Ailə
dəyərləri sahəsində maarifçilik işləri
Ailə - cəmiyyətin və dövlətin ən mühüm sosial dəyəridir. Bu, insanın təşəkkülü və inkişafı proseslərinin, əsas etibarilə digər insanların həyatının asılı olduğu cəmiyyətin gələcək liderləri və vətəndaşlarının formalaşmasının baş verdiyi kiçik və böyük insan dünyasıdır. Nəsildən nəslə ötürülən yazılmamış qanunlar, təsislər və təyinatların yaşamaq qabiliyyətini və şəxsiyyətin psixologiyası və. davranışının formalaşmasına təsir gücünü təmin edərək, ailə onların “translyasiyasını” həyata keçirir. Anadangəlmə keyfiyyətlərin və əldə edilmiş biliklərin, tərbiyə və yaradıcı əməyin nəticəsi kimi, şəxsiyyətin ruhi mədəniyyətinin bünövrəsi məhz ailədə qoyulur.
Dövlətin həyat qabiliyyəti bir çox cəhətdən ailə mədəniyyətindən – onun üzvlərinin təhsillilik və etik mədəniyyəti, yaradıcılıq fəaliyyəti və rifah səviyyəsindən asılıdır. Vətəndaşların biliyini və mənəviyyatını, şüurunu və vicdanını, məhəbbəti, inamı və yaxşılığını, yaradıcılığını və rifahını ifadə edən bu ən qiymətli sosial kapital, sosial şərin və sosial sabitsizliyin aradan qaldırılmasının əvəzedilməz vasitəsidir. Ailə mədəniyyəti həm valideynlərin şəxsi mədəniyyətindən, onların bilikləri, bacarıqları, mütəşəkkilliyindən, onların həyat fəlsəfəsi, mənəviyyatı və yaradıcı fəaliyyətindən, həm də bütövlükdə milli mədəniyyətdən, xalqın ənənələri, adətləri, milli psixologiyasından, dinindən asılıdır.
Cəmilə Çiçək göstərir ki,vaxtilə xaricdən gətirilən, dövrümüzdə isə əsasən də internet, yeni media, sosial şəbəkələr və KİV vasitəsilə həyatımıza yeridilən basqıların qarşısını almaq xeyli çətindir. Bu istiqamətdə araşdırmalarımızı cəmiyyətə təqdim etməklə milli ailə dəyər sistemimizin, ağsaqqallıq-ağbirçəklik institutunun, fəlsəfəsinin zəifləməsinin qarşısını almaq, ailələrdəki münaqişələrin, boşanmaların, nəsillərarası mənəvi-psixoloji toqquşmaların qarşısını, qismən də olsa, almaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsi dəstəklənməlidir. Eyni zamanda, bu istiqamətdə güclü maarifçilik işləri aparılmalı, sadalanan problemin həllinə yönəli bir çox məsələlər vaxtında ictimailəşdirilməlidir.
Cəmilə Çiçək bu məqsədləri həyata keçirmək üçün aşağıdakı məsələlərə xüsusi diqqət ayırmağı təklif edir:
– Milli ailə dəyərləri dəqiqləşdirilməli, universal, bəşəri, yaxud etnik-milli hadisə olaraq tədqiqata cəlb edilməlidir;
– Tarixən, elə indinin özündə cəmiyyətimizin müxtəlif sferalarında nüfuzu olan ağsaqqal-ağbirçək insanları aşkarlamaq və onların həyat bilgilərini, yaşam fəaliyyətini öyrənməklə ailə dəyərlər sisteminin ümumi formatı gözdən keçirilməlidir;
– Yaşlı adamların yaddaşından keçmişdə tanınan ağsaqqal-ağbirçək şəxslər haqqında məlumat toplamaqla ailə dəyərlərinə sadiqliyin mahiyyəti yeni nəslin nümayəndələrinə ötürülməlidir;
– Ailə institutunun şifahi və əski yazılı qaynaqlar əsasında ənənəvi mədəniyyətdəki yeri və rolu aydınlaşdırılmalıdır;
– Çağdaş Azərbaycanın tarixən oturuşmuş milli, eləcə də formalaşmaqda olan modern ailə institutunun mövcud vəziyyəti təhlil olunmaqla əsas böyük problemlər müəyyənləşdirilməlidir;
– Ailə dəyərlər sisteminin əsas elementlərindən olan ağsaqqallıq-ağbirçəklik institutunun, dünyagörüşünün, fəlsəfəsinin, problemlərinin öyrənilməsi, onların bərpası, beynəlxalq aləmdə planetar etik norma kimi təbliği, aktivləşdirilməsi və populyarlaşdırılması yolları öyrənilməlidir;
– İnternet və sosial şəbəkələrdə, klassik, həm də yeni mediada, mətbuatda, KİV-də, TV-lərdə milli Azərbaycan ailə dəyərlərinin, eləcə də ağsaqqallıq-ağbirçəklik institutunun tanıdılması, təbliği və yayımı təşkil edilməlidir;
– Ailə dəyərlərinin ən yaxşı cəhətləri, ağsaqqallıqağbirçəklik institutu haqqında əldə edilmiş elmi-kütləvi qənaətlərin yeni media və klassik KİV-də ardıcıl olaraq tanıtımı, yayımı həyata keçirilməlidir;
– Ağsaqqalların, ağbirçəklərin və gənclərin bir yerdə olduğu dəyirmi masa və tanıtım məclislərini təşkil etməklə problemin ictimai-sosial müzakirəsi həyata keçirilməli və perspektivləri müəyyənləşdirilməlidir...
