Milli Mətbuatımızın dünəni
mediamızın bu günü və gələcəyi
üçün örnəkdir
Yeni
Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Vüqar Rəhimzadənin yap.org.az saytına müsahibəsi
- Vüqar müəllim, nəinki media,
bütün ölkə ictimaiyyətinin bayramı kimi dəyərləndirilən
22 iyul-Milli Mətbuat Günü ərəfəsindəyik. Bu
əlamətdar tarixi gün ərəfəsində dövlətimizin
başçısı İlham Əliyev “Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
imzalayıb. Mətbuatımızın qət etdiyi 145 illik
yolu necə xarakterizə edərdiniz?
- Öncə milli mətbuatımızın
145-ci ildönümü münasibətilə bütün həmkarlarımı
təbrik edir, onlara yeni-yeni yaradıcılıq
uğurları, dövlətçilyimizin möhkəmləndirilməsinə,
milli maraqlarımızın qorunmasına, həqiqətlərimizin təbliğinə töhfələrinin davamlı olmasını arzulayıram.
Bəli, zaman dəyişir, dövr dəyişir,
qarşımızda yeni-yeni vəzifələr
dayanır. Milli mətbuatımızın keçdiyi 145 illik
yolda dəyişməyən, bütün dövrlər
üçün aktuallığını qoruyan təbii ki, jurnalistikamızın prinsipləridir.
Obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik
kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız
ötən bu dövr ərzində
keşməkeşli, eyni zamanda, şərəfli yol
keçib.
Hər bir tarixi hadisə, önəmli gün keçilən
yola nəzər salmağı artıq ənənəyə
çevirib. Bu gün biz tarixinə sahib
çıxan xalqın məğlubedilməzliyini
Azərbaycan xalqının timsalında böyük qürur
hissi ilə qeyd edirik. 1875-ci il iyulun 22-də böyük
mütəfəkkir Həsən bəy Zərdabinin
redaktorluğu ilə ilk nömrəsi işıq üzü
görən “Əkinçi” qəzetinin nəşri
ilə bünövrəsi qoyulan və o dövrdən indiyədək
145 illik yolu uğurla qət edən
mətbuatımızın Cümhuriyyət dövrünü
xarakterizə edərkən ilk növbədə diqqəti ona
yönəltməliyik ki, qədim
və zəngin dövlətçilik ənənələrinə
malik Azərbaycan xalqı tarixinin müəyyən dövrlərində
böyük imperiyaların tərkibində olmaq məcburiyyətində
qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti
məhz dünyanın siyasi nizamının yenidən
qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin
əvvəllərində Azərbaycanın
yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin
məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən
maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda
baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər
yeni tipli teatrın, məktəbin və mətbuatın
yaranmasını təmin etməklə milli özünüdərkin
gerçəkləşməsi üçün zəmin
hazırladı. Abbasqulu ağa Bakıxanov və
Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni
tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir,
Əli bəy Hüseynzadə və digər görkəmli
şəxsiyyətlər davam etdirərək milli məfkurənin
təşəkkülü və inkişafına mühüm
təsir göstərirdilər. Cəmi 23 ay
ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti
qarşısına qoyduğu məqsədlərə tam
müvəffəq ola bilmədən süquta uğrasa da, onun
şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Belə ki, 1991-ci ildə müstəqilliyinin
yenidən bərpasına nail olduqdan, daha dəqiq
desək, 1993-cü ilin iyununda ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qaydışından sonra
müasir müstəqil Azərbaycan
Respublikası özünün qədim dövlətçilik
ənənələrinə sadiq qaldığını
göstərdi. Digər sahələr
kimi, Azərbaycan mətbuatının
inkişafında da keyfiyyətcə
yeni mərhələ başlandı.
Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı
yolunda süni maneələrin aradan
qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi,
mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl
şəkildə tədbirlər həyata kecirildi.
Bu məqamı da xüsusi qeyd etmək
lazımdır ki, mətbuat azadlığı hər bir
ölkədə insanların öz fikirlərini sərbəst
ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi
deyil ki, ictimai fikrə təsir imkanı böyuk olan mətbuat
bütün dünyada
“dördüncü hakimiyyət” adlandırılır.
