İnformasiya texnologiyaları və Azərbaycan ədəbi dili (2-ci yazı)
1 Avqust – Beyəlxalq Ana dili günüdür
Sirr deyil ki, müstəqillik dövründə Azərbaycanın dünyaya və əksinə, dünyanın Azərbaycana açıq məkan olması ilə əlaqədar bir sıra mənəvi dəyərlərimizin deformasiyaya uğramaq təhlükəsi yaranmışdır. Ən böyük mənəvi dəyərimiz, əslindi milli varlığımızın inikası olan Azərbaycan dilinin də bu nöqteyi-nəzərdən təhlükə ilə qarşılaşdığını demək olar. Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorubnaması, dilimizin inkişafı sahəsinə xüsusi önəm verməsinə, ölkə başçısının bu mühüm sahəni özünün nəzarətinə almasına rəğmən dilin ən çox təbliğ olunduğu televiziya və radio məkanında, reklam bazarında, film və serialların istehsalında, mahnıların ifasında, təəssüf ki, dilimizin saflığının qorunması kimi müqəddəs məsuliyyət hissi hələ də lazımi səviyyədə formalaşmamışdır.
Bu sıradan informasiya texnologiyalarının inkiıafı, internet şəbəkələrinin geniş yayılması da, dilimizin saflığı baxımından ciddi problemlərlə müşahidə olunmaqdadır. Belə ki, yaradılan saytlarda, onlayn qəzet və televiziyalarda, onlayn söz oyunlarında,sosial şəbəkələrin yazılı dilində saysız-hesabsız qüsurlar mövcuddur ki, qarşısı alınmadığı təqdirdə bu qüsurların gənc nəsildə Ana dilinin formalaşmasına ciddi mənfi təsir göstərməklə, dilimizin saflığına kəskin zərər vurmuş olurlar.
Hazırlanan Azərbaycan dilli oyunlarda belə ciddi qrammatik və orfoqrafik pozuntularla rastlaşırıq ki, bu da gənc nəslin Ana dilində nitqinin formalaşmasına ciddi mənfi təsirləri ilə müşahidə olunur. Hazırlanan oyunlarda bəzən dilimizdə olmayan və ya qrammatik baxımdan səhv yönləndirilən sözlərin kütləvi şəkildə işlədilməsi, nəinki gənclərdə, hətta dilimizi yaxşı bilən orta və böyük yaşlı insanlarda da çaşqınlıqlara səbəb olur ki, bu da nəticədə dilimizin inkişafına mane olmaqla yanaşı, həm də onun saflığına xələl gətirir. Odur ki, bu sahəyə diqqətin artırılmasında cəmiyyətin rolunu gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azadlıq Hərakatçıları” İctimai Birliyinin “İformasiya Texnologiyalarından istifadədə Azərbaycan dilinin saflığının qorunması: araşdırma, təhlil və təkliflərin hazırlanması” layihəsini reallaşdırması, düşünürük ki, əhəmiyyətli addımlardan ola bilər.
Layihənin həyata keçirilməsində başlıca məqsəd Azərbaycan Respublikası Prezidentinin dilimizin saflığı ilə bağlı Fərman və Sərəncamlarından, Dövlət Proqramından, eləcə də ayrı-ayrı kütləvi tədbirlərdə cəmiyyətə çatdırdığı mesajlardan irəli gələn vəzifələrin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılmasından, ziyalıların və gənclərin diqqətini bu mühüm problemə səfərbər etməkdən və hər bir vətəndaşın dilimizin saflığının qorunmasında iştrakının vacibliyinə yönləndirilməsindən, konkret indiki halda internet şəbəkələrindəki dil qüsurlarına qarşı birgə mübarizəyə səfərbər edilməsindən ibarətdir. Təşkilatımız bu məqsədlə əvvəlki layihələrdə olduğu kimi, yenə də Ana dilinə münasibətdə indiki vəziyyətin aradan qaldırılmasında iştrak etməyi özünün ümdə vəzifəsi hesab edir.
