Azərbaycan tarixinin şanlı və
şərəfli səhifəsi – 51 İL
1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər
Əliyev epoxasının vüsət və əzəmətinin
parlaq təzahürü
“Tarix ən ədalətli hakimdir”, deyirlər. Bu gün
yaxın tariximizə diqqətlə nəzər yetirdikdə
bugünkü inkişafımız, sabitlik və xoş
güzəranımız üçün kimə borclu
olduğumuzu yaxşı anlayırıq. Və
belə şəxsiyyətin siyasət meydanına
çıxması isə böyük tarixi hadisə kimi daim
yaddaşlarda yaşayır.
Məhz
1969-cu il iyulun 14-ü ən yeni tariximizin
belə şərəfli, müqəddəs səhifələrindəndir.
Ümummilli Lider Heydər Əliyevin
timsalında bu fikri də böyük əminliklə qeyd
edirik ki, tarixdə elə şəxsiyyətlər olur ki,
onların həyat və fəaliyyətindən bəhs etmək
üçün bütöv bir xalqın, dövlətin
tarixini vərəqləmək gərəkdir. Ulu Öndər Heydər Əliyev məhz belə
xoşbəxt şəxsiyyətlərdən idi. Bu gün təntənə ilə qeyd etdiyimiz 50 illik
yol tarix yaradan şəxsiyyət kimi nüfuz qazanan
Ümummilli Liderin xidmətlərinin, Vətəninə,
xalqına sevgisinin aydın mənzərəsini
formalaşdırır.
Müasir Azərbaycan tarixində yeni eranın
başlanğıcı sayılan həmin gün böyük
dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etməyə başlaması
kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir.
O öz vətənini,
millətini ürəkdən sevən bir Şəxsiyyət,
Lider kimi bütün bu dövr ərzində Azərbaycanın
taleyüklü məsuliyyətini öz çiyinlərində
daşımış, onu bir dövlət və
xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü
sınaqlarından çıxarmış, müasir müstəqil
Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin
bünövrəsini qoymuşdur. Həmin illər
ərzində Azərbaycanın sosial-iqtisadi həyatının
dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin
inkişaf etdirilərək dünya ictimayyətinə
çatdırılması məhz Onun titanik fəaliyyətinin
nəticəsidir.
Xalqın
etimadını Heydər Əliyevdən başqa heç kim doğrulda bilməzdi
Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə
başlaması respublikanın xilası üçün yeganə
düzgün yol idi. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın
1969-cu il 14 iyul tarixli plenumunda Heydər
Əlirza oğlu Əliyev birinci katib seçildi. Həmin
plenumdakı çıxışında o, özünün fəaliyyət
platformasını çox konkret şəkildə ifadə
etdi: “Mənə təzəcə tapşırılan bu vəzifənin
bütün məsuliyyətini dərk edirəm.
Qarşıma qoyulan öhdəliklərin çətinliyini,
ağırlığını anlayıram və var qüvvəmlə
çalışacağam ki, mənə göstərilən
etimadı doğruldum… Mənə elə gəlir ki, bizim gələcək
uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət
ola bilər”.
1969-cu ildən başlanan böyük quruculuq və
yüksəliş mərhələsi qısa müddətdə
Azərbaycanı bütün sahələrdə geniş tərəqqi
yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin
birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi,
iqtisadi və mədəni həyatın bütün sahələrində
ölçüyəgəlməz uğurlar
qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki
baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş,
elm, təhsil, mədəniyyət güclü inkişaf
prosesi keçmiş, milli şüurun oyanışı və
dirçəldilməsi istiqamətində çox
mühüm işlər görüldü. Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə
581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri
yaradılmış, 310 avtomatlaşdırılmış xətt,
1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və
i.a. yaradılmışdır. 1970-ci ildən
başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə
görə müttəfiq respublikalar arasında ən
qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun
xam malını emal edən sahələr böyük sürətlə
inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı
məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı
2,2 dəfə artmışdı. Bütün
bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi
olan milli gəlirin sürətlə artmasına səbəb
oldu.
Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi
Konstitusiya səviyyəsində rəsmi status qazanması da
dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına
gerçəkləşdi. Möhtəşəm
fəaliyyəti ilə şöhrətlənən dahi Heydər
Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə irəli çəkildi.
