Azərbaycan türkləri ilə eyni dil
qrupunu bölüşən salarlar kimlərdir?
2017-ci ildə Moskvada nəşr
olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
kollektiv monoqrafiyası olan "Azərbaycanlılar''
kitabında türk dilinin oğuz qrupunun tərkibində təsnif
olunan dillərdən Azərbaycan dili ilə yanaşı
Türkiyə türkcəsi, Krım türk dili, türkmən,
qaqauz və salar dilləri verilmişdir. Qeyd olunan
monoqrafiya Rusiya Elmlər Akademiyasının məşhur
"Xalqlar və mədəniyyətlər'' çoxcildlik
seriyasına daxildir və bu seriya dünya miqyasında
xalqların etnoqrafiyası ilə bağlı fundamental tədqiqatlardan
biri hesab olunur. Diqqətimizi çəkən məqam
Türk dilinin oğuz qrupuna salar dilinin aid edilməsi
olmuşdur. Çünki Azərbaycan dilinin də daxil
olduğu Oğuz dil qrupunun əhatə dairəsi
ayrı-ayrı tədqiqatçıların təsnifatında
cüzi fərqlərlə də olsa ümumilikdə müəyyən
edilmişdir. Hazırda Çində
yaşayan və ölkədə rəsmi olaraq tanınan 56
etnik qrupdan biri olansalarlaraisə müasir dövr tədqiqatlarda
daha az diqqət edildiyindən, Oğuz dil qrupunun təsnifatında
bu cür yanaşmanın daha dərindən tədqiq edilməsi
geniş ictimaiyyət üçün faydalı olar.
Bir sıra təsnifatlarda Oğuz
dil qrupuna yuxarıda göstərilən Azərbaycan türkcəsi,
Türkiyə türkcəsi, Krım türk dili, türkmən,
qaqauz dillərindən əlavə qaşqay və Xorasan
türkcəsi dil və ya ləhcə kimi əlavə edilir.
Görkəmli alim Dr. Cavad Heyət isə Azərbaycan,
Türkiyə, İraq və Suriya türkmənlərini vahid
xalq hesab edir və Qərb türkləri
adlandırırdı. Bu mənada heç şübhəsiz
ki, İraq və Suriya türkmanları da oğuz dil qrupunun təmsilçiləridir.
İlk növbədə qeyd etməliyik
ki, müasir təsnifatlarda 40-dan çox dil və ya ləhcənin
əhatə olunduğu türk xalqlarının dil ailəsinin
4 qrupa: oğuz, qıpçaq, qarluq və bulğar
qruplarına ayrılması əksər tədqiqatçılar
tərəfindən qəbul olunmuş yanaşma hesab
edilir. Bununla belə Sibirdə yaşayan türk xalqlarının
dil qrupu təsnifatı ilə bağlı vahid yanaşma hələ
də mövcud deyil və bəzən ayrıca qrup kimi təsnifləşdirilməsinə
də rast gəlinir. Xüsusən də, yakut və
çuvaş dillərinin digər türk dil və ləhcələrindən
anlaşılmayan dərəcədə fərqli olması bu
cür yanaşma üçün əsas verir.
Türkoloji tədqiqatlarda Türk dil ailəsinin
coğrafi amil nəzərə alınmaqla təsnifləşdirilməsi
də mövcud elmi yanaşmalardan biridir. Bu mənada
2019-cu ildə Beynəlxalq Türk Akademiyası tərəfindən
Darxan Kıdırəli və Qaybulla Babayarın müəllifliyi
ilə çap olunan "Ortaq Türk Tarixi” dərsliyində
müasir türk dilinin təsnifatında Qıpçaq qrupu
Türk dilinin Şimal-Qərb qoluna, Oğuz qrupu Cənub-Qərb
qoluna, Qarluq qrupu Cənub-Şərq qoluna aid
edilmişdir. Yeri gəlmişkən, bu dərslik
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının dövlət
başçılarının Zirvə
Görüşünün qərarına uyğun olaraq
ümumtəhsil məktəblərinin 8-ci sinifləri
üçün tədris olunmaq üçün nəzərdə
tutulmuşdur. Bu isə Türk dünyası ölkələrinin
daha da yaxınlaşması istiqamətində
atılmış ən ciddi addımlardan biridir. Kitabda
türk xalqları arasında salarlar sarı uyğurlarla bir
qrupda təsnifləşdirilir və müvafiq olaraq Qarluq
qrupunun (türk dilinin Cənub-Qərb qolunun) Şərq
yarımqrupuna aid edilirlər. Türkmənistanda isə
salarlar digər türksoylu etnik birliklərlə bərabər
Çin türkmənləri adlandırılırlar.
