Müdrikliyin
işığında
Aydın Quliyev – 60
İnsan əməlinin fəlsəfəsi onun bəsirətinin məntiqindədir… Bir zamanlar mən, Azərbaycan hərb tarixi və sənəti ilə maraqlananda, dünya hərb tarixinə də diqqət yetirməli oldum. O vaxt qədim romanın qüdrətli sərkərdələrindən birinin maraqlı bir fikrinə rast gəldim; o, qeyd edirdi ki, “insanın fəlsəfəsi, onun sözündə yox, əməlindədir…” bu fikrə haqq qazandıraraq, mən də düşündüm ki, “əməlin fəlsəfəsi isə bəsirətin (idrakın) məntiqindədir…” Əks təqdirdə şüuru (idrakı) dərk təsirdən yaranan təəssüratı emosiyalar yığınına çevrilərdi… Emosiyalar yığınında qərq olan insan, varlığının idarəsini itirər, bir növ bu təsirlərin məsti-xumarına çevrilər. Onda da o, dünyanı anlamaqda aciz qalar. Dünyanı dərk etmədikdə özünü dərk etməz, özünü dərk etmədikdə isə aləmləri və bütün varlıqların yaradıcısını belə dərk etməz… İnsanın bu halının bədii-fəlsəfi obrazını Böyük Füzuli “Oylə sərməstəm ki, idrak etməzəm dünya nədir…” qəzəlində daha aydın və qüdrətləcanlandırmışdır…Ulu tanrı sevdiklərini hər cürə sərməstlikdən uzaq etsin!..
Varlığı
səmimiyyət gülüstanına çulğanmış
Aydın müəllim!
Məni, neçə illər öncə Sizin ecaskar qəzetinizlə əməkdaşlığa, yorulmaq bilməyən, cəfakeş, zəhmət ətirli yazıları ilə oxucuların rəğbətini qazanmış, əməkadaşınız, incə qəlbli qızımız – İradə xanım Sarıyeva cəlb etmişdir… Düzünü deyim ki, siftələr bu fikrə tərəddüdlə yanaşmışdım. Çünki mən son illərdə tədqiqat xarakterli yazılara üstünlük verdiyimdən bir növ jurnalistlik nizamından qismən də olsa uzaqlaşıb, publisitliyə üstünlük vermişdim. Yəni əsasən müstəqil, sərbəst yazılar yazırdım. Ona görə də yazılarımın Sizin daha dəqiqlik, konkretlik tələb edən qəzetinizin mahiyyətinə uyğun gəlməməsindən ehtiyatlanırdım. Lakin İradə xanım məni bu tərəddüddən xilas edə bildi… Elə o vaxtdan da qəzetinizin səhifələrində mənim də imzam görünməyə başladı. Açığını deyim ki, belə nüfuzlu qəzetdə çıxış etmək mənim üçün çox xoş idi. Bu səbəbdən də bir neçə dəfə fikrimdən keçdi ki, gəlim təmannasız qayğınıza görə Sizə öz təşəkkürümü bildirim. Lakin içimdən adlayan başqa bir duyğu isə sanki buna mane olurdu… Bu təbiyyətimə xas olan çəkingənlikdənmi, utancaqlıqdanmı, həyalılıqdanmı idimi, deməyə çətinlik çəkirəm… Müəyyən müddətdən sonra Sizi televizorda gördüm. Dünyada gedən, baş verən proseslərə dair sualları cavablandırırdınız. Cəmiyyətimizin bir çox üzvü kimi bu məsələlər məni də daim maraqlandırdığından diqqətlə qulaq asmağa başladım. Bu sahə, yeni şərhçilər, təhlilçilər tərəfindən təqdim olunanda isə məni daha çox cəlb edirdi. Elə ona görə də çıxışlarınızı diqqətlə izləməyə başladım… Müntəzəm icmalçıların çıxışlarından, demək olar ki, tamam fərqli bir mənzərə ilə qarşılaşdım:
Sizin cavablarınız, dünya və yerli təhlilçilərin bir-birindən icmallayıb təqdim etdikləri yeknəsək məlumatlara əsaslanmırdı, yəni tam olaraq şəxsi düşüncə və fikirlərinizi ifadə edirdi. Eyni zamanda fikir və ifadələriniz əzbərlənmiş mətnlərin avtomatlaşmış təqdimatı da deyildi… O mənada ki, fikir, söz, ifadə və cümlələrin təqdimatında heç bir rabitəsizlik, qırıqlıq, duruxma, kəkələmə, ınqıldama (bu ifadələrə görə üzr istəyirəm), fikrin ifadəsində sözaxtarma və s. bu kimi xoş təəssüratdan uzaq məziyyətlər Sizin nitqinizdən tamamən uzaq idi… Siz bütün təqdim olunan məsələlərə tam sərbəst və sərrast olaraq öz şəxsi nəzər-nöqtənizdən yanaşırdınız. Bu məni daha çox riqqətə gətirirdi və Sizin çıxışlarınızı ardıcıl olaraq izləməyə vadar edirdi… Təbii ki, peşman da olmurdum. Əksinə məftunluğum, heyranlığım daha da artırdı. Qəbul etdim ki, bu cür dəyişməz ardıcıllıq, təkcə natiqlik məharətindən irəli gələ bilməz. Bunun üçün İlahi vergi, bol söz ehtiyatı və bu ehtiyatdan yerində, səmərəli istifadə etmək üçün güclü intellekt – zəka, ağıl, dərrakə sahibi olmaq gərəkdir ki, o da Tanrının qüdrəti ilə Sizə əta edilib…
