Əbədiyyətə qovuşan unudulmaz

müəllim, görkəmli alim

 

Bütün fəaliyyəti boyu alim adının şərəfini uca tutmuş, onu hörmətlə, şərəflə daşımış, xalqına, millətinə, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etmiş böyük Azərbaycan alimi, xalqımızın böyük ziyalısı, ustad müəllimi, mahir pedaqoqu, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim, ləyaqətli vətən övladı, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı Yanında Beynəlxalq İnformasiyalaşdırıma Akademiyasının həqiqi üzvü (akademiki), “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikası Prezidentinin “Fərdi təqaüdçü”sü, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov haqqında yazmaq çox məsuliyyətlidir.

Onun haqqında Azərbaycanın və keçmiş SSRİ-nin görkəmli elm və ictimai xadimləri öz fikirlərini bildirmiş və alimin elmi-ictimai fəaliyyətinə yüksək qiymət vermişdir. Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçısı və nəzəriyyəçisi, respublikamızda ali təhsilli kitabxanaşünas-biblioqraf-kitabşünas-informasioloq kadrlar hazırlayan fakültənin yaradıcısı, milli elmşünaslıq və təhsil tarixinin canlı korifeylərindən biri olan Abuzər Xələfovun mənalı və yaradıcı həyatı gənc tədqiqatçılar və müəllimlər üçün bir örnək olacağını düşünərək bir tələbəsi kimi onun haqqında yazmağı vəfa borcu hesab etdim.

Görkəmli Azərbayan kitabxanaşünas alimi Abuzər Xələfov bütün şüurlu həyatı və fəaliyyətini bilavasitə Vətən elminin, təhsilinin, mədəniyyətinin hərtərəfli inkişafına, kompleks tərəqqisinə həsr etmiş, fundamental əsaslara malik olan elmi məktəb formalaşdırmış, xalqımıza, millətimizə və dövlətçiliyimizə böyük alim-pedaqoq vətəndaş kimi sədaqətlə xidmət etmiş, xalqımızın çoxəsrlik tarixi-mədəni ənənələrinin elmi-nəzəri əsaslarının araşdırılmasına, öyrənilməsi və üumiləşdirilməsinə həsr etmişdir.

Professor Abuzər Alı oğlu Xələfov əzəli-əbədi Azərbaycanın ən qaim-qədim guşələrindən biri olan möhtərəm Göyçə mahalının xalqımızın fikir xəzinəsinə, söz-sənət dünyasına, elm, təhsil və mədəniyyət elitasına bəxş etdiyi ən dəyərli simalardan biridir. Bu mahalın təbii özünəməxsusluğu, vüqarı, əzəməti onun qoynunda dünyaya göz açan, boya-başa çatan insanların da mahiyyətinə hopmuş, daxili dünyalarını saflaşdırmış, paklaşdırmış, müqəddəsləşdirmişdir. Məhz belə bir mükəmməl mahiyyətə, təbii məzmuna malik bir mühitdə dünyaya göz açan professor A.A.Xələfov da yuxarıda sadaladığımız bütün müsbət məziyyətləri özündə kompleks ehtiva edən dəyərli bir şəxsiyyət, Göyçə elinin Azərbaycan xalqının ziyalı kontingentinə bəxş etdiyi ən qiymətli nümayəndələrdən biri, əzəmətli və qüdrətli alimi kimi olduqca böyük diqqətə, hörmətə və ehtirama layiq olan bir qələm sahibidir.

Mənim üçün Abuzər müəllim ilk növbədə dəyərli ziyalı, müdrik müəllimdir. Abuzər müəllimin dərs auditoriyasında oturmuş, onun mühazirələrinə ən azından qulaq asmış heç bir tələbənin onun simasında müəllimlik peşəsinin müqəddəsliyinin, əzəmətinin, fundamental özünəməxsusluğunun mahiyyətini dərk edə bilməmə haqqı yoxdur. Mən hesab edirəm ki, Abuzər müəllim öz müdrik müəllimlik keyfiyyətləri ilə öz tələbələrinə bu müqəddəs peşənin mahiyyətini aşılamağı bacarmaq xoşbəxtliyinə sahib olan şəxsiyyətdir. Bu xoşbəxtlik hər müəllimə nəsib olmur. Mən bütün müəllimlərə Abuzər müəllimin simasında müdrik müəllimlik keyfiyyətlərinə sahib olmağı arzulayuram.

