Bolqarıstanın bir sıra KİV-lərində Azərbaycan
Silahlı Qüvvələri
Gününə həsr
olunan məqalələr
dərc edilib
Bolqarıstanın bir sıra nüfuzlu
KİV-lərində 26 iyun
- Silahlı Qüvvələr
Günü və Azərbaycan Ordusu haqqında məqalələr
dərc olunub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın bu ölkədəki səfiri
Nərgiz Qurbanovanın
müəllifi olduğu
məqalələr Bolqarıstan
Respublikası Müdafiə
Nazirliyinin İnformasiya
Mərkəzinin internet
səhifəsində “Azərbaycan
Ordusu Cənubi Qafqazda ən güclüsüdür”, “Bolqarıstan
Ordusu” qəzetində
“Bu gün Azərbaycanın Ordusu bayramını qeyd edir” və “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsüdür”,
nüfuzlu “Fokus” xəbər agentliyinin internet səhifəsində
“Azərbaycanın səfiri
Nərgiz Qurbanova: Azərbaycanda müstəqil
dövlət quruculuğunun
ən vacib uğurlarından biri Silahlı Qüvvələrin
yaradılmasıdır” sərlövhələri
ilə dərc edilib. Bundan başqa, səfir Nərgiz Qurbanovanın “Focus” Xəbər Agentliyinin və “Focus” radiosunun rəsmi internet səhifəsində yazılı
və audio formatlarda yayımlanan müsahibəsində də
Azərbaycanda Ordusunun
şərəfli tarixinə
və hərbi potensialına xüsusi yer verilib.
Məqalələrdə Azərbaycanda müstəqil
dövlət quruculuğunun
ən mühüm nailiyyətlərindən biri
olaraq Silahlı Qüvvələrin yaradılması
göstərilir. Qeyd edilib
ki, bu gün
gücü və qüdrəti ilə seçilən, qarşıya
qoyulan bütün vəzifələri layiqincə
yerinə yetirmək imkanına malik olan Azərbaycan Respublikasının Silahlı
Qüvvələri dövlət
müstəqilliyinin bərpasından
öncə və sonra çətin sınaqlardan keçib, sözün həqiqi mənasında mətinləşib. Yazılarda
hərb tariximizin şanlı keçmişinə
nəzər salınıb,
görkəmli sərkərdələr
və onların qəhrəmanlıqları qürur
hissi ilə xatırlanıb. Bildirilib ki, milli ordumuzun
yaradılması tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə
təsadüf edir.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun (Əlahiddə Azərbaycan Korpusu) yaradılmasına başlanılıb.
Avqustun 1-də Azərbaycan
Xalq Cümhuriyyətinin
Hərbi Nazirliyi təsis olunub. Milli ordunun yaradılmasında Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, İbrahim
ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və başqa peşəkar hərbçilər
müstəsna rol oynayıb, Cümhuriyyətin
müdafiəsinin təşkilində,
hərbi strukturların
formalaşmasında
misilsiz fədakarlıqlar
göstəriblər. Həmçinin
Böyük Vətən
müharibəsi dövründə
faşizmə qarşı
döyüşlərdə azərbaycanlıların göstərdiyi
qəhrəmanlıqlardan bəhs
olunur.
Müəllif istər sovet
hakimiyyəti illərində,
istərsə də müstəqillik dövründə
Azərbaycanda hərbi
təhsilə xüsusi
əhəmiyyətin verilməsində,
soydaşlarımızın yeniyetmə yaşlarından
hərb sənətini
öyrənməyə başlamasında
Azərbaycan xalqının
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətini
qeyd edir. Ümummilli liderin dövlət quruculuğu,
o cümlədən hərbi
quruculuq istiqamətində
təxirəsalınmaz tədbirləri
sadalanır. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin əksəriyyətinin məhz
dahi siyasi xadimin qayğısı sayəsində Türkiyə,
Rusiya, Ukrayna, Pakistan, Çin, İtaliya, Rumıniya və digər ölkələrin akademiyalarında
təhsil aldıqları
qeyd olunub. Sonra isə Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla
Əlahiddə Azərbaycan
Korpusunun yarandığı
günün – iyunun
26-sının Azərbaycan Respublikasının Silahlı
Qüvvələri Günü
elan olunduğu diqqətə çatdırılır.
Məqalələrdə qeyd olunub ki,
Azərbaycan Ordusunun müasir standartlar əsasında yenilənməsi
və təkmilləşdirilməsi
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
uğurla davam etdirilir. Hazırda, öz təşkilat
strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə
yüksək standartlara
cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək
döyüş hazırlığına
görə MDB məkanında
ön sıralarda qərarlaşıb.
Azərbaycan Respublikası Silahlı
Qüvvələri hərbi,
hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə
xarici dövlətlərin
hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli
və çoxtərəfli
formatda kompleks fəaliyyət həyata keçirir. Azərbaycan
Ordusunun şəxsi heyəti regional və beynəlxalq səviyyədə keçirilən
müxtəlif təyinatlı
taktiki və kompüter dəstəkli hərbi təlimlərdə
iştirak edir.