Azad mətbuatın mövcud olduğu ölkələrdə
təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır. Milli mətbuatımızın əlamətdar
yubileyi ərəfəsində qürur hissi ilə qeyd edə
bilərik ki, Azərbaycan da belə ölkələr
sırasında inamla irəliləməkdədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki,
demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda
inamlı addımlar atan ölkəmizdə
hazırda 5 mindən artıq müxtəlif kütləvi
informasiya vasitələri – qəzet, jurnal, informasiya agentlikləri
və teleradio şirkətləri dövlət
qeydiyyatından keçməklə fəaliyyət
göstərir. Bu fakt da qürurvericidir ki, müasir müstəqil
Azərbaycan söz və mətbuat
azadlığının inkişaf səviyyəsinə
görə MDB məkanında ən qabaqcıl yerlərdən
birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı
internetin azad olduğu ölkələr sırasındadır.
Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii
ki, mətbuatımız bu reallıqlara sahib olmaq
üçün cətin və şərəfli yol
keçib.
Müstəqilliyimizin ilk illərində
ölkədə hökm sürən ictimai-siyasi gərginlik,
müxtəlif siyasi dairələrin
öz iddialarını gerçəkləşdirmək
üçün qeyri-qanuni vasitələrə
əl atmaları, torpaqlarımızın təcavüzkar Ermənistan
tərəfindən işğalı, hakimiyyət
başında olan səriştəsiz
adamların öz şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün tutmaları mətbuat azadlığının təmin
edilməsinə çox böyük maneələr
yaradırdı. 1992-ci ildə
hakimiyyətə zor
gücünə yiyələnmiş
AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti
dövründə digər sahələrdə
olduğu kimi, mətbuat və söz azadlığı sahəsində
də dözülməz vəziyyət yaranmışdı.
Hakimiyyətin yuxarı eşelonunda
qərar tutanların bilavasitə rəhbərliyi və
göstərişləri ilə ölkədə mətbuat
azadlığı hər addımda
kobud şəkildə pozulur, jurnalistlər təqiblərə
məruz qalırdılar. Lakin 1993-cü ildə ulu öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
bütün istiqamətlərdə, o cümlədən mətbuat
və söz azadlığı sahəsində
inkişafın yeni mərhələsi başlandı.
Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən
senzuranın götürülməsi idi. Bu addım bir daha
azad mətbuatın inkişafının dövlətin həyata
keçirdiyi humanizm siyasətinin əsasında
dayandığını
nümayiş etdirdi. Ümummilli Lider mətbuatın cəmiyyətdəki
rolunu daim yüksək dəyərləndirirdi. Ulu öndər Heydər
Əliyev demokratik cəmiyyətin
varlığını təsdiqləyən bütün
atributların ölkəmizdə
bərqərar olmasını gündəlik fəaliyyətinin
əsası kimi qəbul edərək, insan hüquq və
azadlıqlarının qorunması, cəmiyyətin informasiya
tələbatının ödənilməsi
kimi aktual məsələləri
öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə
yaradılan Komissiya tərəfindən işlənib
hazırlanan və ümumxalq səsverməsi
yolu ilə qəbul olunan milli Konstitusiyamızda demokratik cəmiyyətin
varlığını şərtləndirən bütün sahələrin inkişafına xidmət edən
müddəalar öz əksini
tapdı. Eyni zamanda, hər bir
sahə üzrə təkmil
qanunlar qəbul olundu və onların zamanın tələbinə
uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə
saxlanıldı.
Heç şübhəsiz, ulu öndər Heydər
Əliyevin çağdaş milli jurnalistikamızın
inkişafı sahəsində ən böyük, tarixi xidmətlərindən
biri 1998-ci ildə KİV üzərində senzuranı tamamilə
ləğv etməsi oldu. Ulu öndər Heydər
Əliyevin 1998-ci il 6 avqust tarixli «Azərbaycan Respublikasında
söz, fikir və mətbuat azadlığının təmin
edilməsi sahəsində tədbirlər haqqında» Fərmanı
ilə Azərbaycan mətbuatı üzərində imperiya əsarətində
olduğumuz çar Rusiyası və totalitar sovet rejimi
dövrlərində, həmçinin
müstəqilliyimizin ilk illərində mövcud olmuş sərt
senzura aradan
qaldırıldı. Bu qətiyyətli
addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası
qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə
senzuradan tamamilə azad edilməsi, yeni müstəqil
medianın fəaliyyəti üçün geniş
imkanların açılması kimi təqdir olunur. Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini
daim yüksək dəyərləndirən ulu öndər
Heydər Əliyevin sonrakı dövrlərdə
imzaladığı digər Fərman və sərəncamlara,
qəbul olunan qanunlara diqqət yetirsək, bu sahənin
inkişafının dövlət siyasətində önəmini
daha aydın görə bilərik.