Əsas hədəf isə bu istiqamətdə həyata keçirilən layihələrdə, dövlət proqramlarında yeni nəsil nümayəndələ rinin fəal iştirakını təmin etməkdir. İnternet və qlobal elektron resurslarda, TV-lərdə, sosial şəbəkələrdə milli ailə dəyərlərimizin təbliğində gənclərin rolunun artmasına nail olmaq, o yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, sözügedən mövzuda həyata keçirilən rəsmi dövlət proqramlarının, tədbirlərin geniş ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə böyük ehtiyac var.
Ailə mərkəzlərinin mütəxəssislərini, ailəşünasları, ağsaqqalları, ağbirçəkləri, münaqişəşünasları, cəmiyyətşünasları, kulturoloqları, ailə psixoloqlarını, sosioloqları, yeniyetmələri, gəncləri, tələbələri, jurnalistləri, yazıçıları, publisistləri, tərcüməçiləri, yazılı və elektron KİV nümayəndələrini, bloqerləri, eləcə də xaricdə yaşayan soydaşlarımızı, həmçinin internet – sosial media, qlobal şəbəkə istifadəçilərini bu problem ətrafında geniş ictimai-mədəni müzakirələrə cəlb etmək mümkündür. Çünki problem Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edəcək.
Ailənin möhkəmliyi və rifahı onun etik mədəniyyətindən, onun üzvlərinin davranış kodeksinin əsaslandığı mənəvi prinsiplər və ənənələrdən asılıdır. Yüksək mənəvi prinsiplər əsasında yaşayan Azərbaycan ailəsi mədəniyyətinin tipik göstəriciləri - böyüyə hörmət, uşaqlara məhəbbət, həmrəylik, qarşılıqlı yardım, sədaqət, səbr, məhəbbət, dostluq, qonaqpərvərlikdir.
Ailə əxlaq kodeksi aşağıdakıları onun hər bir üzvünün öhdəsinə qoyur:
1. Ailənin ruhi rahatlığı, maddi rifahı və mənəvi prestijinin saxlanılması üçün zəruri qüvvələri sərf etmək.
2. Ailənin və şəxsiyyətin yüksək ruhi mədəniyyət prinsiplərinə sədaqətini tanış olmayan və yad insanların loyallığından üstün tutmaq.
3. Dürüstlük, ədalət və xeyirxahlıq, böyüklərə hörmət və kiçiklərə məhəbbət, yaşlılar, uşaqlar və əlillər haqqında qayğını nəzərdə tutan yüksək mənəvi həyat prinsiplərinə tərəfdar olmaq.
4. Ailə maraqlarının prioritetliyini yadda saxlayaraq, öz maraqlarını ailə maraqları ilə harmonik surətdə uyğunlaşdırmaq.
5. Ailə üzvləri və dostları tərəfindən göstərilən etimadı yüksək qiymətləndirmək və doğrultmaq.
6. Daim məhəbbət, dostluq və sədaqət, inam və dözüm, hörmət, məsuliyyət və dürüstlük, ailə üzvlərinin sağlamlığına qayğı nümayiş etdirmək.
7. Kamilliyə can atmaq, özündə pozitiv xarakter, kompromisə getmək bacarığı, vicdan, doğruluq, dürüstlük formalaşdırmaq.
8. Ətrafdakılara pislik etməmək, ailədə sağlam və xoş psixoloji mühitin yaradılmasına yardım predmeti vasitəsilə öz hərəkətlərinə şüuru ilə nəzarəti müntəzəm olaraq həyata keçirmək.
9. Qonşular, iş yoldaşları, tanışlar və dostlarla xeyirxah münasibətlər saxlamaq.
10. Qanunun aliliyini qorumaq, cəmiyyət üzvlərinə və legitim hakimiyyətə hörmətlə yanaşmaq, dövlət simvollarına hörmət etmək.
İdealda hər bir ailənin əxlaq kodeksi yalnız ailənin deyil, həm də milli və ümumbəşəri mədəni dəyərləri əks etdirməli, özündə bəşəriyyətin vətənpərvərlik və humanizm ideallarını harmonizasiya etməlidir.
Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır.
Təsadüfi deyil ki, hər il may ayının 15-i dünyada təntənə ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltmək məqsədi daşıyan Beynəlxalq Ailə Günü münasibətilə respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu əlamətdar günlə bağlı təşkil etdiyi "Ailə bayramı"nda nümunəvi ailələrin seçilməsi, respublikanın müxtəlif bölgələrində mərasimlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib. Bu il ailə bayramının ünvanı vətənimizin dilbər guşəsi Lənkərandır.
Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Bu il aprelin 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı bu məqamları xüsusilə vurğulamışdır: "Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".
Vahid Ömərov f.ü.f.d.dos.
Səs.- 2020.- 30 iyul.- S. 15.