Ulu öndər Heydər
Əliyev-ən böyük azərbaycanlı
İllər
keçdikcə, zaman Ulu Öndəri bioloji olaraq bizdən
uzaqlaşdırdıqca, Onun böyüklüyünü,
dahiliyini, əbədiliyini daha dəqiqliklə
anlayırıq. Əgər bu gün xalqımızın
Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli
siyasi xadim Heydər Əliyev barədə fikirlərimizi
bölüşürüksə,
ilk növbədə Onun böyük Azərbaycanlı
olduğunu vurğulamalıyıq.
Belə ki, Ulu Öndərimizin bizlərə miras qoyduğu Azərbaycançılıq, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyası xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsində öz tarixi və əhəmiyyətli rolunu oynayıb. Məhz Ulu Öndərin uzaqgörənliyi, xalqına və dövlətinə verdiyi sonsuz dəyəri nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi formalaşdırılmağa başlandı və qüdrətli, güclü dövlətin təməli qoyuldu ki, bu reallıq özünü ən yüksək səviyyədə tərənnüm etdirməkdədir. Əlbəttə ki, bu danılmaz reallıq eyni zamanda ölkəmizin çoxşaxəli inkişafında, sabitliyə doğru irəliləməsində, dünya birliyində layiqli yer tutmasında və bu birlikdə yer almasında öz əvəzsiz, müsbət təsirlərini göstərdi. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində - ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı əminliklə öz Liderinə etimad etdi və bu etimad təbii ki, hər bir azərbaycanlının gələcəyə inamlı baxışında öz təşəkkülünü tapmış oldu.
Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi ideyasındakı təməl prinsiplərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qurduğu siyasi konsepsiyası olub ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məfkurənin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu bütün çıxışlarında vurğulayır.
Biz bilirik ki, hər bir xalqın özünəməxsus milli-ideoloji baxışı var və Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı bilavasitə dövlətçilik, Azərbaycançılıq siyasəti ilə sintezləşdirərək, möhkəm təməlləri qoymuş oldu. Artıq bu təməl dövlətimizin ideoloji prinsipidir və bu prinsip ölkəmizin daha da qüdrətli, güclü olması maraqlarına dayanır. Tarix də bu gerçəkliyi sübut etməkdədir. Əbəs deyil ki, müxtəlif siyasi-ictimai hadisələr baş verərkən, Heydər Əliyevin bir çağırışı ilə onminlərlə insan Onun səsinə-səs verir, Liderinin ətrafında birləşirdi. Bax, bu gerçəklik möhkəm əsaslara söykənən dövlətçilik, Azərbaycançılıq ruhunun, ideologiyasının bariz təcəssümü olaraq şanlı tariximizə fəxarət hissi ilə yazılıb.
Heydər Əliyev fundamental
inkişaf strategiyasını təmin etdi
Bəllidir ki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin
tərkibində yalnız xammal mənbəyi kimi
çıxış edir, bütün sahə və istiqamətlər
üzrə ən geridə qalmış ölkələrin
başında gəlirdi. Respublikamızın inkişafı
üçün əhəmiyyətli resurs və potensial
mövcud olsa da, onlardan səmərəli surətdə istifadə
edilməməsi tənəzzül meyllərinin əsasında
dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olması ölkəmizin Sovet
dövrü tarixində dönüş nöqtəsi oldu.
Ulu Öndər Heydər Əliyev fundamental strateji tədbirlər
görməklə, davamlı və nizamlı inkişafı təmin
etməyi bacardı. Sürətli sənayeləşmə
kursu seçildi və qısa zaman kəsiyində sənaye
sahəsinin inkişafında mühüm irəliləyişlər
qeydə alındı. Ardıcıl surətdə sənaye
müəssisələri tikilib istifadəyə verildi, kənd
təsərrüfatı və s. sahələrdə yüksəlişlər
meydana gəldi ki, bu da davamlı inkişaf
konsepsiyasının həyata keçirilməsini təmin edən
əsaslardan biri oldu. Ulu Öndər Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində
də tənəzzül meyilləri aradan qaldırıldı
və bəhs edilən sahədə ehtiyatlardan səmərəli
istifadə etməklə davamlı inkişafın əsası
qoyuldu. Nəticə etibarilə, neft
hasilatı xeyli artırıldı.