Moskvaya getməzdən əvvəl, 1982-ci il
dekabrın 2-də Azərbaycan KP MK-nın büro iclasında
Ulu Ööndər respublikaya on üç il yarımlıq
rəhbərlik dövrünün yekunlarını məmnunluqla,
fəxrlə ümumiləşdirərək demişdi: “Bu illər
ərzində böyük işlər görülüb,
respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli
geriləməni qısa müddətdə aradan
qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq
miqyasında ən qabaqcıl mövqelərdədir… Respublikada çox gözəl, sağlam mənəvi-siyasi,
mənəvi-psixoloji atmosfer hökm sürür, sözün
qısası, bizim respublika yüksəklərə, çox
yüksəklərə qalxıb”.
Bütün
bunlar isə 1969-cu il iyulun 14-dən
başlanan şanlı Heydər Əliyev epoxasının
vüsət və əzəmətinin parlaq təzahürü
idi.
Təməli
Naxçıvanda qoyulan dövlətçilik siyasətinin
başlanğıcı
1982-87-ci
illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
vəzifəsində çalışan görkəmli
dövlət xadimi Azərbaycanı bir an
da unutmamış, bütün imkanlarını,
gücünü və bacarığını
respublikamızın tərəqqisinə yönəltmişdi.
Aydın, yetkin siyasi mövqeyə, böyük vətəndaş
qeyrətinə malik Heydər Əliyev Bakıda da, Moskvada da
zaman-zaman Azərbaycanın əleyhdarlarının təzyiqləri
ilə üzləşmiş, lakin heç bir qüvvə Onu
haqq yolundan, xalqa və yurda fədakar xidmət amalından
döndərə bilməmişdi. 1987-ci ildə
tutduğu yüksək vəzifədən istefa verəndə
də Heydər Əliyev öz siyasi iradəsinin, mövqeyinin
dəyişmədiyini bir daha nümayiş etdirdi. 1990-cı ilin yanvarında sovet qoşun hissələrini
Bakıya yeridib dinc əhaliyə qanlı divan tutan imperiya rəhbərliyinə
də ilk kəskin etiraz səsini məhz Ulu Öndər Heydər
Əliyev ucaltdı. 1990-cı il
iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə
Naxçıvana gələn qeyrətli Vətən oğlu əhali
tərəfindən böyük məhəbbətlə
qarşılandı. Həmin vaxt
Naxçıvan son dərəcə acınacaqlı bir şəraitdə
yaşayırdı. Belə bir vaxtda Heydər
Əliyevin Naxçıvana qayıdışı xalqın əsl
nicatına çevrildi. 1990-cı il
sentyabrın 30-da keçirilən seçkilərdə
Naxçıvan və Azərbaycan parlamentlərinə mandat
qazanan Ulu Öndər xalqın təkidli tələbi ilə
1991-ci il sentyabrın 3-də muxtar respublikada ali vəzifəyə
dəvət olundu. Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun qeyd etdiyi kimi, “Ümumi Azərbaycan
evimizin divarından hər gün bir kərpic
düşdüyü vaxt Naxçıvan Muxtar
Respublikasının əhalisi çox böyük uzaqgörənlik
nümunəsi göstərərək Heydər Əliyevi
Naxçıvan Muxtar Respublikasının rəhbəri
seçdi”.
Fəaliyyətinin
Naxçıvan dövründə Heydər Əliyev ölkəmizin
ən nüfuzlu, qüdrətli, mütəşəkkil,
kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasını yaratdı, qısa müddətdə bu
partiya xalqın maraqlarının əsl ifadəçisi və
müdafiəçisinə çevrildi. 1991-ci
ildə Azərbaycan öz dövlət müstəqilliyini
elan etsə də çox keçməmiş ağır
problemlər burulğanına yuvarlanırdı.
Azərbaycanı
bəlalardan qurtaran ikinci böyük qayıdış
O zaman
ölkəyə başçılıq edən təsadüfi
şəxslərin bacarıqsızlığı, səbatsızlığı,
ağılsız addımları ağır nəticələrə
gətirib çıxarmışdı. Ölkə daxilində
iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr
fəaliyyətini dayandırmış, əhalinin maddi durumu
pisləşmiş, siyasi arenada hərc-mərclik,
öbaşıpozuqluq meyilləri baş qaldırmış,
demokratik dəyərlərin təşəkkülü istiqamətində
heç bir iş görülməmişdi. Cənubda qondarma
“Talış-Muğan Respublikası”, Şimalda
“Sadval”çıların “Ləzgistan” xülyaları,
Qarabağda erməni işğalı, Gəncəbasarda Surət
Hüseynovun başçılıq etdiyi silahlı
qiyamçıların əməlləri ölkənin ərazi
bütövlüyünə, suverenliyinə ciddi təhlükə
yaratmışdı. Belə bir vaxtda xalq yeganə
düzgün, ağıllı yolu seçdi – dünya
şöhrətli siyasi xadim, müdrik dövlət adamı
Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə
dəvət etdi. 1993-cü il iyunun
9-da xalqın tələbi ilə Heydər Əliyev gərgin
situasiyada yaşayan Bakıya gəldi. On minlərlə
vətəndaş Bakı hava limanına axışaraq öz
müdrik xilaskarını qarşıladı.