Qəzetlərə birdəfəlik yardımlar verildi, «2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər
proqramı» təsdiqləndi. Həmçinin Ümummilli Liderin qanunvercilik təşəbbüsü
ilə Milli Məclisə təqdim
etdiyi «Kütləvi informasiya vasitələri haqqında», «Məlumat azadlığı
haqqında» qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində
müstəqil mətbuatın inkişafına böyük dəstək
oldu. Ümummilli Liderin humanist
addımlarından biri də qəzetlərin
«Azərbaycan» nəşriyyatına borclarının dondurulması idi. Ulu Öndərin
2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq
görülməsi dahi rəhbərin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi
qayğıya verilən dəyərdir. Ümummilli lider Heydər Əliyev
cəmiyyətin güzgüsü kimi mətbuatın hər bir
problemi ilə maraqlanmış, onun ictimai fikrə təsir
imkanını artırmaq üçün ciddi səylər
göstərmişdir.
- Bəs Azərbaycan dövləti müasir
müstəqillik tariximizin
2003-cü ildən sonrakı dövründə mətbuatımızın
inkişafı istiqamətində
hansı uğurlara imza atıb?
- Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini
bütün istiqamətlərdə uğurla davam etdirən
möhtərəm Prezidentimiz
İlham Əliyev azad mətbuatın prioritetliyini önə
çəkərək bu istiqamətdə zəruri
addımlar atır. Bu dövrdə mətbuatın
maddi-texniki bazasının daha da
möhkəmləndirilməsi, jurnalist peşəkarlığının
və məsuliyyətinin artırılması dövlət siyasətində
prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət
başçısı tərəfindən “Azərbaycan mətbuat
işçilərinin təltif edilməsi
haqqında”, “Azərbaycan mətbuat işçilərinə
fəxri adların verilməsi haqqında”, “Kütləvi
informasiya vasitələrinə
maliyyə yardımı göstərilməsi
haqqında” sərəncamların imzalanması jurnalist əməyinə
nə qədər böyük dəyər verildiyini təsdiqlədi.
Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik
yubileyləri dövlətimizin başçısı
İlham Əliyevin müvafiq sərəncamlarına uyğun
olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə
qeyd olundu. Möhtərəm
Prezidentimizin Sərəncamı ilə KİV-lərin
İnkişafına dövlət dəstəyi
Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun
olaraq cənab İlham
Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun
yaradılması da dövlətimizin diqqət və
qayğısının əsas tərkib hissəsidir. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində
keyfiyyətcə yeni bir mərhələnin əsasını
qoydu. Son 16 ildən artıq müddətdə mətbuatla bağlı ən
ümdə məqsədlərdən biri də dövlət
orqanları ilə KİV
arasında əməkdaşlıq münasibətlərinin
inkişaf etdirilməsi olub.
Məhz bu kimi addımlar dövlətimizin
başçısı İlham Əliyevin son 16 ildən
artıq dövrdə 3 dəfə
“Jurnalistlərin dostu” mükafatına layiq görülməsini
şərtləndirib.
- Vüqar müəllim, mətbuatın
inkişaf tarixindən bəhs edərkən daha çox
müstəqillik dövrü göz önünə gəldiyi
üçün bu müddətdə jurnalistlərin problemlərinin həlli
istiqamətində görülmüş işləri necə
dəyərləndirirsiniz?
- Bu fakt inkaredilməzdir ki, jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
dövlət büdcəsi hesabına yaşayış
binalarının inşa edilməsi, ümumiyyətlə,
dünyada analoqu olmayan addımdır. Bu məqsədlə
dövlətimizin başçısı İlham Əliyevin
imzaladığı üç Sərəncam əsasında
2 yaşayış binası
inşa olunaraq istifadəyə verilib,
üçüncünün isə cari ildə istifadəyə
verilməsi nəzərdə tutulub.
