Milli ailə dəyərləri və qloballaşma

      Müasir dünyanın, çağdaş həyatın bütün sahələrinin elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda xalqımızın yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan və yad mədəniyyətlərin daşıyıcılarına çevrilən soydaşlarımız arasında Azərbaycan milli-mənəvi yaşam düşüncəsində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə kultumuzun ayrılmaz tərkib hissəsi hesab edilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsi zəmanəmizin əsas milli-mental məsələlərindən biridir. Tarixi Azərbaycan coğrafiyasının zaman-zaman qonşu dövlətlər tərəfindən parçalanıb işğal altına alınması və bu dövlətlərin tərkibində milli-mənəvi assimilyasiyaya məruz qalması problemin həssaslığını şərtləndirən amillərdəndir.

Xüsusilə xalqımızın böyük bir kəsiminin – Qərbi Azərbaycan türklərinin uzun illər Azərbaycan Respublikasından kənarda–tarixi düşmənimiz olan ermənilərin siyasi və sosial basqısı altında yaşaması və 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minillər boyu yaşadıqları ata-baba yurdlarından vəhşicəsinə deportasiyası və Qarabağ münaqişəsi nəticəsində insanlarımızın Qarabağdakı doğma yurdlarından qovulub çıxarılması xalqımızın ailə dəyərlərinə sarsıdıcı zərbə vurmuşdur.

Problemin kəskinliyini nisbətən azaltmaq, müxtəlif nəsillər arasında dərinləşən mənəvi-ruhi uçrumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan milli məişət-ailə institutunu, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək günümüzün vacib problemlərindəndir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı kultların, eyni zamanda onların əsasını təşkil edən ağsaqqallıq-ağbirçəklik institutunun xüsusi yeri vardır.

Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və çox hallarda gənclərimizin böyük bir hissəsi də liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbli trendlər” altında insanlarımıza sırınan o qarayaxma kampaniyalarına, internet və sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. Qloballaşma dövründə Qərb tendensiyasının beyinlərinə yeridiyi şəxslər bir şeyi unutmamalıdırlar ki, insan həm də sosial varlıqdır. Onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Əgər yeni birisini kəşf edə bilmiriksə, köhnəni silmək olmaz. Qloballaşmanın məhv etdiyi dəyər cəmiyyətin eroziyasıdır.

Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. “Yuvanı dişi quş qurur” fikri də buradan qaynaqlana bilər. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti- güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir.

Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur. Ailənin mənəvi şəxsiyyətinin təşəkkülündə, təbii ki, ilk növbədə ata-anaya böyük vəzifələr düşür. Fədəkarlıq, öncə başqalarını düşünmə, eqoizmdən uzaq davranış, hörmət, sevgi, yardım etmək, səbir göstərmək və s. xüsusiyyətlər mənəvi şəxsiyyəti yetişdirir. Mənəvi şəxsiyyətin meydana çıxmadığı ailələrdə təbii ki, maddi ünsürlər ön plandadır. Ailənin yaşaması, ayaqda durması üçün iqtisadi dayağı önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi maddi amillər ailəni bir yerdə tuta bilməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir.

Qeyd etdiyim kimi, ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyatı baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.

Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki, təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq, xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir. Və bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.

Dünyaya səpələnən 50 milyonluq soydaşımız, eyni zamanda Qarabağ köçkünləri timsalında sosial-kulturoloji hərəkata başlamaqla, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən ailə dəyərlərinin, ağsaqqallıq və ağbirçəklik institutu prinsiplərinin bərpası və genişlənməsi istiqamətində aksiyaları həyata keçirməklə, sadalanan halları nisbətən zəiflətməyin, yaşlılara olan sayğı və sevgini artırmağın, bu istiqamətlərdəki gərginlikləri azaltmağın vaxtı çoxdan yetişib. Milli-mental ailə dəyərlərimizin dirçəldilməsi, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasına, bu istiqamətdə aktual addımların, innovativ-kreativ, sosial-psixoloji təşəbbüslərin dəstəklənməsinə böyük ehtiyac duyulur.

