Alınmaz qala necə alındı?
Düz iyrmi səkkiz ildir ki, bu haqda danışılır, deyilir, yazılır. Amma çox mətləblər kimi bunun vazehinə hələ də yetə bilməmişik. Nədən? Doğrudanmı iyirmi səkkiz il ərzində, baş vermiş gözlənilməz və inanılmaz faciənin əsl səbəbini və ya səbəblərini ortaya çıxarmaq bu qədər müşküldür? Gerçəklərin üzə çıxmasına kim və ya kimlər niyə və necə mane ola bilirlər? Söhbət alınmaz qalamız Şuşanın düz iyirmi səkkiz il bundan əvvəl işğal olunmasının səbəblərindən gedir.
Şuşa gerçəkdənmi düşmənin hərbi üstünlüyü nəticəsində təslim edildi, yoxsa?.. Baxın, əsas məsələ də həmin “yoxsa”nın axtarışında, həqiqətin üzünə dik baxılmasındadır ki, bu illər ərzində bundan bəziləri bilərəkdən, bəziləri əmin olmadığından qaçmaqdadırlar. Fəqət hər zaman bütün digər müəmmalarla bağlı olduğu kimi, Şuşanın süqutu ilə bağlı da həmişə bildiklərimi demişəm, bu gün də bütün indiyə kimi dediklərimi qısa icmal şəklində bir daha oxucularımın diqqətinə çatdırmağı özümə borc bilirəm. O zaman xalq hərakatında olan öncüllərin əksəriyyəti təstiq edər ki, 1990-cı il 20 Yanvar qırğınındam sonra Azərbaycandan həbs edilərək Moskvanın məşhur Lefortovo həbsxanasına altı nəfər aparılmışdı. Digərlərindən fərqli olaraq onlardan biri - Rəhim Qazıyev azadlığa buraxıldıqdan sonra tamamilə qeyri-adi davranışları ilə diqqət çəkirdi. Bunu hərakatın yuxarı təbəqəsində olan o zamankı hərakatçıların çoxu hiss edirdi. Bu haqda dəfələrlə ayrı-ayrı hərakatçılarla xırda söhbətlərimiz də olmuşdu.
Haşiyə çıxaraq qeyd edim ki, konkret olaraq Zaqfqaziyadan bu həbsxanaya düşmüş Levon Ter-Petrosyan və Qamsaxurdiya sonradan müvafiq olaraq Ermənistanın və Gürcüstanın Prezidentləri olmuş, Moskvanın diktəsinə uyğun şəkildə idarəçilik etmişlər. Qətiyyən şübhə etmirəm ki, Azərbaycandan həbs edilmiş altı nəfər arasında məhz Rəhim Qazıyev Kremlin istəklərini yerinə yetirməyə dair razılığa gəlmiş eks-məhkum olmuşdur. Bunu həbsdən sonrakı bütün fəaliyyəti konkret ortaya qoyur.
Məsələn, o zaman Daqğlıq Qarabağ probleminin ermənilərin istəklərinə uyğun həllinə ən kəskin şəkildə mane ola biləcək adamların – Ağdamda Eldar və Allahverdi Bağırovların, Yaqub Rzayevin, Şirin Mirzəyevin, Asif Məhərrəmovun(Fred Asifin), Şuşada Mikayıl Gözəlovun, Ramiz Qəmbərovun, Laçında Arif Paşayevin müxtəlif üsullarla zərərsizləşdirilməsi gərək idi ki, bu “zərərsizləşdirmə əməliyyatları”nın da hamısında Rəhim Qazıyevin dolayısı ilə deyil, birbaşa iştrakı hər kəsə məlumdur. Məhz Şuşanı süquta hazırlamaq üçün Mikayıl Gözəlovla Ramiz Qəmbərovun müəmmalı ölümləri, Arif Paşayevin isə düşməmnin Şuşaya hücuma hazırlaşdığı ərəfədə -1992-ci il aprelin 28-də alay komandirliyindən azad edilməsi danılmaz həqiqətdir ki, bunların hamısında birbaşa Rəhim Qazıyevin iştrakını həmin dövrdə ön cəbhədə olan hər kəs bilir.
