Ermənistanın təcavüzkar siyasəti, ikili standartlar və ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətsizliyi

 

 

 

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

 

E.Əhmədov deyib ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi? Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük vermiş, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməmişlər. Bu cür mövqe Ermənistanın yürütdüyü işğalçılıq siyasətini açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

 

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

 

Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər nazirinin açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu siyasətin davamı olaraq iyulun 10-da Yerevanda keçirilən təhlükəsizlik şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf edildi.

 

Hazırda, işğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran, son illərdə baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Ermənistan rəhbərliyi artıq ölkədə bütün sosial dayaqlarını itirmişdir. Bu baxımdan, iyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir.

 

Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə, onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.

 

XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

 

Azərbaycan Prezidenti son müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir.

 

Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcəkdir.

 

 

Səs.- 2020.- 14 iyul.- S.9.