Yeri gəlmişkən, Qərbin inkişaf etmiş öklələrində bu istiqamətdə hələ XX əsrin ortalarından etibarən elmitədqiqat işləri aparılmağa başlanmış, tədqiqat əsərləri yazılmış, təcrübələr sınaqdan keçirilmiş, ailə mərkəzləri yaradılmışdır. Sadalanan istiqamətlərin əsas hədəfi milli Azərbaycan ailəsi, eləcə də ağsaqqallıq-ağbirçəklik dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliğində, yeni nəslə çatdırılmasında, internet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olunmasına, bu yöndə yeni metodların, forma və üsulların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə yönəldilməlidir.

Qloballaşma Azərbaycana xeyli təsir göstərib. “Amma şükürlər olsun ki, Azərbaycan özünə aid olan mədəniyyət nümunələrini qoruyub saxlaya bilib. Məsələn, muğam mədəniyyəti, aşıq musiqisi, mədəniyyətmizin Üzeyir Hacıbəyovla başlayan bir çox nümunələri, klassik musiqi nümunələri və sairənin qorunması ilə biz özünəməxsus bir mədəniyyət fomalaşdıra bilmişik. Bununla yanaşı kütləvi bazar mədəniyyəti kapitalizmin kütləvi mədəniyyəti, şou biznes kimi adlar altında həyatımıza daxil olur. Bu isə mədəniyyətin kommersiyalaşmasına və bir növ mənəvi təlabatı ödəməkdə daha çox gəlir mənbəyinə çevrilməsinə yol açır. Onda mədəniyyət artıq insanın dünyagörüşünü, onda milli özünəməxsusluğu, milli keyfiyyətləri formalaşdıran amildən daha çox, bir növ insanı kosmopolitləşdirən, öz milli mənəvi kimliyindən uzaqlaşdıran bir amil rolunu oynayır. Məhz kütləvi mədəniyyətin təsiri altında insan öz milli kimliyini itirir və yaxud başqa bir məxluqa çevrilir”. Onun sözlərinə görə, qloballaşma cəmiyyətdə milli münasibətlər sisteminin bütün strukturuna təsir edir. Bu təsir bəzən dəyişdirici, bəzən dağıdıcı, bəzən də tənzimləyici olur. Hər üç halda baş verənlər millinin xeyrinə olmur. Kütləvi mədəniyyətin, güc mərkəzlərin yaratdığı dəyərlərin xeyrinə olur. Bu məqamların milli dəyərlərimizdən olan ailəyə, ailə daxili münasibətlərə təsiri necədir? Qabil Hüseynli deyir ki, ailə də ictimai münasibətlər sisteminin bir formatı, tərkib hissəsidir. “Bu məqamlar təbii ki, ailə münasibətlərinə də təsir edir. Azərbaycanda ailə münasibətləri ənənəvi formasından fərqli bir forma almaqdadır. Tutalım, Azərbaycanda indi çoxuşaqlı ailələrə rast gəlmək mümkün deyil. Vaxtilə qəhrəman analar var idi. Ən azı ailədə 4-5 uşaq olurdu. İndi Avropada olduğu kimi Azərbaycan ailəsində də bir uşaq, bəzən isə uşaqsızlıq halları artıq dəbə çevrilib. Hətta bu kənd yerlərinə də ayaq açmağa başlayıb. Boşanma hallarının artmasını xüsusilə qeyd etmək lazımdır. Nikah yaşının çoxalması da Azərbaycanın bir demoqrafik problemlə üzləşdiyini söyləməyə əsas verir. Kim nə deyir desin, statistika nə göstərir göstərsin, Azərbaycan xalqı daha artmır. Azərbaycan xalqı qocalır. Əhalinin ümumi balansında gənclərin sayı azalır. Qocalar da çox yaşamır. Yaşı 50-dən yuxarı olanların sayı 10 il əvvəllə müqayisədə kəskin dəyişib. Bütün bunlar onu göstərir ki,ölkədə demoqrafik problem də baş qaldırmaqdadır. Bu problem bütün problemlərdən daha ziyanlı və qorxuludur. Çünki bu millətin varlığı, gələcəyi ilə bağlı olan məəsələdir”. Politoloq deyir ki, insan, kütləsi, millətin fərdləri yoxdursa, bu millətin varlığını təhdid edən amillərdəndir. Bir gün belə vəziyyət onsuz da kiçik olan millətləri daha da kiçildə və barmaqla sayılacaq səviyyə gətirib çıxara bilər. Bəs qloballaşmanın müsbət məqamları varmı? Q.Hüseynlinin fikrincə, bəziləri pozitiv məqamları vurğulaya bilər.“Məsələn, gender bərabərliyindən danışırlar, homeseksuallara sərbəstlik verilməsindən danışıb, bunları uğur kimi təqdim edirlər. Gender bərabərliyinin əleyhinə deyiləm, hətta bunu təqdir edirəm. Amma Azərbaycan xalqının özünün adət-ənənələri var ki, buna görə ailədə kişinin və qadının mövqeləri dəqiq müəyyənləşdirilib. Bu bəzən mühafizəkarlıq kimi görünsə də, hər halda qadının bir ana, ailə ocağının qoruyucusu kimi funksiyasını daha dəqiq müəyyənləşdirir, kişini isə bir növ evə çörək gətirən, təminatını həyata keçirən şəxs kimi təqdim edir. Əgər kişi bir qədər mühafizəkar olmasa, kosmopolit olsa, bir gün görərsən ki, o qısa müddət ərzində kosmopolit dəyərlərin içində əriyib yox olub, nəticədə vaxtilə çərkəzi papaq qoyan, döşünə patrondaş taxan, xəncər gəzdirən Qafqaz kişisi indi uzunsaçlı, şortik geyinən, homoseksualizmi təbliğ edən qəribə bir varlığa çevrilib. Burda artıq söhbət başın içindən, ətraf aləmə münasibətdən, intellektual səviyyədən gedir. Yabançı xarici dəyərləri mənimsəmiş insanların toplusuna çevrilmək təhlükəsini hiss edirik, bu təhlükənin qarşısını almaq üçün səylər göstərilməlidir”.