Çin Xalq Respublikasının "Xunhua Salar
Muxtar bölgəsi'' və ətraf vilayətlərdə
yaşayan salarlar əksər türkoloji tədqiqatlarda
sarı uyğurlarla bərabər təsnif olunurlar. Qeyd etməliyik
ki, Çində rəsmi olaraq tanınan 56 etnik qrupdan 7-si
türk əsillidir. Bunlar uyğur, qazax, tatar, sarı
uyğur, salar, qırğız və özbək türkləridir.
Göründüyü kimi salarlar və sarı uyğurlar (bəzən
yuğurlar adlandırılırlar) ayrı-ayrı türk
etnik qrupları kimi tanınmışdır. Bu 7 türk toplumundan
yalnız salarlar oğuz dil qrupuna aid edilir. Salarların ayrıca qrup
olaraq təsnif edildiyi azsaylı mənbələrdən biri
kimi Türkiyə Dəyanət Vakfının nəşr
etdiyi "İslam Ensiklopediyası''nı
qeyd etmək olar. Bu ensiklopediyada salar dili
ayrıca dil olaraq qeyd edilib və sarı uyğurlarla dilin
xüsusiyyətlərinə görə kifayət qədər
fərqliliklərin olması göstərilib. Say
baxımından da salarlar daha çoxsaylıdırlar. Belə
ki, 2010-cu ildə Çində əhalinin siyahıya
alınması məlumatlarına əsasən salarların
sayları 130 min nəfər, sarı uyğurlar isə 14 400 nəfər
olaraq qeydə alınmışdır. Bundan
başqa hər ikisi antropoloji cəhətdən monqoloid irqinə
mənsub olan sarı uyğurlar buddizmə, salarlar isə
İslam dini inancına sahib olduqlarına görə müəyyən
fərqliliklər nəzərə çarpır.
Ümumilikdə Türk dilləri ailəsinin təsnifatında
coğrafi prinsip əsasında yanaşmanın ən
yaxşı nümunələrindən birini Rusiyalı alim, məşhur
türkoloq Nikolay Baskakov (1905-1995) vermişdir. Onun təsnifatında
türk dilləri Qərbi və Şərqi Hun qoluna
ayrılmaqla iki qrupa ayrılır. Şərqi
Hun qolu özü 2 altqrupa bölünür ki, bunlardan da biri
"uyğur-oğuz'' alt qrupudur. N.Baskakov
sarı uyğur dilini (müvafiq olaraq salar dilini) bu alt-qrupa aid
etmişdir və fikrimizcə, bu yanaşmanı ən
dolğun təsnifatlardan biri hesab etmək olar. Ümumilikdə Oğuz qolunun daha çox Qərb
türklərini əhatə etdiyini nəzərə alsaq,
coğrafi cəhətdən Şərqdə - Çində
yaşayan türkdilli etnosun bu qrupa aid edilməsi azsaylı
nümunələrdəndir. Qeyd etməliyik ki, 1970-ci ildə
ərəb əlifbasından latın əlifbasına
keçid edən salar dilinin xüsusiyyətlərinin öyrənilməsi
dilçi alimlərin imkanlarını daha da
asanlaşdırır. Salar dili lüğət
tərkibi və morfoloji xüsusiyyətlərinə görə
Azərbaycan türkcəsi ilə yaxınlığı ilə
seçilir.
Tarixi ekskurs edəndə salar adı ilə bağlı
bir neçə məqamı qeyd etmək lazımdır. Bu mənada
ilk ağla gələn orta əsrlərdə mövcud
olmuş Salarilər dövlətidir. 919-1062-ci
illərdə Azərbaycan torpaqlarının daxil olduğu
Salarilər dövlətinin salar türk tayfaları ilə əlaqəsinin
olub-olmaması maraq doğurur. Məlum
olduğu kimi, Salarilər dövlətində hakim sülalə
türk mənşəli olmadığından bu əlaqə
sadəcə fonetik oxşarlıqdan uzağa getmir.