Etiraf edim ki, heç vaxt təsəvvür edə bilməzdim ki, siyasi icmallardan belə estetik zövq alıb, heyran ola bilərəm. (Heyranlıq, məftunluğun şiddəti – ifratıdır; aşiqlik isə heyranlığın şiddəti – ifaratıdır; aşiqliyin şiddəti – ifratı isə … tərkidünyalıqdır ki, bizi istəməyənlərə də arzulamazdım! Digər tərəfdən heyranlıq… bənövşə və reyhan çiçəyinin cövhərlərinin qatışığından hazırlanan bir ətirə bənzən ki, qoxusu gözlərə işıq, qəlbə fərəh gətirər. Bu da şüurla nəfsin vəhdətinin əsasında dayanan mənəviyyatda öz təzahürünü tapar.) Mənim nəzərimdə siyasətşünaslar – politoloqlar, bir növ “münəccim” olmalıdırlar. Bu da özünü əsasən iki formada təqdim edə bilər. Birincisi; elmi-nəzəri bilikləri mövcud praktiki hadisələrlə uzlaşdırıb nəticəyə gəlmək və bu nəticəni gələcəkdə baş verə biləcək hadisələrin əsası – zəmini kimi müəyyənləşdirmək…
Bunun üçün isə təkcə siyasi-humanitar təhsil almaq kifayət etmir, yəni gərəkdir, fizika-riyaziyyat, həndəsə, astranomiya, hətda metafizika elmlərinə mükəmməl bələd olasan ki, gələcək proqnozların ölçülərini bütün parametrlərdə düzgün və dəqiq hesablayıb müəyyənləşdirə biləsən (orta əsr alim-astroloqları kimi)… İkincisi isə təbiidir.
Yəni bəsirətdəki İlahi işığın – verginin köməyi ilə gələcəkdə baş verəcək hadisələrin nəticələrini öncəliklə müəyyən etmək… (Tarixdə bu qabiliyyətə malik insanlar o cümlədən də sərkərdələr, dövlət başçıları olmuşdur.) Mən də azacıq hissiyatı olan bir insan kimi ikinciyə məxsus bu qabiliyyətin Sizdəki işartılarını görürəm… Hətda biləndə ki, millətin ali məclisinə nümayəndə olaraq namizədliyinizi verməmisiniz, çox mütəəssir oldum… Doğrudur səbəbini bilmədim. Ancaq Sizi əmin edirəm ki, Dövlət Başçımızın son dövrdə apardığı parlaq islahatlar (mən bu islahatları vaxtı ilə çökməkdə olan Çin dövlətinin həyata keçirdiyi “Mədəni İnqilab” islahatları ilə müqayisə edərdim ki, bu gün Çini bütün parametrlərdə dünyanın ən qabaqcıl ölkəsinə çevirib) cəmiyyəti narahat edən bəzi məsələlərin də öhdəsindən gələcəkdir… Daha namizədlərin adları maraqlı şəxslərin şəhadət barmağının altından yox, xalqın qələminin ucundan çıxan iks işarəsinin altından keçəcəkdir… Gələcəkdə şansınızı boşa verməyin! Bu Sizin bir milli övlad olaraq millətimiz qarşısında vətəndaş borcunuzdur…
Ola bilsin, bəziləri düşünsün, mən kiməm və nə həddimdir ki, siyasətşünaslar, politoloqlar haqqında fikirlərimi belə açıq-saçıq şəkildə ifadə edirəm. Belələrinə bildirmək istərdim ki, mən də öz dövrümdə Ali-Siyasi təhsilə malik bir insan olmuşam və sıradan biri deyiləm… Digər tərəfdən, nəzərə alsaq ki, hər hansı obyektiv tənqidin məzmun-mahiyyətində mütləq bir marifləndirmə durur (təəssüf ki, indi tənqid anlayışı öz yerini təhqir məhfumuna verib), onda bunu anlamaq çətin deyildir…
Xülasə özümdə cəsarət toplayıb, bütün bu təəssüratlarımı Sizinlə bölüşüb, Sizə şəxsi təşəkkürümü bildirmək üçün hüzurunuza gəldim. Məni qeyri-adi bir səmimiyyətlə qarşıladınız. Bu münasibətdən necə təsirləndimsə özümü təqdim etməyi belə unudub, birbaşa məqsədimi anlatdım. Üzünüzün ifadəsi tamam dəyişdi.