- Necə
düşünürsünüz, bu gün
inkişafının keyfiyyətcə
yeni mərhələsində olan ölkə mətbuatından
gözləntilər nədən ibarətdir?
- Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın
iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə
göstərilən dövlət qayğısı da yüksəlir.
Bu gün Azərbaycanda kütləvi informasiya
vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət
göstərmələri üçün hər cür şərait
yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda
media üçün yaradılmış bu cür əlverişli şəraitə
bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək
mümkün deyil. Əvvəldə də qeyd etdim ki, ölkəmizdə internet və
sosial şəbəkələr üzərində hər
hansı inzibati nəzarət yoxdur və bu da medianın
müstəqilliyinin daha bir göstəricisidir. Təbii
ki, sərhəd, məkan, zaman tanımayan qlobal informasiya
mühiti şəraitində ölkə mətbuatı da
öz növbəsində fəaliyyətini yeni aktual
çağırışlara uyğun qurmalıdır.
Bu gün Azərbaycan dövlətinin
mətbuatdan əsas gözləntiləri
milli informasiya məkanının təhlükəsizliyini
qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq,
peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik
prinsipini daim fəaliyyətində əsas götürməkdir.
İctimaiyyətin mətbuatdan gözləntisi isə
müharibə şəraitində
yaşadığımız üçün vətənpərvərlik
hisslərinin artırılmasına xidmət edən
addımlardır. Möhtərəm
Prezidentimiz İlham Əliyev hələ
2010-cu ildə media rəhbərləri ilə görüşərkən
mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə daha dolğun
çatdırılması ilə bağlı dəyərli
tövsiyələrini vermişdi. Həmin il Mətbuat
Şurasının yeni binasının
açılışında cənab İlham Əliyev jurnalistləri bir daha vətənpərvər olmağa
çağırmışdı.
Düşünürəm ki,
ölkənin iqtisadi imkanlarının artdığı,
demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın
üzərinə düşən vəzifələr nisbətən
fərqli mahiyyət kəsb etməyə başlayır.
Bu inam da ifadə edilir ki, dövlətimizin
başcısı cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən çoxşaxəli, səmərəli
siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız
daha da saflaşacaq, təkmilləşəcək, peşəkar
jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin
obyektiv informasiya ilə təminatında öz
sözünü deyəcəkdir. Siyasi əqidəsindən,
mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik
maraqlarını öndə saxlamalı, vətənpərvərlik,
milli şüur kimi prinsipləri
əsas tutmalıdır.
Unutmayaq ki, XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni
daha da kəskinləşdirir. Biz buna
hazır olmalıyıq, biz öz reallıqlarımızı
dünya birliyinə çatdırmalıyıq. Cənab
İlham Əliyev bildirir: «Burada
əlbəttə ki, əsas vəzifəni ilk növbədə
dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də
çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyimizi dünya birliyinə
çatdırsınlar. Müxtəlif dillərdə
internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər
dünya birliyinə çatdırılmalıdır.
Belə olan halda biz informasiya mübarizəsində daha da
böyük uğurlara nail ola biləcəyik.
Hər halda, son illər ərzində Azərbaycan
informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox
böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir.
Ona görə də biz buna hazır olmalıyıq.»
Dövlətimizin
başçısı İlham Əliyevin milli mətbuatın
145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında
da qeyd edilir ki, KİV ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda
qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi
hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə
uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar
şəkildə məlumatlandırılması sahəsində öz səylərini
daha da gücləndirməlidir.
-
Vüqar müəllim, dövrün tələblərindən
biri də internet jurnalistikasının inkişafıdır.
Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu
gün yeni texnologiyaların tətbiqi aktual tələblədən
biridir. Hazırda dünyanı bürüyən,
insanların sağlamlığına və iqtisadiyyata
böyük ziyan vuran pandemiya şəraitində yeni
texnologiyalar hər bir ölkənin xeyrinə nə qədər
işlədiyini və önəmini təsdiqləyir. Artıq virtual məkanın
yaratdığı imkanlar hesabına bir ölkədə
yaşamaqla digər ölkədə cərəyan edən
hadisələr barədə dolğun məlumat əldə
etmək mümkündür.
