İşğalçı
Ermənistan rəhbərliyinin təslimçiliyə imza
atması faktı artıq
özü-özülüyündə bütün
gerçəkləri ortaya qoyur
SİA Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Hərbi
məsələlər şöbəsinin müdiri
Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:
-
Məhərrəm müəllim, Azərbaycan və Rusiya
prezidentlərinin, eləcə də Ermənistanın baş
nazirinin imzaladıqları atəşkəslə bağlı
razılaşma bəyannaməsindən sonra bəzi sosial
şəbəkə istifadəçiləri qeyri-ciddi və
əsassız fikirləri ilə ictimai rəydə
çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə
bağlı fikirləriniz necədir?
- Mən ilk növbədə
Müzəffər Ali Baş Komandan İlham Əliyev
cənabları başda olmaqla bütün Azərbaycan
xalqını qazanılan böyük qələbəmiz münasibəti
ilə təbrik edirəm. Bu zəfərin
əldə edilməsində fədakarlıq
göstərən bütün əsgər və
zabitlərimizə fəaliyyətlərində uğurlar
arzulayır, yaralanmış hərbçilərimizə
şəfa, Vətən uğrunda canlarını qurban
vermiş şəhidlərimizə və onların
ailələrinə, yaxınlarına Allahdan rəhmət diləyirəm.
Onların hər biri Azərbaycanımızın
fəxrləridir, biz onların və valideynlərinin
qarşısında baş əyirik. Şəhidlərimizin
xatirələri daim, tarixlər boyu hər bir
azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.
Artıq
kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın
işğaldan azad edilməsi uğrunda
şücaətlər göstərdi və
düşmənə sarsıdıcı zərbələr
endirməklə onu sülhə, işğal edilmiş
ərazilərin qaytarılması üzrə razılaşma
bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı
Ermənistan rəhbərliyinin təslimçiliyə imza
atması faktı artıq
özü-özülüyündə bütün
gerçəkləri ortaya qoyur və bu kontekstdən
çıxış edərək, xüsusilə, qeyd
etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44
gün davam edən müharibə dövründə bir çox ölkələr əks-hücum
əməliyyatlarının dayandırılması
üçün cənab Prezident İlham Əliyevə telefon
zəngləri etdilər, münaqişənin
danışıqlar yolu ilə siyasi müstəviyə
keçməsini xahiş etdilər. Əlbəttə,
Azərbaycan tərəfi bütün hallarda sülhün
tərəfdarı olduğunu hər
dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk
qrupu çərçivəsində dəfələrlə
danışıqlar masasına oturub, müəyyən şərtlərini
irəli sürüb, hətta şərti razılaşmalar
ətrafında da müzakirələr aparılıb. Lakin
Ermənistan tərəfi istər əvvəlki
hakimiyyətləri dövründə, istərsə də
hazırkı hakimiyyəti vasitəsi ilə sülhə
tərəfdar olmadıqlarını fəaliyyətləri
ilə göstərdilər.
İyul ayından
başlayaraq, dövlət sərhədlərimizdə
silahlı təxribatların törədilməsi,
üstəlik dinc əhalimizin atəşə məruz
qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi
rəhbərliyinin daha irəliyə gedərək,
əlavə ərazilərimizi də zəbt
edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların
məqsədlərini açıq-aşkar məlum edirdi. Bu
məqsəd özünü sentyabrın 27-də Qarabağ
cəbhəsində sübuta yetirdi. Nəticədə
düşmənin işğalçılıq
addımlarının cavabı çox sərt
şəkildə verildi və demək olar ki, hər gün
kəndlərimiz, qəsəbələrimiz,
şəhərlərimiz işğaldan azad olundu.