Qeyd olunanlarla yanaşı, təhsil sahəsində də
ardıcıl və davamlı islahatlar həyata keçirildi
ki, bu da kadr potensialının formalaşdırılması və
təkmilləşdirilməsi işinə təməlli
töhfələr bəxş etmiş oldu. Məhz Heydər Əliyevin
xüsusi diqqət və qayğısının fonunda kadr
potensialının formalaşdırılması və təkmilləşdirilməsi
istiqamətində azərbaycanlı gənclər SSRİ
miqyasında fəaliyyət göstərən ali
təhsil müəssisələrinə göndərildilər.
Habelə, azərbaycanlı gənclərin SSRİ
miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi
milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi,
milli diaspor quruculuğunun formalaşdırılması
işinə mühüm strateji töhfələr bəxş
etdi. Ümummilli Liderimiz həmin anları bu cür
xatırlayıb: “O vaxtlar azərbaycanlıları
ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif
yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim.
İndi isə sərhədlər
açılıb, azərbaycanlılar hər yerdə
yaşaya bilər. Bir şərtlə ki,
gərək, millətini, dinini, torpağını və ana vətənini
unutmayasan".
Bax bu reallıq Azərbaycançılıq
məfkurəsinin
təməlinin qoyulması və
möhkəmləndirilməsi idi!
Azərbaycan
SSRİ miqyasında xüsusi çəkiyə malik olan və
liderə çevrilən respublika adını qazandı
Lakin bu da son olmadı. Heydər Əliyevin qətiyyəti
sayəsində milli-mənəvi dəyərlərin
qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli
tədbirlər görüldü. Mədəniyyətimiz,
incəsənətimiz inkişaf etdi, dünya Azərbaycanı
daha yaxından tanımağa başladı. 1978-ci ildə isə, Heydər Əliyevin cəhdləri
və təşəbbüsü sayəsində Azərbaycan
SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in
rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği
baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca "Müasir Azərbaycan dili" və
"Azərbaycan dili" dərslikləri hazırlandı.
Nəticədə Ulu Öndər Heydər
Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik
etdiyi dövrdə görülən strateji tədbirləri
fonunda respublikamız sürətlə inkişaf edərək
SSRİ miqyasında xüsusi çəkiyə malik olan və
liderə çevrilən respublika adını qazandı.
Naxçıvandan davam edən qətiyyət
yolu
Tarix sübut edir ki, 1990-cı ildə Azərbaycan
mürəkkəb situasiya mövcud idi. SSRİ-nin
dayaqlarının sarsıldığı bir dövrdə
İttifaq miqyasında baş alan hərc-mərclik
ölkələrin daxili həyatına da sirayət etmiş və
idarəetmə potensialı və qabiliyyəti
aşağı olan ölkələrdə çox mürəkkəb
siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində
olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin
muxtar qurum üzərində oynamağa çalışdığı
oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə
mürəkkəbləşdirmişdi. Olaylar
isə, 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin
Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək
olan tarixi mərhələdə daha da kəskinləşdi.
Belə bir çətin zamanda Ali Məclisin sədri
seçilən Heydər Əliyev həyata keçirdiyi
islahatlar, gördüyü tədbirlər və işlər
sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin
təmin olunmasına nail oldu. Faktlar da bu
reallığı kifayət qədər əks etdirməkdədir.
17 noyabr
1990-cı il tarixində Naxçıvan
Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq
üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2
bəndlik qərar qəbul edildi. Bununla
yanaşı, Naxçıvan MSSR adından "Sovet" və
"Sosialist" sözləri çıxarıldı.
