Azərbaycan mədəniyyətində
ümumbəşəri ideyalar və ənənələr
Dünya
xalqlarının mədəniyyətləri əsrlər boyu
qarşılıqlı əlaqə və təsir əsasında
formalaşmış və inkişaf etmişdir. Hər
hansı bir xalqın sırf milli özünəməxsus mədəniyyəti
nisbi xarakter daşıyır. Qeyd edildiyi kimi hər bir mədəniyyətdə
milli və ümumbəşəri dəyərlər vəhdət
təşkil edir. Bu baxımdan Azərbaycan mədəniyyəti
də istisna deyildir.
Azərbaycan mədəniyyətinə Şərqlə yanaşı Qərbin də ideya və dəyərlərinin təsiri olmuş, indi də bu proses davam etməkdədir. Qarşılıqlı təsirsiz mədəniyyətin inkişafından söhbət gedə bilməz. Ümumdünya mədəni əlaqələr şəbəkəsində ayrılan ölkələr durğunluğa və tənəzzülə məhkumdurlar. Hər bir milli mədəniyyət üçün başqa mədəniyyətlə tanışlıq geniş inkişaf imkanları açır. Başqa xalqların mədəni nailiyyətləri – maddi istehsal məhsulları və texnologiyası, ixtira və kəşflər, bədii və estetik dəyərlər fəlsəfi, əxlaqi, hüquqi, siyasi ideyalar – milli mədəniyyət tərəfindən mənimsənilir və onun xüsusi sərvətinə çevrilir
Şübhəsiz ki, ümumdünya ideya və ənənələri dedikdə həm Şərq və Qərbin, həm Şimal və Cənubun, Avropa və Asiyanın mədəni-mənəvi dəyərləri nəzərdə tutulur.
Qədim dövrlərdən ümumtürk mədəniyyətinin tərkib hissəsi kimi təşəkkül tapan, VII əsrdən türk-müsəlman mədəniyyətinə çevrilən, XIX əsrdə əsasən Şərq ideya və ənənələrilə sıx bağlı olan Azərbaycan mədəniyyəti XIX əsrdə parçalandı, Şimali Azərbaycan mədəniyyəti əsasən Qərb mədəniyyətinin təsirilə, Cənubi Azərbaycan isə Şərq mədəniyyəti kimi inkişaf etdi. Rusiya işğalı dövründəki Azərbaycan mədəniyyəti Orta Şərq və Anadolu türk kimliyindən qoparılmasına, Türküstan (MərkəziAsiya-Şərq türkülüyü) və Anadolu (Qərb Türkülüyü), Volqa-Ural (Şimal türkülüyü), Iran və Iraq türkləri arasında etnik, coğrafi və mədəni bütünləşdirici roluna (qızıl körpü) son verilməsinə rəğmən, sosio-mədəni həyatın bütün sahələrində ruslaşdırma siyasətinə məruz qaldığına baxmayaraq, millətləşmə və çağdaşlaşma prosesinə qədəm qoymuşdur.
Ümumdünya mədəni prosesdə Qərb dəyərlərinin nüfuzu artdı və özünün liberal demokratik dəyərlərilə bəşər həyatına güclü sirayət etdi. Fransa inqilabından sonra maarifçilik – mədəni ideyalar, sekulyarizm, humanizm, demokratiya, millətçilik, insan hüquq və azadlıqları ideyaları bütün Avropa və dünyada sürətlə yayıldı.