Tarixi mənbələrdə salur (yaxud salar)
adınatürk dilləri haqqında ilk ensiklopedik mənbə
olan Mahmud Kaşğarlının "Divanü lüğət-it-türk''
əsərində rast gəlinir. Əsərdə
oğuz tayfalarının arasında salğur və ya salur
adı oğuz türklərinin adı çəkilmişdir.
Bundan başqa oğuz tayfalarının həyatını
əks etdirən "Dədə Qorqud'' dastanında Salur Qazan
xandan bəhs olunur. 24 oğuz boyundan biri olan salurlar ilə
hazırkı salar türkləri arasında əlaqənin tədqiqatçılar
tərəfindən araşdırırlmasına ehtiyac
vardır.
Beləliklə,
Azərbaycan türkcəsi ilə eyni dil qrupunda olan salarlarla
bağlı qısa bir araşdırma onu deməyə əsas
verir ki, 1000 ildən çox bir tarixi dövrdə coğrafi cəhətdən
digər Oğuz qrupu təmsilçilərindən tam ayrı
və qarşılıqlı əlaqə olmadan
yaşamalarına baxmayaraq salarlar dil xüsusiyyətlərinə
görə xüsusi bir fərqlilik daşımırlar. Bu mənada
Dədə Qorqud dastanındakı "iç Oğuz'' və
"dış Oğuz'' anlayışlarını da bu aspektdən
qiymətləndirmək olar. Bu isə bir daha
bütün Avrasiya coğrafiyası boyu "Böyük
Çöl'' və ya "Bozqır'' landşaftı daxilində
türklərin gəlmə olmadığına dəlalət
edir. Belə ki, Altayda, Çində, Kiçik Asiyada
yaxud Qafqazda yaşayan müxtəlif Oğuz
tayfalarınıntarixi zaman kəsiyində həm Şərqdən-Qərbə,
həm də Qərbdən-Şərqə ayrı-ayrı
vaxtlarda axınları olmuşdur. Ancaq hər
iki halda Bozqırın həm Şərqində, həm də
Qərbində daimi yaşayan və bu axınlarda iştirak
etməyən oğuz tayfaları da olmuşdur və
salarları da onlardan biri hesab etmək olar.
Yekunda mövzunun daha geniş anlamda davamı olaraq bir digər
məqama da diqqət çəkmək istərdim. Fikrimizcə,
geniş auditoriya üçün ümumilikdə türk
xalqları ilə bağlı kütləvi ensiklopedik nəşrin
ortaya çıxmasına zərurət vardır. Doğrudur türkdilli ölkələrin hər
birində bu istiqamətdə çoxsaylı tədqiqat və
nəşrlər vardır. Bu mənada
Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən
ümumi türk irsinin öyrənilməsi və kütləvi
nəşrlərdə təbliğatı ilə bağlı
aparılan işlər xüsusi əhəmiyyət
daşıyır. Bundan əlavə
geniş ictimaiyyətin məlumatlandırılması və
aparılan tədqiqatların sistemləşdirilməsi
baxımından elektron informasiya resurslarının
yaradılması istiqamətində də müəyyən təşəbbüslər
vardır. Bu baxımdan Azərbaycan
Respublikasının Prezident Kitabxanası tərəfindən
"Türk xalqlarının kitab abidələri. Elektron kitabxana'' (turklib.az) adlı elektron resursun
yaradılması da təqdirəlayiq addımdır. Bununla belə universal tipli "Türk
Ensiklopediyası''nın ərsəyə gəlməsi olduqca əlamətdar
bir addım olardı. Məlumdur ki, dünyada universal
tipli "Britannika Ensiklopediyası'', "Çin
Ensiklopediyası'', "Yəhudi Ensiklopediyası'',
"İslam Dünyası Ensiklopediyası'' və digər bu
kimi nəşrlər ən çox müraciət və
istinad edilən mənbə hesab olunurlar. Qeyd
olunanları nəzərə alaraq ayrı-ayrı tədqiqatçıların
təsnifatında fərqli təsnif edilən Türk dil ailəsinə
vahid sistemli yanaşmanın ortaya qoyulması baxımından
belə bir ensiklopediyanın hazırlanması elmi dairələr
və eləcə də geniş oxucu auditoriyası
üçün olduqca faydalı olar.
Ərəstü
Həbibbəyli
iqtisadiyyat üzrə
fəlsəfə doktoru
Səs.- 2020.- 10 iyul.- S.11.