SSRİ-nin mövcud olduğu bir dövrdə
belə bir qərarın qəbul və icra edilməsi olduqca
yüksək siyasi səriştə və cəsarət tələb
edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş
etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist
Partiyasının fəaliyyəti dayandırıldı və
Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Həmin vaxtlar Azərbaycanda hakimiyyətdə olan səriştəsiz
qüvvələr korporativ maraqlar əsasında
çıxış edərək sabitliyə və
inkişafa mane olmaq yönündə xüsusi fəallıq
göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi
təsir edən destruktiv faktor qismində
çıxış edirdi. Hətta iş o həddə
çatmışdı ki, xarici güc mərkəzlərinin
"marionetka"ları qismində çıxış edən
hakimiyyətdəki "piyada"lar
Naxçıvanda bir neçə dəfə dövlət
çevrilişinə cəhd etdilər. Bunlardan
ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci
ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi
çevriliş cəhdi oldu. Lakin Ulu
Öndər Heydər Əliyevin siyasi məharəti və
xalqın Onun ətrafında sıx birləşməsi sayəsində
mənfur çevriliş cəhdlərinin qarşısı
alındı.
Bunun ardınca, Ulu Öndər Heydər Əliyev milli
ideoloji məsələləri önə çəkərək
bir sıra təxirəsalınmaz tədbirlər gördü
və tarixi qərarlar qəbul etdi. İlk növbədə
"1990-cı il yanvar ayının 20-də törədilmiş
Bakı hadisələrinə siyasi qiymət verilməsi
haqqında" Qərar qəbul edildi. Qərarda
20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları
əks olunmuşdu. Eyni zamanda, 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
günü elan edilməsi barədə də tarixi qərar qəbul
edildi.
Digər tərəfdən, blokada şəraitində
iqtisadiyyatını inkişaf etdirən Naxçıvanın
sabitliyinin davamlılığını təmin etmək
üçün regional miqyasda münbit strateji münasibətlər
sistemi formalaşdırıldı, Türkiyə və
İranla qarşılıqlı əməkdaşlığa
və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar
sıxlaşdırıldı. Nəticədə
siyasi fəaliyyətinin Naxçıvan dövründə
Heydər Əliyev gördüyü işlər,
atdığı rasional, praqmatik addımlarla Muxtar
Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini
təmin etmiş oldu.
Tarixi xilaskarlıq missiyası:
Heydər Əliyev siyasi iradəsi!
Azərbaycanın o dövrkü iqtidarının
müstəqillik ideyalarına etinasız olmasının nəticəsi
idi ki, şəraitdən istifadə edən təcavüzkar
Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi
işğal etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin
terror aktlarına məruz qalmaları, dövlət
strukturları arasında çəkişmələrə
start verilməsi və bunların daha kəskin xarakter
alması Azərbaycanın bir dövlət kimi
varlığını, yenicə əldə etdiyi müstəqilliyini
böyük sual altında qoymuşdu. Həmin
ərəfələrdə ağır vəziyyətdən
çıxışı təmin edə bilməyəcəyini
anlayan Ayaz Mütəllibov iqtidarı çıxış
yolunu istefa verməkdə gördü.
Bunun ardınca isə, hakimiyyətə gəlmiş
AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl
mənasında xarici xüsusi xidmət orqanlarının
mübarizə meydanına çevirmişdi. Ölkədə
tam bir anarxiya yaşanır, daxili çəkişmələrin
ardı-arası kəsilmirdi. Hətta əlinə silah alan hər kəs dərhal hakimiyyəti ələ
keçirməyə çalışırdı və eyni
zamanda, separatçılıq amilləri meydana
çıxmışdı. Belə vəziyyət
1993-cü ilə, Ulu Öndər Heydər Əliyevin
xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
gəlməsinədək davam etdi. Ölkəmizdə
hökm sürən xaotik və anarxist meyllərin
neytrallaşdırılmasında, mürəkkəb
siyasi-hüquqi kataklizmlərin qarşısının
alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində
Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli
amil kimi xüsusi rol oynadı. O, qısa müddətdə
ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün
qarşısını aldı, müstəqilliyin əsaslarını
möhkəmləndirmək istiqamətində addımlar atdı.
Xalq öz xilaskarının ətrafında cəmləşdi
və ölənin inkişaf tarixinin yeni dövrünə qədəm
qoyuldu.
Yeni Azərbaycan Partiyası – tarixi zərurətin
təntənəsi!