İşğalçılar böyük itkilər
verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını
atıb-qaçmağa çalışırdı ki, bu da
Ermənistan ictimaiyyətində ciddi təlaşlar
doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların
övladları boş yerə başqasına mənsub olan
torpaqlarda döyüşür. Bu
vəziyyət istər-istəməz düşmən
ölkənin hərbi-siyasi dairələrinin
vəziyyətlərini daha da
ağırlaşdırırdı. O cümlədən,
şanlı Silahlı Qüvvələrimizin qeyrət
qalamız hesab edilən və milli-mədəniyət ocağımız
kimi dəyərləndirilən Şuşa
şəhərini düşmən işğalından azad
etməsindən sonra onların hakimiyyətləri Qarabağ
cəbhəsində daha ağır xaos yaşayacaqlarının
fərqinə varmağa başladılar. Halbuki,
cənab Ali Baş Komandan İlham Əliyev
dəfələrlə istər xarici mətbuat
vasitələrinə verdiyi müsahibələrində,
istərsə də xalqa müraciətlərində
düşmən tərəfə öz mesajlarını
çatdırırdı. İşğal etdikləri
bütün torpaqlarımızdan qeyd-şərtsiz
çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini
irəli sürən dövlət başçımız müharibənin
yalnız bu üsulla dayandırılması
mümkünlüyünü vurğulayırdı.
Nəticədə məğlub və çıxılmaz
vəziyyətə düşən Ermənistan
rəhbərliyi sülhə məcbur edildi.
Qeyd edim ki, məhz
Rusiya və Türkiyə ali rəhbərliklərinin
davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə
də məsləhətləşmələr aparmalarından
sonra ədalətli tələb qəbul edildi və
göründüyü kimi, artıq rəsmi bəyannamə
sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət
başçıları tərəfindən imzalanıb,
qüvvəyə minib.
Söz yox ki,
atəşkəsin əldə olunması üçün
ən çox fəaliyyət göstərən
tərəflərdən biri də Rusiya rəhbərliyi idi
və qəbul olunmuş sənədə əsasən
düşmən işğal olunmuş əraziləri
bəlli olan, ictimiyyətə də elan edilən qrafik
əsasında tərk
etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya
münaqişədə neytral tərəf tutdu. Onu da
unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə
münasibətləri strateji tərəfdaşlıq
münasibətlərinə əsaslanır, iki dövlət
arasında səmimi dostluq amili mövduluğunu
qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan
arasında bir çox regional layihələr ikitərəfli
iqtisadi-siyasi münasibətlərdə möhkəm
əsaslara söykənir.
Beləliklə,
bütün bu kimi məsələlər, etibarlılıq
prisnispləri də nəzərə alınmaqla Rusiyaya
məxsus sülhməramlı qüvvələr təmas
xəttində fəaliyyət göstərəcəklər,
o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra
münaqişə tərəflərindən biri
sülhməramlıların xidmət apardıqları
təmas xəttini tərk etməsini istəyərsə, həmin
qərar dərhal icra olunacaq. Bu, həmin sənədin
tərkib hissəsində yer alan mühüm
müddəadır.
Artıq öz
doğma yurd-yuvalarından qaçqın düşmüş
bütün vətəndaşlarımız azad olunmuş
torpaqlarına geri dönəcəklər və həmin
ərazilərdə üçrəngli bayrağımız
dalğalanacaq, Azərbaycanın qanunları icra
ediləcək, milli valyutamız dövriyyəyə
buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq
Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq
Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur,
tamamilə süquta uğrayıb. Bütöv
bir Qarabağ var ki, o da digər rayonlarımız kimi
Azərbaycanın tərkibində olan ayrılmaz
ərazimizdir. Ona görə də
bəzi sosial şəbəkə istifadəçilərinin
əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir
hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış
məlumatları ictimailəşdirmələrini doğru
hesab etmirəm. Fikrimcə bu kimi
addımlar həmin “internet qəhrəmanlarının”
Azərbaycan Ordusuna, Şəhidlərinə və
bütünlükdə Azərbaycanımıza qarşı
hörmətsizliyidir.
- Cənab general-poklovnik, bir daha Türkiyə amilinə
qayıtmaq istərdim. Qardaş
ölkənin formalaşdırılan Monitorinq
Mərkəzindəki iştirakı hansı
nəticələri verəcək?