Müasir texnologiyalar imkan verir ki, həmçinin
fiziki imkanları məhdud olan şəxslər də internet
jurnalisti kimi fəaliyyət göstərsinlər. Bütün bunlar internet jurnalistikasının əhatə
dairəsinin genişlənməsini, inkişafını
stimullaşdıran əsas amillərdəndir. Hər
zaman qeyd etdiyimiz kimi, bu gün
artıq həyatımızın
ayrılmaz parçasına çevrilən, müxtəlif
qurumlar, insanlar arasında
münasibətlərin yaranmasında xüsusi rolu olan sosial şəbəkə,
daim yenilənən xidmət sahələri ilə insanları
təəccübləndirən, uzaqları yaxın edən,
informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər bir üzvünü hadisələr
haqqında məlumatlandıran internet ictimai rəyin
formalaşdırılmasında əhəmiyyətli rol
oynayır. Əsas məsələ
internetdən istifadə zamanı informasiya məsuliyyətini
dərindən dərk etməkdir.
-
Vüqar müəllim, ölkəmizin çoxsaylı mətbu
orqanları sırasında öz dəst-xətti ilə
seçilən «İki sahil» qəzeti 10 iyul tarixində 29
illiyini qeyd edəcək. Rəhbərlik etdiyiniz qəzetin keçdiyi yolu necə
şərh edərdiniz?
- «İki
sahil» qəzetinin ilk nömrəsinin çapdan
çıxdığı 1991-ci ilin 10 iyul tarixindən bizi 29 illik zaman
ayırır. “İki sahil”in ideyası
özü üçün seçdiyi “Vahid Azərbaycan
uğrunda!” devizindən aydın görünür. Bugünümüzdən «İki sahil»in
yarandığı dövrə nəzər salanda hansı
çətinliklərdən keçdiyini, amma əqidəsindən,
yolundan dönmədiyini böyük qürur hissi ilə qeyd
edirik. Qəzetin yaranmasının Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin
olduğu, ölkəmizin
böyük faciələrlə üz-üzə
qaldığı bir vaxta təsadüf etdiyini nəzərə
alsaq, dövlətə xidməti
fəaliyyətinin əsas prinsipinə çevirən,
«düzü düz, əyrini əyri» yazmağı
qarşısına məqsəd qoyan mətbuat orqanı
üçün hansı çətinliklərin, təzyiqlərin
mövcudluğunu aydın təsəvvür
etmək mümükündür. «İki sahil» o
dövrün reallıqlarını ictimaiyyətə
çatdırmaqdan çəkinmədi. Öz ideallarına
sadiq qalaraq sınaqlardan şərəflə
çıxdı. Qəzetin
səhifələrində Azərbaycanın bu günü və
gələcəyi naminə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə
qayıdışının vacibliyi qeyd olundu. Azərbaycan
xalqının böyük əksəriyyətinin ifadəsi
olan 91 nəfər ziyalının
ümummilli lider Heydər Əliyevə «Azərbaycan
Sizin sözünüzü gözləyir» müraciəti qəzetimizin
səhifələrində geniş yer aldı. Ulu
Öndərə ünvanlanan müraciətdə də bu
fikir xüsusi qeyd olunurdu ki, indiki vəziyyətdə bu
çətin, məsuliyyətli işi respublikada öz üzərinə
götürməyə qadir yeganə şəxs Sizsiniz.
Aydındır ki, bu müraciətin əsas məqsədi geniş
xalq kütləsini əhatə
edəcək çox böyük, güclü, nüfuzlu və
işlək bir partiyanın yaradılması, ona ulu öndər
Heydər Əliyevin rəhbərlik etməsi idi. Müraciətdə bu əminlik də
ifadə olunmuşdu ki, yalnız Sizin rəhbərliyiniz sayəsində yaratmaq istədiyimiz Yeni Azərbaycan
Partiyası qarşısına qoyduğu məqsədə
çatacaq, respublikanın
bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək
Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu
işinə öz layiqli töhfəsini verə biləcək. Ümummilli Lider Azərbaycan ziyalılarının
mürəciətinə cavabı ilə bir daha xalqla həmrəyliyini
nümayiş etdirdi.