Ulu Öndər Heydər Əliyevin xalqımız və
dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən
biri ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyasının yaradılmasıdır. Belə ki, hakim dairələrin
törətdikləri süni maneələrə baxmayaraq,
ölkə ziyalılarının təkidli
çağırışları və xalqın etimadı
sayəsində 1992-ci il noyabrın 21-də
Naxçıvanda keçirilən təsis konfransında Yeni
Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər
Heydər Əliyev partiyanın Sədri seçildi. O
zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan
Partiyasının yaranmasına göstərdikləri maneələr,
ardıcıl təzyiqlər bu yola qədəm qoyan
insanları özlərinin ali məqsədlərindən
döndərə bilmədi. Heydər
Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi
misilsiz etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına,
ölkənin bütün regionlarında özəklərini
yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə
şərait yaratdı. Fakt budur ki, YAP siyasi təşkilat
olaraq, yarandığı müddətdən cəmi 6 ay sonra
siyasi hakimiyyətə gəldi və bu, bilavasitə xalqın
dəstəyinin, Ulu Öndər Heydər Əliyevə olan məhəbbətinin,
inam və etibarının bariz göstəricisi idi.
Partiyanın uğurlarının
davamlılığını şərtləndirən daha
bir mühüm amil partiyada Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə
siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan
gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi
bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən YAP-ın I
Qurultayında o zaman ARDNŞ-in birinci vitse-prezidenti və Milli
Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev
partiyanın rəhbər strukturuna seçildi. Əgər
nəzərə alsaq ki, cənab İlham Əliyev həmin
dövrdə həm də Avropa Şurası Parlament
Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin
nümayəndə heyətinin rəhbəri idi, onda qeyd edə
bilərik ki, bu, partiyanın yeni mərhələdə
qazanacağı uğurların başlanğıc nöqtəsi
də sayıla bilərdi. Ulu Öndər Heydər
Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan
Partiyasının gələcək fəaliyyətinin daha
geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini
uğurla həyata keçirdi. Artıq bu
gün bu gün həm ölkə daxilində, həm də
beynəlxalq siyasi arenada böyük nüfuza, əlaqələrə
malik olan YAP ən güclü təşkilatı qismində
öz sözünü deməkdədir.
Neft strategiyası - bugünkü
iqtisadi uğurlarımızın təməli
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən inkişaf və tərəqqi
strategiyasının mühüm istiqamətlərindən
birini də müstəqil enerji siyasəti təşkil edir. Ümummilli
liderin gərgin əməyi və qətiyyəti sayəsində
neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara
yenidən başlandı və nəhayət, çətin
danışıqlar prosesindən sonra Azərbaycanın
maraqlarına tamamilə cavab verən müqavilə şərtləri
hazırlandı. 1994-cü il sentyabrın 20-də
Bakıda "Gülüstan" sarayında dünyanın 8
ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin
müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
möhkəm təməli qoyuldu.
Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən
biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini
vacib hesab edirdi. Bu məqsədlə müəyyənləşdirilən
ən uğurlu marşrut Bakı, Tbilisi və Ceyhanı birləşdirən
boru kəmərinin çəkilməsi idi. Həmin dövrdə müxtəlif xarici qüvvələrin
təxribatlarına və təzyiqlərinə baxmayaraq, Heydər
Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində
Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair
sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan
dövlətlərinin birliyi, Amerika Birləşmiş
Ştatlarının dəstəyi nəticəsində, ən
əsası isə, Ulu Öndərin qəti əzmkarlığı
sayəsində bəzilərinin əfsanə hesab etdiyi layihə
reallığa çevrildi.
