Heydər Əliyev – Hüquqi
dövlət quruculuğunun banisi!
Azərbaycanın
çağdaş tarixini Ümummilli Lider Heydər Əliyevin
fəaliyyətindən kənar təsəvvür etməyin
mümkünsüzlüyü ictimai fikirdə birmənalı
şəkildə qəbul edilən real həqiqətdir. Bu həqiqət
nəinki Azərbaycanın müasir mövcudluğunda, həm
də ona aparan yollarda qarşıya çıxan
saysız-hesabsız maneələrin aradan
qaldırılmasında Heydər Əliyev dühasının
nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə,
müdriklik və dərin zəkada təzahür edir. Bu
baxımdan, hər kəs yaxşı bilir və dərk edir
ki, Heydər Əliyevə məxsus dahilik keyfiyyətləri
olmasaydı, həmin maneələr aradan qalxmaz, həyatımızın
indiki gerçəkliyi olmazdı...
1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümummilli Lider "Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim" deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdi. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edən Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas oldu. Qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına son qoyuldu, cəbhədə atəşkəs elan edildi və vətəndaş müharibəsinin qarşısı alındı. Bir neçə dövlət çevrilişi cəhdi və terror aktları dəf edildi və nəticə etibarilə ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Məhz Heydər Əliyev Ermənistan və Azərbaycan arasında uzun müddətdən bəri davam edən qanlı müharibəni dayandırmağa, atəşkəs elan etməyə, münasibətləri sülh danışıqları müstəvisinə keçirməyə nail oldu.
O cümlədən, Qarabağ probleminin təkcə ölkədaxili məsələ olmadığını, bir dövlətin - Ermənistanın digər dövlətə - Azərbaycana ərazi iddiasından doğan bu silahlı münaqişənin geopolitik, dünyanın müxtəlif aparıcı dövlətlərinin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz Ulu Öndər Heydər Əliyev ilk dəfə dünyaya bəyan etdi, neçə ildən bəri məruz qaldığımız informasiya blokadasını dağıtdı, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.
Daha bir mühüm məqam budur ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti miqyas etibarilə çox geniş olduğundan, əslində, bu fəaliyyəti istənilən halda tam əhatə etmək qeyri-mümkündür. Bu baxımdan konkret olaraq "Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təminatçısıdır" fikrini əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən bəzi mühüm faktları bir daha sadalamaq və təhlil etmək tam yerinə düşərdi. Həmin dövrlərin təhlilini apararkən belə nəticəyə gələ bilərik ki, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi Ulu Öndərin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Demokratiya və insan hüquqlarına sadiq olduğunu daim bəyan edən dahi Heydər Əliyevin Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi sahəsindəki siyasəti gələcək nəsillərin yaddaşına ədalətin bərpası kimi həkk olunacaqdır. Bu baxımdan, müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Belə ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklə qarşılaşmışdı. 1992-1993-cü illərdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ümummilli Liderin həyata keçirdiyi siyasət sayəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ qazandılar. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
1995-ci il noyabr ayının 12-də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsidir.
Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik sayəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.
Daha bir tarixi məqam: 1998-ci il fevralın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu fundamental sənədlərin fəlsəfəsi ondan ibarətdir ki, hər bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun.
Habelə, ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi oldu. Belə bir hüquqi təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratdı. Eləcə də, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Söz yox ki, bunlar bir tərəfdən, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyat qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə edir.
Ümummilli liderin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qələbələrlə zəngin bəhrələr verir. Belə ki, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorumağa, möhkəmləndirməyə və ölkəmizin dünya birliyinə inteqrasiyası üçün əlverişli beynəlxalq şəraiti təmin etməyə yönəlmiş çoxşaxəli, fəal xarici siyasətinin nəticəsidir ki, indi Azərbaycan dövləti bölgədə və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkədaxili demokratik proseslər və iqtisadi dəyişikliklər də əlavə olunmaqla, uğurlu xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.
Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyonu keçən və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir müstəqil Azərbaycanın memarı, Böyük Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Məhz bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.
1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi. Həmin illərdə hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ulu Öndərimiz vicdan və azadlıqların təmin edilməsini, tolerantlıq mühitinin yaradılmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı. Əbəs deyil ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən Azərbaycanın dünyəvi və demokratik dövlət imicinin formalaşmasında Ümummilli Liderin xidmətləri əvəzsizdir.
Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə qəti əmin olan Azərbaycan xalqı bütün prezident seçkilərində də məhz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərdi. Cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi odur ki, o, Heydər Əliyevin əsasını qoyduğu tərəqqini, əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, inkişaf dinamikasını qat-qat artırdı. Böyük çətinliklə qazanılan ictimai sabitlik toxunulmaz qaldı, sosial-iqtisadi yüksəliş, mütərəqqi siyasi dəyişikliklər, hüquqi və demokratik yönümlü islahatlar uğurla davam etdirildi, demokratik prinsiplər və insan hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha inamı, dövlətə və rəhbərə etimadı daha da artdı. Ölkədə hüquqi münasibətlərin sağlamlaşdırılması istiqamətində atılan konkret addımlar öz bəhrəsini verdi, milli birlik, vətəndaş həmrəyliyi möhkəmləndi, yüzlərlə insan Prezidentin ali mərhəməti nəticəsində əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq ideologiyası ətrafında mənəvi səfərbərlik təmin olundu.
Bu gün beynəlxalq reallıqları qiymətləndirərkən belə bir amil unudulmamalıdır ki, dövlətlərarası münasibətlər daim dinamikada və planetin ictimai-siyasi həyatının bütün sahələri ilə təmasda olan bir prosesdir. Bu müstəvidə dövlət başçısı özünün xarici siyasətində Heydər Əliyevin Azərbaycanın müstəqilliyi kontekstində işləyib hazırladığı, qlobal əhəmiyyət kəsb edən sülh diplomatiyasına üstünlük verir və düşünülmüş xarici siyasət strategiyasını həyata keçirmək üçün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ali kürsülərindən, habelə dünyanın digər aparıcı dövlətlərinin diplomatik vasitələrindən səmərəli istifadə edir.
Beləliklə, bir daha nəticəyə gələ bilərik ki, müstəqil Azərbaycan dövlətçiliyinin yaradılmasının və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli bir irsdir. Bizlər isə bu irsi qoruyub-saxlamalı, inkişaf etdirməli və gələcək nəsillərimizə çatdırmalıyıq. Bu, bizim hüququmuz və vətəndaşlıq borcumuzdur!
Rəşadət
AĞAYEV,
Şirvan
Apelyasiya Məhkəməsinin sədri
Səs.- 2020.- 12 iyun.- S.8-9.