Bu gün Azərbaycan
radiosunun yaranma günüdür
Azərbaycanda XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio bir əsrə yaxın bir məsafədə informasiya liderliyini qoruyub-saxlaya bilib. Dünya dəyişir, yenilənir, amma xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. 1926-cı ilin 6 noyabr tarixində yaradılan Azərbaycan radiosu xalqın ictimai-fikir tarixində yeni bir gün, əvəzsiz zamandır. Həmin tarix hər zaman xatırlanır, paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan yayımlanan verilişlər Azərbaycan xalqının həyatına böyük yenilik gətirdiyi üçün yazılı tariximizdə - salnamələrdə yer alıb. İstənilən bir yeniliyi, informasiyanı, dünya panoramasını bir neçə dəqiqə ərzində cəmiyyətə ötürərək və onun informasiyaya olan tələbatını ödəyir.
Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.
Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır.
Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay
Quliyev kimi ustad diktorlar yetişirlər. Radioya peşəkar
mütəxəssilərin yol açması Azərbaycan
radiosunun gündəlik verilişlərinin həcminin
artmasına gətirib çıxarır. İlk
verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı
və incəsənətinin görkəmli xadimləri fəal
iştirak edirdilər. Bədii və musiqili verilişlərin
müəllifləri Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı,
Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül,
Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində
yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası
da genişlənir və Bakıda 35 kilovat gücündə
yeni radio stansiyasının işə salınması ilə
Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda,
Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində
eşidilir. 1940-cı ilin sonunda ölkə
ərazisində radio nöqtələrinin sayı 51 minə
çatır. 32 rayonda yerli radio
verilişləri redaksiyaları fəaliyyətə
başlayır.
1931-ci ilini dekabrında H.Cavidin "Şeyx Sənan"
pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin
"Boris Qodunov", C.Məmmədquluzadənin "Ölülər",
C.Cabbarlının "Aydın", "1905-ci ildə",
"Yaşar", "Sevil", V.Şekspirin "Hamlet",
M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin
"Dağılan tifaq" pyesləri dinləyicilərə
təqdim edildi. İlk radio tamaşaları
birbaşa efirə çıxarılırdı.
Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol
gələn Azərbaycan radiosu keşməkeşli günlərin
də, xoş soraqların da tarixini əbədiləşdirib. Bu gün arxiv
materilalları bizə yaşanılan illəri təqdim edir.
Azərbaycan radiosu ilə dinc və təmiz səma
altında yaşayan insanlara Böyük Vətən müharibəsinin
elan olunmasını - gərgin, fövqəladə,
acınacaqlı bir xəbəri ictimaiyyətə
çatdırmaq nə qədər çətin olsa da, bu
gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə
müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə
diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir
otaqdan xəbər verir. Həmin zamandan 5 il
müddətində Azərbaycan radiosunun işçiləri
faşizmlə mübarizədə mikrofonu ən kəsərli
silaha çevirirlər. Müharibə dövrünün tələblərinə
uyğun olaraq, radio buraxılışları çox qısa
müddətdə hazırlanır, verilişlər gecə-gündüz
ara vermədən yazılır və
montaj edilirdi. Həmin dövrdə xəbər
buraxılışlarının sayı artır və radionun
gündəlik verilişlərinin həcmi 5 saata qədər
artır. Ağır müharibə
dövrünün ən çox dinlənilən verilişi
"Azərbaycan - cəbhə üçün"ü hər
kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son
xəbərlər" redaksiyasının üzərinə
düşürdü. Hər gün dinləyiciyə
mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə
ərzində tərcümə edilərək, Azərbaycan
dilində çatdırılırdı. Elə
qələbə sorağını da Azərbaycan dinləyicisi
radio vasitəsi eşidir. Həmin dövrdə SSRİ rəhbərliyi
radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə
qarşı mübarizədə oynadığı
böyük rolu nəzərə alaraq, 1945-ci il
mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio
Günü elan edir. Bu tarixi gün uzun illər
boyu Azərbaycanda da bayram edilir. Amma tarixi ədalət
qələbə çalır. Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan
radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan
Televiziya və Radio işçilərinin peşə bayramı"
elan olundu.