Feodalizm əvəzinə yaranan yeni burjua, kapitalizm münasibətləri, bütün ölkələri, o cümlədən, Rusiya vasitəsilə Şimali Azərbaycanı da öz ağuşuna aldı. Feodal ənənələri və Slavyan kimliyinə əsaslanan Rusiya müasir, sənayeləşmiş, kapitalist Avropa Rusiyasına çevrildi ki, o da öz növbəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına təsir etdi.Rasional və mənəvi dəyərlərin nisbəti baxımından Azərbaycan Şərq və Qərb dəyərlər sisteminin birgə mənimsənilməsi və ortaq məxrəcə gətirilməsi sayəsində qabaqcıl mövqe tutur. Tarixən bir Şərq ölkəsi olaraq inkişaf edən və son min il ərzində islam mədəni-mənəvi dəyərlərini mənimsəmiş və özününküləşdirmiş olan Şimali Azərbaycan XIX əsrdən başlayaraq Rusiya imperiyasının tərkibində yeni mədəni-mənəvi dəyərlər sistemi ilə sıx əlaqəyə girmək və onları bəzən icbari yolla mənimsəmək məcburiyyətində qalmışdır. Rusiya vasitəsilə qabaqcıl Avropa ictimai-siyasi fikrinin və maarifçilik ideyalarının Azərbaycana keçməsi Şərq və Qərb dəyərlər sisteminin bu ölkədə qovuşması üçün münbit şərait yaratmışdır.
Hələ XVIII əsrdə Qərbdə təşəkkül tapan bu ideya və dəyərlər ümumdünya mədəniyyət tarixində xüsusi bir mərhələ oldu. Dünyəvi və praktiki maraqlara, elmə və təcrübəyə əsaslanan dəyərlər, azadlıq, bərabərlik, qardaşlıq humanizm ideyaları dünya mədəniyyətinin inkişafına təsir edən güclü amil oldu. Yeni keyfiyyətli bu dəyərlər insan azadlığına və hüquq bərabərliyinə nail olmaq kimi çox bö yük və sərfəli vəzifələrin həllini öz qarşısına məqsəd qoymuşdu.
Hələ orta əsrlərdən başlayaraq Avropanın bütün tərəqqipərvər mütəfəkkirlərinin, sonralar baş vermiş demokratik inqilabların əsas məqsədi mütərəqqi ideyaların – təbii insan hüqüqları və azadlıqlarının bütün dünyada bərqərar olmasını təmin etmək idi.
Qərbdə fərdiyyəçilik,
insan ləyaqətinin qiymətləndirilməsi, onun yüksək
humanist əxlaq daşıyıcısı hesab edilməsi,
insanın özünü reallaşdırmaq hüququ,
hüquqi dövlət və vətəndaş cəmiyyəti,
qanunun aliliyi, qanunlar çərçivəsində azad, ədalətli
cəmiyyətin təşəkkülü, insan
maraqlarının təbii hapmoniyası, vətəndaş həmrəyliyi,
tolerantlıq, milli azlıqların dilinin, dininin, adət-ənənələrinin,
mədəniyyətlərinin qorunması mütərəqqi
ideya və dəyərlərdir. XX əsrin sonlarında liberal
dəyərlər keçmiş postsosialist ölkələrinə
də yayıldı. Qərbin, qərbçiliyin qələbəsi
ona görə təsirlidir ki, liberalizmin yaşamağa qəbul
heç bir alternativi qalmamışdır. Bununla da Qərb
liberal-demokratik dəyərlərinin «universal xarakter alması»
başa çatmış oldu. Bölünmüş
dünya bütövləşdi, bir-birinə qovuşdu,
siyasi-iqtisadi, sosial, mədəni-mənəvi vəhdət bərpa
edildi. Tarixdən sonrakı dünyanın
labüdlüyünü qəbul etməklə, mən Avropada
1945-ci ildən sonra özünün Şimali Atlantika və
Asiya qolları ilə yaranmış sivilizasiyadan ötrü
bu bədbin notlar nikbinliklə sona çatır, bu çoxəsrlik
süstlük və üzüntü tarixi yenidən start
götürməyə məcbur edəcəkdir.