1993-cü il iyunun 15-də xalqın qətiyyətli
istəyi gerçəkləşdi. Heydər
Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə
Sədr seçildi. 1993-cü il oktyabrın 3-də xalqın
böyük dəstəyi ilə Prezident seçilən Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində
(1993-2003-cü illər) neçə-neçə qərinəyə
sığmayan son dərəcə
böyük işlər gördü. Ulu Öndər Heydər
Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü
müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli
şəkildə və böyük uğurla həyata
keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi
bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir
və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz
daima qoruyub saxlayacağıq” – deyən Ümummilli Lider bu
tarixi nailiyyətin, milli istiqlalımızın qorunub
saxlanması və möhkəmləndirilməsi
üçün misilsiz işlər gördü, sinəsini
sipər edib Vətəni və xalqı bəlalardan qorudu,
xilas etdi. Dahi rəhbərin müdrik siyasəti
nəticəsində ölkədəki
özbaşınalıq, anarxiya aradan qaldırıldı,
qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan
idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi
bərpa olundu, iqtisadi tərəqqiyə geniş rəvac verən
qlobal layihələrin gerçəkləşdirilməsinə
başlanıldı, Azərbaycanın beynəlxalq aləmdə
mövqeyinin möhkəmləndirilməsi, Qarabağ
münaqişəsinin ədalətli həlli, haqq işimizin
dünyada tanıdılması istiqamətində mühüm
tədbirlər gerçəkləşdi.
Xarici neft şirkətləri ilə
“Əsrin müqaviləsi” adlanan kontraktın imzalanması,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi
istiqamətində görülən nəhəng işlər,
ölkəmizin beynəlxalq təşkilatlarda layiqincə təmsil
olunması, onun mənafelərinin əzmlə qorunması,
müstəqil Azərbaycanın hüquqi-demokratik prinsiplərə
əsaslanan Konstitusiyasının qəbulu, mənəvi
dəyərlərin müdafiəsi, mədəni dirçəlişə
böyük qayğı, iqtisadiyyatın əsaslı şəkildə
yenidən qurulması, bazar münasibətlərinin tənzimlənməsi,
aqrar islahatın müvəffəqiyyətlə
aparılması, ümumi daxili məhsulun ciddi artımı,
dünya azərbaycanlılarının həmrəyliyinin
formalaşdırılması, xaricdə yaşayan
soydaşlarla sıx əlaqələrin təşəkkülü,
minlərlə yeni iş yerlərinin yaradılması, əhalinin
maddi rifah halının əsaslı şəkildə
yaxşılaşdırılması, bir sözlə, müstəqil
Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni
həyatının bütün sahələrində ciddi, hərtərəfli,
möhtəşəm yüksəlişin baş verməsi
Heydər Əliyevin qlobal fəaliyyətinin
saysız-hesabsız bəhrələrindəndir. Bəli, Heydər
Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqil
Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə
məsuliyyətli və şərəfli bir missiyanı
yüksək səviyyədə yerinə yetirdi.
Müstəqilliyin yolları ilə
inamla irəliləyən Azərbaycanda ulu öndərin amal və
əməlləri dönmədən həyata keçirilir.
Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrdə yeni-yeni uğurlar
qazanır. 2003-cü ildən ölkəmizə
rəhbərlik edən cənab İlham Əliyev bu məsuliyyətli
vəzifəni üzərinə götürərkən bəyan
etmişdir ki, bütün fəaliyyətini Heydər
Əliyev siyasəti, insana qayğı və diqqət üzərində
quraraq sosialyönümlü siyasət həyata keçirəcəkdir.
Görülən işlər ölkəmizi günü-gündən
irəliyə aparır. Artıq Azərbaycan bu gün regionda
söz sahibi olan, iqtisadi qüdrətinə görə
dünyanın aparıcı dövlətləri
sırasına çıxan ölkədir. Bu, 1969-cu ildən
başlanan Azərbaycanı Azərbaycana qaytarmaq yolunun real bəhrəsidir.
ZƏRİFƏ QULİYEVA
Səs.-
2020.- 15 iyul.- S.11.