Müharibədən
sonra radio verilişlərinin forma və məzmununda müəyyən
dəyişikliklər baş verdi. 1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət
dairəsini genişləndirdi. 1956-cı
ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd
olundu. Radioda ictimai-siyasi, ədəbiyyat,
musiqi, sənaye, kənd təsərrüfatı, uşaq və
gənclər proqramlarının hazırlanmasına
üstünlük verilirdi. Efirdə hər
gün 12-15 konsert proqramı səsləndirilirdi. 1956-cı ildən televiziyanın fəaliyyətə
başlaması radionu öz işini rəqabət şəraitində
qurmağa məcbur etdi. Şərqdə ilk dəfə
yaradılan və milyonların seyrçisi olduğu Azərbaycan
Televiziyası radiodan düz 30 il sonra -
1956-cı il fevralın 14-də fəaliyyətə
başladı. İlk veriliş günü
ekranda Azərbaycanın tanınmış sənətkarı,
gənc aktrisa Nəcibə Məlikova görünüb.
Radio başlanan zaman "Danışır
Bakı" deyildiyi kimi, Nəcibə xanım da "Göstərir
Bakı!" kəlməsi ilə tamaşaçıları
televiziyanın fəaliyyətə başlaması münasibətilə
təbrik edib.
Televiziya fəaliyyətə başladıqdan sonra da
radio öz dinləyicilərini ətrafında saxlaya bildi. 1964-cü il
oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər
və musiqi proqramı ilk dəfə efirə
çıxdı. "Araz" əvvəlki
dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim
edirdi. Müəyyən müddətdən
sonra isə radionun I proqramı ilə yayımlanan bəzi
verilişlər "Araz" vasitəsilə təkrar olundu.
Azərbaycan radiosunun böyük bir dövrü Ulu
Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib,
cəmiyyətin ən müxtəlif təbəqələrinin
arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin
və təcrübəli jurnalistlərin gəldiyi qənaətə
görə, Dahi Öndər Heydər Əliyev teleradio ilə
təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi,
elm-maarifçilik istiqamətlərinə öz
çıxış və məruzələrində ideyalar
verirdi.
Ötən əsri 70-ci illəri Azərbaycan radiosu
üçün, xüsusilə, əlamətdar olmuşdur. "Sabahınız
xeyir", "Axşam görüşləri",
"Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən",
"Muğam saatı",
"Arzu"
musiqi poçtu, "Yazıçı və zaman",
"Mahnı şəhəri gəzir", "Teatr mikrofon
qarşısında" kimi verilişlər radionun nufuzunu
daha da yüksəldir. Bu verilişlərdə
xalqın ruhu, onun folklor irsi və tarixi mədəniyyəti
kimi dəyərlər öz əksini tapır. Milli maraq və düşüncədən qaynaqlanan
bu verilişlərin hazırlanması Ulu Öndər Heydər
Əliyevin radioya ayırdığı diqqətdən irəli
gəlirdi. Heydər Əliyev radionun
böyük təbliğat mexanizmi olaraq,
aşıladığı dəyərlərin mahiyyətini
müdrikcəsinə anlayırdı. Hər
bir ailənin sevilən verilişi olan "Bulaq" belə
milli verilişlərin ilk qaranquşu oldu. Ulu
Öndərin xeyir-duası ilə fəaliyyətə
başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə
şifahi nitqin ən koloritli, milli, etnoqrafik və xalq
düşüncə tərzi ilə cilalanmış nəfəsini
gətirdi. Respublikanın ən ucqar
nöqtələrinə nüfuz edib, xalq düşüncəsini
müasir dünyamızın tələbləri
baxımından, üzə çıxaran bu proqramın beynəlxalq
poçtu yarandı. Belə ki, radio
dalğaları ilə Şərqə yayımlanan
"Bulaq" xaricdəki soydaşlarımızın arzu və
istəklərini vahid dil, düşüncə və ortaq Vətən
duyğularını ifadə edən məktubları efirdə
səsləndirdi. Ulu Öndərin göstəriş
və məsləhəti əsasında daha sonra "Ozan"
teletoplusu yaradıldı və tezliklə ümumxalq məhəbbəti
qazandı. Ümummilli Lider Heydər
Əliyev radioda və ekranda elmin və mədəniyyətin
nailiyyətlərinin təbliğinə çox böyük əhəmiyyət
verirdi. O, Azərbaycan teleradiosu ilə xalqa
çatdırılan informasiyanın miqyasını və təsirliliyini
yüksək qiymətləndirirdi.