Dünyanın ən ənənəvi özünəməxsus
mədəniyyətləri belə Qərbin liberal-demokratik dəyərlərinin
təsirindən yan qaça bilməmişdir. Bu baxımdan əsrlər
boyu türk-müsəlman mədəniyyəti kimi
formalaşan və inkişaf edən Azərbaycan mədəniyyəti
XIX əsrdə Rusiya vasitəsilə qərbləşməyə,
avropalaşmağa, müasirliyə qovuşdu.
Nəticədə
türk, ərəb, Qafqaz, rus Avropa, Iran mədəniyyətinin,
bir sözlə Qərblə Şərqin vəhdətindən,
sintezindən ibarət Azərbaycan türk-müsəlman milli
mədəniyyəti daha da inkişaf etdi, zənginləşdi.
Bu təsirlərin tarixi orta əsrlərə
gedib çıxır. Orta əsrlərdə Azərbaycanda
mədəniyyət sahəsində qarşılıqlı əlaqə
və əməkdaşlığın möhkəmlənməsində
Azərbaycanla Orta və Kiçik Asiya, Iran, Suriya, Misir və
Kiçik Asiya, Zaqafqaziya, Rusiya və Uzaq Şərqlə
aparılan iqtisadi əlaqələr xüsusi rol
oynayırdı. Azərbaycan Avropa və
Yaxın Şərq arasındakı böyük karvan yolunun
üstündə idi.
Məhz iqtisadi əlaqələr mədəni
qarşılıqlı təsirlərə şərait
yaradan bir amil olmuşdur. Azərbaycanın yerləşdiyi əlverişli,
geosiyasi coğrafi mövqe, dünyanın müxtəlif
xalqlarının mənəvi dəyərlərini əxz etməyə,
öz mədəniyyətini zənginləşdirməyə
imkan yaratmışdır. Azərbaycanın
yerləşdiyi Qərb və Şərqin kəsişdiyi
geosiyasi mövqe tarixən Azərbaycan xalqının milli təfəkkürünün
formalaşmasında, onun siyasi, iqtisadi, mədəni həyatında
mühüm əhəmiyyətə malik olmuşdur. Bir Şərq məkanı olmaqla Azərbaycan ictimai
həyatı və mədəniyyəti Qərbin mütərəqqi
ideya və dəyərlərini özündə
yaşatmağa çalışmışdır.
Bu proses
bir tərəfdən Qərbin ideya və dəyərlərinin
mənimsənilməsi və milli mədəniyyətimizin zənginləşməsi,
digər tərəfdən milli-mədəni dəyərlərimizi
Qərbə aşılamaq və təqdim etmək kimi
özünü göstərmişdir. XIX-XX əsrlərdə
müstəqilliyə qədər bir çox elm və mədəniyyət
xadimimiz rus mədəniyyəti və rus dili vasitəsilə
Qərbin ideoloji çərçivəyə
salınmış müəyyən ideyalarını mənimsəməklə
yanaşı, yüksək təfəkkürləri, Qərb
və Şərq dillərinə dərindən yiyələnmələri
və bir fikir adamı olaraq milli şüurun
oyanışı və yüksəlişi üçün
hiss etdikləri tarixi məsuliyyətlə müxtəlif qadağa
və ideoloji buxovlardan azad olaraq, Azərbaycan mədəniyyətini,
ictimai fikrini müasir dünya mədəniyyəti və
düşüncə və səviyyəsi ilə
qovuşdurmağa çalışmışlar. XXI əsrdə qloballaşma, siyasi, iqtisadi, mədəni
inteqrasiya ümumdünya prosesinə çevrilmişdir.
Dünya xalqları təkcə Qərbi ideya, dəyərləri
vəənənələrini deyil, bir-birinin mədəniyyətlərini
tanıyıb mənimsəməklə, qlobal mədəni
inteqrasiyanı və qlobal dialoqu möhkəmləndirmək
olar. Bu mənada
Azərbaycan tədqiqatçısı, fəlsəfə elmləri
doktoru R.Aslanovanın fikirləri maraq doğurur: "Avropada mədəni
müxtəlifliyin və mənəvi irsin qorunması dialoqun
məzmununu təşkil edir. Istər Avropa Birliyinə, Avropa
Şurasına üzv olan ölkələr, istərsə də
bütün dünya xalqları öz mədəniyyəti və
ədəbiyyatlarını bu dialoqda səsləndirməlidir.
