Azərbaycanın informasiya cəmiyyətində ailə dəyərləri

  

Müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Sözsüz ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq kompüter və elektron texnologiyaların, internetin, o cümlədən sosial şəbəkələrin həyatımıza daxil olması hazırda insanların bu qurğularla paralel yaşamasına səbəb olub. Bu mənada cəmiyyətin əsas inkişafda olan, gücü sayılan gənclərin informasiya resurslarından istifadəsi digər əhali qruplarına nisbətdə daha yüksək göstərici ilə müşahidə olunur.Lakin təəssüf hissi ilə qeyd edək ki, bu qurğulardan istifadə zamanı bəzən qarışıq informasiya bolluğuna düşən, vaxtdan, vəziyyətdən düzgün istifadə edə bilməyən bəzi gənclər və yeniyetmələr xarakterlərindən, düşdükləri mühitdən asılı olaraq gündəlik həyatlarında müəyyən problemlərlə rastlaşır, onların həlli yollarını tapmaqda çətinlik çəkirlər.

Yaşadığımız informasiya cəmiyyətində gənclərin sosial şəbəkələrdən istifadəsini ümumi xarakteristikasına görə iki qrupa bölmək olar. Bir qrup gənclər sosial şəbəkələrdə xalqımızın tarixini, ictimai-mədəni həyatını və dövlətçiliyi təbliğ edir. Bu, hər zaman dəstəklənir və xalqımıza, dövlətimizə faydalı olmaqla yanaşı, gənclərin ictimai-siyasi və sosial həyata inteqrasiyası kimi qiymətləndirilir. Digər gənclər isə fəaliyyət və şəxsi həyatlarına xələl gətirəcək, heç bir faydası olmayacaq səpkidə sosial şəbəkələrdən istifadə edir. Bu, birmənalı olaraq qəbuledilməzdir və təəssüf doğurur. Belə bir çərçivədə gənclər tərəfindən sosial şəbəkələrə yanaşma təkcə onların şəxsi obrazlarına mənfi təsir etmir, eləcə də xalqımızın milli-mənəvi simasının eroziyaya uğrama təhlükəsi yaradır.

Müasir dövrdə bəzi gənc ailələrin adət-ənənədən, milli dəyərlərdən uzaqlaşmasının sosial problemlərlə əlaqəsi yoxdur. Düşünürəm ki, buna informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən yanaşmaq zəruridir. Dünyanın bir çox regionlarındakı səmərəsiz “virtuallaşma” problemini qloballaşmanın “küləyinin” yaşadığımız regiona gətirməsi etiraf etməliyik ki, qaçılmazdır. Bunun ailə institutumuza zidd olmasını hamımız bilməli və sosial şəbəkələrdən düzgün istifadə metodunu bacarmalıyıq. Xüsusən də yeni ailə quran gənclər ailə dəyərlərinə, əxlaqi prinsiplərə daha çox üstünlük verməli, əsrlərdən süzülüb gələn ənənələrimizi yaşatmağı özlərinə borc bilməlidirlər. Çünki xalqımızın adət-ənənəsinin, ailə dəyərlərinin bugünkü sahibləri gənclərdir və gələcək nəsillərə çatdırılmasında onlar bir körpüdürlər. Dərindən analiz etdikdə görərik ki, gənclərin keçmişlə gələcəyi bağlayan funksiyası, ilk olaraq, ailədən başlayır. Bu baxımdan gənclərin sosial şəbəkələrdən qeyri-düzgün istifadəsi ənənəvi, mental dəyərlərə söykənən ailədaxili münasibətlərə xələl gətirir. Məsələn, açıq desək, ailəni quran tərəflər ailəsinin bütövlüyünə xələl gətirəcəyi sosial şəbəkədə özünün marağında olan insanları tapır, eyni məkanda öz istəyinə uyğun insanları axtarırlar. Bu tendensiya, eyni zamanda ailənin digər üzvlərinə də sirayət edir.

Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən-böyüyə, böyükdən-kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Ailə daha əvvəlki ailə olmur, milli-mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü kobud şəkildə azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, ilk növbədə, əxlaqi dəyərlərə ziddir. Bəzi gənclər ətrafındakı yaxınları ilə, yəni ailə üzvləri ilə danışmaq, ünsiyyət yaratmaq əvəzinə sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurmağa üstünlük verir və uzun müddət virtual məkanda qalırlar. Vaxt ötür, illər keçir belə bir şəraitdə yaxın insanlar, həmçinin ailə üzvləri arasında münasibət soyuyur, onların arasındakı məsafə günbəgün çoxalır. Sosial şəbəkələr, elektron poçtla dəyərsiz yazışma – bütün bunlar ailədəki vaxtı virtual aləmə qurban verən məsələlərdir. Bəzən gənclər sosial şəbəkələrə o dərəcə bağlanır ki, bir gün statusunu yeniləməsə özünü çox narahat hiss edir. Ailəni quran tərəflər bilməlidirlər ki, sosial şəbəkələrdə qiyabi tanışlıqlar istər-istəməz doğma ailəsini yad bir insanın kölgəsində qoyur. Öz həyat yoldaşını qiymətləndirmək bacarığı məhdudlaşır, ailə və cəmiyyət qarşısında daşıdığı məsuliyyət dayazlaşır, beləliklə, boşanmanın ilk səhifəsi açılmış olur. Ailə daha dərin məzmun daşımır, adiləşir. Etiraf etməliyik ki, ailəni dağıdan bu amillər ailə üzvlərinin asudə vaxtının düzgün təşkil olunmaması ucbatından meydana gəlir. Birgə gəzintiyə çıxmaq, istirahət və görməli yerləri dolaşmaq, qohum-əqrəbanın ziyarətinə getmək ata, ana və övlad halqasını daha sıx bir-birinə bağlayır. Bəzən vaxtın yoxluğu ilə bunların mümkünsüzlüyündən dəm vuranlar saatlarla kompüter qarşısında faydasız, xeyir gətirməyən işlər üçün oturmağa da qiymətli vaxt sərf olunduğunu unutmamalıdırlar.

Ailə dəyərləri sistemi – ağsaqqallıq, ağbirçəkliklə bağlı həyat bilgilərinin yayılması, bu sahədə məlumatların zənginləşməsi, elektron resurslarında daha geniş istifadə üçün açıq yerləşdirilməsi də sadalanan qrup nümayəndələrinin fəallığından çox asılıdır. Çünki milli-mənəvi irs bütün xalqa məxsusdur və hər bir vətəndaşın etnik dünyagörüşünü, zövqünü formalaşdıran, tərbiyə edən mühüm faktordur.

Eyni zamanda, folklorşünaslar, sosial-psixoloqlar, analitik psixoloqlar, mentaliteti və mədəniyyəti öyrənən filosoflar, tarixçilər, filoloqlar, elm və təhsil siyasətini həyata keçirənlər milli ailə sistemləri və dəyərləri haqqında analitik-elmi əsərlərlə, intellektual tədqiqatlarla, analizlərlə vaxtaşırı olaraq bu sahənin bilgilərinin ictimaiyyətin müxtəlif qrupları arasında populyarlaşdırılmasında fəal iştirak etməlidirlər.

Ailə planlaşdırılması, ailə dəyərlər sisteminin təhlili və analizi ilə bağlı müxtəlif layihələrdə, müzakirələrdə, tədqiqatlarda əldə edilən nəticələrdən parlamentdə – qanunyaratma fəaliyyətində və icra orqanlarının təbliğat işində istifadə oluna bilinər.