Radionun yaxın keçmişinə yazılan tarixi də
Onun prinsipial mövqedən çıxış etdiyini bir
daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ
münaqişəsi zamanı radio Azərbaycan xalqının
maraqlarından çıxış etdi. Bu,
1990-cı ilin yanvarında özünü daha da qabarıq
şəkildə göstərdi. Sovet
imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan
radiosunu susdurmağa cəhd edir. Mənbələrdə
yazılır:" ...Televiziyanın enerji blokunu partladıb
sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları
da efirdən uzaqlaşdırılır. Radioda hərbi
senzor fəaliyyət göstərirdi. Matəm
içində olan ölkəmizə komendantın həqiqətdən
tamamilə uzaq və iftira dolu məlumatlar
ötürülürdü. Lakin həmin
faciəli günlərdə Azərbaycan radiosunun xaricə
yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini
bütün təfərrüatı ilə dünyaya
çatdıra bildi".
Dövlət müstəqilliyinin əldə edilməsi
radionun qarşısında duran vəzifələri
kökündən dəyişdirdi. Radioda cəmiyyətlə
sıx və açıq ünsiyyətə girmək meyilərini
gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni
işğalçılarına qarşı savaşın
başlanılması ilə radio hər gün Müdafiə
Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə
vətənpərvər hissləri gücləndirən
"Açıq-aşkar", "Xudafərin",
"Sözün düzü", "Baxış
bucağı", "Dünya", "Pillə",
"Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin",
"Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi
verilişlər hazırlanır və hərbi marşlar səsləndirilirdi.
Azərbaycanın işğal olunmuş torpaqları,
torpağın bölünməzliyi uğrunda canını
sipər edən vətən oğullarının
mübarizliyi və s. kimi fikirləri daim bizlərə
çatdıran radiomuz bir gün qələbə sorağını
da, Şuşada və Qarabağda yaşayacağımız zəfər
sevincini də bizə çatdıracaq. Necə
ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışını çatdırdı.
İnformasiya texnologiyalarının sürətlə
inkişaf etməsi istənilən sahədə, o cümlədən,
Azərbaycan radiosunda da texnoloji, istehsalat və
yaradıcılıq dəyişikliklərinin həyata
keçirilməsini labüd edir. 1991-ci ildə Dövlət
Televiziya və Radio Verilişləri Komitəsi şirkətə
çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və
Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
yaradıldı. Bu gün radio vasitəsilə
yayımlanan verilişlərin miqyası geniş və
auditoriyası çoxdur. Hal-hazırda Azərbaycan
Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan
Azərbaycan Dövlət Radiosu müxtəlif məzmunlu
proqramlarla dinləyicilərini görüşünə gəlir.
İctimai-siyasi proqramlar, ədəbiyyat və
incəsənət, baş proqramlar direksiyası, musiqi
verilişləri, təhsil və elmi-kütləvi proqramlar,
xalq yaradıcılığı, gənclik və idman,
uşaq verilişləri və s.
Müstəqillik dövründə yayımlanan özəl radio kanalları, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosu ənənələrindən bəhrələniblər. Özəl radio kanalları çeviklik və proqram rəngarəngliyi nümayiş etdirsələr də, Azərbaycan radiosu kimi ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsinə diqqət ayıra bilmirlər.
Cəmiyyətin idarə olunmasında ən sərfəli vasitə kimi qəbul olunan "kağızsız və məsafəsiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti -xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən radiomuz 92 il, televiziyamız isə 62 ildir ki, Azərbaycan tamaşaçıları ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları və beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq.
Zümrüd BAYRAMOVA
Səs.-
2020.- 7 noyabr.- S.7.