Dünyanın çözmək istəmədiyi
bir Qarabağ problemi vardı.
Bu problemin
hədəfi Azərbaycan
xalqının ürəyi
və ərazisi idi. Düşmən hər ikisini
nişan aldı və hədəflərinə
çatdı. Lakin məsələ həll edilmədi. Çünki problemin həlli ədalətli olmalıydı,
qəribliyə və
qaranlıq quyunun dibinə salınmış
ədalət. Əxlaqın
kökündən, təməlindən
yıxıldığı, yerlə süründüyü bir dünya
ilə üz-üzə
qalmışdıq. Onlardan
deyildik deyə hər cür müsibətə layiq idik. Hökm edənsə yalnız zor və ədalətsizlik
idi. Nə isə ağıllarına
gəlib-gəlməyən hər cür bəlanı başımıza
gətirdilər, tək
bir şeyi unutdular. Bu xalqın
inamını və dirəniş gücünü
məhv edə bilməmişdilər. Ən
önəmli nöqtəni
unutmuşdular. Biz də problemin həllinə unutduqları
o nöqtədən başladıq.
ATƏT-in Minsk qrupu dediyimiz başbəlası qurum isə anasından bic doğulmuşdu, nəinki bu problemi həll etmək istəmədi, heç bu problemi
anlamaq belə istəmədi. Və çox keçmədən
ABŞ da işin içindən çıxdı,
yəni baş qoşmadı. Biz hələ də məcburiyyətdən ATƏT kimi,
“beynəlxalq birliyin ədalətinə güvənirik”
kimi işə yaramayan taktikalar işlədir, hər dəfəsində də eyni qapıya çıxırdıq. Otuz
ildir çarx kimi dönür, fırlanırdıq.
Oğullar itirir
və oğullarının
tabutunu çiynində
daşıyan analara şeir-hekayələr yazırdıq.
İlin on iki ayının hər birini işğal və soyqırımı günləri
kimi qeyd edirdik. Zəfərə, qələbəyə tamarzıydıq.
Zəfəri yaşamağı
yadırğamışdıq. Amma bir gün anladıq
ki, başarının
və zəfərin yolu sağlam düşünüb, plan
tutmaq, qərar vermək, sahib olduğun potensialın gücünü dəyərləndirmək
və hədəfə
çatmaq üçün
o gücü sağlam
bir şəkildə istifadə edə bilməkmiş. Bir də öyrəndik ki,
SAVAŞ DÖYÜŞ MEYDANINDAN ÖNCƏ
ZEHNİYYƏTDƏ QAZANILIR
Günlərin birində bunu da bacardıq. General-mayor Polad
Həşimovun şəhid
olduğu gün – 14 iyul 2020-ci il.
Poladın şəhidliyi xalqımızın
diriliş günü
oldu. Kimsədən izn almadan insanlar yollara, meydanlara endi. Hər kəs aldı bayrağını, çıxdı
evindən, sanki bir-birilə vədələşmiş
kimi. Əllərində
bayraq, dillərində
tək bir şüar vardı: “Cənab Ali Baş Komandanım, döyüş
əmri ver! Cənab Ali Baş Komandanım, biz Vətənimizi
azad etmək, alnımızdakı ləkəni
təmizləmək istəyirik!”. Ertəsi gün isə
şəhid generalımızın
dəfnindən çıxan
xalq yerini hərbi komissarlıqların
qarşısında aldı.
Qadın-kişi, gənc-yaşlı demədən. Bəli, həmin
gün savaşı zehniyyətimizdə qazanmışdıq
artıq. Qalırdı döyüş meydanı.
Əslində xalqımız ali məqamı gözləyirdi. Ali Baş
Komandanın dediyi kimi: "Mən müharibədən əvvəl
deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm
ki, xalqımızın
mütləq əksəriyyəti
başa düşürdü
mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə
inanırdı. Prezident kimi,
Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi".
Bəli bu bir həqiqət
idi.
Və Vətən
üçün Savaşa
girdik. Müharibə bütün arzuolunmaz
tərəfləri ilə
bərabər, həm
də, bir millətin genetik xarakterinin, bütünlüyünün,
mənəviyyatının və əxlaqının nümayişidir. Çünki savaşa tək-tək döyüşçü deyil,
bütöv cəmiyyət
girir. Yurd, vətən
, torpaq, tarix, milli mədəniyyət, sosial quruluş, hətta iqlim belə etnosu və milləti müəyyənləşdirən amillərdir. Sən demə bizim
savaş mədəniyyətimz
də özünəməxsus
imiş, tolerant imiş,
bunca əxlaqlı imiş. Qarabağda əlisilahlı düşməni
öldürən əsgərin
qardaşı Gəncədə
erməninin atdığı
bombanın altında qalan yaşlı erməni qadını fəlakətin altından
qucağında çıxartdı.