Yaradılacaq partiyanın fəaliyyətində fəal
iştirak etməyə hazır olduğunu bildirən
Ümummilli Lider bu inamı ifadə etmişdi ki, belə
partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Bu gün
ölkənin ictimai-siyasi həyatında aparıcı rol
oynayan, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının
1992-ci ildə yaranmasını zərurətə çevirən
həmin dövrün reallıqları oldu. Bütün bu keçilən yol
«İki sahil» qəzetində geniş işıqlandırıldı,
ictimaiyyət nümayəndələrinin fikir və
mülahizələri, rəyləri dərc olundu, ümumi
fikir bu oldu ki, ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıdışı ilə Azərbaycanın müstəqillik
tarixinin yeni səhifəsini yazdı. Azərbaycan
parçalanmaqdan xilas oldu, yeni Azərbaycan quruldu. İllər bir-birini əvəzlədikcə Azərbaycan
uğurları ilə dünyanın diqqətində
dayandı. Qısa zamanda sabitlik diyarına çevrilən
ölkəmiz,
eyni zamanda, əməkdaşlıq məkanına
çevrildi. Azərbaycanın
davamlı inkişafında
öz payı olan, həmçinin müstəqillik
tarixmizə bələdçilik edən Yeni Azərbaycan
Partiyasının sözlə əməl birliyinin
uğurları bu gün də «İki sahil»in böyük ruh yüksəkliyi ilə ictimaiyyətə təqdim
etdiyi yazılar sırasında
ön yerdə dayanır.
Bir əsas
məqamı da qeyd etmək istərdik ki, ölkənin tərəqqisində
iqtisadi amil əsasdır.
«İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir» bəyan edən ulu öndər Heydər Əliyevin 26 il əvvəl əsasını qoyduğu
yeni neft strategiyası, bu
strategiyanın təməlində dayanan
«Əsrin müqaviləsi»
Azərbaycanın
bugünkü və gələcək yoluna
işıq saçır.
Azərbaycanın zəngin təbii resurslarının dünya
bazarlarına
çıxarılması,
neft gəlirlərinin ölkəmizin hərtərəfli
inkişafına,
xalqımızın
rifahının yüksəlməsinə sərf
edilməsi Ulu Öndərin gələcəyə hesablanmış fəaliyyətində əsas
yer tuturdu. SOCAR-ın təsisçiliyi ilə fəaliyyət
göstərən «İki sahil»
ölkəmizin hərtərəfli inkişafının təməl
daşı olan iqtisadi sahədə qazanılan
uğurların təbliğatçısına çevrilərək,
bu gün də həmin
missiyanı uğurla yerinə yerinə yetirir.
1994-cü
ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə imzalanan «Əsrin müqaviləsi» ilə
başlanan qlobal enerji layihələri
beynəlxalq əməkdaşlığı genişləndirməklə xarici sərmayələrin ölkəyə
gətirilməsi prosesini gücləndirdi. Enerji təhlükəsizliyi
məsələlərinə diqqəti artırmaqla iqtisadi yüksəlişinin təməlini
qoyan Azərbaycan müstəqil
siyasət yeritdi. Vaxtilə
çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri
reallığa çevrilməklə, bu gün artıq
regional müstəvidən çıxıb qlobal xarakter
daşıyır. Möhtərəm Prezidentimiz İlham Əliyevin
vurğuladığı kimi, bu layihələr olmasaydı, bu
gun Cənub Qaz Dəhlizindən söhbət gedə bilməzdi,
Avropanın enerji təhlükəsizliyi məsələləri
tamamilə başqa istiqamətdə
həll olunacaqdı: «Bu gün əldə
edilmiş uğurlar əsasında gələcəyə
baxırıq. O gələcəyə ki,
qarşımızda yeni
imkanlar, yeni üfiqlər açılır.»
Uğurlar
biri-birini əvəzlədikcə dövlətə və
dövlətçiliyə xidmət yolunu gündəlik fəaliyyətində
əsas tutan «İki
sahil» qəzetinin informasiya bolluğu diqqətdən
yayınmır, oxucu auditoriyası daha da genişlənir. Qəzetin hər sayında dövlətimizin
uğurlu iqtisadi siyasəti nəticəsində əldə
olunan nailiyyətlər rəqəmlərin dili ilə ictimaiyyətə
çatdırılır. İqtisadi tərəqqinin
hər bir sahənin inkişafı üçün stimul
olduğu əsaslı şəkildə şərh edilir. Bu inkişafa verdiyi töhfələri daim yüksək dəyərləndirilən
SOCAR və onun ayrı-ayrı
strukturlarının gördükləri işlər,
qarşıya qoyduqları planlar qəzetimizdə xüsusi yer
tutur. Bu gün adı beynəlxalq şirkətlər
sırasında qeyd olunan SOCAR fəaliyyət istiqamətlərini
genişləndirməklə uğurlarının
davamlılığını yüksək səviyyədə
təmin edir.