Ağdamdan ola biləcək həmlələri zəiflətmək üçün isə sadəcə Eldar Bağırovun aradan götürülməsi ssenarisini yerinə yetirmədi, həm də rayondakı döyüşkən qüvvələr arasında nifaq salaraq Ağdamın könüllü döyüşçü qüvvələrini parçalamağa nail oldu. Mayın 2-də, ermənilərlə azərbaycanlı əsirləri dəyişdirən zaman erməni tərəfdən nümayəndə, rəhmətlik Allahverdi Bağırovun keçmiş futbolçu tanışı Vitalik adlı erməni mayın 8-də Şuşanı alıb, 9-da orda qələbə paradı keçirəcəklərini demişdi. Həmin məlumatı elə mayın 2-də həm Prezident Aparatına, həm Milli Təhlükəsizlik Nazirliyinə ötürdük. Rəhim Qazıyevə isə şəxsən zəng vurub telefonla dedim. Əsəbi şəkildə ”Sən allah boş-boş şeylərlə başımızı qatmayın, qoyun işimizi görək” deyib telefonu qapatdı. Şuşaya hücumun reallaşdığı məlum olduqdan sonra mayın 10-a kimi müdafiə naziri Rəhim Qazıyevi kimsə tapa bilmədi.
Sonradan məlum oldu ki, dostu “Pa...şa” ilə – Rusiyanın Müdafiə Naziri Pavel Qraçovla görüşmək üçün Alma-Ataya gedibmiş(?). Beləcə, tamamilə müdafiəsizləşdirilən şəhər yerli könüllü döyüşçülərin və öz qeyrətinə sığınaraq şəhəri təhvil vermək istəməyən digər könüllülərin fədakarlıqlarına baxmayaraq, düşmən əlinə keçdi. Əlbəttə, Şuşanın işğalı ilə bağlı digər müəmmalı nüanslar da var ki, onlara aydınlıq gətirilməsi üçün fundamental araşdırmaların aparılmasına, dəlillərin üzə çıxarılmasına ehtiyac var. Həmin digər müəmmalar da Şuşanın düşmən əlinə keçməsinə şərait yaradan amillərdir.
Lakin o dövrdə Müdafiə Naziri olan bir adamın təhlükəli düşmən əməliyyatı barədə xəbəri ola-ola ölkəni tərk etməsi (Nəzərə alaq ki, ölkənin Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov da əvvəlcədən planlaşdırılmış qrafikə uyğun olaraq həmin günlər İranda səfərdə idi!), nazirliyin faktiki donmuş vəziyyətə gətirilməsi, hesab edirəm ki, bu işğalın ən başlıca səbəbi idi və bunun xəyanətdən başqa adı yoxdur. Bu yerdə bir məqam da xüsusi diqqət çəkir. AXC dövründə idarə Heyətinin üzvləri olmuş Rəhim Qazıyevlə Leyla Yunus bir-biri ilə kəskin və barışmaz rəqabətdə idilər.
Rəhim Qazıyevlə söhbətlərimizdə dəfələrlə Leylanın ermənilərlə qohumluğu məsələsindən danışmışıq və hər dəfə də məhz Rəhim Qazıyev Leyladan ehtiyatlı olmağı tövsiyə edərdi. Ancaq Rəhim Qazıyev Müdafiə Nazziri təyin edildikdən az sonra LeylaYunusu Nazirliyin Mətbuat Xidmətinə rəhbər təyin etdi. Bu, kimin sifarişi idi, deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, sonrakı dönəmlərdə həm əsir götürülmüş, həm də müxtəlif danışıqlar zamanı görüşdüyümüz ermənilər dəfələrlə demişdilər ki, sizin nazirlikdə hazırlanan bütün planlar iki saat sonra Stepanakertdə (Xankənddə)bizim əlimizdə olur. Bu faktı da Rəhim Qazıyevə şəxsən demişdim və heç bir nəticəsi olmamışdı. Bu qədər xəyanətlər burulğanında isə Şuşanın qorunması mümkün ola bilməzdi və olmadı!..
Təhmasib Novruzov
Səs.- 2020.- 7 may.- S.14.