Bax, bizə layiq olan zəfəri
o an qazandıq. Azərbaycan xalqı 30 illik bir zamanda
kimsənin torpağına,
qazancına, gəlirinə,
çıxarına tamah
salmadan, heç bir kirli niyyəti
olmadan, yalnız ona aid olan vətənini,
yurdunu, şəhidinin
düşdüyü torpağını
yağı tapdağından
azad etmək, yurdunu terror yuvasından, narkotik ticarəti poliqonundan, tarixini, mədəniyyətini barbarcasına
məhv edilmədən
qurtarmaq üçün
savaşdı və bu haqq uğrunda
neçə-neçə igid
oğulun günəşi
söndü.
27 sentyabr 2020-ci il. Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə başladı son zəfərimiz. 44 günlük qəhrəman
bir tarix. Spartalılar kimi, deyilmi? Bəlkə daha əfsanəvi. Bütün xalq o sabah müharibəyə köklənmişdi. Çox
keçmədən Azərbaycan
Silahlı Qüvvələri
düşmənin gözünü
qırdı. Gerçək
kimi deyildi, sanki qəhrəmanlıq romanı oxuyur, filimə baxırdıq. Ordumuz mənəvi-psixoloji
cəhətdən o qədər
güclü idi ki, dünyanı məhvərindən qoparacaqlar
kimi. Hər kəsin sinəsi sipər idi, həm vətəninə,
həm əsgər yoldaşına. Belə bir əxlaqla, mənəviyyatla dünyaya
sahib olmaq olar. Ekiz oğullarının
qoşa tabutunu qarşılayırdı analar.
Amma Vətən deyirdilər. O Vətən
sevgisi isə Şuşa alınan günü öz pik nöqtəsinə çatdı.
Qırxdördüncü gün – 10 noyabr 2020-ci il tarixində düşmən təslim
oldu. Vətənimizi qoruduq, torpaqlarımızı
düşmənin kirli
ayaqlarının altından
çəkib aldıq.
Öyrəndik ki, hər kəs haqqını sökə-sökə
alır, öyrəndik
ki, havayı olan yalnız tələdə pendirdi. Dünyanın edə bilmədiyini, etmək istəmədiyini bu xalq etdi. Azərbaycanın
gözlədiyi Qələbəni
övladlarının qanı
ilə qazandı! Şəhidlərin qanına
qarışan torpaq bizə daha əziz, daha müqəddəs oldu. Onların ruhu qarşısında, anaları
qarşısında əbədi
minnət və şükran borcumuz var. Biz düşmənin
unutduğu o ədalətə
inamımızı və
dirənişimizi dünyaya
göstərdik. Bunun üçün Azərbaycan
Ordusuna, Azərbaycan əsgərinə, ölkəmizin
Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür
edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Onun qətiyyəti sayəsində
Azərbaycan Ordusu düşməni sarsıtdı,
müharibənin nəticəsini
müəyyən etdi
və qələbə
nöqtəsini qoydu. Şübhəsiz ki, bu gücun mənbəyi
Azərbaycan xalqıdır,
onun torpağına, vətəninə olan sevgisi və Ali Baş Komandanına
etimadıdır.
Sıxdıqca şəhid qanı çiçəkləyən torpağımıza
bir də 44 günlük savaşın
yeni şəhid qanı səpildi. Onlar Vətəni sevməyə gedənlərin
arzusu, sevdası idi. Bu sevda
ilə yola çıxanlar getdikləri
yolun geri dönüşü olmadığını
gözəl bilirdilər.
Ona görə də gedərkən bizə Vətəni, bir də Günəş
belə sönərsə
ümidimizi Günəş
yerinə yandırmağımızı
əmanət edib getdilər.
Əminə YUSİFQIZI
Yevlaxda çıxan
"Kür" qəzetinin
baş redaktoru,
Respublikanın əməkdar
jurnalisti,
YAP Yevlax rayon Təşkilatı
Qadınlar Şurasının
sədri
Səs.-
2020.- 14 noyabr.- S.13