15 İYUN - MİLLİ QÜRUR TARİXİMİZ

 

Sirr deyil ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu mənada, Ulu Öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.

Belə ki, hələ sağlığında Ümummilli Lider zirvəsinə ucalmış Ulşu Öndər Heydər Əliyev böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Bu gün Onun 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki rəhbər vəzifədə olduğu az bir müddətdə respublikada köklü dəyişikliklər baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda insanların öləziyən ümidlərini ruh yüksəkliyi ilə əvəz edib bir məqsəd uğrunda birləşdirmək, gərgin təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərinə yönəltmək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi. İnsanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir.

 

15 iyun - Azərbaycanın, bütöv bir xalqı

məhv olmaq təhlükəsindən xilas tarixi

 

Yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi - ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxilixarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən "xəritələrini" hazırlamışdılar. Qarabağ cəbhəsində isə torpaqlarımız ard-arda erməni işğalçılarına peş-kəş edilirdi. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsi fonunda fəlakətlər, tüğyanlar burulğanında məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderə ehtiyacı varıydı və O, HEYDƏR ƏLİYEV idi!

Bəli, bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, əqidəsinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yaradayaza bilərdi. Məhz Onun ikinci dəfə hakimiyyətə gəlişi xalqı və dövləti bəlalardan qurtarmaqla yanaşı, yeni, müasir dövlətçilik təməlinin əsaslarını, yüksəlişini qoydu. Bu mənada, onu da vurğulamaq istərdim ki, Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Heydər Əliyev milli dövləti idarə etməyin beynəlxalq siyasi sistemlə ideal bağlılığını tapa bilən müstəsna siyasət ustalarındandır. Onun Azərbaycan dövlətçiliyi praktikasındakı bu nailiyyəti, formalaşdırdığı siyasi idarəetmə sistemində bu qaynaq məqamının tapılması - onun siyasi kursunun uğurla davam etdirilməsinin ən başlıca reallıqlarındandır.

Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün Liderini - İLHAM ƏLİYEVİ yetişdirməsi olmuşdur.

Azərbaycanı Qafqazın ən qüdrətli dövlətinə çevirmiş, ölkəsinin bütün sahələrdə qalibiyyət potensialını üzə çıxarmış Prezident İlham Əliyevlə Azərbaycan xalqı özünə ən etibarlı siyasi gələcək, mütərəqqi inkişaf yolunu seçdiyini təsdiqləyir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. bu gün Ulu Öndər Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində ölkəmizdə təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasiictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Prezident İlham Əliyev çıxışlarında da bu məqamı vurğulayarkən deyib: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasisosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir".

Beləliklə, biz bir daha əminliklə deyə bilərik ki, əldə edlən inkişaf və tərəqqi müstəqil Azərbaycan uğrunda və Heydər Əliyevin ölməz ruhu qarşısında fədakarlıqla çalışmağın nəticəsidir. Bizlər bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.

 

KAMİL MİRZƏYEV,

YAP Biləsuvar rayon təşkilatının sədri

 

Səs.- 2020.- 10 iyun.- S.11.