Daxili inkişaf və dəyişmələrlə səciyyələnən dilin bir forması kimi, ədəbi dil də bəhrələndiyi mənbələr əsasında dəyişir və zənginləşir. Ədəbi dil normalarının formalaşmasında müxtəlif dövrlərdə fərqli üslublar aparıcı mövqeyə malik olması ilə diqqəti cəlb edir. Tarixən Azərbaycan ədəbi dilinin zənginləşməsində bədii üslubun rolu daha çox idisə, XX əsrdə, eləcə də bu gün bu yük daha çox publisistik üslubun boynuna düşür. Prosesin bu istiqamətdə getməsi bizi kütləvi informasiya vasitələrinin,o cümlədən internet mediasının dilinə daha diqqətli yanaşmağa, dil normalarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə vadar edir.
Dil sistem təşkil etdiyindən nəinki bir səviyyənin daxilindəki dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvarı şəkildə bir-birinə təsir edir, bir hadisə diğərini şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı diqqətdə saxlamaq, dilin daxili qanunlarını və eləcə də onun inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq lazımdır.Dilin bütün səviyyələrində müvafiq olaraq müəyyənləşmiş norma özünü göstərdiyi kimi, normanın pozulması hallarına da təsadüf olunur. İnkişafı şərtləndirən variantlılığı, daha doğrusu, nitq istisnalarını nəzərə almasaq, norma pozuntusu dilin daxili təbiətinə zidd hadisə olmaqla yolverilməz hal kimi qiymətləndirilməlidir. Fonetik səviyyədə normada orfoqrafik, orfoepik və orfofonik istiqamət, eləcə də vurğu məsələləri nəzərə alınmalıdır. Düzgün tələffüzlə bağlı sözün normativ fonem sisteminin müəyyənləşdirilməsi (orfoepiya) və fonem allofonlarının tələffüz qaydaları (orfofoniya) fərqləndirilməlidir. Orfofonik xüsusiyyətlərlə bağlı diqqət çəkən məsələlərdən biri də interferensiya ilə bağlı norma pozuntusudur.
Son nəticədə, sözsüz ki, dil sisteminin inkişaf istiqamətlərinə uyğun gələn variantlar seçilməsi və norma kimi sabitləşməsi üçün şərait yaradılmalıdır. Daxili inkişaf və dəyişmələrlə səciyyələnən dilin bir forması kimi, ədəbi dil də bəhrələndiyi mənbələr əsasında dəyişir və zənginləşir. Ədəbi dil normalarının formalaşmasında müxtəlif dövrlərdə fərqli üslublar aparıcı mövqeyə malik olması ilə diqqəti cəlb edir. Tarixən Azərbaycan ədəbi dilinin zənginləşməsində bədii üslubun rolu daha çox idisə, XX əsrdə, eləcə də bu gün bu yük daha çox publisistik üslubun boynuna düşür. Prosesin bu istiqamətdə getməsi bizi kütləvi informasiya vasitələrinin müasir dünyamızda ayrılmaz qolu olan internet mediasının, sosial şəbəkələrin dilinə daha diqqətli yanaşmağa, dil normalarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə vadar edir. Araşdırmaların aparıldığı indiki mərhələdə ekspertlərin müəyyələşdirdiyi dil qüsurları ilə bağlı son nəitcələrlə, ümumiləşdirilmiş şəkildə oxucularımızı tanış edəcəyik.
Eyni zamanda bir vətəndaş olaraq araşdırma mərhələsində könüllü iştrak etmək istəyən, gündəlik izlədiyi portallarda qarşılaşdığı qüsurları ictimailəşdirmək istəyən hər bir ölkə vətəndaşına şərait yaratmağa hazır olduğumuzu da bildiririk. Əslində ictimaiyyətin ünsiyyət vasitəsi olan bu əvəzsiz nemətin qorunmasında və gələcək nəsillərə daha saf və daha inkişaf etmiş bir ünsiyyət vasitəsinin – dilin ötürülməsində hər zaman aparıcı qüvvə xalq, cəmiyyət, onun ziyalı təbəqəsi olmuşdur ki, bu gün də belə ziyalıların layihənin işində könüllü iştrak etməsi təqdirəlayiq hal kimi qiymətlədirilir. Araşdırmaların yekunu haqda ictimaiyyət hökmən məlumatladırılacaq.
Təhmasib Novruzov,
“Azadlıq Hərakatçıları”İctimai
Birliyinin sədri.
Səs.- 2020.- 31 iyul.- S. 10.