- Əlbəttə, Türkiyə ilə
Azərbaycan arasındakı sarsılmaz qardaşlıq
telləri ən möhkəm təməllərə
söykənir və biz bunu əvvəllər də,
münaqişənin ən qızğın vaxtında da
gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı
hərbi-strateji əməkdaşlıq və o
cümlədən, illərdən bəri formalaşan
təməlli prinsiplər qardaş ölkənin bizə olan
dəstəyini davamlı edir. Yaxın
bir neçə gün ərzində Türkiyənin Milli
Müdafiə Nazirliyinin və Baş Qərargahının
rəhbərləri Ali Baş Komandan cənab İlham
Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğan dəfələrlə cənab Prezident İlham
Əliyevlə əlaqə saxladı, prosesləri yaxından
izləyərək, daim qardaş dövlətin yanında
olduğunu vurğuladı. Həmçinin,
bugünlərdə Türkiyə Respublikasının Milli
Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda
səfərdə oldu və Monitorinq Mərkəzinin
formalaşdırılması istiqamətində əldə
edilən qərarlar, qarşıda dayanan planlar
dəqiqliklə müzakirə edildi. Bütün
bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün
də bizim yanımızdadır və qrafikə uyğun
şəkildə işğaldan azad ediləcək digər
ərazilərimizə nəzarət funksiyasını Rusiya
ilə birlikdə həyata keçirəcəkdir.
- Məhərrəm müəllim, Azərbaycanın
qələbə nəticəsində əldə etdiyi daha
hansı uğurlar barədə danışa bilərdiniz?
- Vətən müharibəsindəki şanlı
qələbəmizdən sonra əldə etdiyimiz daha bir
zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki,
Naxçıvan uzun illərdir blokada şəraitində
qalmışdı və bu, həmin bölgənin iqtisadi,
ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın
ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə
aparırdı və naxçıvanlıların
mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin
ən gözəl diyarlarından birinə çevrilib.
Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə
əsasən, artıq Azərbaycandan Naxçıvana
Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi
açılır. Bu dəhlizin
açılması muxtar respublikanı belə desək,
“materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə
bütöv bir strateji əhəmiyyəti əhatə
edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan
xalqı yararlanacaq. Bir sözlə,
qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs
sazişi bütün tərəflərdən
ölkəmizin, xalqımızın səmərəsinə
hesablanmış müddəalardan ibarətdir. Düşünürəm
ki, qısa müddət ərzində Azərbaycan
dövləti işğaldan azad olunmuş
bölgələrimizin inkişafı istiqamətində
kifayət qədər nəhəng layihələrin
icrasına başlayacaq, kommunikasiya və s. imkanlar
genişləndiriləcək.
- Son olaraq, sonrakı proseslərdə
vətənpərvərlik ruhunun təbliğini necə
görürsünüz?
- Zəfər salnaməsi, işğaldan azad olunmuş
ərazilərdə müzəffər Ordumuzun
qəhrəmanlıq izləri gələcək
nəsillərimiz üçün and yeri olacaq.
Həmçinin həmin əraziləri ziyarət
edərkən Silahlı Qüvvələrimizin
şücaətini sübut edən reallıqlar, elementlər
orada qalacaq və bu gün qələbəmizin canlı
şahidləri olan uşaq və yeniyetmələr,
eləcə də bütün yaş dövrlərini
əhatə edən insanlarımız döyüşlərin
baş verdiyi əraziləri öz gözləri ilə
görüb, oraları açıq muzey kimi seyr
edəcəklər. Bax, budur gələcəyə
vətənpərvərlik ideyalarını aşılamaq
siyasəti.
Bütün bunlar isə, qazanılan zəfərimizin
başlıca məqsədləridir və Azərbaycan
xalqı, Azərbaycan əsgəri və zabiti
Müzəffər Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə bu şanlı
qələbəni qazandı. Sözümü isə cənab
Prezidentimizin təqribən bir il əvvəl bəyan
etdiyi və hər kəsin dillər əzbəri olmuş
“Qarabağ Azərbaycandır!” nidası ilə
yekunlaşdırıram.
Səs.- 2020.- 12 noyabr.- S.7.