Cəmilə Çiçək informasiya cəmiyyətində ailə dəyərlərini möhkəmləndirmək üçün aşağıdakıları tövsiyə edir:

– Müxtəlif yerlərə ekspedisiyaların göndərilməsi, əldə olunan nəticələrin elmi əsaslarla işlənməsi;

– Qərbi Azərbaycan, Qarabağ, Şirvan, Naxçıvan, şimal və cənub bölgəsindən olan ağsaqqallarla, ağbirçəklərlə, ailə bağlantılarını möhkəm saxlayan nəsil başçılarıyla görüşlərin keçirilməsi, onların bilik və təcrübəsinin araşdırılması;

– Ailə dəyərlərinin müqayisəli öyrənilməsi, yeni ailə modellərinin araşdırılması, ortaya çıxarılan materialların yazılı və elektron KİV, internet və sosial şəbəkələrdə yayımı;

– Azərbaycan qədim ailə sisteminin, ağsaqqallıqağbirçəklik institutunun şifahi və yazılı qaynaqlardan öyrənilməsi, tədqiqi, çağdaş dövrə uyğunlaşdırılması;

– Milli ailə bağlantılarını qoruyub saxlayan ağsaqqallar və ağbirçəklərlə gənclərin müntəzəm görüşlərinin, müzakirələrinin təşkil edilməsi;

– Nüfuzlu yaşlı nəslin nümayəndələrinin iştirak etdiyi lokal, real, virtual, onlayn dəyirmi masaların, tanıtım məclislərinin təşkil edilməsi, onların yazılı və vizual materiallarının geniş ictimaiyyətə təqdim olunmasını təşkil etmək;

– Ağsaqqallıq institutu – ailə dəyərlərilə bağlı əldə edilmiş bilik və təcrübələrin KİV-də, TV-lərdə internet və sosial şəbəkələrdə davamlı təbliğinin təşkili;

– Azərbaycan ailə modeli, ağsaqqallıq-ağbirçəklik institutunu, fəlsəfəsini beynəlxalq aləmə çıxarmaq, planetar etik normaya çevirmək və YUNESKO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına salmaq üçün aksiyalar həyata keçirmək;

– Yeni dövrdə Azərbaycan ağsaqqallıq-ağbirçəklik institutunun, fəlsəfəsinin inkişafı və zənginləşməsi istiqamətində alimlər, araşdırmaçılar tərəfindən elmi məqalələrin yazılmasını təşviq etmək, toplular hazırlamaq və həmin materialların nüfuzlu elmi elektron saytlarda, intellektual dərgilərin səhifələrində nəşr edilməsi, eləcə də internet resurslarında yayımının genişləndirilməsi;

– İnternet dövrünün tələblərinə uyğun, Azərbaycanın ailə dəyərləri, ağsaqqallıq-ağbirçəklik institutunun, onların yaşam fəlsəfəsinin beynəlxalq informasiya resurslarında yerləşdirilməsi, ardıcıl zənginləşdirilməsi üçün gənc intellektualların, populyar bloqerlərin imkanlarından səmərəli istifadə edilməsi, onların müxtəlifformatlı materialların hazırlanmasına həvəsləndirilməsi və bunların elektron resurslarda, sosial şəbəkələrdə yayımının təşkil edilməsi, internetdə çevik surətdə yayılması, inkişafına təkan verəcək virtual aksiyaların təşkili;

– İKT dövrünün tələblərinə və Azərbaycan qanunçuluğuna uyğun şəkildə saytlar və başqa resursların yaradılması, burada ailə dəyərləri ilə bağlı aparılan işlərin, tədqiqatların nəticələri barədə geniş ictimaiyyətə ətraflı məlumat verilməsi;

– KİV ilə işin təşkili, monitorinqlərin keçirilməsi, hesabatların hazırlanması və əlaqədar orqanlara verilməsi.