Təbii ki, uğurlarımız çoxdur. Azərbaycan ulu öndər
Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi
siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ən yüksək
zirvələri fəth edir. Ölkəmizin hər
sahədə qazandığı uğurlar «İki sahil»in səhifələrində
yer alır. Azərbaycan dövlətinin artan imkanları
milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun
aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata
keçirlməsinə şərait yaradır. Bu
qayğını qəzetimiz hər zaman hiss edir, yüksək
dəyərləndirir. Qəzetimizdə
mövzu rəngarəngliyi, müəyyən məsələlərə
yanaşma tərzi məsuliyyətli
yaradıcı mühitin mövcudluğundan xəbər verir.
29 ildə qəzet
jurnalist fəaliyyətinə başlayanlar
üçün təcrübə məktəbi oldu. Bu gün vaxtilə qəzetin əməkdaşı
olanlar ayrı-ayrı qəzetlərə rəhbərlik edir, qazandıqları
təcrübəni kollektivin əməkdaşları ilə
bölüşürlər. Məsuliyyət
varsa, peşəkarlıq da olacaq. Bu isə özü-özlüyündə yüksək səviyyəli yazıların yaranmasına yol açır. «İki sahil» 29 ildə qazandığı uğurlar
fonunda gələcəyə inamla addımlayır.
«İki sahil»in günbəgün yeniləşən internet
saytı, qısa müddətdə fəaliyyətə
başlamasına baxmayaraq geniş tamaşaçı kütləsi qazanan «İki
sahil» internet televiziyası cəmiyyətin informasiya tələbatının
ödənilməsinə öz töhfəsini verməyə
səy göstərir. Biz bu prinsipi də fəaliyyətimizdə
əsas götürmüşük ki, qəzetin
bugünkü sayı
dünənki sayından müəyyən yeniliyi
ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya
yükü artsın. Təbii ki, dövlətə,
dövlətçiliyə xidməti fəaliyyətində
öndə saxlayan mətbuat orqanı olaraq əldə olunan
uğurlarımız dövlətimizin 29 ilə yaxın müstəqiilk tarixi ilə
bağlıdır. Ötən bu illərdə
qazanılan uğurlar 29 illik zaman kəsiyini xeyli zənginləşdirdiyi
üçün əldə olunanları bir sual çərçivəsində
əhatə etmək
qeyri-mümkündür.
Ötən bu illər ərzində qəzetimizin
fəaliyyəti daim yüksək dəyərləndirilmiş,
əməkdaşlarımızın bir qismi «Əməkdar
jurnalist» adına layiq görülmüş, “Tərəqqi”
medalı ilə təltif edilmişdir. Etimad böyük məsuliyyətdir.
Bu məsuliyyəti yüksək səviyyədə dərk edərək
müstəqil, azad
mətbuatın inkişafına öz töhfəmizi
verməyə çalışırıq. Cəmiyyətin güzgüsü olmaq hər bir mətbuat
nümayəndəsindən vətənpərvər
olmağı, dövlətçilik maraqlarını qorumağı,
oxucunun informasiya tələbatını obyektiv və qərəzsiz
ödəməyi tələb
edir.
-
Vüqar müəllim, bu gün bütün sahələrdə
təkmil islahatlar günümüzün əsas realliqları
sırasındadır. Jurnalist ordusunun formalaşmasında
dövlətin bu sahəyə diqqət və
qayğısı ilə yanaşı, illərini jurnalistikaya həsr
etmiş nəslin
yeni nəslə dəstəyini necə dəyərləndirirsiniz?