Məqalədə Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
region və region xaricində təhlükəsizliyin təmin
olunması, beynəlxalq
strateji əhəmiyyətli
layihələrin mühafizəsi
və beynəlxalq təhlükəsizliyə töhfəsinə
dair geniş məlumat verilir. Qeyd olunub ki, 1992-ci ilin martından etibarən müxtəlif proqramlar çərçivəsində
NATO ilə əməkdaşlıq
əlaqələrini inkişaf
etdirən Azərbaycan
1999-cu ildən etibarən
öz hərbi qüvvələri ilə
sülhməramlı əməliyyatlara
dəstək verir.
1999-cu ilin sentyabrından
2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun
sülhməramlı taqımı
NATO-nun rəhbərliyi
altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə
əməliyyatlarda iştirak
edib. 2002-ci ildən Azərbaycan Ordusunun taqımı Əfqanıstanda
Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələri
(İSAF) tərkibində fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin sülhməramlı
bölüyü 2003-2008-ci illərdə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində
fəaliyyət göstərib.
2015-ci ilin yanvarından
NATO-nun Əfqanıstanda
keçirdiyi “Qətiyyətli
Dəstək” qeyri-döyüş
missiyasında Silahlı
Qüvvələrin kontingenti
rotasiya planına uyğun olaraq xidmət edir. Ümumiyyətlə,
1999-cu ildən müxtəlif
regionlarda keçirilən
sülhməramlı əməliyyatlarda
Azərbaycan Ordusunun 3
mindən artıq hərbi qulluqçusu iştirak edib.
İkitərəfli hərbi əməkdaşlıq
üzrə Azərbaycan
Respublikası Silahlı
Qüvvələri ilə
xarici dövlətlərin
silahlı qüvvə
və hərbi sənaye kompleksləri arasında əməkdaşlığa
toxunan müəllif Bolqarıstan da daxil olmaqla, Azərbaycan dünyanın
40-a yaxın ölkəsi
ilə hərbi əməkdaşlıq
həyata keçirdiyini
qeyd edib. Bildirilib ki, 2017-ci ildə Bolqarıstanın G.S.Rakovski
adına Hərbi Akademiyasının rəisi
general-mayor Qrudi Angelovun və 2018-ci ildə Bolqarıstan Respublikası Baş Nazirinin müavini, Müdafiə naziri Krasimir Karakaçanovun Azərbaycana səfəri,
eyni zamanda, 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə
nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun
Bolqarıstana səfəri
və baş tutmuş yüksək səviyyəli görüşlər
qarşılıqlı hərbi
əməkdaşlığımızın
ən bariz nümunəsidir. Hərbi
əməkdaşlığımızın
hüquqi əsasını
2002-ci il sentyabrın
25-də Sofiyada imzalanmış
“Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
və Bolqarıstan Respublikası Müdafiə
Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
Saziş” təşkil
edir. Bundan başqa, 2017-ci ildə
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Hərbi Akademiyası
ilə Bolqarıstanın
G.S.Rakovski adına Hərbi Akademiyası arasında elmi tədqiqatlar, təcrübə
mübadiləsi, müştərək
tədbirlərin keçirilməsi,
tədris və qarşılıqlı maraq
doğuran digər
məsələlərə dair əməkdaşlıq
sənədi imzalanıb.
Səfir qeyd
edir ki, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
potensialı və müdafiə qüdrətinin
artması beynəlxalq
reytinq agentliklərinin
də diqqətindən
yayınmayıb. ABŞ-ın
müstəqil “Qlobal Firepower” təşkilatının
2020-ci il hesabatına görə 138 ordu arasında Azərbaycan Silahlı Qüvvələri
64-cü yerdə qərarlaşmış
və regionun lideri olaraq seçilib.
Məqalədə, həmçinin
qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti
Azərbaycanı daim güclü və istənilən hücuma çevik cavab verəcək ordu yaratmağa məcbur edir. Regionda sülhün tərəfdarı
olan Azərbaycan heç vaxt beynəlxalq səviyyədə
tanınmış ərazilərinin
işğalı ilə
barışmayacaq. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
yalnız Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış sərhədləri
çərçivəsində suverenliyi və ərazi bütövlüyü
əsasında mümkündür.
BMT Nizamnaməsinin 7-ci fəslinin 51-ci maddəsinə
əsasən hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə
etmək üçün
hərbi yoldan istifadə edə bilər və Azərbaycan dövləti
bu hüququ özündə saxlayır.
Sonda xatırladılıb
ki, cari il sentyabrın 8-10-da Azərbaycan 4-cü Beynəlxalq
“ADEX” hərbi sərgisinə
ev sahibliyi edəcək. “ADEX” sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr
olunmuş ən nəhəng tədbirdir və iştirakçılara
həm Azərbaycanın
hərbi rəhbərliyi,
həm də qlobal hərbi-müdafiə
ictimaiyyəti ilə görüşlər keçirmək
üçün unikal
imkan yaradır. Məqalədə “ADEX” sərgisində
iştiraka dəvət
qeyd olunaraq qarşılıqlı faydalı
hərbi əlaqələrin
daha da gücləndirilməsinə
çağırış edilir.
Səs.- 2020.- 11 iyul.-
S.6.