Varlığınızda bir utancaqlıq, sıxıntı hiss etdim (bu bütün təvazökar insanlara xas olan bir xüsusiyyətdir). Bir anlığa peşmanlıq keçirib, pərt oldum… Geri dönüb getmək istəyirdim ki, birdən yadıma İradə xanımla qısa bir söhbətim düşdü. O vaxt ardıcıl yazılarımı çap etdirən İradə xanıma bildirmişdim ki, birdən bu ardıcıllıq baş
redaktorun ürəyincə olmaz sənə, mənə görə söz gələr. Onda mən buna görə özümü bağışlamaram. O, isə xoş bir təbəssümlə mənə cavab vermişdir ki, “Siz nə danışırsınız, Baş redaktorumuz həddindən artıq alicənab bir insandır, hətta o, sizing yazılarla tanış olandan sonra dedi ki, bu müəllifin yazılarına əl dəymədən çap edin. Mövzusundan asılı olmayaraq belə…” Bu yadasalmadan sonra tez özümü təqdim etdim. Xatırlayırsınızsa əhvalınız tamam dəyişdi. Gözlərinizdə elə bir işıq parladı ki, simanızı və bütün varlığınızı nura qərq etdi. Sanki təəccüb qarışıq bir heyrət bürüdü Sizi…
Haşiyə. Heyrət – yazının əvvəlində qeyd etdiyim kimi təəccübün şiddəti–ifratının fövqündə dayanan bir hissi anlayışdır. Bu digər əlamət və hadisələrin şiddətinə, ifratına bənzəməz. Yəni bütün sahələrin anlayışların şiddəti–ifratı eybəcərliklər, şitliklər, qəddarlıqlar, ümumən xöşagəlməzliklər yaratdığı halda, təəccübün şiddəti–ifratı heyrətə çevrilir ki, bu da öz növbəsində insanın bəsirətini elə işıqlandırır, elə nurlandırır ki, şöləsi bir başa qəlbə axır və ona hakim kəsilir. Eyni zamanda ürəyin uc hissəsində toplanmış kin-küdurətin əsasını təşkil edən qara qan laxtasını bəyazlığa qərq edir. Həzrəti Peyğəmbərimizin dayəsinin oğlunun hekayətinə görə, hələ 5-6 yaşları olanda quzu otararkən göz qamaşdıran işıqlı, qövsü-qüzehli məğluqlar gəlib Məhəmmədin yaxasını açıb, ürəyini çıxardaraq yarıb, oradakı qara qan laxtasını təmizləyib, yerini ağ qarla (Hüma nuru ilə: B.H.) tər-təmiz silib yenidən yerinə qoymuşlar. Bu da öz növbəsində insanın idrakı kamilliyi ilə yanaşı, onun mənəviyyat dünyasının mərhəmət və məharətinin əsas mahiyyətinə çevirir…
Ecaskar Aydın müəllim, əlbətdə ki, bu fikirlər mənim tərəfimdən söylənilən gəlişigözəl sözlər yox (məni tanıyanlar və Siz də bilirsiniz ki, mən belə insan deyiləm, komplement deməyi də heç vaxt sevmirəm), Sizin genetik bəsirətinizin real işığının ayna təcəssümünün təzahürüdür ki, mən sadəcə yazıya aldım…O ki, qaldı Sizin redaktorluq məharətinizə; düşünürəm ki, özümlə bağlı bir epizodu xatırlamağım kifayət edər. Təsviri sənət haqqında gələcək kitabların birində çap ediləcək iri, geniş əhatəli bir yazı yazmışdım. Operatordan xahiş etdim ki, yazının xəbər tipli bölməsini qəzetinizə göndərsin… Yazını qəzetinizdə oxuyanda təəccübləndim. Böyük mətndə olan bütün sahələr – tənqid, təhlil, təsvir və s. aidiyyatı epizodlar, xəbər-informasiya mətni ilə elə uzlaşdırılıb, yığcam şəkildə təqdim edilmişdir ki, heyran qalmamaq mümkün deyildi. İradə xanıma zəng edib bu məlumatları hardan götürdüyünü soruşdum. O, isə “yazıdan” – dedi. Məlum oldu ki, operator çaşıb bütün mətni göndərib. Mən İradə xanıma yazının bu cür gözəl təqdim etdiyinə görə təşəkkür edəndə o, bildirdi ki, “mənə yox Aydın müəllimə təşəkkür et, yazını o özü işləyib”. Mən uzun illər redaktorluq səriştəsi olan bir mütəxəssis kimi etiraf edirəm ki, həmin yazını bu məharətdə işləyə bilməzdim…
Əziz qardaşım, böyük mütəfəkkirimiz Şeyx Nizami insanın kamillik dövrünün 40 yaşına, müdriklik çağının isə 60 yaşına təsadüf etdiyini bildirir…
Müdrikliyin əsas mahiyyətini isə bəsirətin işığı təşkil edir. Siz bu gün məhs bu işığın nuruna qərq olmusunuz…
Tanrı Sizi Qorusun!
Müdriklik işığınıza – 60 yaşınıza mübarəklə:
Binnət
Hümbətoğlu
Səs.-
2020.- 16 iyul.- S. 12.