- Fəaliyyətində
mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi,
ən əsası vətənpərvərlik və milli
şüuru əsas tutan qələm sahibi
bu sıraya daxil olan gənc
nəslə də eyni prinsiplərlə yanaşıb dəstək
göstərməklə jurnalistikanın inkişaf səviyyəsinə,
həmçinin gənc yazarın mətbuatın sirli-sehrli aləminə özünəməxsus
şəkildə daxil olmasına yardımçı ola bilər. Dövlət azad,
müstəqil mətbuatın inkişafına lazım olan dəstəyi
yüksək səviyyədə göstərir. Bu işdə çalışdıqları mətbu
orqanlarda illərini xərcləyən, böyük təcrübəyə
malik olan insanların da üzərinə böyük məsuliyyət
düşür. İnformasiya cəmiyyətinin bərqərar
olması ilə əlaqəli proseslər sübut edir ki,
müasirlik, yüksək keyfiyyətli təhsil və
işgüzarlıq olan yerdə gəncliyə xas
yenilikçi düşüncə sivilizasiyanın
bütövlükdə simasını dəyişdirə bilər.
Məhz bu keyfiyyətlərə söykənərək belə
bir inam ifadə olunur ki, hazırda müasir dünyada
qarşılaşdığımız bir çox problemlərin
həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti
sayəsində həllini tapacaq. Günbəgün gəncləşən,
müasirləşən ölkəmizdə gəncliyin inkişafına
yaradılan şərait,
göstərilən dəstək imzalanan Fərman və sərəncamlardan,
Dövlət proqramlarından da aydın
görünür. Hesab edirəm
ki, mətbuatın ictimai fikrə təsir imkanlarının
genişliyini, cəmiyyətin güzgüsü
funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, gənc
jurnalistlər müasir dövrün imkanlarından səmərəli istifadə etməklə
bu işə öz töhfələrini verə bilərlər.
“İki sahil” olaraq gənclərin
öz potensial imkanlarını ortaya qoymaq üçün
lazım olan dəstəyi göstəririk. Zəngin təcrübəyə söykənərək
müasirləşməni, yeniləşməni daim fəaliyyətimizin
əsas istiqaməti kimi qəbul edir, bu istiqamətdə
mühüm addımlar atırıq. Düşünürəm
ki, hər bir yenilik, islahat inkişaf, tərəqqi olmaqla
yanaşı, sabahımız üçün yeni prioritetlərin
müəyyənləşdirilməsi üçün
stimulverici amildir. Dünya informasiya məkanına
inteqrasiya hər bir mətbu orqanın qarşısında bu tələbləri
qoyur: Obyektiv ol, əməkdaşlıq əlaqələrinin
inkişafına töhfə ver.
-
Vüqar müəllim, coxsaylı mətbu orqanlar arasında fərqliliyi
qazanmaq üçün hansı məqamlara diqqət yetirmək
gərəkdir?
- Dövlətimizin
başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının
145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncaminda
əksini tapan bu fikirlərlə sualınızı
cavablandırmaq istərdik: Modernləşmə,
rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların
geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi
medianın inkişafını şərtləndirən
başlıca şərtlər olmalıdır.
Bu amillərlə
yanaşı, tutduğu yola, əqidəyə sadiq olmaq, daim
oxucu auditoriyasını genişləndirmək, onların
informasiya tələbatını dolğun şəkildə təmin
etmək üçün “Nə etməliyik” sualı gündəlik
işimizin bələdçisi olmalıdır.
Müharibə şəraitində yaşayan ölkə
olduğumuzu da unutmamalıyıq. Dağlıq Qarabağ həqiqətlərinin
təbligi, vətənpərvərlik çağırışları hansı mövqedə
olmasından asılı olmayaraq hər bir mətbu
orqanın fəaliyyətinin əsas
istiqamətlərindən olmalıdır.
Yenə də dövrün tələblərini
cavablandırmaq əsasdır. Hazırda
dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizənin
daha da gücləndirilməsi istiqamətində davamlı
addımlar atırlar. Özünütəcridin koronavirusla
mübarizədə qələbəni şərtləndirən
əsas amil olduğunu nəzərə alsaq, maarifləndirmə
işinin daha yüksək səviyyədə
aparılmasına hər bir mətbuat nümayəndəsi
töhfələrini artirmalıdır. Dövlətimizin
başçısı İlham Əliyevin, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarına
müraciətlərində əksini tapan çağırışları
ictimaiyyətə çatdirmaq işində hər bir mətbu
orqan fəal olmalıdır. Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın fikirlərinə istinad
etcək, COVID-19 adlı qorxulu hekayənin geridə
qalacağı gün gələcək. Həmin gün uzaqda
deyil.
Səs.- 2020.- 10 iyul.- S.8-10.