Son nəticədə Avropanın mədəniyyətlərarası
dialoq məkanı kimi bərqərar olmalıdır".
Müəllifin təkcə Qərbə, Avropaya
üstünlük verməməsilə razılaşmaq olar. O, haqlı olaraq xalqların
qarşılıqlı təsirini, mədəniyyətlərarası
dialoqu yüksək qiymətləndirir. Lakin son məqamda
inteqrasiyanın ən qədim "modeli" kimi "Avropa
modelinin", "Vahid Avropa" ideyasının həyatiliyi
və yaşarlığından bəhs edir. «Avropa
ruhunun», Avropa-mədəni dəyərlərinin bəzi
daşıyıcılarının avropa sentrizm mövqeyi elə
Avropa tədqiqatçıları tərəfindən də kəskin
tənqid edilir. Qərb tədqiqatçısı Temi
Braq "Avropa Roma yolu" əsərində yazır:
"Avropa ruhu", yaxud "Ruhun Avropası" o yerdədir
ki, orada insanların əziz saydığı dəyərlərə
hörmət edirlər, əxlaqi-etik normalara riayət edirlər,
Avropa ruhu… ən yaxşı təhsil imkanlarının
verildiyi… sülh nümunələrinin yazıldığı
məkanlardandır.
Şübhəsiz ki, burada söhbət
qarşılıqlı əlaqələrə,
qarşılıqlı hörmətə, əmin-amanlığa,
sülhə tolerantlığa və dialoqa əsaslanan mədəni
inteqrasiyadan gedir.
Müasir Azərbaycanın universal inteqrasiya modeli və
milli praktikasında qarşılıqlı təsir,
qarşılıqlı mənimsəmə və
qarşılıqlı zənginləşmə prinsipləri
əsas yer tutur. Azərbaycan iyirmi birinci əsrə Avropa
ailəsi kimi qədəm qoymuşdur. Mədəniyyətimizin
üfüqlərini bu geniş məkana qədər yaymaq, onu
tanıtmaq, qarşılıqlı bəhrələnmək və
zənginləşmək üçün dövlətimiz və
cəmiyyətimiz qarşısında mühüm vəzifələr
durur.
Bu mühüm vəzifələrin yerinə yetirilməsi
üçün yeni tipli əməkdaşlıq
formalarından istifadə edilməli, qlobal mədəni
inteqrasiyaya dünya səviyyəli milli-mədəni dəyərlərlə
daxil olunmalıdır. Mütəxəssislər "qlobal mədəni
məkana güclü mədəni potensiala və mənəvi
enerjiyə malik olan, regionda və dünyada mədəni şəraitin
nizamlanmasına qabil olan bərabərhüquqlu tərəfdaş
kimi daxil olmaq üçün məqsədyönlü
konsepsiyaya əsaslanan mədəni siyasət
hazırlanmasını" tövsiyə edirlər. Bu
cür mədəni siyasət aşağıdakıları nəzərdə
tutur:
· Mədəni
inkişafın və onun prinsiplərinin müxtəlifliyin vəhdəti
üzərində qurulması:
· Bəşəriyyətin
gələcəyini həll edən problemlərin
çözülməsində mədəniyyətlərin
birliyinə əsaslanan yeni dünya düzəninin
formalaşması;
·
Müasir texnoloji inqilabın gətirdiyi təsirlər nəticəsində
mədəni identiklikdə baş verən proseslərin təşkili
və həlli, elektron vasitələrin mədəni ekpansiyaya
deyil, inteqrasiyaya xidmət etməsi.