– Çağdaş dövrün İK texnologiyalarına uyğun olaraq, Azərbaycan milli ailə – ağsaqqallıq və ağbirçəklik dəyərlərinin beynəlxalq informasiya resurslarında tanıdılması, yayılması, inkişafı və zənginləşməsi mövzularında gənc intellektuallar, populyar bloqerlər tərəfindən müxtəlifformatlı materialların hazırlanmasına təkan verilməsi, eləcə də bunların e-resurslarda, müxtəlif sosial şəbəkələrdə yayımının təşkili;

– Nüfuzlu alimlərin, tədqiqatçıların, qələm adamlarının, gənclərin, bloqerlərin Azərbaycan milli ailə dəyərləri, ağsaqqallıq-ağbirçəklik mövzusuyla bağlı görüşlərinin keçirilməsi, hazırlanmış materialların elektron kitablar formasında e-nəşrə hazırlanması, internetdə yerləşdirilməsi və istifadə üçün açıq yayımlanması;

– Milli ağsaqqallıq-ağbirçəklik institutu, etnikmənəvi dəyərlər ilə bağlı internet və sosial mediada ayrıca elektron resursların yaradılması, feysbuk səhifəsinin təşkil edilməsi, hazırlanacaq materialları orada yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Azərbaycan ağsaqqallıq-ağbirçəklik düşüncəyaşam tərzlərinin öyrənilməsinə, populyarlaşmasına, internetdə yayılmasına, inkişafına təkan verəcək virtual aksiyaların həyata keçirilməsi;

– Orta və ali təhsil ocaqlarında milli ailə dəyərlər sisteminin bir akademik kurs kimi tədris olunması;

– Azərbaycan ailə sisteminin tərkib hissəsi kimi ağsaqqallıq-ağbirçəklik dəyərlərinin qorunması və inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı, planetar etik dəyərə çevrilməsi üçün innovativ-kreativ formada aksiyaların həyata keçirilməsi, onların inkişaf tarixinin araşdırılmasına yönəli tədbirlərin təşkil edilməsi;

– Bu fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV və TV-də, ailə mərkəzlərində, ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində və s. Azərbaycan milli dəyərlərinin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələrinin aparılması, diskussiyaların təşkili, görüş və tanıtım məclislərinin keçirilməsi;

– Ailə dəyərlərinin möhkəmləndirilməsiylə bağlı yazılı və elektron KİV-də media-aksiyaların təşkil edilməsi;

– Real və virtual formada kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə günümüzün tələblərinə uyğun ailə dəyərlərimizin zənginləşdirilməsi;

– Yeni innovativ üsullarla və elektron nəşrlərlə çalışmaq vərdişlərinin, bu istiqamətdə bacarıqların formalaşdırılması, elektron kitabxana resurslarının daha da zənginləşdirilməsi;

– Mövcud şəraitdə milli ideya – azərbaycançılıq məfkurəsinin əsas atributlarından biri olan milli ailə dəyərlərinin saflığının qorunması...

Düşünürük ki, bu sadalanan məsələlərə diqqət artırılsa, əldə edilən nəticələr respublika ictimaiyyəti arasında bu problemə diqqəti də artıracaqdır. Belə hesab edirik ki, ağsaqqallıq-ağbirçəklik institutunun mənəvi dəyər seqmentlərinin izahı ilə cəmiyyətdə onun vacibliyi diqqətə çatdırılacaq, cəmiyyət ağsaqqallıq institutu haqqında aydın təsəvvürə malik olacaqdır. Ağsaqqallıq institutunun problemləri və onun yaşadılması yolları da ictimaiyyətə təqdim ediləcəkdir. Cəmiyyət öz ağsaqqallarını tanıyacaq, onların faydalı fəaliyyətindən xəbərdar olacaq, onların yerini və rolunu öyrənəcəkdir. Xüsusilə gənc nəsil milli ailə institutu haqqında geniş məlumat ala biləcək, ağsaqqal şəxsiyyətləri tanımaq imkanı qazanacaqdır. Milli ailə dəyərlər sistemi haqqında əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq-ağbirçəklik institutunun qorunması və yaşadılması istiqamətində atılmış önəmli addımlardan biri olacaqdır.

Vahid Ömərov f.ü.f.d.dos.

Səs.- 2020.- 31 iyul.- S.15.