Hələ də ekranlarımızda uşaqlarımızın gülüş payını hansısa “ulduzların” söyüşməsi alır. Gənclərin asudə vaxtının təşkili ilə bağlı elmi-fəlsəfi proqramların yerini kimlərinsə necə geyinməsi, necə oturması, hansı maşını minməsi və bu kimi heç kəsə lazım olmayan informasiyalar tutur. “Belə vəziyyət Azərbaycan xalqına hansı dəyərləri aşılaya bilər, bu efiri zəbt edənlər kimdir axı? Bəlkə böyük əsərlər yaradıblar, xalq qarşısında böyük xidmətləri olub, yaxud Nobel mükafatı laureatlığını gətiriblər Azərbaycana?! Bəlkə Motsartın, Baxın, Bethovenin əsərlərinə bərabər əsərlər yaradıblar. Yox, sadəcə olaraq, musiqi dünyamızı, zövqümüzü, mənəviyyatımızı korlayırlar. Təbii, kiminsə xoşuna gələ bilərlər. Çünki zövqlər müxtəlifdir. Amma milli zövqdən söhbət gedirsə, artıq musiqimiz bəlli dəyərlər içərisində bəslənilməli, köklənməli və o dəyərlərin kölgəsində inkişaf etməlidir”. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Rövşən Məcidov isə deyir ki, qloballaşma, milli sərhədlərin şəffaflığı təkcə əməkdaşlığın genişlənməsi ilə nəticələnmir, əvvəllər lokal və milli səviyyədə olan, həll edilə bilməyən bəzi problemlər də qloballaşır və qlobal səviyyədə daha effektiv, kompleks, qərəzsiz yanaşma tələb edir. “Məsələn, terrorizm, separatizm, narkotika, insan alveri, etnik münaqişələr, milli özünəməxsusluğun tədricən pozulması, ekoloji böhran, əmək və istehsal bazarında mövcud olan dispraporsiya kimi amillər antiqlobalizm hərəkatını doğurur.

Qloballaşmanın əsas əlamətlərindən biri nəqliyyat şəbəkəsinin, kütləvi informasiya və kommunikasiya vasitələrinin sürətlə genişlənməsi və inkişaf etməsidir. Buna görə də dünyanın hər hansı bir yerində baş verən hadisə operativ şəkildə bütün planetə yayıla bilir. Bu, imkan verir ki, bəzi qurumlar yayımladıqları informasiya ilə bütün bəşəriyyəti anındaca manipulyasiya edib(şüurlarını yönəldib) öz ideologiyalarını, düşüncə və davranış tərzlərini, musiqilərini, geyimlərini və başqa cəhətlərini təbliğ etsinlər.

Vahid Ömərov, f.ü.f.d.dos.

Səs.- 2020.- 29 iyul.- S.15.