mühüm əhəmiyyət
verdiyi məsələlərdən biri də digər
xalqların diaspor təşkilatları ilə əlaqələrinin
gücləndirilməsi, habelə lobbi quruculuğu məsələləridir.
Son illərdə, xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan və türk diaspor təşkilatları
arasında əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində həm dövlət, həm də
qeyri-hökumət təşkilatları səviyyəsində
bir sıra mühüm tədbirlər görülmüş,
Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı
ilə keçirilən tədbirlərdə fəal
iştirak etmək tövsiyə olunmuşdur. Keçirilən
tədbirlərin daha da uğurlu alınmasında və
diasporlar arasında münasibətlərin uzunmüddətli
qurulmasında Azərbaycan və Türkiyənin dövlət
başçılarının da bu istiqamətdə
ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid
platformadan çıxış etməsi diqqəti cəlb
edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının
birgə fəaliyyət strategiyası”nda nəzərdə
tutulmuş vəzifələrin həyata keçirilməsi
istiqamətində səylərin gücləndirilməsi,
diasporlarımız arasında əlaqələrin get-gedə
möhkəmlənməsi, xüsusilə vahid platformadan
çıxış etməsi hər iki dövlətin
hər zaman bir-birinin yanında olmasının bariz nümunəsidir.
Xüsusi qeyd etmək
lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi və
Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə artıq bir sıra ölkələrdə Azərbaycan
evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri
fəaliyyətə başlamışdır. Bununla yanaşı, Dövlət Komitəsi Azərbaycanlıların
yaşadığı ölkələrin ictimai-siyasi həyatında
fəal iştirakının təmin olunması məqsədilə
müvafiq tədbirlərin görülməsi, habelə bu
prosesin ideoloji əsaslarını müəyyənləşdirən
sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan
xalqına qarşı törədilmiş terror və
soyqırımı aktları ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasını təmin
etmək məqsədilə etiraz aksiyalarının, foto və
rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili
işinin davam etdirilməsi, bu barədə filmlərin xarici
televiziyalarda nümayişinə nail olunması dövlətimizin
bu istiqamətdə apardığı siyasətə
mühüm töhfədir.
Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin
keçirilməsi xaricdə yaşayan azərbaycanlıları
ölkəmizin milli maraqlarının qorunması, xüsusilə
Qarabağ həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində birləşdirməsi
mühüm addımlardır. Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı
ilə 2020-ci il fevralın 22-də Xocalı
soyqırımının 28-ci ildönümünə həsr
olunmuş izdihamlı “Ümumavropa Qarabağ mitinqi” Almaniya
paytaxtının ən mərkəzi nöqtəsində -
Brandenburq qapıları qarşısındakı meydanda Avropa
azərbaycanlılarının bu taleyüklü məsələ
ətrafında səfərbər etdi. Dünyanın
30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü
ilə keçirilən, ABŞ və Kanadada yaşayan həmvətənlərimizin
də qatıldığı mühüm əhəmiyyət
kəsb edən mitinqdə AFR, Niderland, Belçika,
Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya,
İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya,
Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa,
Rumıniya, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Böyük
Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə
yaşayan həmvətənlərimiz “Qarabağ Azərbaycanındır!”,
“Terrora və işğala yox deyirik!”, “Xocalılı
uşaqların cəlladlarının məhkəməsini tələb
edirik!”, “Ermənistan Qarabağın işğalına son
qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın
torpağıdır!” sözləri yazılmış
böyük transparantlarla Ermənistanın
işğalçılıq siyasətini Avropa ictimaiyyətinin
diqqətinə bir daha çatdırdılar.
Hazırda Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxımdan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, faşizmi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq. Məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə, onun ağır nəticələrinin aradan qaldırılmasına və ölkəmizin ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaqdır.