Sülh razılaşmasından nə
itirdik, nə qazandıq?
Heç də hər şey hərbi meydanda həll
olunmur, əsas məqsəd nəticədir, amma əsas məsələ
də bu nəticəni nəyin bahasına əldə etməkdir
2-ci Qarabağ müharibəsində Azərbaycan
Ordusunun göstərdiyi möhtəşəm qəhrəmanlıq
nümunəsi və əldə edilən böyük qələbə
hamıya məlumdur. Qısa müddətdə
Qarabağın 30 faizi azad edildi. Lakin tərəflər
arasında bağlanmış sülh razılaşması ilə
döyüşlər dayandı və məğlub olmuş
Ermənistan qalan 70 faizlik hissəni sülh yolu ilə tərk
edəcəyi haqda öhdəlik götürdü. Artıq bu
prosesə başlanıb. Bəs müharibə davam etsəydi
vəziyyət necə olacaqdı, hansı qazanclarımız,
hansı itkilərimiz ola bilərdi? Hansı yol əlverişli
idi - hərb, yoxsa sülh?
Ermənistanın kimin yanında
olmasının nəticəsi
Problemin həll olunması Ermənistanın
kimin yanında olmasının da böyük təsiri oldu.
Amerika və Rusiya arasında 1-cini seçən ermənilər
yol verdikləri çox kobud səhvin əvəzini
ağır ödədi. Müharibə dövründə 2
variant var idi.
1. Ermənilər
uduzduqlarını görüb Paşinyanı devirəcəkdilər
və onda artıq sülh şərtləri indiki kimi, Ermənistanın
tam kapitulyasıyası şərtləri və bizim tam qələbəmiz
formasında olmayacaqdı. Hakimiyyətə Rusiyayönümlü
adam gətirə və vəziyyəti öz xeyirlərinə
çevirə bilərdilər. Amerika və
Fransanın Ermənistanın tərəfində olduğu
başdan məlumdur, beləcə Rusiya da daxil hər 3
fövqəldövlət Ermənistanın tərəfində
olacaqdı. Belə vəziyyətdə biz daha çox güzəştə
getməyə məcbur qalacaqdıq.
2. Baydenin, yəni Paşinyanın birbaşa
ağasının Amerika prezidenti seçilməsi Ermənistanın
əlini gücləndirəcəkdi. Amerika və Fransa
milyardlarla pul xərcləyib rəngli inqilabda başa gətirdikləri
Paşinyan hakimiyyətinin devrilməməsi və Ermənistanın
əllərindən çıxıb Rusiyanın nəzarətinə
keçməməsi üçün ciddi addımlar ata bilərdilər.
Belə ki, ermənilərə minlərlə
peşəkar “nayomnik”, müasir PUA-lar da daxil olmaqla minlərlə
silah-texnika və xeyli maliyyə ayıra bilərdilər ki,
Qarabağ itirilməsin, Paşinyan dəstəsini ermənilər
devirməsin və o da hakimiyətə gətirilməsinin əsas
məqsədini- KTMT-dən çıxaraq Rusiya
bazasını ölkədən
çıxarmasını, təmin etsin.
Artıq son aylarda Paşinyan
özü açıq deyə bilməsə də, dolayı
yolla bəzi erməni siyasətçilərinə bazanın
çıxarılmasının vacibliyini dedirdirdi, özü
isə əl altdan bunun üçün müvafiq
hazırlıq işləri aparırdı. Rusiyanın hələ
Sovet dövründən Ermənistanda yerləşən
NATO-ya qarşı hərbi bazasının nə dərəcədə
strateji əhəmiyyətə malik olmasını geniş
izah etməyə ehtiyac yoxdur. Bu baza Rusiya üçün təkcə
cənub istiqamətində NATO-dan müdafiə sistemi deyil, həm
də Yaxın Şərqə birbaşa hərbi nəzarət
və lazım gəldikdə müdaxilə
platsdarmıdır. Belə bir bazanın
çıxarılması Qərb istiqamətində hərbi
yolları bağlanan Rusiyanın cənuba da hərbi yolunun
bağlanması deməkdir. Üstəlik, Gürcüstandan
sonra, Ermənistanda da Amerikanın əyləşməsi
Rusiya üçün cənub istiqamətinin tam itirilməsi
deməkdir.
Rusiya da bu təhlükəni
görürdü. Ermənistandakı Amerikan hakimiyyətinin
devrilməsi yalnız bir halda mümkün ola bilərdi - ermənilər
üçün həyati əhəmiyyətli bir faciə
baş verdikdə - müharibədə uduzduqda və
Qarabağı qaytarmağa məcbur olduqda.
Qarabağın itirilməsindən sonra Paşinyan hakimiyyəti
devriləcək və Rusiya Ermənistanı geri
qazanmış olacaq. Bunu Rusiya üçün
təmin edən yeganə qüvvə Azərbaycan ola bilərdi,
məhz bu səbəbdən Rusiya bu məsələdə
Bakının tərəfində oldu. İlham Əliyev isə
ələ düşmüş bu unikal vəziyyətdən məharətlə
istifadə edərək Qarabağı geri qaytardı. 2
ölkənin maraqları üst-üstə düşdüyündən
Ermənistanı əvvəl müharibədə ağır
məğlubiyyətə, sonra isə təslimçi sülhə
məcbur etdilər.
Qarabağ müharibəsi: kim nə qazandı,
kim nə itirdi?
Prosesin əsas tərəfləri arasında
konkret nəticə bu olur ki, Azərbaycan Qarabağı, Rusiya
isə Ermənistanı qaytarır. Hər şeyi itirən
Ermənistanın yeganə "qazancı" odur ki,
Qarabağın kiçik bir hissəsində yerli ermənilərin
bizim hakimiyyətiniz altında, qanunlarımıza tabe olacaq vətəndaşımız
kimi yaşamasına icazə verilir.
Regionda yeni əməkdaşlıq
platformasının yaradılacağı ehtimalı yüksəkdir.
Bundan isə, bütün regon dövlətləri fayda əldə
edəcək. O cümlədən, işğalçı və
terrorçu siyasətindən əl çəkərsə,
çökməkdə olan Ermənistan da.
Region dövlətlərinin qazandıqlarına
qısaca nəzər salaq.
Türkiyənin qazancı - Naxçıvan ərazisindən
Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya
birbaşa çıxış əldə edir. Bundan başqa, Türkiyə Qarabağda sülhməramlı
missiyada, sülhyaratma işində iştirak edir və bununla
da regiuonda hərbi və siyasi nüfuzunu artrır. Üstəlik,
yaxın gələcəkdə regional əməkdaşlıqdan,
nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə
edəcək.
İran da nəsə uduzmur, əsas qazancı
isə odur ki, Ermənistan vasitəsilə burnunun ucuna
girmiş Amerika oradan çıxmalı olur. Bundan başqa, o
da Türkiyə kimi regional əməkdaşlıq
platformasından xeyli iqtisadi dividentlər əldə edəcək.
Sanksiyalar altında və yarımblokada şəraitində
qalaraq iqtisadiyyatı zəifləyən ölkə
üçün bu çox əlverişli nəfəslikdir.
Gürcüstanın əsas
qazancı odur ki Cavaxetiya məsələsi getdi tarixin arxivinə,
çünki müharibədən hərbi və iqtisadi cəhətdən
darmadağın çıxan Ermənistan çox uzun
müddət özünə gələ bilməyəcək
ki, potensial etnik qarşıdurma ocağını
alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada
bilsin. Amma ölkənin strateji əhəmiyyəti və gəlirləri
bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək,
Türkiyə və Azərbaycanın Gürsüstandan
asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq
platformasına qoşulsa daha çox fayda əldə edə
bilər.
Bu region ölkələrinin burada
qazandığı və itirdikləridir. İndi isə
fövqəldövlətlərin vəziyyətinə baxaq.
Amerika, Avropa və Rusiya nə qazandı, nə
itirdi?
Amerika ən çox itirən ölkədir. Qarabağın
əldən çıxmasına görə, ermənilər
Paşinyanı devirəcək və ölkə Amerikanın əlindən
tam çıxacaq. Yəni, Yaxın Şərqdə
Türkiyə kimi müttəfiqini itirmiş, indi isə
Qafqazda Ermənistanı da itirən və yalnız
Gürcüstanın ümidinə qalan Amerikanın regionda
mövqeləri və nüfuzu zəifləyir. Qarabağ kimi problemin həllində oyundan kənarda
qalır və regiona təsir nüfuzu azalır.
Rusiyanın ən böyük qazancı itirdiyi Ermənistanı
yenidən Amerikanın əlindən alıb geri
qazanmış olur. Bundan başqa, həm regonda, həm
dünyada nüfuzu, imici yüksəlir, “qan tökülməsini
dayandırdım, 30 ildir dünyanın həll edə bilmədiyi
ən çətin problemi həll etdim, özü də
sülhlə”- demək haqqı qazanır. Ona görə də, Moskva çalışacaq ki,
razılaşmanın müdəəaları pozulmasın və
hər şey düzgün yerinə yetirilsin. Əks təqdirdə Rusiyanın beynəlxalq
nüfuzuna xələl gələcək, imici daha da korlanacaq.
Fransanın timsalında Avropa da oyundankənar qaldı,
regiona təsirini və nüfuzunu itirdi. Bundan əlavə,
Azərbaycan Fransanın qatı ermənipərəst
mövqeyini unutmayacaq, regional iqtisadi və nəqliyyat layihələrində
bunu nəzərə alacaq.
Britaniya heç nə qazanmasa da, heç nə itirmədi. Azərbaycanı
siyasi olaraq dəstəkləməsi iqtisadi olaraq
qazandıqlarının əvəzi idi.
Ermənistanda
divlərin döyüşü: kim
qazanacaq?
Hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və
gərgin mübarizə aparırlar. Ermənilər gec də olsa
ayıldılar və Paşinyanı devirməyə
çalışırlar, burada əlbəttə Rusiyanın
da müxalifətə dəstəyi var. Lakin Amerika buna imkan
verməməyə və "Mənim addımım"
partiyasının hakimiyyətdə qalmasına
çalışır. Kimin qalib gəlməsindən
asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə
Qarabağı qaytara bildik. Artıq Bayden də
Paşinyana kömək edə bilməz.
Amerikanın tapşırığı ilə
sülhün Ermənistan tərəfindən pozulma cəhdləri
Rusiyanın beynəlxalq nüfuzuna və imicinə
böyük zərbə olacağından Moskva buna görə
Yerevanı daha sərt cəzalandıra bilər.
Onu da qeyd
etmək lazımdır ki, Sazişi imzalamaqla Ermənistan
özünü tərəf kimi rəsmiləşdirdi və
son 30 ildə Azərbaycana vurulan (müxtəlif qiymətləndirmələrə
görə 50-300 milyardlıq) zərərə görə təzminat
tələbi üçün də Bakıya hüquqi əsas
verdi.
Prezident və
xalqın birliyi Qələbəni təmin etdi
Prezidentimizin mükəmməl strateji düşüncəsi
sayəsində Qarabağı ən yaxşı variantla,
mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən
uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən
iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini
qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm
xarici siyasəti, həm informasiya müharibəsini, həm
ölkənin idarə edilməsini mükəmməl aparmaqla
arzu etdiyimizdən də böyük nəticəyə daha
asan nail olması bunu deməyə əsas verir. İlham Əliyev
böyük şahmat taxtasında sonuncu gedişlə “Mat”
elan edərək qalib gəlmişdir. Bunu
bütün dünyada, hətta düşmən dövlətin
rəsmi və ictimai şəxsləri də etiraf edirlər.
Qələbəni
minlərlə artıq şəhid vermədən,
düşmən Qarabağı tam xarabalığa çevirmədən,
bütün meşələri yandırmadan, Sərsəng su
anbarını partladıb ekoloji və sosial fəlakət
törətmədən, "Metsamor"un radiaktiv
tullantılarını Qarabağa səpmədən, şəhərlərimizə
əlavə yüzlərlə raket düşmədən,
daha yüzlərlə mülki vətəndaşımız
ölmədən, davam edəcək müharibəyə
milyardlarla manat artıq xərc çəkmədən, həmçinin,
ölkəmizin uzaqda qalan anklav hissəsinə-
Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol əldə
edərək... dünyada sülhsevər imici yaradaraq, regiona ən
böyük təsir imkanı olan Rusiyanı və əksər
ölkələri tərəfinə çəkərək
qazanan, Qarabağı mümkün olan ən yaxşı
şərtlərlə azad edən, milli birliyi təmin edən
İlham Əliyev həm böyük dövlət rəhbəri,
həm böyük sərkərdə, həm böyük
milli lider olduğunu sübut etdi və adını
qızıl hərflərlə tarixə yazdı.
1-ci Qarabağ müharibəsində dövlət-ordu-xalq
birliyi olmadı və ona görə də uduzduq. 2-ci Qarabağ
müharibəsində isə Ali Baş
Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə,
bütün xalqımız da arxa cəbhədə
döyüşdü və xalqla dövlətin birliyi qalib gəldi.
Zaman keçəcək və hamı bu Qələbənin
tariximizdə ən böyük və ən möhtəşəm
Qələbə olduğunu və onun hələlik ortada
olmayan strateji faydalarını da görəcək.
Bu birlik qorunub saxlanacaq. Ölkəmiz tamam dəyişəcək.
Son vətəndaşa qədər hamı
"Fəxr edirəm ki Azərbaycanlıyam"
sözünü ürəkdən deyəcək.
Azərbaycan dünyaya Günəş kimi doğacaq.
Elçin
Bayramlı
Səs.-
2020.- 14 noyabr.- S.15