Qlobal mədəni
inteqrasiyada hər hansı bir dəyərə deyil, mədəniyyətlərin
birliyinə əsaslanan bərabərhüquqlu tərəfdaşlığa
üstünlük verilməlidir:Müasir
dövrdə Şərq və Qərbin
qarşılaşdırılması, onların fikir tərzində
olan özünəməxsusluğun mütləşləşdirilməsi
və yalnız bu və ya digər tərəfə
üstünlük verilməsi heç bir müsbət nəticəyə
gətirə bilməz. Müasir təfəkkür
hətta müxtəlif sivilizasiyaların bir-birindən
köklü surətdə fərqli olan düşüncə
tərzlərini "barışdırmağı"
onların mütərəqqi cəhətlərini birləşdirməyi
nəzərdə tutur.
Bu gün Azərbaycan mədəniyyətinin modernləşməsinə
təsir edən amillər içərisində
ümumdünya ideya və ənənələri əsas yer
tutur.
XX əsrdə siyasi, ictimai, iqtisadi, elmi-texniki sahələrdə
olduğu kimi mədəni sahədə də modernləşmə
prosesi baş vermişdir. Buna bəzən mədəni
modernləşmədə deyilir. Modernləşmə
ilə modern ümumi cəhətlərə malik olsa da lakin
özünəməxsusluqları ilə də fərqlənir.
Belə ki, modernləşmənin yaranmasında
modernin böyük əhəmiyyəti olmuşdur. Lakin onları fərqləndirən cəhətlər
də mühüm mahiyyət daşıyır. Əgər modern tərz mənasını ifadə
edərək müəyyən ənənələrə
istinadı nəzərdə tutursa, modernləşmə əsasən
yeniləşmə, müasirləşmə mənaları ilə
sinonimlik təşkil edir. Modern anlayışı
isə müasirliyi xarakterizə edən, onun ümumi
xüsusiyyətlərinin mövcudluğunu ifadə edən
metodoloji konsepti özündə ehtiva edir. Bizcə, modernləşmə yeniləşmə və
müasirləşmə ilə sinonim deyil, məhz həmin mənaları
ifadə edir. Modernləşmənin
müasir dövrün yeni tələb və normalarına
uyğunlaşması kimi də səciyyələndirirlər.
Lakin modernləşmə heç də təkcə
uyğunluşma deyil, bütün sahələrdə, o
cümlədən mədəniyyətdə baş verən
yeniliklər, təbəddülatlardır. Modernləşmənin müxtəlif növlərini
əks etdirən "modellər"lə yanaşı qərbləşmə,
postmoderiləşmə, neomodernləşmə prosesləri də
baş verir. Modernite – bütün dünyanı
bürüyən ekspansiya sayəsində bütün
dünya ölkələri və cəmiyyətlərinə təsir
edən Qərbin hakim paradiqmasıdır. Bəzən
bunu «qərbləşmə kimi də yozurlar. Modernləşmə Azərbaycanda ailə, dil, din,
incəsənətin daxil olduğu mədəniyyət sahəsinə
təsir edib dəyişikliklərə səbəb olduğu
kimi, milli mədəniyyətimizin modernləşməsinə
ümumdünya ideya və ənənələri də təsir
edir, onu sürətləndirir. Dünya
ölkələrində modernləşmə Qərbin təsəvvüründə
ənənəvi cəmiyyətlərin «modernitu» cəmiyyətlərinə
çevrilməsi deməkdir. Ənənəvi cəmiyyətlərə
Qərbdə mənfi münasibət bəslənir: modernizm
baxımından çoxəsrlik dini – milli normalar
"gerilik" əlaməti sayılır.
Bu yazı Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə "İnsan hüquq və
azadlıqlarının müdafiəsi, vətəndaşların
hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi,
sosial və siyasi fəallığının artırılması"
istiqaməti çərçivəsində hazırlanıb
Səs.- 2020.- 16 may.- S.15.