O da sirr
deyil ki, bu gün Azərbaycanın bənzəri görülməyən
sürətlə inkişafı, dünyada nüfuz sahibi
olması, müxtəlif məsələlərə
münasibətdə öz mövqeyini ortaya qoyması,
heç bir dövlətdən və qurumdan asılı
olmayan həqiqi müstəqilliyə malik olması məhz Ulu
Öndər Heydər Əliyevin
düşünlümüş enerji siyasətinin uğurla
davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Mətbuatımızın hamisi
Mətbuatımızın inkişafında Ulu Öndər
Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu
baxımdan, əbəs yerə deyil ki, sözügedən amil
Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək
qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın
iş prinsipini və tarixini şərh edərkən bu tarixi
kəlamlarını vurğulayıb: “Şərəfli tarixə
və zəngin ənənələrə malik milli mətbuatımız
Azərbaycan ictimai fikrinin inkişafında,
xalqımızın milli-mənəvi təkamülündə
mühüm rol oynamışdır. Milli
azadlıq hərəkatının daim ön sıralarında
getmiş Azərbaycan jurnalistikası cəmiyyət
qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi
və həlli işinə əhəmiyyətli töhfələr
vermişdir”.
Onu da qeyd etmək yerinə düşərdi ki, sovet
hakimiyyəti illərində dövlətin ideoloji tələbləri
söz azadlığına, mətbuatın demokratik prinsiplərlə
inkişafına imkan vermirdi. Hələ o zamanlar bu
maneələri aşa bilən yeganə güc Heydər
Əliyev idi. Dahi rəhbər mətbuatımızın
inkişafına səbəb ola bilən və
biləcək bütün baryerləri aradan qaldırdı, həyatımızın
digər sahələri ilə yanaşı, mətbuatımız
da hərtərəfli inkişaf yoluna qədəm qoydu, vətəndaşların
maarifləndirilməsində ideoloji vasitəyə
çevrildi. Məsələn, hələ sovet
hakimiyyəti vaxtlarında rüşvətxorluq və
korrupsiya ilə mübarizədə, vəzifəli şəxslərin
ifşa edilməsində Heydər Əliyev mətbuatın
üzərinə müəyyən tapşırıqlar
qoyaraq, bununla ictimai nəzarəti gücləndirməyə
müvəffəq olmuşdu. Təsəvvürünüzə
gətirin, SSRİ-nin ən həssas vaxtlarında, Azərbaycanda
fəaliyyət göstərən dövlət mətbuatlarında
senzuraların tətbiq edildiyi zamanda belə, demokratik
işartılar görünməyə
başlamışdı. Bu fakt heç bir
başqa ittifaq respublikalarında yox idi.
Ulu
Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə
qayıdışından sonra kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən zəngin qanunvericilik
bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının,
iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin
fəaliyyəti üçün əlverişli şəraitin
təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər
həyata keçirildi, mətbuat-dövlət münasibətlərində
mütərəqqi ənənələrin əsası
qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura
ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu Öndər
Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının
dostu olaraq seçilmişdi. Bu, Onun mediaya,
jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi.
1993-cü ildən ötən dövr ərzində
ölkəmizdə kütləvi informasiya vasitələrinin
fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman
və sərəncamın qəbul olunması milli mətbuatın
inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il
dekabrın 7-də “Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın
hüquqi bazasının zənginləşdirilməsi
işinə əhəmiyyətli töhfə oldu.
Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
həyata keçirilən tədbirlər sonrakı dövrdə
də davam etdirildi, “Məlumat azadlığı haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında”, “Ətraf mühitə dair
informasiya almaq haqqında” Azərbaycan Respublikasının
qanunları qəbul olundu. Hazırda Azərbaycanda
yüzlərlə mətbuat orqanı, informasiya agentliyi,
teleradio şirkəti, sürətlə inkişaf edən
internet resursları cəmiyyətimizin informasiyaya olan
ehtiyacının ödənilməsində əhəmiyyətli
rol oynayırlar. Ulu Öndərimiz bununla bağlı
növbəti tarixi fikirlərini irəli
sürmüşdü: “Hər bir kütləvi informasiya vasitəsi
milli dövlət quruculuğu prosesində, vətəndaş
cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin
bərqərar edilməsində, ölkənin
inkişafını təmin edən islahatların həyata
keçirilməsində səmərəli surətdə
iştirak etməli, həyatın güzgüsü kimi həqiqət
carçısı olmalıdır. İnsanları
yüksək ideallar, humanist vətəndaş və demokratik
cəmiyyət uğrunda mübarizəyə səsləməli
və səfərbər etməlidir”. Bütün bunlar
dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən
siyasətinin məntiqi nəticəsi idi ki, bu olmasaydı,
milli mətbuatımız hazırkı tərəqqisinə
nail ola bilməzdi. Təbii
ki, Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə
Prezidenti cənab İlham Əliyev kütləvi informasiya
vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat
azadlığının təmin olunması, tam sərbəst
şəraitdə yüzlərlə qəzet və
jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata
keçirilməsinə yaradılmış şəraitin, mətbuata
dövlət qayğısının bariz nümunəsidir.