Abuzər müəllim bir müəllim olaraq şəxsən mənə bilik, bacarıq və vərdişlərlə yanaşı, həm dəşəxsiyyət bütövlüyünün kompleks çalarlarını özündə ehtiva edən digər ümdə müddəalar öyrədən, auditoriya mədəniyyəti, müəllim-tələbə münasibətlərinin optimal mexanizminin prinsiplərini aşılayan, nitq mədəniyyətimə və publisistik dəsti-xəttimə ciddi təsir göstərən şəxsiyyətdir.

Abuzər müəllim öz tələbələrinin xatirəsində xüsusi dəsti-xəttə malik bir təlimçi, eyni zamanda, orijinal mövqe ortaya qoya bilmiş bir pedaqoq, ziyalı fenomeni kimi özünə iz qoymağı bacaran bir şəxsiyyətdir. Bu mənada Abuzər müəllim çox xoşbəxt insandır. O, öz müəllimlik keyfiyyətləri ilə Azərbaycan müəlliminin ümumiləşmiş obrazı kimi qiymətləndirilməyə tamamilə layiqdir. Necə ki, özü vaxtilə yazdığı və hər zaman təkrarlayaraq üzərində qətiyyətlə durduğu bu fikrində öz fədakar müəllim yanaşması ilə qiymətləndirdiyi tələbələrinin qəlbində ən böyük müəllim obrazı kimi qalıb. O, belə yazırdı: “Şüurlu həyatım və fəaliyyətim boyu qazandığım ən böyük sərvətim mənim tələbələrimdir. Tələbə - müəllim münasibəti təhsil sisteminin həmişə aparıcı həlqələrindən biri olmuşdur. Mən bütün şüurlu həyatım boyu bu münasibəti böyük pedaqoqların dediyinə uyğun olaraq ən yüksək, ən ülvi, ən təmiz, ən pak münasibət kimi qoruyub saxlamağa çalışmışam. Tələbələrim mənim iftixarımdır. Mən onlarla öyünür, özümü böyük və zəngin mənəvi sərvətin sahibi hesab edirəm. Tələbələrin mənə olan səmimi hörməti həmişə qəlbimi fərəhləndirir, məni cavan saxlayır. Azərbaycan mədəniyyətinin təbliğatçıları, görkəmli, xeyirxah ziyalılar kimi onlar cəmiyyətimizdə özünə yüksək mövqe tutmuş şəxsiyyətlərdir”.

Öz elmi məktəbinin, əsasını qoyduğu kitabxanaçılıq-biblioqrafiya-informasiya ali peşə ixtisas təhsilinin yetirmələri olan görkəmli elm, təhsil, mədəniyyət və ictimai xadimlərin adlarını həmişə minnətdarlıqla çəkən Abuzər Xələfov onları müasir gəncliyə nümunə göstərir.

Professor Abuzər Xələfovun mənalı ömür yolu zəhmətlə, alın tərilə əldə edilən şərəfli həyatın, mənalı illərin, məhsuldar çağların məcmusudur. Bu ömür yolunda zəhmət, istedad, intellekt, qələm əzəməti və qüdrəti, şair səmimiyyəti, alim hikməti, ziyalı müdrikliyi naxışlarla dolu bir xalı toxuyub. Bu xalının hər bir naxışı Azərbaycan xalqının mənəvi sərvətidir.

Abuzər müəllimin 89 illik həyat və fəaliyyəti millətimizin milli elmi-mədəni və ictimai nailiyyəti kimi qiymətləndirilməli və dəyərləndirilməlidir. Bu ömrə hər insan, hər alim, hər ziyalı, hər qələm sahibi bu qədər uğurları, nailiyyətləri, eyni zamanda xalq, millət üçün, Vətən və torpaq üçün bu qədər fədakarlıqları sığdıra bilmir. Lakin hörmətli Abuzər müəllim bu səadətə yetmək xoşbəxtliyinə nail olmuş şəxsiyyətlərdən idi.

 

Azad Qurbanov

 

Səs.- 2020.- 3 iyun.- S.12.