Bir
xüsusi haşiyə olaraq onu da vurğulamaq yerinə
düşərdi ki, “SƏS” qəzeti Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə
gəlməsi tələblərini ictimailəşdirilməsi,
dünyaya çatdırılması, Onun ideyalarının cəmiyyətə
təqdim etməsi istiqamətində böyük, hətta deyərdim
ki, əvəzolunmaz işlər görüb. Həmin
dövrlərdə ziyalıların Ümummilli Liderə
müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı
məhz “SƏS” qəzetində dərc olunurdu. Bu xidmətin nəticəsidir ki, Heydər Əliyev
Öz çıxışlarında hər zaman
vurğulayardı ki, “SƏS” qəzeti Onun üçün
çox əziz qəzetdir. O, qəzetin xidmətlərini
xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet
daim inkişaf edəcək, modernləşəcək. O
cümlədən, “SƏS” qəzeti həm də o qəzetlərdəndir
ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb.
O dövrlərdə dəfələrlə hücumlara, təzyiqlərə
məruz qalıb. Amma qəzet öz yolundan,
öz mövqeyindən dönməyib. “Səs”
qəzeti iqtidara müxalif olub. İndiki
müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə
və xalqa müxalif mövqedə dayanmayıb. Bir növ qəzet o dövrdə müxalif mətbuatın
ənənəsini yaradıb. Sonradan
“SƏS” qəzeti iqtidar yönümlü qəzetlərə
bir mayak, məktəb rolunu oynadı.
O cümlədən,
Prezident İlham Əliyev cənabları “SƏS” qəzetinə
yüksək qiymət verərək, bu mətbu
orqanının yubileyi ilində təbrik ünvanı
ünvanlayıb, fəaliyyətini yüksək dəyərləndirib.
Bu amil bizlər üçün tarixi və
unudulmaz şərəf, qürur hissidir.
İlham Əliyev - Heydər
Əliyevin layiqli
siyasi varisi və xalqının Prezidenti!
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə,
reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə
uğurla davam etdirilir. Məhz bunun qanunauyğun nəticəsidir
ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasında
öncül yerlərdən birini tutur. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin
uğurla tətbiqi və hədəflənən nəticələrin
əldə olunması, sosial-siyasi islahatların mütəmadi
qaydada həyata keçirilməsi, qanunvericilik bazasının
zənginləşdirilməsi, vətəndaş cəmiyyəti,
hüquqi dövlətin inkişafına maksimum əlverişli
şəraitin yaradılması və səmərəli xarici
siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan
dövlətinin gücünü artıran fundamental faktor kimi
çıxış edir.
Eyni
zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs özündə millətin,
dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Vətəndaşların maddi rifah halının
daha da yaxşılaşdırılması, sosial müdafiə
və təminat sisteminin gücləndirilməsi,
sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi
kimi konkret faktlar ümummilli inkişafın təcrübi
gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və
infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq
səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi
kimi zəruri və təxirəsalınmaz tədbirlər də
milli inkişafa təkan verməkdədir.
Beləliklə, Azərbaycan regionun ən güclü və
suveren aktoruna çevrilib. Həyata keçirilən
müstəqil xarici siyasət strategiyası Azərbaycanın
beynəlxalq münasibətlər sisteminin nüfuz və
güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini
təmin etməklə yanaşı, ölkəmizi dünya
siyasətinin əsas konturlarını müəyyənləşdirən
güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından
birinə çevirib. Bu, Ulu Öndər Heydər
Əliyev yolunun məntiqi və bariz davamı, xalqın birmənalı
dəstək verdiyi siyasətin bariz nəticəsidir!
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2020.- 9 may.- S.14-15.